Borçalı söhbətləri: “Azərbaycan-Gürcüstan dostluğu”

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib
Prezident Ankarada Anıtqəbiri ziyarət edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən bu Assosiasiyanın prezidenti Elxan  Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən, Azərbaycan və gürcü xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin izlənməsinə, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin dövlətçilik tarixində rolu və müasir ictimai həyatında iştirakı, folkloru, ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat verilməsinə həsr olunmuş və maarifçi səciyyə daşıyan “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin növbəti qonağıBorçalışünas alim, AMEA-nın aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru, demoqraf-coğrafiyaşünas, Borçalı tarixinə, coğrafiyasına, mədəniyyətinə, Cənubi Qafqazda ermənilərin türklərə qarşı terror və qətliamlarına dair bir çox monoqrafik tədqiqatların, elmi məqalələrin, Borçaliya dair beşcildlik tarixi-coğrafi ensiklopedik  tədqiqatın müəllifi, Borçalı əsilli ziyalı Məmməd Sarvanlıdır (Sadıqov). Prof. Asif Hacılının Məmməd müəllimlə bugünkü söhbəti “Ulu Borçalının Barmaqsız-Zəlyə və Ağbulaq regionları: Azərbaycan türklərinin məskunlaşmasının tarixi-coğrafi xüsusiyyətləri” mövzusundadır.

Ulu Borçalının Barmaqsız-Zəlyə və Ağbulaq regionları:

Azərbaycan türklərinin məskunlaşmasının tarixi-coğrafi xüsusiyyətləri

Asif Hacılı: Hörmətli Məmməd müəllim! Borçalı böyük və zəngin bir mahaldır və əsasən Borçalı (indiki Marneuli), Qarayazı (Qardabani), Çörük-Qəmərli (Bolnisi), Başkeçid (Dmanisi) və Tiflisətrafı bəzi məntəqələri əhatə edir. Lakin etnik-mədəni və mənəvi baxımdan Borçalı hesab edilən Barmaqsız-Zəlyə (Zalqa), Ağbulaq (Tetriskaro), Qaraçöp (Saqareco), Qabal (Laqodexi) kimi məntəqələr hazırda Borçalının özəyindən bir qədər aralı düşdüyündən, arada Rustavi kimi iri şəhər, əsasən gürcülərin məskunlaşdığı digər yaşayış məntəqələri olduğundan, Borçalıya aid tədqiqatlarda sanki unudulur. Yerli fəadakar ziyalıların hazırladığı diyarşünaslıq ensiklopediyası, məlumat kitabı kimi toplulardan başqa bu sahədə xüsusi elmi tədqiqatlar demək olar ki, aparılmayıb və dərc olunmayıb. Lakin bu tarixi məskənlərin peşəkar elmi səviyyədə araşdırılmasına böyük ehtiyac olduğuna, yəqin ki, heç kimin şübhəsi yoxdur. Bu baxımdan, bütün bu bölgələrin, ilk mərhələdə isə Boralının mühüm mərkəzləri Sarvan və Çörük-Qəmərliyə yaxın olan  Barmaqsız-Zəlyə və Ağbulaq regionlarının tarixinin, coğrafiyasının, mədəniyyətinin araşdırılmasını əhəmiyyətli məsələ hesab edə bilərik. Sizin tanınmış borçalışünas coğrafiyaçı alim olaraq bu məsələlərə maraq göstərməyiniz ictimaiyyətə məlumdur. AVCİYA-nın “Borçalı söhbətləri: Azərbaycan – Gürcüstan dostluğu” layihəsi çərçivəsində Sizinlə növbəti söhbətimizi də məhz Barmaqsız-Zəlyə (Zalqa) və Ağbulaq (Tetriskaro) regionlarında soydaşlarımızın məskunlaşmasının tarixinə və coğrafiyasına həsr etmək istərdik.

Məmməd Sarvan (Sadıqov): AVCİYA-nın Borçalıya olan marağını, bu vətənpərvərlik layihəsini alqışlayıram. Soydaşlarımızın Borçalıda məskunlaşmasından danışırıqsa, ondan başlayım ki, Borçalı – əhali sakinliyi baxımından bir coğrafi ərazi kimi əsasən 60, bəzi mənbələrdə isə 70-dən çox türk qövmünün cəmləşdiyi, daimi məskunlaşdığı məkandır. Bu yaşayış məkanına Borçalının eyni adlı nümayəndəliyi ilə yanaşı Ağbulaq nahiyəsinin düzən, Anaxatın-Təvədöy-Xram sahilinin aşağı axarı və Barmaqsız-Zəlyə nümayəndəliyinin 0-la 1000 metr düzən dağətəyi sahələri daxildir. Orta əsrlərin XV-XVI əsrlərində bu türk tayfa birləşmələri tədricən öz yaşadıqları və məskunlaşdıqları əraziləri genişləndirərək, dağlıq əraziləri də mənimsəyib, pərakəndə yaşayış tərzinə nail olmuşlar. Burada əhalinin təsərrüfatı baxımından qışlaq və yaylaq mərasimlərinin rolu da diqqəti cəlb edir. Bu baxımdan Borçalı özünün köçəri heyvandarlığı ilə yanaşı orta əsrlərdən ətraf regionlarda məskunlaşmağı əsas tutmuşdur. Ərazilərdə təsərrüfatın bu sahəsinin inkişafı üçün çox geniş örüş sahələri, yaylaq və qışlaqları, ən başlıcası isə bu ərazilərin güclü otaracaq üçün yem bazasının olması və s.dir.

Asif Hacılı: Beləliklə məhz bu tarixi-coğrafi mühit soydaşlarımızın həm həyat tərzini, həm təsərrüfat fəaliyyətini, xüsusən də dağ və aran arasında heyvandarlıq növlərini və yerli şərait və iqlimə uyğun əkinçiliyi də müəyyənləşdirmişdir.

Məmməd Sarvan (Sadıqov): Tarix boyu borçalılar davar, atçılıq və ilxıçılıq təsərrüfatının da durmadan inkişafına geniş yer vermişlər. Borçalı nümayəndəliyi kəndlərinin əksəriyyətindən əhali dağlıq ərazilərdə geniş örüş və otlaq sahələri olan yaylaqlarda lövbər salıb, ilin 3-4 ayını “dağçı”, “yaylaqçı” rolunu oynamağı üstün tutmuşlar. Nəticədə aran Borçalıdan gələn əhalinin bir neçə ailəsi bu dağ yaylaqlarının mal-qara və ilxıçılıq üçün yararlı olan ərazilərində daimi məskunlaşmağı üstün tutmuş, bu yeni yurda özünün doğulub boya-başa çatdığı kəndin adını vermişlər. Belə kəndlərdən: Dağ Sarvan, Culuğlu, Gödəkli, Novruzallı, Minasazkənd, Candar, Kosalar, Şıxlı və s. göstərmək olar.

Asif Hacılı: Beləliklə də Borçalıda, əlamətləri hələ qədim türk çağlarından, o cümlədən “Dədə Qorqud”dan aşkarlanan qoşa, ekiz kəndlər formalaşmışdır. Bu cəhət bir çox türk ərazilərində izlənir – Borçalı kimi, qarapapaq yurdu olan Qazaxda dörd  Salahlı (Daş, Aşağı, Orta, Yuxarı), Birinci və İkinci Şıxlı, Boğanıs Ayrım və Quşçu Ayrım, Yuxarı Əkipara və Aşağı Əskipara, Cəfərli və Bala Cəfərlini yada salaq. Dağ və Aran arasında dövr edən Borçalının qarapapaq türklərinin iri kəndlərinin sakinləri bu ərazilərdə qoşa kəndlər salıblar. Bu kəndlərin tarixi qədim olsa da, sakinləri keşmişini unutmayıb və əlaqəlrini itirməyiblər. Bunlardan Zəlyə-Barmaqsız və Ağbulaq regionundakı Dağ Sarvanını, Borçalının tarixi mərkəzi olan Aran Sarvanın ekiz kəndini qeyd etmək və müşahidələrinizi dinləmək istərdim

Məmməd Sarvan (Sadıqov): Asif müəllim, bəli, toxunduğunuz hadisə dağlıq və aran, dağ və dağətəyi ərazilərdə məskunlaşmış türk xalqlarında geniş yayılıb. Dağ Sarvan adından göründüyü kimi iki coğrafi adın birləşməsindən yaranmışdır. Dağ və Sarvan sözlərindən. Deməli, aran Sarvandan bir neçə ailə yaylağa qalxmış, payız, vaxtı isə geri – arana qayıtmamışlar. Özlərinə ikinci daimi yaşayış yurdu salmışlar. Aran Sarvandan fərqli olaraq Zəlyə-Barmaqsız Sarvanı adından göründüyü kimi dağlıq ərazidə yerləşmişdir (600-2000 metr arası) . Bir coğrafi ad kimi burada yaşayan sarvanlılar təbii şəraiti əsas tutaraq dağ sözünü Sarvana əlavə etmişlər. Dağ Sarvanının bir kənd məntəqəsi kimi salınmasında onun əhalisinin burada daimi məskunlaşmasında əsasən aran Sarvandan, Qızılhacılıdan, Qarayazı bölgəsindən və Gorarxıdan gəlmiş əhali iştirak etmişdir. Dağ Sarvanının yayı mülayim və sərin, qışı isə soyuq və sərtdir, ilin iki fəslində bir-iki ay gediş-gəliş çətinləşir. Bu Dağ Sarvanın və Zəlyədəki digər türk kəndlərinin 300 ilə yaxın tarixi vardır. İqlim şəraitini və ümumi iqtisadi və sosial tələbatı nəzərə, aldıqda, bu yerlərdə gənc nəslin yaşaması və inkişafı üçün demək olar ki, heç bir şərait yoxdur. Odur ki, 70-ci illərdən başlayaraq bu kəndlərin əhalisi (əsasən gənclər) durmadan aran ərazilərə: Tbilisi, Rustavi, Marueli, Gəncə, Mingəçevir, Bakı və s. şəhərlərə pənah aparmışlar. Hazırda bu məntəqələrdə əsasən yaşlı nəslin nümayəndələri və sırf heyvandarlıqla, arıçılıqla məşğul olan ailələr qalmışlar. Kəndlərin ləğv olunması və digəri ilə birləşməsi, əhalinin başqa ərazilərə köçməsi yalnız Azərbaycan türkləri yaşayan məntəqələrdə yox, eyni zamanda 5-7 km qonşuluqda məskunlaşmış, Yunanıstan və Türkiyədən (XIX əsrin axırlarında) köçmüş erməni məntəqələrində də müşahidə olunur.

            Asif Hacılı: Bəs bu ərazilərin şəritinin yaxşılaşdırılması üçün nə isə edilirmi, hər halda təbiəti zəngin olan yerlərdir və şərait yaradılsa, xalqın güzəranı yaxşılaşar və köçməyə meyli olmaz.

Məmməd Sarvan (Sadıqov): Bununla bağlı bir məsələni qeyd etmək lazımdır ki, 1990-cı illərdən başlayaraq bu dağlıq zonanın yunan mənşəli kəndlərində əhalinin oturaq firavan yaşaması üçün rayon mərkəzindən (Zəlyə) asfalt örtüklü nəqliyyat yolu çəkilib və bu yolların təmiri və çəkilməsi xərcləri Yunanıstanda fəaliyyət göstərən yunan diasporu və Yunanıstan dövləti həyata keçirib. Əlbəttə, belə bir sağlam və uğurlu addım azərbaycanlılar yaşayan məntəqələrdə də həyata keçirilsə, şübhəsiz ki, gənc nəslin köçməsinin qarşısı qismən də olsa alınmış olar.

Asif Hacılı: Ümid edək ki, elə də olacaq, buradan azərbaycanlıların köçünün zəifləməsi Gürcüstan dövlətinin də mənafeyinə uyğundur. Çünki bu ərazilərdən bizim soydaşlar və xalqın berzen dediyi türkdilli xristian yunan-urumlar köçdükcə, onların yerini separatçı ermənilər tutur və qardaş gürcü xalqına, gürcü dövlətinə problemlər yaradır. Məmməd müəllim, Zəlyə-Barmaqsız və Ağbulaq regionunda soydaşlarımızın yaşadığı digər kəndlər də var, bunlardan çətin dağlıq şəraitində hələ yerində qayım duran və mövcudluğunu bu və ya digər dərəcədə davam etdirən Culuğlu, Gödəkli, Novruzallı, Lök Candar, bir qədər aşağıda isə Kosalar və Şıxlı kəndələri barədə nə deyərdiz?

Məmməd Sarvan (Sadıqov): Zəlyə-Barmaqsız inzibati rayonunda Dağ Sarvandan başqa Culuğlu, Gödəkli və Novruzallı kəndləri də vardır. Bu kəndlərin əhalisi bir qayda olaraq aran Borçalıdan, Qarayazı nayihəsindən, Azərbaycanın Qazax-Ağstafa qollarından gəlmişlər. Culuğlu sözünün etimologiyası bəzi söyləmələrə görə, dağ Borçalısının yaylaqları olan Culuğlu ərazisindən guya, axtarış vaxtı qaçqın düşən qaçaqların ikinci yaşayış mənzilləri olmuşdur. Lakın bir sıra ağsaqqalların söylədiklərinə görə, Culuğlu çul sözündən əmələ gəlmişdir. Yəni arandan yaylağa köç edən zaman ərzaq məhsullarının, isti pal-paltar və ev əşyaları, (qab-qacaqları) və s. daşımaq üçün at, eşşək və ulağlara palan çullamışlar. Çullanmış bu minik və qoşqu heyvanlarının belinə yaylaqda dəyə qurmaq üçün meşədən uzunluğu 4-5 metrə çatan çubuqlar yüklənərmiş. Sonradan Cub və Çub ifadəsi cul ilə əvəz olunmuş,  nəticədə Culuğlu kimi oxunmuşdur. Digər bir etimalogiyaya əsasən, Culuğlu Çolaq sözündən götürülmüşdür. Yəni kəndin ilk sakini ayaqdan şikəst, topal, çolaq (axsaq) bir Azərbaycan türkü olmuşdur. Buna görə də, bu kəndə elə həmin çolaq kişinin şərəfinə, onu yaşatmaq niyyətilə bu adı qoymuşlar. Qeyd etməliyik ki, bu adı kəndin qonşuluğunda Qarakol, Başkoy, Beşdaş, Yayla kəndlərində yaşayan, əslən Türkiyədən köçüb gəlmiş türkləşmiş yunanlar  qoymuşlar. Yuxanda verilən etimologiyalardan fərqli olaraq biz bu qənaətə gəldik ki, culuqlu sözü türkcə çay kənarı, çayın ətrafında, vadisində yerləşən yaşayış məntəqəsi və ya çaylıq, sulaq, suluqlu, subasar mənasını verir. Ümumiyyətlə, Culuqlu – cu (ca, cu) axar çay boyunca yerləşmiş yaşayış məskəni kimi meydana gəlmişdir.  Cavaxeti-Trialeti sıra dağlarının şimal-qərb başlanğıcında isə Lök dağı və kəndi yerləşir.

Asif Hacılı: Məmməd müəllim, tamamilə haqlısınız, “çu” və ya “şu” türk dillərində su, çay bildirir. Bu sözün etnonimlərlə bağlılığını da təsdiqləyən tədqiqatçılar var. Yəni kəndin adının çul, çolaqla bağlanması əsassız “xalq və ya ara etimologiyası”ndan başqa bir şey deyil. Dediyiniz kimi, çay, su ilə bağlılığı isə bu toponimin qədimliyinə dəlalət edir. Qədim abidələri, məbədləri və həm də zəngin təbiəti və səfalı mənzərəsi ilə fərqlənən Lök Candar kəndi də qədim məskənlərimizdəndir.

Məmməd Sarvan (Sadıqov): Bəli, Asif müəllim, Orta əsrlərdən özünün keyfiyyətli palıd, cökə, qara ağacdan istehsal olunmuş kömürü ilə Türkiyə, İran, İraq tacirlərini özünə cəlb edən, əlçatmaz dağlar və qalın meşələr qoynunda yerləşən Lök Candar elə o illərdən diqqət mərkəzində olmuşdur. Bu kəndin ərazisindən cənub və qərb hissəsində yerləşən və tarix qarşısında çox böyük suallar qoyan və hələlik elmə məlum olmayan, lakin bir sıra qiymətli, mübahisəli tarixi abidələr hələ də öz keşməkeşli günlərini yaşayır. Öz qədimliyini və məğrurluğunu bu günə kimi qoruyub saxlamış, eramızın əvvəllərindən xəbər verən neçə-neçə alban (bu ad ilə səslənən, lakin qədim” türklərə mənsub olan) türbələri və qəbiristanlıqları vardır. Bu qiymətli türk-alban tarixi inciləri, indiki Lök Candarın 5-7 km cənubunda və cənub-qərbində yerləşir. Təəssüf ki, bu tarixi incilərin heç birinin üzərində onun kimə, hansı xalqa və hansı dövrə aid olduğu göstərilməyib. Yalnız bəzi türbələrin yuxan hissəsində 8 ləpirli gül-çiçək şəklinin təsvir edilməsi, onun açıq-aydın türk xalqına mənsub olduğunu bir daha təsdiqləyir. Ən maraqlısı isə meşə massivi ilə Lök dağının indiki yaşayış məntəqəsi arasında öz keyfiyyətini qoruyub saxlamış bir neçə ensiz kəhrizi xatırladan “qacların” və “noyların” olmasıdır. Bu arxeoloji və etnoqrafik incilər keçmişdə həmin ərazilərə çıxan əhalinin maldarlıq, əsasən qoyunçuluq ilə məşğul olmasından və fəsli köçəri həyat tərzi sürməsindən xəbər verir. Borçalının tarixindən məlumdur ki, qarapapaqlar və tərəkəmələr qoyunçuluq və atçılıqla (ilxıçılıqla) məşğul olmuşlar. Bu baxımdan onların izləri o yaylaqlarda hələ də qalmaqdadır.

Asif Hacılı: Məmməd müəllim, bu kəndin həyatında dağ və dağətəyi məskənlərə xas ənənəvi kənd təsərrüfatından başqa, xammal, ilk növbədə kömür istehsalı da tarixən mühüm yer tutub. Deyilənə görə Lök Candarlıların istehsal etdiyi kömür nəinki Gürcüstan, hətta İran, Türkiyə, Azərbaycan bazarlarına da çıxarılıb. Kənd öz ticarət əlaqələri sayəsində geniş coğrafiyada tanınıb və məşhurlaşıb. Ticarət isə, yalnız maliyyə deyil, həm də mədəni, mənəvi, insani əlaqələr deməkdir.

Məmməd Sarvan (Sadıqov): Elə də var, məhz buna görə bu kənd əhalisinin rifahı nisbətən yüksək olub və əhali də çevik olmuşdur. XV-XVI əsrlərdən etibarən Lök Candara Türkiyə, İran və s. ölkələrdən gələn tacirlər meşə ağaclarından, odundan hazırlanmış yüksək keyfiyyətli kömür məhsulu daşıyardılar. Əlbəttə, karvan vasitəsilə bu uzaq yolu gəlmiş adamlar təbiətin ən füsunkar guşəsində lövbər salmaya bitməzdilər. Artıq Lök adı və sözü (dağın adı kimi) əhaliyə məlum idi. Buraya gələnlər də başlıca olaraq Lök dağının ətəyində və dağüstü düzənlik-hamar yerdə düşərgə salmasından irəli gəlmişdir. Candar isə İranda, Qarabağda və Borçalının indiki Marneuli rayonunda Candar məntəqəsi və Türkiyə əyalətlərindən köçüb gələn bir qrup tayfa adından götürülmüşdür.

Asif Hacılı: Yəni bu kənd də əslində türk tarixi coğrafiyasına xas olan cüt kəndlər, dağ-aran arasında bölünmüş yurdlarımız silsiləsindəndir.

Məmməd Sarvan (Sadıqov): Bəli,  onu da deyək ki, Candar və Lök sözləri daha geniş mənadavə arealda işlənib.Hazırda Candar adı altında Borçalı (Marnueli) və Zəlyə-Barmaqsız rayonunda kənd, göl; Lök adı altında isə Azərbaycanda (Abşeron yarımadasında) Lökbatan, Başkeçiddə Lök Candar kəndi və dağ adı kimi adlar mövcuddur. Zəlyə-Barmaqsızdakı Lök Candar dəniz səviyyəsindən 1250-1300 metr yüksəklikdə yerləşir. Bu ərazinin özünəməxsus ab-havası, canlı təbiəti və barlı- bərəkətli meşələri vardır. Onun diş göynədən bulaqları yüzlərlə xəstənin dərdinə dərman olmuşdur. Lök Candarın mərkəzində Kərbəlayi Musanın bacısı Gülsüm xanımın adını daşıyan məscid yerləşir. Bundan başqa kənddə qədim türk qəbiristanlığı və qeyd etdiyimiz kimi yaxın ətrafda isə alban türbələri, kəhrizləri vardır. Kənd özünün xarici və daxili gözəlliyi baxımından da yadda qalan olub, əlçatmaz bir qala  kimi yüksək guşədə salınmışdır.

Asif Hacılı: Məmməd müəllim, bir cəhətə də toxunmağınızı təvəqqe edirəm. Lök Candarın yalnız təsərrüfat, ticarət, istirahət əhəmiyyətli olmadığını da unutmamalıyıq. Bu hər cəhətdən zəngin kənd həm də hərbi əhəmiyyətə malik olub. Borçalı cəngavərlərinin, qaçaqların sığınacağı, məskəni kimi tanınıb.

Məmməd Sarvan (Sadıqov): Tamamilə doğrudur.  Lök Candar əcdadlarımızın, bablarımızın düşməndən gizlənmə yeri kimi də yadda qalandır. Adları tarixə düşmüş məşhur Borçalı igidləri, atlıları, cəsur və mərd, yenilməz iradəli el qəhrəmanları bu meşələrdə, bu dağlar və mağaralarda məskən salıb meydan sulayardılar. Bu yurd yerləri bir sıra hallarda, Tiflis, Qazax, Qaraçöp, Sarvan, Şüləver, Ç.Qəmərli kimi məntəqələrdən rus imperiyasının və qaniçən sovetlər birliyinin təzyiqimdən qaçqın düşmüş qaçaq dəstələri yaradan igid Azərbaycan türklərinin daldalanma və gizlənmə oylaqları olmuşdur. Dövrünün qaçaq dəstəsinin başçısı Qurban Sarı Musa oğlu, Azərgəzdirən oğlu İsa və Məhəmməd bu yerlərdə gizlənərmiş.

Asif Hacılı: Borçalıların, xüsusən, Sarvan, Qızılhacılı, Gorarxı camaatının sevimli yerlərindən biri, öz füsunkar təbiəti, mülayim iqlimi, buzbulaq suları, xüsusən Şir bulağı, meşəli-çiçəkli parkı ilə uşaqlığımızdan yaddaşımıza həkk olunmuş Ağbulaqdır. Təəssüf ki, soydaşlarımızdan Ağbulaq  qəsəbəsində, yəni rayon mərkəzində elə də çox qalmayıb, onların yerini də yenə də ermənilər tutub. Lakin bu bölgədə iki məskənimiz gürcü qardaşlarımızla həmrəy və mehriban qonşuluq şəraitində yaşayırlar.  Ağbulaq rayondakı tarixi yurd yerlərimizdən olan, bir çox ziyalıların yetişdiyi Kosalar və Şıxlı kəndləri haqqında söz açmağınızı xahiş edirəm.

Məmməd Sarvan (Sadıqov): Borçalı mahalının Ağbulaq (indiki Tetriskaro) rayonunun Azərbaycan kəndləri Kosalar və Şıxlıdır. Bu kəndlərin böyüyü Kosalardır. Maraqlıdır ki, eyni adlı kəndlər Lənkəran və Xankəndi yaxınlığında, Qazax rayonunda da vardır. Kəndin ərazisi keçmişdə meşəlik və qaratikan kolluqları, nar, yemşən, saqqız, qaraağac, ağcaqayın, palıd, itburnu, yabanı armud (cır armud), alma, dağdağan ağacları ilə zəngin idi. Bütün ərazi elə bil daşla örtülüdür. Əgər bəzi əkin yerləri varsa, onu da şübhəsiz ki insan əməyi yararlı hala salıb, əkib becəribdir. Kənddə qalmış xarabalıqlar əvvəlləri buranın şəhər yeri olduğunu, onun küçələri, bazar meydanı sahələri, bəzilərinin indiyə qədər saxlanılan kilsələr  olduğunu təsdiqləyir. Tarixin keçmiş maddi yadigarlarından bir çoxu da indiyədək qalmış və fəaliyyət göstərən qəbiristanlıqlar, qəbir daşı boyu onun üstünü örtmüş və daş üzərində yonulmuş insan şəkilləridir. Bütün bu abidələr göstərir ki, vaxtilə bu ərazilərin mədəniyyəti Alban mədəniyyətinə yaxın olmuşdur.

Asif Hacılı: Məmməd müəllim, əlavə etmək istərdim ki, əhalisinin sayı elə də çox olmayan Kosalar kəndindən bir çox tanınmış ziyalılar, alimlər, müəllimlər, dövlət qulluqçuları, iş adamları yetişib. Bunlardan sovet dövrünün orden və medallarına layiq görülmüş Sosialist Əməyi Qəhrəmanı Güllü Əliyeva, Dövlət Mükafatı laureatı Bədirxan Musayev, professorlar Məmməd Qocayev, Mahal Qacar, Roza Bayramova, Murtuz Qacarlı, Qasım Məmmədov, İsa Musayev, Vilayət Qacarlı, Ramiz Qacarov, polkovnik-xeyriyyəçi, saz-söz vurğunu Elbrus Anazaurov, məşhur xeyriyyəçi Vaqif Məmişov və başqalarını qürur hissi ilə xatırlaya bilərik.

Məmməd Sarvan (Sadıqov): Doğru deyirsiniz, bütün Borçalı əhli kimi, əhalisinin sayı çox az olan Kosalar kəndinin camaatı da elmə, təhsilə böyük önəm verir, asan olmayan dağlıq şəraitində çətin zəhmətə qatlaşan, işdən çəkimməyən bu obamızın gəncləri də ağsaqqalların üzünü ağardır. Keçmiş SSRİ-nin hər yerində uğur və nüfuz qazanmış  Borçalılara, o cümlədən Kosalılara rast gələ bilərsiniz.

Asif Hacılı: Məmməd müəllim, bəs əhaliyə belə əzm və zəhmətkeşlik aşılayan Zəlyə-Barmaqsız və Ağbulağın heç də asan olmayan dağ və dağətəyi təbii şəraitində yaşayan və çalışan əhalinin həyat tərzini, təsərrüfatını necə səciyyələndirərdiniz. Məlumdir ki, bir tərəfdən, burada xeyli çay qovuşur və müəyyən sucaqlıq yaranır. Lakin digər tərəfdən, bu xırda dağ çayları bu ərazidə elə də bol sulu deyil. Ancaq buna baxmayaraq, yerli əhali həm heyvandarlıq və həm də əkinçiliklə fəal məşğul olur. Halbuki, buradakı torpaqları aran Borçalının bol məhsullu əkinçilik potensialına malik ərazisi hesab edə bilmərik.  Təcrübəli və Borçalını yaxşı tanıyan bir coğrafiyaçı kimi bu bölgədəki ərazini və buranın təsərrüfat tipini, zəhmətkeş soydaşlarımızın Zəlyə və Ağbulaqdakı əmək şəraitini səciyyələndirmənizi istərdik.

  Məmməd Sarvan (Sadıqov): Bütün Borçalı əhalisi kimi, bu kəndlərin əhalisi də tarix  boyu maldarlıq, xalçaçılıq və əkinçiliklə məşğul olmuşdur. Əsasən Yaylaq, Qışlaq təsərrüfatçılığı daha  inkişafda olub. Beləliklə, heç vaxtı Zəlyə-Barmarsız haqqında söhbət saldıqda onun ərazisindən axan bu günkü Xram çayını unutmaq olmaz. Xram çayı öz mənbəyini Borçalı mahalının dağlıq Tsxra-Tskaros-Mta dağının aşağı ətəklərindən, ikinci variantda isə Xram çayı Başkeçid rayonunun Qarabulaq kəndinin ərazisindən götürüb.  15-20 km axaraq sonra mahalın ərazisinə Tav Koteli yüksəkliyinin şimal hissəsindən daxil olur. Burada çay özünün ikinci tarixi adına – Ktsiyə (gürcücə) çevrilib. Dağlıq Ərçivan Sarvan silsiləsindən axan Pene çayı Ktsiylə birləşir. Əvrənli kəndinin ərazisindən keçib, Zəlyə düzənliyi ilə axaraq geniş bataqlıq sahələr yaradır. Yeddikilsə kəndi yaxınlığında Ktsiy çayı soldan Cins və sağdan Nərdivan, Ayazma kimi xırda çayları birləşdirib Zəlyənin Quniya Qala və ya Günlü – qala (Günəşli qala) ətrafında Xram adını daşıyır. Barmaqsız körpüsünə qədər Xramın keçmiş məcrası ətrafında, sağdan, soldan bir sıra xırda çayların bu çaya birləşməsinə baxmayaraq onun subasar hövzəsi çox dərin dərələrdən keçdiyinə görə lazımi təsərrüfat əhəmiyyətinə malik deyildir. Çay dərin dərələrdən, sıldırım qayalıq ərazilərdən  keçdiyinə görə onun suyundan kənd təsərrüfatında demək olar ki, heç istifadə olunmurdu. Yalnız Barmaqsız körpüsü yanında yerli əhali çayın qarşısına bəndlər çəkərək balıq ovu ilə məşğul olurdu. Xram çayının keçdiyi Nərdivan kəndi ərazisindən Barmaqsız körpüsünə qədər 30 km məsafədəki ərazi başdan-başa düzən sahə olmasına baxmayaraq, burada suvarma əkinçiliyi demək olar ki, yox dərəcəsindədir.  Səbəbi ərazinin əkinə yararlı torpaq sahəsinin olmaması, xırda çayların daşıb ətrafı basması, bataqlıq ərazilərin üstünlüyü və iqlimin həddən artıq soyuq olmasıdır. Burada Dərəköy, Cins, Ayazma, Barmaqsız və s. kəndlərin əhalisi həmişə bu subasar sahələrin yararsızlığından şikayət edirdilər. Beləliklə, Xram təxminən 100 km-ə qədər bir məsafəni qət edib, Arıxlı düzənliyinə istiqamət götürür. Çayın suyundan bu ərazidə su çiləyici nasosların işə salınması nəticəsində qismən də olsa kənd təsərrüfatı sahələrində istifadə olunur. Xram çayının təsərrüfat fəaliyyətinin aşağı olmasına baxmayaraq, onun sularından ovlanan balıqlar keyfiyyətinə görə bütün Qafqazda çox məşhurdur. Bu balıq növünün adı məşhur «xramuli»dir. Xramulinin ovlanması hələ o vaxtlar qanunsuz hesab edilirdi. Bunun dövlət tərəfindən ovu təşkil olunmayıbdır. «Xramuli» balığının qeyri-qanuni ovlanması 200 ildən artıqdır ki, davam edir. Çox qəribədir, Xram çayı Borçalının düzən ərazisindən axarkən Kür çayına ucsuz-bucaqsız sürülər şəklində «xramuli-murtsa» balığı keçir. Lakin bu çayın mənbə hissəsində olan «Dağ Sarvan-Qaranlıq dərə» dağlıq massivində isə «qızıl» və ya forel balıq kimi adlanır.  Təbiət doğrudan da möcüzələr yaradır. Çayın başlanğıcında «qızıl balıq», qurtaracağında (mənsəbində) isə «xramuli» adlanır. Bu ərazilərindəki kəndlərin əksəriyyəti isə Borçalı soydaşlarımızın yaşadığı yurdlardır və bunların da əhalisi yerli şəraitə uyğun şəkildə halal zəhmətləri ilə güzəranlarını keçirirlər.

Asif Hacılı: Məmməd müəllim, Sizə “Borçalı söhbətləri” layihəsində bu maraqlı söhbətə görə təşəkkür edirəm, bu məlumatın Borçalı haqqında oxucularımızın təsəvvürünü xeyli genişləndirəcəyinə, gəncləri bu sahədə araşdırmalara həvəsləndirəcəyinə və istiqamətləndirəcəyinə əminliyimi bildirirəm. Yenidən görüşmək arzusuyla minnətdarlığımı bildirirəm.