“Bölgədə əsl dialoq yalnız Azərbaycan torpaqlarının işğaldan xilas edilməsindən sonra başlaya bilər”

Azərbaycan müxalifəti bundan sonra nə etməlidir? – SORĞU
Rusiya Qafqaz regionunda yeni hərbi əməliyyatlara getməyəcək – ekspertlər
Gürcüstan Prezidenti ilə müxalifətin danışıqları nəticəsiz qalacaq – ekspertlər

Türkiyənin tanınmış publisist-yazarı Aytunç Altundalın APA-nın Türkiyə bürosuna müsahibəsi
– Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyəni yaxından maraqlandıran münaqişələrin qısa müddətdə həlli yerinə “proseslər” dönəminin başlayacağını deyib. Bu, Türkiyənin xarici siyasətində metod dəyişikliyidirmi?
– Birincisi, belə bir dəyişiklikdən söhbət gedə bilməz. İkincisi, Davudoğlu daim problemlərin dialoq yolu ilə həll edilməsi tərəfdarı olduğunu deyir. Ancaq dialoqun baş tuta bilməsi üçün hər şeydən əvvəl masada iki tərəfin olması lazımdır. Hazırkı vəziyyətdə Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan, Türkiyə-Azərbaycan münasibətlərinin daxil olduğu üçbucaq içində dialoqdan söhbət açmaq mümkün deyil. Bu, ancaq və ancaq Azərbaycan torpaqlarının işğaldan xilas edilməsi halında mümkün ola bilər. Bu halda Türkiyə ilə Ermənistan və Ermənistanla Azərbaycan arasında dialoq başlaya bilər. Ancaq təkrarlamaq istəyirəm ki, əvvəlcə işğalın aradan qalxması lazımdır.
– Söhbət “proses”dən gedirsə, onda 1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupu nə iş görüb? Onun işi də bir “proses” dən ibarət deyilmi?
– O “proses” çoxdan bitib. İndi Davudoğlu və hökumət deyir ki, biz məsələləri çözmək yolunda addım atırıq. Ermənilər isə işğalı qanuniləşdirməyə çalışır. İşğalı rəsmiləşdirməyə çalışmağın hansı “proses”lə əlaqəsi var?
– AKP hökuməti Kipr məsələsi ilə bağlı 5 il “qazan-qazan” siyasəti tətbiq etdi, bu da bir proses indi. Kipr türklərinin qazancı oldumu?
– Əksinə, bu “proses”də Kipr türklərinin nələri itirdiyini hamı gördü. Avropa Birliyi verdiyi sözlərin heç birinin üstündə durmadı. Kipr türkləri bunu anlayaraq iqtidarı dəyişdirdi, seçkidə Denktaşın tezislərini dəstəkləyənlər qalib gəldi. Əslində “proses siyasəti” adlı bir siyasət yoxdur. Siyasət elmində “iştirakçı siyasət” var.
– Bu “proses”lər Rusiyanın Qafqazda yenidən fəallaşmasına səbəb olmurmu?
– Bu “proses”lər işi uzatmaqdan başqa heç nəyə yaramır. Çünki bu “proses”lər çözüm yolları tapmaq yerinə, çözümsüzlüyü zamana yaymağa xidmət edir. Biz Ermənistana əl uzatdıq. Bəs onlar məsələləri həll etmək üçün nə etdilər? Türkiyəyə qarşı təbliğatlarına son qoydularmı? Onlar öz bildiklərini edirlər, biz isə sadəcə, göz boyayırıq. Ermənilər hər şeydən əvvəl Azərbaycan torpaqlarının işğalına son qoymalıdırlar./APA/