Beynəlxalq media, kommersiya maraqları və Qarabağ həqiqətləri

“Generalın qətiyyəti… 1967-ci il, Xankəndi şəhəri…”
Bakının Qarabağ dirənişi
“Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” adlı müsabiqə haqqında ƏSASNAMƏ

Soyuq Müharibə başa çatdıqdan sonra dünyada milyonlarla insanın ölümü, qaçqın düşməsi ilə nəticələnən çoxlu sayda münaqişə ocaqları yarandı. Başqa sözlə desək, münaqişələr müasir dünyanı təsvir edən əsas vasitələrdir.

Stokholhm Beynəlxalq Sülh Araşdırmaları Mərkəzi hələ 21-ci əsrin birinci on illiyində təqdim etdiyi analitik hesabatda Soyuq Müharibədən sonra dünyada 59 əsas silahlı münaqişənin başladığını bildirib. Dünyanı bürüyən, tarixə öz damğasını vuran dəhşətli hadisələr təəssüf ki, Azərbaycan da yan keçmədi. Dağlıq Qarabağda başlayan müharibə nəticəsində ərazisinin 20%-i işğal edilən Azərbaycan 30 ilə yaxındır ki, Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkir. İşğala məruz qalan ölkə kimi Azərbaycan mediasının üzərinə böyük yük düşür. Media müharibə həqiqətlərini, erməni terroru və onun qurbanlarının taleyini həm daxili auditoriyanın, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün fəaliyyət göstərir. Lakin dünya mediasının da Azərbaycanın üzləşdiyi problemi, işğal aktını düzgün şəkildə işıqlandırması, geniş auditoriyaya çatdırması lazımdır. Təəssüf ki, bu gün tək beynəlxalq birlik yox, beynəlxalq media qurumları da Dağlıq Qarabağ məsələsinə diqqətsizlik nümayiş etdirir. Belə ki, dünyanın aparıcı KİV-ləri Dağlıq Qarabağda davam edən qanlı münaqişəni çox hallarda dondurulmuş münaqişə kimi təqdim edir. Yalnız ermənilərin zorakılığının pik həddə çatdığı məqamlarda Dağlıq Qarabağ haqda xarici KİV-də təsadüfən xəbərlərə rast gəlmək olur. Ukrayna, Suriya böhranından demək olar ki, hər gün yazan xarici mediada Qarabağ mövzusunu niyə kifayət qədər işıqlandırılmır? Bu suala cavab tapmaq üçün beynəlxalq və yerli ekspertlərin fikirlərini öyrəndik.

“Xarici KİV bu məsələdə özünün kommersiya maraqlarını güdür”

Dünya mediasının Ermənistanın işğalçı siyasətini işıqlandırması prosesindəki problemlər barədə fikir bildirənMilli Məclisin deputatı Aydın Mirzəzadəhesab edir ki, Ermənistanın təcavüzkar siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan tərəfindən çox ciddi addımlar atılır. Deputatın sözlərinə görə, Azərbaycanın rəsmi hakimiyyət orqanları, xaricdəki diaspora nümayəndələri Dağlıq Qarabağ həqiqətlərini dünya miqyasında yaymağa, Ermənistanın işğalçı siyasətini ifşa etməyə çalışırlar. Eyni zamanda dünyanın aparıcı KİV nümayəndələrinin Azərbaycana səfərləri təşkil olunur, onlar məlumatlandırılır.

A. Mirzəzadə bildirib ki, dünyanın aparıcı KİV-i Dağlıq Qarabağ münaqişəsini işıqlandırmağa çox da cəhd etmir: “Yəni bu gün onlar üçün Dağlıq Qarabağ məsələsi o qədər də maraqlı deyil. Bu problemin aktuallığı ilə bağlı deyil. Xarici KİV bu məsələdə ya özünün kommersiya maraqlarını güdür, ya da xaricdə yaşayan imkanlı erməni diaspor nümayəndələri onları maliyyələşdirərək bu məsələdə susmağa, qeyri-obyektiv mövqe tutmağa çalışırlar”.

Deputat əlavə edib ki, bəzi KİV-lər sensasiya doğuran materiallara maraq göstərdiyinə görə artıq 30 ilə yaxındır ki, davam edən münaqişəni oxucusunun diqqətinə çatdırmaqda maraqlı olmur: “Dünya KİV-in xəbər siyasətində xeyli problemlər var. Donald Tramp ABŞ prezidenti seçildikdən bəri ABŞ KİV-ni qeyri-obyektiv məlumat yaymaqda ittiham edir, onların həqiqəti çatdırmağa maraqlı olmadıqlarına dair fikirlər səsləndirir”.

Deputat deyib ki, münaqişənin xarici KİV-də xəbərə çevrilməsinin necə olmasından asılı olmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün maksimum səy göstərir: “Azərbaycan dövləti möhkəmlənir, iqtisadiyyat güclənir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyindən geri çəkilmək istəyi yoxdur. Bu gün məsələn KİV-də işıqlansa da, işıqlanmasa da Azərbaycan daim səy göstərəcək”.

“Ədalət və reallıq bir-birinə zidd gedir”

Ermənistan təcavüzkar siyasəti tək Azərbaycan üçün deyil, bütünlükdə regionun təhlükəsizliyi, stabilliyi üçün problemdir. Cənubi Qafqazda müharibənin alovlanması region dövlətlərinin də təhlükəsizliyini sual altında qoyacaq. İşğalçı siyasət yeritdiyi üçün münaqişənin başladığı ilk illərdə Ermənistanla diplomatik münasibətlərini donduran Türkiyə mediasının da Azərbaycanın ağrılı problemini gündəmdə necə saxlaması sual doğurur. Bu məsələ ilə bağlı fikirlərini bizimlə bölüşəntürkiyəli siyasi ekspert Cağatay Balcıproblemin həllində atılacaq ilk addım kimi türk dövlətlərinin həmrəyliyini görür. O qeyd edib ki, Dağlıq Qarabağ məsələsində dünya ictimaiyyətinin mərhəmətinə sığınmağın nə qədər faydasız olduğunun davamlı şahidi oluruq: ” 1993-cü ildən bəri BMT TŞ qəbul etdiyi qətnamələrdə deyir ki, Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Amma heç kim etiraz səsini ucaltmır. Çünki burada əsas mövzu mənfəətçilikdir. Ədalət və reallıq bir-birinə zidd gedir”.

Balcının fikrincə, bizim etməli olduğumuz tək şey türk dövlətləri arasında həssaslığı daha da artırmaqdır: ” Əgər türk dövlətləri bu məsələyə həssas yanaşarsa, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın üzləşdiyi işğal aktı dünya ictimaiyyəti üçün də həssas olacaq. Hesab edirəm ki, ilk növbədə türk dövlətləri arasında bu məsələ ilə bağlı bir anlaşma və birlik yaradılmalıdır”.

Türkiyə mediasının bu məsələdəki aktivliyinə gəlincə, ekspert təəssüflə bildirib ki, Türkiyə mediası məsələyə çox az maraq göstərir. Onun sözlərinə görə, millətçi ruhu yüksək olan media orqanlarından fərqli olaraq, böyük informasiya agentlikləri Qarabağ münaqişəsinə o qədər də həssas yanaşmır.

“Qərb mediası Dağlıq Qarabağ münaqişəsini xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışır”

Xarici medianın Qarabağ həqiqətlərini əks etdirməkdə bir çox hallarda tutduğu qərəzli mövqe və buna təsir göstərən amillər barədə”Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğluilə söhbətləşdik. Baş redaktor bildirdi ki, bəzi ölkələrin, Türkiyə və Pakistanın mediası istisna olmaqla, xarici media əzəldən, münaqişə başlayan gündən bu məsələdə qeyri-obyektiv mövqe tutub: “Bir çox ölkələr var ki, onlar birbaşa mənbə kimi Azərbaycan mediasına istinad etmir, rəsmi orqanların məlumatlarından yox, əsasən transmilli media orqanlarının yaydığı informasiyadan istifadə edilir. Bu media orqanlarında məlumatlar əsas etibarilə monipulyativ olur, gerçəkliyi əks etdirmir”.

H. Babaoğlu vurğulayıb ki, bəzi qonşu ölkələrin mətbuatı hadisənin mahiyyətini bilirlər, lakin informasiyanı təhrif edib yanlış məlumat yayırlar: “Son hadisələr zamanı, yəni 4 iyulda erməni faşistlərinin açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin sakini kiçik Zəhranın ölümündən sonra qlobal informasiya məkanı hadisəni monipulyasiya etmək üçün Azərbaycan haqqında mənfi informasiyalar yaymağa başladı, amma gecikdi, buna nail olmadı”.

Redaktorun sözlərinə görə, xüsusilə Qərb mediası münaqişəni xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışır: “Bu KİV-lər düşünülmüş şəkildə ictimaiyyətə məlumat ötürürlər ki, konfliktdə olan tərəf, yəni işğalçı Qərbin dindaşıdır. Onlar işğal edən tərəfin işğalçı əməllərini gizlətməyə çalışırlar. Bu ənənə bu gün də davam edir. Transmilli media Qərb imperializminə xidmət edir. Həmin media orqanları ciddi nəzarət altındadır, imperializmin yumşaq gücü qismində çıxış edirlər. Hesab edirəm ki, onlardan ədalət gözləmək də doğru deyil. Biz bunu istəsək də dəyişə bilməyəcəyik”.

H. Babaoğlu qeyd edib ki, amma bəzi hallarda transmilli mediada obyektiv olmağa çalışan mətbu orqanlar var və Azərbaycan da haqlı olaraq onlara müraciət edir, onların ədalət hissinə müraciət edib məlumatları çatdırır: “Çox sevindirici haldır ki, Azərbaycanın haqq səsi dünyaya ucadan çata bilir. Bu istiqamətdə xarici mediada obyektiv məlumatlara rast gəlmək olur, getdikcə bu cür məlumatların sayı çoxalır. Azərbaycan daim bu istiqamətdə iş aparır”.

“Həmin müəlliflər vəziyyəti obyektiv başa düşür, lakin sifarişli yazılar yazır”

Politoloq Fikrət Sadıqovhəm Azərbaycan, həm də xarici medianın erməni təcavüzünü gündəmdə necə saxlaması ilə bağlı suallarımızı cavablandırarkən bildirdi ki, Azərbaycan mediasında Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı bir qayda olaraq obyektiv rəylər irəli sürülür, obyektiv qiymətləndirilmələr aparılır: “Çünki bu ölkə bizimdir, Ermənistan bizim ölkəmizə qarşı təcavüzkar siyasət yeridir. Burada başqa bir fikir və rəy ola bilməz”.

Politoloq hesab edir ki, yerli mediada Qarabağ həqiqətlərini daha peşəkarcasına, bir sıra incəlikləri nəzərə almaq şərti ilə işıqlandırmaq olar, amma ümumi şəkildə Azərbaycan mediasının bu istiqamətdə gördüyü iş müsbətdir.

F. Sadıqovun fikrincə, dünya mediasında Dağlıq Qarabağ münaqişəsi haqda subyektiv fikirlər çoxdur. Onun fikrincə, bəzən Azərbaycana qarşı qərəzli fikirlər üstünlük təşkil edir: “Bəlkə də həmin fikirlərin müəllifləri vəziyyəti obyektiv başa düşür, lakin sifarişli yazılar yazır. Onların arxasında müəyyən qüvvələr var ki, dəstək olur, maliyyələşdirir”. Politoloq vurğulayıb ki, buna baxmayaraq son illərdə Azərbaycan reallıqlarını əks etdirən yazıların sayı artıb: “Füzuli rayonunun Alxanlı kəndində baş verən axırıncı hadisələrlə bağlı dünyanın aparıcı KİV-də yazılar getdi. Artıq bu media orqanları reallıqları inkar edə bilmir. Həmin media orqanlarının əməkdaşları başa düşür ki, münaqişə haqqında subyektiv fikir səsləndirsə, bu onun peşəkarlığına zərbədir”.

Və sonda…

Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddialar irəli sürməklə yanaşı, düşmən ölkənin mediası Dağlıq Qarabağ və ətraf ərazilər, onların tarixi haqqında yalan məlumat yayır, başqa sözlə tarixi saxtalaşdırır. Həmçinin Ermənistan xəbər agentlikləri Azərbaycan və onun ordusu haqqında heç bir reallığa uyğun olmayan məlumatları tirajlamaqdan çəkinmir. Belə çətin məqamda Azərbaycanın mediasının əsas vəzifəsi informasiya müharibəsində rəqibə imkan verməmək, beynəlxalq informasiya mərkəzləri ilə əməkdaşlıq etmək, texnologiyanın üstünlüklərindən yararlanmaqla Dağlıq Qarabağda artan zorakılıq barədə xarici KİV-ləri daim məlumatlandırmaqdır.

Leyla Məhərrəmova

http://www.azadinform.az/news/a-146766.html
Müəllif müsabiqədə III yerə layiq görülüb