BMT Baş Assambleyasının komitə iclasında Azərbaycana qarşı həyata keçirilən dezinformasiya kampaniyaları pislənilib

Baş nazir Novruz Məmmədov “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
Əli Həsənov: AŞPA-da növbəti anti-Azərbaycan kampaniyasının başlanması təəccüblü deyil və təsadüfi xarakter daşımır
AVCİYA-nın Seçki Qərargahı 11 aprel 2018-ci il Prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib (fotolar)

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin 1-2 may tarixlərində keçirilən iclasında iştirak edib.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ənənəvi və onlayn media, həmçinin sosial şəbəkələr vasitəsilə saxta xəbərlər, dezinformasiyanın yayılması və propaqanda fəaliyyətinin həyata keçirilməsinin ifadə azadlığını ciddi şəkildə pozduğunu qeyd edərək, “ideoloji təcavüz”, “informasiya müharibəsi” və ya “hibrid müharibə” kimi fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.

Bu xüsusda, XİN rəsmisi BMT Baş Assemblyasının hələ 1947-ci ildə 108-ci plenar iclasında “Propaqandaya qarşı tədbirlər” adlı qətnamə qəbul edərək sülhə qaşı təhdidi, sülhün pozulmasını və ya təcavüz aktını ruhlandıran bütün növ propaqanda formalarını qınadığını xatırladıb və Azərbaycanın təcrübəsi ilə bölüşüb.

O deyib: “SSRİ-nin dağılması dövründə və müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın yürütdüyü “informasiya təcavüzü” və “informasiya müharibəsi” ilə üzləşmişdir. Ermənistan BMT nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni gizlətmək üçün informasiya müharibəsi, propoqanda və dezinformasiya əməllərinə əl atıb. Erməni lobbi dairələrinin dəstəyi ilə bu tendensiya “hibrid müharibə” formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir”.

Hikmət Hacıyev Ermənistanın beynəlxalq media nümayəndələrini çaşdıraraq müxtəlif bəhanələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edilməsi məsələsinə də diqqəti çəkərək bəzi hallarda bu kimi səfərlərin etik və obyektiv jurnalizm prinsiplərinə zidd olaraq, propaqanda məqsədilə istifadə olunduğunu deyib. O bildirib: “Biz beynəlxalq media nümayəndələrinin informasiya əldə etmək hüququna hörmətlə yanaşırıq. Amma xüsusilə münaqişə zonalarında fəaliyyət zamanı dövlətlərin akkreditasiya qaydalarına, sərhəd keçid rejimlərinə, qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, həmçinin münaqişəyə birtərəfli və qeyri-obyektiv yanaşma olmamalıdır”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana qarşı olan yeganə propaqanda və dezinformasiya mənbəyi olmadığını deyən Hikmət Hacıyev Birinci Avropa Oyunları dövründə ölkəmizə qarşı aparılan və hətta “psixoloji müharibə” səviyyəsinə çatdırılan propaqanda və dezinformasiya kampaniyaları barədə ətraflı danışıb və bir çox aparıcı media orqanlarının bu prosesdə iştirak etməsinin təəssüf və narahatlıq doğurduğunu vurğulayıb. O, hər hansı bir fakt ortaya qoymadan və cavab hüququna imkan vermədən ölkəmizə qarşı bu qəbildən olan qarayaxma və dezinformasiya kampaniyalarının hələ də aparıldığını BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Bu kimi propaqanda və dezinformasiya əməllərinə qarşı mübarizədə Azərbaycanın media plüralizminin inkişafı və medianın peşəkarlığının artırılmasının dəstəklənməsinə üstünlük verdiyini qeyd edən Hikmət Hacıyev medianın müstəqilliyini qorumaqla və ona hörmət etməklə ölkəmizin medianın inkişafı üçün müxtəlif proqramlar həyata keçirdiyi barədə danışıb. Həmçinin, cəmiyyətin savadlılıq və məlumatlılıq səviyyəsinin yüksək olmasının xüsusən xaricdən qaynaqlanan propaqanda və dezinformasiyaya qarşı effektiv vasitə olduğunu bildirib.

O, bu sahədə BMT-nin rolunun artırılmasının vacibliyinə toxunub və BMT-nin strateji kommunikasiya siyasətinə dəstək məqsədilə ölkəmizdə milli səviyyədə BMT-nin məqsəd və məramlarının, davamlı inkişaf məqsədlərinin təşviq olunması istiqamətində media müstəvəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. H.Hacıyev BMT-nin gələcək qlobal kommunikasiya fəaliyyətində multikultarilizm və sivilizasiyalararası dialoq məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.

Bununla bərabər, o, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrinin yerinə yetirilməməsinin Azərbaycan ictimaiyyətində haqlı və legitim suallar yaratdığını qeyd edərək, BMT-nin informasiya strategiyasının effektivliyini artırmaq üçün qəbul edilmiş qətnamə və qərarların icrasının vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, BMT Baş Assambleyasının İnformasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasıya məkanının yaradılması ilə sülhün gücləndirilməsinə töhfə vermək kimi məsələlər daxildir.

Bakı. Trend: