Borçalı söhbətləri: “Borçalı türklərinin gürcü dövlətçiliyi tarixində rolu”

“Azərbaycanlı həkimin hekayəsi” 86 dildə “Pandemic Journal online”da yayımlanıb
Xocalı soyqırımının 26-cı ildönümü xarici mətbuatda geniş işıqlandırılıb
Vyanada “İmadəddin Nəsimi və onun dövrü” mövzusunda məruzə axşamı təşkil edilib

Regionumuzun lider dövləti olan Azərbaycan Respublikası bu coğrafiyada siyasi stabilliyin qarantı, iqtisadi inkişafın və ölkələrarası əməkdaşlığın mərkəzidir. Dünya miqyaslı beynəlxalq layihələrə ev sahibliyi edən, dayanıqlı inkişaf yolunda olan Azərbaycan region dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Lakin Ermənistan Respublikasının təcavüzkar siyasəti və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ regionu və ətraf əraziləri işğal etməsi Cənubi Qafqazın hərtərəfli inkişafına əngəl olmuşdur. Otuz ilə yaxın bir dövrdə Respublikamız tərəfindən aparılan danışıqlar nəticə verməmiş, əksinə, Ermənistanın yeni rəhbərliyi ölkəmizə qarşı geniş miqyaslı hərbi təcavüzə, müharibəyə başlamışdır.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz düşmənin layiqli cavabını vermiş və az bir müddət ərzində əzəli torpaqlarımızın, yaşayış məskənlərimizin böyük bir hissəsi işğaldan azad olunmuş, hazırda düşmən böyük itkilər verərək darmadağın edilir, müzəffər ordumuz qələbəyə doğru inamla irəliləyir.

Belə bir tarixi məqamda Azərbaycan dövləti və xalqının bizə dost olan ölkələrlə əməkdaşlığının, mehriban qonşuluğunun, səmərəli əməkdaşlığımızın gözdən keçirilməsi, ictimaiyyətə təqdim olunması vacib məsələlərdəndir. Azərbaycan xalqının tarix boyu dost münasibətdə olduğu xalqlardan biri gürcü xalqı, müstəqil dövlətlərimizin sıx əməkdaşlıq etdiyi ölkə Gürcüstan Respublikasıdır. Gürcüstanla dostluğumuzun mühüm bir həlqəsi də bu ölkədə gürcülərlə dostluq və qardaşlıq şəraitində yaşayan soydaşlarımızdır. Gürcüstan azərbaycanlıları yaşadıqları ölkənin sadiq vətəndaşlarıdır, gürcü-azərbaycanlı dostluğunun parlaq nümunəsi, xalqların dinc birgəyaşayış örnəyidir. Bu fakt regionda etnik münasibətləri gərginləşdirən, ölkələrarası münaqişə səviyyəsinə çatdıran Ermənistan ictimaiyyəti üçün də bir nümunə olmalıdır.

Bu amili nəzərə alaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Gürcüstanda yaşayan soydaşlarımızın tarixinə, mədəniyyətinə, gürcü dövlətçiliyinə və cəmiyyətinə inteqrasiyasına həsr olunmuş “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı yeni layihənin icrasına başlayır. AVCİYA-nın Prezidenti Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə icra olunan, maarifçi səciyyə daşıyan Layihənin əsas məqsədi Azərbaycan və gürcü xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin izlənməsindən, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin dövlətçilik tarixində rolu və müasir ictimai həyatında iştirakı, folkloru, ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat verilməsindən ibarətdir.     

AVCİYA-nın eksperti, Borçalı əsilli tədqiqatçı, professor Asif Hacılı tərəfindən icra olunan Layihə çərçivəsində müzakirələrə Azərbaycandan və Gürcüstandan mütəxəssislər cəlb olunacaq.

Layihə çərçivəsində tarix elmləri doktoru, diplomat Fəxri Valehoğlu-Hacıyevin iştirakı ilə “Borçalı türklərinin gürcü dövlətçiliyi tarixində rolu” mövzusunda ilk söhbəti təqdim edirik.

“Borçalı türklərinin gürcü dövlətçiliyi tarixində rolu”

Asif Hacılı: Layihənin ilk qonağı tarix elmləri doktoru, diplomat, Borçalı əsilli ziyalı Fəxri Valehoğlu-Hacıyev, mövzumuz isə  “Borçalı türklərinin gürcü dövlətçiliyi tarixində rolu”dur. Diplomatik fəaliyyətlə yanaşı, elmi tədqiqatla da məşğul olan Fəxri müəllimin elmi yaradıcılığında Borçalı tarixi və mədəniyyəti, gürcülər və azərbaycanlılar arasında tarixi dostluq əlaqələri kimi məsələlər mühüm yer tutur. Borçalı hərb tarixinə dair dəyərli monoqrafiyanın müəllifidir. Söhbətimizin əsas mövzusu da azərbaycanlılar və gürcülərin tarixi dostluğu və bu mövzunun tərkib hissəsi olan vacib məsələ − Gürcüstanda yaşayan soydaşlarımızın gürcü dövlətçiliyinin inkişafında iştirakıdır.

Fəxri müəllim, bu günlərdə ölkəmizdə Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Vətən müharibəsi aparılır, torpaqlarımız erməni işğalçılarından azad edilir. Siz də Borçalı hərb tarixinin uğurlu və məhsuldar bir tədqiqatçısı kimi Qafqazda erməni işğalçılığının tarixini gözəl bilirsiniz.  Bizim soydaşlar Gürcüstan ərazisinin müxtəlif yerlərində tarixən yaşamış və bu ölkənin sadiq vətəndaşları kimi dövlətçilik və hərb tarixində fəal iştirak etmişlər.  Orta əsrlərdən başlayan bu dostluq və qardaşlıq müxtəlif tarixi mərhələlərdən keçmişdir. Hələ çar David dövründən türk toplumlarının gürcü dövlətçiliyində əhəmiyyətli rol oynadığı gürcü mənbələrinin də təsdiqlədiyi məlum faktdır. Sonrakı dövrlərdə, xüsusən, XIX əsrdə Tiflisin quberniya mərkəzi olması ilə bu əlaqələr xüsusilə dərinləşmiş, Borçalıda yaşayan soydaşlarımız siyasi-ictimai proseslərin fəal iştirakçısına çevrilmişdir. Keçən əsrin əvvəllərindən isə yeni siyasi reallıq yaranmış, Gürcüstanda ermənilərin aqressiv siyasəti nəticəsində gərgin etnik-siyasi proseslər başlamış və coğrafi məkanlarına görə Borçalı türkləri bu hadisələrin mərkəzində olmuşlar. Bu mürəkkəb dövrdə gürcülərin və azərbaycanlıların əməkdaşlığı, hər iki xalqa qarşı hədəflənmiş erməni təcavüzünə, erməni terroruna qarşı yönəlmiş, soydaşlarımız gürcü həmvətənləri ilə çiyin-çiyinə hərbi təcavüzə qarşı qurtuluş mübarizəsi aparmışdır. Erməni terrorunun Gürcüstanda xüsusilə kəskinləşdiyi, həm türk-müsəlmanlara, həm gürcülərə qarşı yönəldiyi dövrdə əcdadlarımız ümumi düşmənə qarşı təşkilatlanaraq, Gürcü-Müsəlman İttifaqı yaratmışlar. Azərbaycan torpaqlarında yaradılmış qondarma Ermənistan dövləti 1918-ci ildə Gürcüstana qarşı xaincəsinə işğalçı müharibəyə başlayanda, 1921-ci ildə bolşevik bayrağı altında Tiflisə hücum edəndə də Borçalı türkləri gürcülərlə çiyin-çiyinə ümumi düşmənlə döyüşmüş və işğalçı erməni ordusunu məğlub etmişlər. Bu birlik bütün dövrlərdə izlənmişdir və bunlar bizim ortaq tariximizdir. Siz bu tarixin gözəl bilicisi və tədqiqatçısısınız. Düşünürəm ki, bizim bu dostluq tariximizin, soydaşlarımızın Gürcüstan dövlətçiliyində iştirakının müxtəlif dövrlərindən bəhs etsək oxucularımız üçün maraqlı olar.

Fəxri Valehoğlu-Hacıyev: Çox sağ olun, Asif müəllim, həqiqətən tariximizin ən qürurlu və şərəfli dövrlərdən birini yaşayırıq. Müzəffər ordumuzun qələbə yürüşlərinin hamımıza, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza bəxş etdiyi sevinc dolu duyğu və hissləri sözlə ifadə etmək çətindir. Allah Ali Baş Komandanımızın, ordumuzun və bütövlükdə xalqımızın haqq-ədalət  yolunu daim açıq etsin, şəhidlərimizə rəhmət diləyirik.  Asif müəllim, belə bir maraqlı mövzunu gündəmə gətirdiyinizə və məni dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Əlbəttə ki, Gürcüstan və Azərbaycan Cənubi Qafqazda stabilliyin təmin olunmasında maraqlı olan ölkələrdir və bu stabilliyin də onurğa sütununu təşkil edirlər. Gürcüstan və Azərbaycan dövlətləri, gürcü və Azərbaycan xalqları arasında tarixi əlaqələrin izlənməsi mühüm məsələdir, çünki ölkələrimiz, xalqlarımız arasında bugünkü sıx əməkdaşlığın səciyyəsi də bir çox cəhətdən həmin tarixi proseslərdən qaynaqlanır. Azərbaycan və gürcü xalqları, tarixi ərazilərimizdə olan dövlətlər daim sıx əlaqədə olublar və əməkdaşlıq ediblər. Bu sıx əlaqələrə görə də öz müstəqilliklərini qoruya biliblər, bu bütün dövrlərdə belə olub. Mən də bu zəngin dostluq tarixini ilk növbədə gürcü mənbələri əsasında araşdırmağa çalışmışam və öz xalqımın tarixi baxımından bir çox qürurverici faktlar aşkarlamışam. Ən əsası odur ki, Gürcüstan azərbaycanlıları, bizim soydaşlarımız tarixin heç bir məqamında yaşadığı dövlətə heç vaxt xəyanət etməyiblər, Azərbaycan – gürcü dostluğuna xəyanət etməyiblər, iki dövlət, iki xalq arasında etibarlı körpü rolunu oynayıblar, qardaşlıq-dostluq münasibətlərini daha da gücləndiriblər. Eyni zamanda Gürcüstanda bizim soydaşlarımızdan olan qəhrəmanların, sərkərdələrin fəaliyyəti də bu çərçivədə xüsusi vurğulanmalıdır.  Biz tarixi izləsək görərik ki, Gürcüstan dövlətinin qızıl dövrlərində, bütün parlaq mərhələlərində türk etnik vahidi vacib rol oynayır. Onu da deyim ki, Azərbaycan türklərinin soykökündə iştirakı olan türk etnoslarının bəzilərinin gürcülərin  etnogenezində də dərin izləri olmuşdur. Bunlardan qıpçaqları xüsusi qeyd edə bilərik, qıpçaqlar həm Azərbaycan türklərinin, həm gürcülərin etnogenezində və tarixində böyük rol oynamış türk soylarındandır. Elə onu qeyd edək ki, Gürcüstanın Qızıl dövrü hesab edilən Qurucu Davidin dövründə gürcü dövlətçiliyinin formalaşmasında, o dövrdəki müharibələrdə qıpçaqlar müstəsna rol oynayıblar. Çaritsa Tamaranın dövründə gürcü dövlətçiliyində ciddi rol oynayıblar, mühüm dövlət vəzifələrini tutublar. Gürcüstan türklərinin və  gürcülərin soy kökündə qıpçaq amilinin araşdırılmasının dəyərli həmyerlimiz Natiq Hümbətovun maraq dairəsində olduğunu vurğulamaq istərdim. Bir qədər yaxın dövrlərə gəlsək, Kartli-Kaxetiya çarlığı, II İrakli dövründə Borçalı qarapapaqları, yəni Azərbaycan türkləri İrakli ilə çiyin-çiyinə gürcü dövlətçiliyini qoruyublar, çarlığın apardığı müharibələrdə fəal iştirak ediblər. Məsələn, 1770-ci ildə Aspindza döyüşündə rus generalı Totleben gürcüləri döyüş meydanında qoyub gedib, ancaq Borçalı döyüşçüləri sona qədər döyüşüb, bütün gürcü mənbələri Aspindza döyüşünün üç əsas qəhrəmanından birinin Borçalı Xudu bəy olduğunu deyirlər. Bunu, Xudu bəyin İkinci İraklinin ən sadiq sərkərdələrindən olduğunu bütün gürcü mənbələri söyləyir. Daha sonra, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə yürüşü zamanı əgər bu şəhərin erməni tacirləri, o vaxt Tiflisin başlıca maliyyə və gəlir  mənbələri ermənilərin əlində idi, öz sərvətlərini qorumaq üçün gürcülərə xəyanət edərək, Qacar ordusuna bələdçilik edirsə, borçalılar gürcü dövləti uğrunda sədaqətlə döyüşür, qəhrəmanlıq göstərirlər. Bu yürüş zamanı Tiflis uğrunda Krtsanisi döyüşündə 200 Borçalı türkü son damla qanınadək döyüşür, burada Yadigaroğulları Ağacan və Allahverdi bəylərinin adı keçir.  Çarın xanımı da Borçalı xanımlarının müşayiətində Duşeti-Kaxetiyaya aparılır. Şəmşəddinlərin igidlikləri, qəhrəmanlığı, II İrakliyə arxa-dayaq durmağı haqqında da bir çox faktlar var. Yuxarıda qeyd etdiyimiz məsələlər barədə faktları 1990-cı illərdən etibarən apardığım araşdırmalar və ərsəyə gətirdiyim məqalələrlə elmi dövriyyəyə daxil etməyə çalışmışam. Sonrakı xronoloji ardıcıllıqla baxsaq, 1801-ci ildə Rusiya Gürcüstanı ilhaq edir və Qafqazda yeni situasiya yaranır.

Asif Hacılı: Bu dövrə keçməzdən əvvəl bir məsələn qeyd edim – Borçalı ağa-bəy sülalələri. O cümlədən Yadigaroğulları sülaləsi Gürcüstan, Azərbaycan, ümumən Qafqaz tarixində böyük rol oynayıb. Bu nəsildən Sadiq Bəy, Allahverdi Bəy, Xudu Bəy, Mustafa bəy, eləcə də bir çox hərbçilər və generallar Gürcüstan və Azərbaycanın, bütövlükdə Qafqazın tarixində iz buraxmış görkəmli şəxsiyyətlərdir. Borçalı ağa-bəylərinin fəaliyyəti gürcü-Azərbaycan əlaqələrinin, milli tariximizin mühüm bir hissəsidir və ayrıca öyrənilməli bir mövzudur. Borçalı Mehralı Bəy nəinki Qafqaz, Osmanlı tarixinin qəhrəmanıdır. Emin ağa Acalov Cənubi-Qərbi Qafqaz Cümhuriyyətin ilk başqanı, Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri olmuş, bu sülalənin digər nümayəndələri də ölkəmizə ləyaqətlə xidmət etmişlər. Ahıskadan Osman Sərvər Atabəy, Borçalıdan Nağı xan, İsrafil ağa Acalov, Sarvanın Bayramlı sülaləsindən İsmayıl ağa, Hüseyn ağa, Hacıxəlil ağa, Mursaqulovlar sülaləsindən Almaz ağa, Halay ağa, Əmircanlılar, Ağalarovlar, Sofiyevlər tariximizdə iz buraxmışlar. Yəqin ki, bu maraqlı və əhəmiyyətli mövzu nə  vaxtsa ətraflı öyrəniləcək və onların dəyəri veriləcək. Bütün bu ağalar öz zadəgan şərəfini uca tutaraq Gürcüstana sadiq olmuşlar. Siz toxundunuz, ermənilərin xəyanətinə, bu toplum Qafqaza gəldiklərindən nəinki türk-müsəlmanlara, gürcü dindaşlarına da xəyanət etmiş, düşmən kəsilmişdir. Bu haqda hətta rus ziyalıları, o cümlədən məmur Veliçko da yazıb. O, “Qafqaz…” kitabında qeyd edir ki, iranlılardan qaçıb II İrakliyə pənah gətirmiş, Borçalıda xüsusi olaraq ermənilər üçün salınmış Şulaverdə yerləşmiş erməni məlikləri Abo və Məcnun 1795-ci ildə İran şahı Qacar Tiflisə hücum edəndə, öz himayədarlarını, xristian gürcü dindaşlarını satıb, şah qoşunlarına bələdçilik ediblər. Borçalı igidləri isə Yadigaroğullarından Sadıq bəyin, oğlu Allahverdi bəyin başçılığı ilə II İraklinin tərəfində iranlılara qarşı sonadək vuruşub. Dediyiniz kimi, Allahverdi bəyin arvadı Nabat xanım isə dağ yolları ilə çarın arvadı Darecanı və uşaqlarını xilas edərək Duşetə müşayiət etmişdir. Bu artıq, səmimi istək, sədaqət, mərdlik deməkdir və Tiflisdə yaşayan eloğlumuz Mirzə Məmmədoğlu Maşovun “Xudu Borçalı” tarixi povestini, “Yadigaröyünün yadigar qılıncı” sənədli hekayəsini xatırlatmaq istərdim. Mirzə müəllim bu əsərlərində borçalılarla gürcülərin silah dostluğunu, həmin müharibədə say-seçmə Borçalı igidlərini sayca qat-qat çox İran ordusunu qəhrəmancasına dəf edərək, vətən uğrunda, torpaq uğrunda həlak olmasını bədii şəkildə göstərir. Həmin Abo və Məcnun isə tərəddüdsüz xəyanət etmişlər. Minnətdarlıqla onu da xatırladım ki, Marneulidə Xudu bəyin adına küçə var.

Fəxri Hacıyev: Adlarını çəkdikləriniz Qarabağ məliklərindən olub, II İrakli onları qəbul edib Borçalıya yerləşdirmişdi və elə indi də Marneuli və Bolnisi rayonlarında yaşayan ermənilərin böyük əksəri o vaxt gəlib yerləşənlərin törəmələridir.

Asif Hacılı: Bəli bizim gürcülərlə etnogenezimizdə ortaq məqamlar çoxdur. Qazax-Borçalı-Qaraçöp qarapapaqlarının və gürcülərin mənşəyində qıpçaq elementinin rolu aşkardır. Bilindiyi kimi, türklərin Qafqaza eramızdan əvvəllərə düşən erkən axınlarından sonra XI yüzildə şimaldan qıpçaqların, cənubdan oğuzların yeni axını başlayır. Maraqlıdır ki, gürcülər bu iki türk toplumunu fərqləndirir.  Gürcülər XI yüzildə gəlmiş bu türkləri “yeni qıpçaqlar” (“kivçakni axalni”) adlandırır və yunan, ərəb, eləcə də gürcü mənbələrinin “yerli”, “bizim”, “buntürklər”, böyük şərqşünas və qafqazşümas alim, akademik N.Y.Marrın “avtoxton” adlandırdığı yerli türklərdən fərqləndirirlər. IV Davidin dövründə türk-gürcü ittifaqı xüsusilə güclənir, yeni türk-qıpçaq soyları Gürcüstanın siyasi həyatında həlledici rol oynayır. “Kartlis-Sxobreva” əsərində göstərildiyi kimi, “Şəhər və qalaların qorunmağı, hətta öz drujinası” üçün də qoşunu olmayan çar Qurucu David 1118-ci ildə qıpçaqları köməyə çağırır. “Açıq bənizli, sarı saçlı, mavi gözlü” qıpçaqların (rus mənbələrində “polovslar”, kumanlar) Qafqazdakı hökmdarı Artık xan (Atrak xan) Qurucu Davidin qayınatası idi və onun dəvətini qəbul edib 50 minlik ordu, ümumilikdə 300 minə qədər adamla gələrək Gürcüstanın cənubunda yerləşir, bu qıpçaq toplumu gürcü dövlətçiliyində əhəmiyyətli rol oynayır. III Georginin və Tamarın hakimiyyəti dövründə də on minlərlə “yeni qıpçaq” Gürcüstana dəvət olunmuş, istədikləri yerlərdə yerləşdirilmiş yeni qıpçaqlar ölkənin hərbi, siyasi, maliyyə işlərinə rəhbərlik etmiş, XII əsr gürcü intibahının rəhni olmuşlar. Gürcüstanın ən parlaq çağlarının baş komandanları Kubasar, Qutluq Arslan qıpçaq orduları ilə Gürcüstanın rifahına şərait yaratmışlar. Bu dövrdə Gürcüstanda türk-qıpçaq dili geniş istifadə olunmuş, gürcü dövlətçilik, hərb terminləri əsasən qıpçaq sözlərindən yaranmışdır. Xristian qıpçaqlar Gürcüstanın bir çox yerlərində öz dini ibadətgahlarını, o cümlədən, Krım-tatar alimi Ağatanğel Efim Qırımlının göstərdiyi kimi, “Qıfçax-avank” monastırını tikərək istifadə etmişlər. Maraqlı bir məsələni deyim ki, Sarvanda uşaqlıq dövründə babamın öz dostları ilə söhbətlərində Qaraçöp mahalından danışarkən, onlar “gəbçəklərdir” deməsi yadımdadır. O vaxtlar bu sözün mənasını anlamırdım, sonradan “qıpçaq” olduğunu anladım. Onu da deyək ki, “Kartlis-Sxobreva”da Atrak xanın qızı, Qurucu Davidin xanımı çox mərifətli, ədəb yiyəsi kimi səciyyələndirilir. Bütün bunlar bizim gürcülərlə ortaq tariximizdir və bizim gürcü xalqı ilə birliyimizin, dostluq və qardaşlığımızın əzəli genetik qaynaqlarıdır.

Fəxri Hacıyev: Gələn il Didqori döyüşünün 900 illiyidir və yəqin ki, bu, Gürcüstanda təntənə ilə qeyd ediləcək. Doğrudur, qıpçaqların gürcü ordusunun əsasını təşkil etdiyi bu döyüş səlcuqlarla olub, lakin bu, dolayısı ilə həm də bizim tarixdir, ortaq tariximizdir.

Asif Hacılı: Əlbəttə, Orta əsrlərdə bu kimi müharibələrdə siyasi amil xüsusi rol oynayıb, etnik yox. Bu tarixdir. Deyək ki, səfəvilər və osmanlılar arasında toqquşmaları etnik müstəviyə, müasir münasibətlərə keçirmək qətiyyən doğru deyil. Bu müharibələr Orta əsrlərdə sülalə səciyyəsi daşıyan dövlətlərin siyasi maraqları zəminində baş verən toqquşmalar idi.

Fəxri Hacıyev: Tamamilə sizinlə razıyam. Bəlli həqiqətdir ki, qıpçaq xaqanları gürcülərə yad etnos kimi yanaşmayıblar, gürcü dövlətini yad dövlət saymayıblar. Müttəfiqlik və qohumluq münasibətində olublar və bu münasibət bizim etnik yaddaşımızda da qalıb. Bu gün də belədir və bunlar etnik yaddaşdan gələn, mədəniyyətimizdə, mətbəximizdə, folklorumuzda izlənən qarşılıqlı mətləblərdir. Bu o deməkdir ki, gürcü etnosunu türk etnosu yad hesab etmir.  Bilirsiniz ki, Türkiyədə “əqrəba topluluq” anlayışı var və hətta “Türk və əqrəba topluluqlar” təşkilatı da fəaliyyət göstərir, demək istədiyim odur ki, gürcülər bizim üçün həmin “əqrəba topluluq” kateqoriyasına daxil olan xalqdır, qohum topluluqdur, türklərlə gürcülər həm qohum, həm min illərlə qonşu olublar və bu amillər adətlərdə, düşüncədə, məişətdə, mətbəxdə dərin iz buraxıb. Eyni zamanda, bayaq dediyimiz kimi, türklər və gürcülər çox zaman sıx müttəfiqlik əlaqələrində də olublar, hətta gürcülər və türklər birlikdə digər türk etnosuna qarşı, və ya gürcülərin erməni dindaşlarına qarşı döyüşüblər. Bu kimi faktlar münasibətlərin dərinliyinə və səmimiliyinə dəlalət edir. Azərbaycan türkləri gürcü dövlətinə doğma dövləti kimi yanaşmış, iki dövlətin gələcəyi, tarixi taleyi bir-birinə bağlanmışdır. Biz bu xüsusiyyəti daxildə və regionda təbliğ etməliyik.

Asif Hacılı: Çarlıqlar dövründən yeni mərhələyə, Cənubi Qafqazın Rusiya tərəfindən ilhaqı, xüsusən 1828-ci ildən sonraya baxsaq yenə də həmin mənəvi ortaqlığı və birliyi görə bilərik. Bu dövrdə Tiflisin canişinliyin mərkəzinə çevrilməsi ilə gürcülərlə bərabər, soydaşlarımızın da siyasi, ictimai, mədəni həyatı xeyli dərəcədə Tiflisdə cəmləşir. Tiflis müxtəlif din, dil, mədəniyyətləri birləşdirən ortaq bir mənəvi məhvərə çevrilir. Bu dövrü necə səciyyələndirərdiniz?

Fəxri Hacıyev: Bəli, biz Kartli-Kaxeti çarlığı dövründə Azərbaycan-gürcü münasibətlərinin ümumi səciyyəsini gözdən keçirdik. Ondan əvvəlki dövrləri də qısaca qeyd etdik. Həmin dövrlərdə dostluq və qardaşlığın şahidi olduq. Bəs çar Rusiyasında necə? Artıq bu dövrdə yeni bir geosiyasi vəziyyət yaranır, yeni dövr gəlir. Bu dövrdə çar Rusiyasının Cənubi Qafqazı ilhaqı Gürcüstandan başlayır və məlum olur ki, çarizmin məqsədi heç də Georgiyevsk müqaviləsində vurğulandığı kimi, Gürcüstanı qorumaq yox, yeni ərazilər ələ keçirməkdir. Çarizmə böyük ümidlər bəsləyən gürcü şahzadələri, İraklinin nəvələri yeni siyasi reallıqda öz səlahiyyətlərinin, əksinə, azaldığını görüb, Rusiyaya birləşmələrindən məyus olurlar və müəyyən üsyan prosesləri başlayır. Gürcü knyazları çar hakimiyyətinə tabe olmaq istəmir, onların bir qismi Qacarlara sığınır, məsələn, Aleksandr Mirzənin timsalında. O vaxtın sənədlərinə baxanda görürük ki, bu şahzadələrdən  David çarın əlinə keçməmək üçün Borçalı yaylaqlarında Borçalı türklərinə sığınır. Rus məmurları rəsmi yazışmalarında bildirirdilər ki, şahzadə David Borçalı dağlarındadır, Borçalı türklərinin yanındadır və bir daha oradan enməyəcək…

Asif Hacılı: Yəni demək istəyirsiniz ki, Borçalı bəyləri onu heç vəchlə çar hakimiyyətinə verməyəcək və bunu bilən şahzadə David Borçalı türklərinə doğma toplum, qardaşlıq münasibətində olduğu mərd təbəələri kimi yanaşıb.

Fəxri Hacıyev: Bəli, yəni etibarlı, inandığı həmvətənləri kimi məhz onlara sığınmışdır. Şahzadə David haqqında bir maraqlı fakt barədə də məlumat verim: 1789-cu ildə Qars paşalığından soyğunçu hücumdan dönən bu şahzadəni onu təqib edən Osmanlı süvarilərinin əlinə düşməkdən sadiq silahdaşı, Borçalının Sarvan kəndinin sakini Gülməmməd Şərif oğlu xilas edir.  

Asif Hacılı: Belə olduqda mən bir qədər sonra məşhur gürcü ədibi İlya Çavçavadzenin Borçalı türkləri haqqında dediyi sözləri, yəni onlar ürəyiaçıqdırlar, mərddirlər, sadiqdirlər və heç vaxt xəyanət etməzlər kimi ifadələrini xatırlatmaq istərdim.

Fəxri Hacıyev: İlya Çavçavadze xalqımız haqqında o qədər gözəl sözlər yazmış, o qədər dəyərli fikirlər söyləmişdir ki, məsələn, yazır ki, Borçalı türkü  ac qalar, susuz qalar, yeməyə-içməyə pul tapmaz, ancaq xəncərə və ata pul tapar. Yəni onda döyüşçü mərdliyi və dəyanəti var. Bir halda ki, Çavçavadzedən söz saldınız, deməliyik ki, XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində gürcü mətbuatı kifayət qədər inkişaf etmişdi. Çavçavadzenin redaktorluğu ilə “İveriya” qəzeti çap olunurdu, bu qəzetin hətta bölgələrdə − Borçalıda, Cavaxetyada və s. müxbirləri var idi. Həmin müxbirlər Cənubi Qafqazda kifayət qədər ad-san qazanmış Borçalı qaçaqları haqqında da daim məlumat verirdilər. Qaçaqçılıq hərəkatı kortəbii hərəkat olsa da, çar Rusiyasına qarşı azadlıq hərəkatı idi. Həmin dövrdə hökumətin ordusu yerlərdə xaos yaradırdı. Xalq qaçaqları sevir və hörmət edirdi. Çavçavadze yazırdı ki, qaçağı məhkəməyə çıxaranda Borçalı türkləri heç vaxt onların əleyhinə ifadə vermirdi, üzünə durmurdu, bir sözlə türk türkü satmırdı, yəni bir kişilik kodeksi var idi bizim əcdadlarımızda. Sonradan qayıdarıq bu məsələlərə. Bayaq dedim, gürcü şahzadələr borçalılara sığınıblar, borçalılara pənah gətiriblər və sonradan fəaliyyətlərini kəsməyiblər. Çünki gürcü knyazları, tavadları ruslardan gözləntilərini almadılar, onların hüquqları məhdudlaşdırıldı, onlara qarşı alçaldıcı hərəkətlər edilirdi.

Asif Hacılı: Bizim xanlıqlar da belə oldu, onlar da azadlıq gözləyirdilər, ancaq yeni üsul-idarə gəldi və hakimiyyətlərini əllərindən aldı.

Fəxri Hacıyev: Bəli, yeni üsul-idarə gəlir, hakimiyyətləri məhdudlaşdırılır və  bunlar narazılıq yaradır. Baxırlar ki, çar hakimiyyəti Qacarlardan, Osmanlıdan fərqlidir, səlahiyyətləri əllərindən alınır. Beləliklə, gürcü knyazları üsyan hazırlıqlarına başlayırlar və ilk güclü üsyan 1812-ci ildə Kaxetiyada baş verir. Çar əsgərləri gürcü əsilzadələrini sıxışdırır, ram eləmək və vergi yığmaq üçün əhali üzərinə təzyiqlər edirdi. Həmin vaxt Rusiya iki cəbhədə, Osmanlı və  Qacarlar cəbhəsində müharibə aparırdı, ərzaq çatışmazlığı var idi. Kaxetiyada Axmeta tərəfində vergi və töycü yığmaq üçün gəlmiş rus əsgərləri kəndliləri təhqir edir, nəticədə xalq üsyana qalxır və Qazax-Borçalı türkləri gürcülərlə həmrəy olurlar. Sonra, 1832-ci ildə, yeni üsyan hazırlanır və burada biz Borçalının Hasanxocalı kəndinin sakini Molla Zamanın timsalında borçalıların fəallığını görürük. Qacarlara sığınmış Aleksandr Mirzə Molla Zamana etibar edir və gürcü knyazları ilə yazışma və əlaqələrini Borçalı türkləri vasitəsilə həyata keçirirdi. Bu, Borçalı toplumunun nüfuzunun, ona olan etibarın göstəricisi idi.

Siz Tiflisin XIX-XX əsrin əvvəllərində canişinlik mərkəzi kimi əhəmiyyətini qeyd etdiniz. Bu amil həm Tiflisin coğrafi mövqeyi ilə bağlı idi, həm də Tiflis  Rusiyanın ilhaq etdiyi ilk şəhər idi və çar hakimiyyəti də ilk dəfə məhz burada bərqərar olmuşdu. Azərbaycan ziyalılarının, əsilzadələrinin müəyyən hissəsi də nəticə etibarilə Tiflisə toplaşmışdı.

Asif Hacılı: Burada bir maraqlı məqama toxundunuz, yerli əsilzadələrə münasibət. Sovet ideologiyası bu məsələni öz sinfi ideologiyasına uyğun şərh etsə də, bildirməliyik ki, əsilzadələr, Gürcüstan türklərində də ağalar-bəylər tarix boyu xalqa öndərlik etmiş, milli mənafeyi qorumuşlar. Ermənilər məhz buna görə dövlət məmurları ilə müsəlman zadəganlarının münasibətini pozmağa çalışmış, rusiyalı məmur və hərbçilərin ilk dövrlərdə Qafqaza nabələdliyindən məharətlə istifadə etmişlər. Qafqaz xalqlarının mental xüsusiyyətlərinə bələd olmayan çar məmurları ermənilərin təhriki ilə türk və dağlılarla ünsiyyətdə kobud səhvlərə yol vermişdir. Qafqazda, Anadoluda, Türküstanda uzun müddət xidmət etmiş, Ahıska və Qarsın fəthinin fəal iştirakçısı olmuş, Abbasqulu ağa Bakıxanovla birlikdə Ahıska mədrəsəsinin kitabxanasını müsadirə etmiş, Şərq dillərini bilən general Nikolay Muravyovun xatırladığı kimi, yerli psixologiyanı bilməyən rusiyalı məmurun Qafqazda sadə və kasıb görkəmli ağsaqqala qarşı sayğısızlığı böyük bir tayfanı ayağa qaldırmış, iğtişaşlar və toqquşmalarla nəticələnmişdir.

Məşhur tədqiqatçı, məmur Veliçko bu məsələni Borçalının Qızılhacılı kəndindən olan, mərdliyi, şücaəti və alicənablığı ilə ad çıxarmış, məşhur əsilzadə nəslinin nümayəndəsi Halay bəy Mursaqulovun taleyi ilə izah edir. Veliçko yazır ki, Halay bəyin qohumu saxtakarlıq edərək onun mülkünü zəbt etmiş və sonra da nişanlısını qaçırmışdır. Təbii ki, Halay bəy bu təhqirə dözə bilməzdi və o, həmin adamı öldürür. Veliçko bu məqamın qafqazlı üçün anlaşılan olduğunu, ancaq çar məmurlarının bunu qavramadığını, bəyi həbs edərək Sibirə sürgün etdiklərini yazır. Müəllif vurğulayır ki, çar məmurları formalist olmasaydılar, yerli anlayışları qavrayıb mərd və cəsur Halay bəyi əfv etsəydilər, yaxud orduya göndərsəydilər, o, hökumətə sədaqətlə qulluq edər, qəhrəman olardı. Lakin məmurların “küt formalizminə”, yerli psixologiyanı anlamadığına görə, savadlı, hökumətə loyal olmuş Halay bəy Sibir sürgünündən qaçaraq qaçaqçılığa başlamışdır. Bu bəylər böyük bir toplumun mənəvi rəhbəri olub, haqsızlığa dözməyib və çox vaxt qaçaqçılığa başlayıblar. Qeyd edim ki, Bakıda Hüseynqulu xan da Sisianovu təhqiramiz məktublarına və danışıq məqamındakı təhqirlərinə dözməyərək qətl etmişdir. Gürcülərdə də qaçaqçılıq geniş yayılıb və türklər və dağlılarla eyni tipologiyaya malik olub. Bu deyilənlər baxımdan azərbaycanlılarla gürcülərin, dağlı xalqlarının mənəviyyatında və qaçaqçılıq gələnəyində bir çox ortaq məqamlar, Qafqaz xarakteri izlənir. Ermənilərin Qafqaza kənardan gəlmə olduqlarını sübut edən əsas amillərdən biri də onların bu xarakterdən məhrum olmalarıdır.

Bu baxımdan, yenə Veliçkoya istinad etmək istərdim. Veliçko Qafqazda qaçaqçılıq hərəkatı və bu hərəkatda ermənilərin təhrikedici rolu haqqında maraqlı məlumat verir. Azərbaycanlıların Xan Baba (Bakı qəzası), Qaçaq Kərəm (Gəncə qəzası), Halay bəy Mursaqulov (Borçalı) kimi qaçaqlarının çar məmurlarının ədalətsizliyindən qaçaqlığa başladıqlarını, kasıblara, qadınlara, uşaqlara qətiyyən toxunmadıqlarını, əksinə, köməksizlərə, fəqirlərə yardım etdiklərini, məzlumların haqlarını qoruduqlarını yazan Veliçko azərbaycanlı-müsəlman qaçağının öz mənəvi-əxlaqi keyfiyyətlərinə görə “cibində fəlsəfə doktoru diplomu və vizit kartında fəxri adı göstərilən çox hörmətli xristian-ermənidən… hiyləgər tülküdən” qat-qat üstün olduğunu bildirir: “Aclıq döyüşkən adamı qarətçi edə bilər… hörümçək ermənilər tərəfindən maddi istismara məruz qalan və müxtəlif idarələrdəki rus mundirli adamların həmişə erməniləri müdafiə etdiyini görən təbiətən çılğın və döyüşkən tatar özgə nə etməlidir?..”

Gürcülərlə Azərbaycan türklərinin psixologiyası bir çox məqamlarda ortaq olub. Burada din rol oynamayıb, çünki ermənilər gürcü dindaşlarına da xəyanət etmişlər və bu günə qədər də bu xəyanət və təxribatlar davam etməkdədir. Bu baxımdan, biz ən gərgin mərhələlərdən birinə, XX əsrin əvvəllərinə gəlib çatdıq.

Fəxri Hacıyev: XX əsrdə Cənubi Qafqazdakı hadisələrin bir çoxunu müəyyənləşdirən əsas amil də məhz elə çarizmin köçürmə siyasəti, ermənilərin türk və gürcü torpaqlarına kütləvi yerləşdirilməsidir. Çar Rusiyası bu ərazilərdə erməniləri, eləcə də almanları, duxoborları, yunanları yerləşdirdi. Türkmənçay və Ədirnə müqavilələrindən sonra ermənilər Azərbaycan ərazilərinə və Gürcüstanın Cavaxetiya bölgəsinə və digər yerlərə kütləvi yerləşdirilir. XIX əsrin ilk qərinəsindən Cənubi Qafqaza yerləşən ermənilər yüksək vəzifələrə təyin olunur, maliyyə resurslarını, torpaqları, böyük mülkləri ələ keçirir və yerli əhaliyə qarşı təzyiq və təxribata, qırğınlara başlayırlar. Məqsədləri isə yerləşdikləri ərazilərdə monoetnik demoqrafik vəziyyət yaratmaq, yeni torpaqlar qəsb etmək olur. Gələcək məqsədləri – zəbt etdikləri bu ərazilərdə erməni dövləti yaratmaq idi. Bütün bu hadisələr 1905-ci il olaylarına, ermənilərin müsəlmanlara qarşı kütləvi silahlı qırğınlarına gətirib çıxarır. Bu dövrdə ermənilər Azərbaycan türklərinə qarşı Bakıda, İrəvanda, Gəncədə, Qarabağda, Naxçıvanda və digər ərazilərimizdə soyqırım cinayətləri törədir, müsəlman əhalini xüsusi amansızlıqla qətl edir, işgəncələr verirlər. Azərbaycan türklərinə qarşı bu qətliamlar 1905-ci ilin noyabrında Tiflisə də gəlib çatır. Tiflisin müsəlmanlar yaşayan məhəllələrində ermənilərin 1905-ci ilin 22 noyabrında başlayan kütləvi qətliamları, daşnakların müsəlmanlara silahlı təcavüzü Borçalıda geniş xalq hərəkatının başlanmasına səbəb olur. Eyni zamanda biz bu dövrdə Azərbaycan və gürcü xalqlarının tarixi dostluğunun da bir daha şahidi oluruq. Tiflisdəki ictimai mühiti izlədikdə görürük ki, 1905-ci il hadisələrində gürcü elitası və sadə xalq, gürcü ictimaiyyəti çox pozitiv mövqe tutur. Gürcü ziyalıları fəaliyyətə başlayır, “Tsnobis purtseli” qəzetinin müraciəti dərc olunur, gürcü ictimaiyyəti daşnakların törətdiyi qətliamları qətiyyətlə pisləyir, onların cəzalandırılmasını tələb edir,  qırğınının dayandırılmasını tələb edir. Barış mövqeyi ortaya qoyan gürcü ziyalıları xüsusi komissiya yaradıb bir-bir kəndləri gəzirlər ki, qırğını dayandırsınlar.

Lakin 1905-ci il hadisələrində Tiflisdə qırğınların daha böyük miqyas almasının qarşısını alan əsas amil məhz Borçalıdakı xalq hərəkatı olur. Burada da dediyiniz kimi, Borçalı ağalarının nüfuzu böyük rol oynayır. Kəpənəkçi Emin ağa, Qızılhacılıdan Mursaqulovlar, Qaçağandan Topçiyevlər, Dağ Borçalıdan Cücəkənddən Qara Qurbanlılar, Qarayazıdan Sofiyevlər kimi görkəmli ağa nəsillərinin nümayəndələri, ağsaqqallar bir-biri ilə əlaqə qurub, Tiflisin türk-müsəlman əhalisini qırğından qurtarmaq üçün tədbir görürlər və bu şəhərə silahlı süvari dəstələr göndərməyi qərara alırlar. Tezliklə belə dəstələr formalaşdırıb Tiflisdə çoxsaylı erməni silahlı dəstələrini zərərsizləşdirirlər. Borçalı süvarilərinin Tiflisə daxil olması buranın türk-azərbaycanlı, ümumən müsəlman əhalisinin qırğınının daha böyük miqyas almasının qarşısını alır. Onu da deyim ki, 1905-ci il hadisələrində Tiflisin müsəlmanlar yaşayan Şeytanbazar məhəlləsində xeyli ev, o cümlədən Əlimərdan bəy Topçubaşovun Narınqala ətəyindəki evi də ermənilər tərəfindən yandırılır. Onlar hətta Yunan kilsəsini də yandırırlar. Nəyi demək istərdim – hələ də sübut edilməmiş ermənilərin qondarma 1915-ci il soyqırımı bütün dünyaya car çəkilir. Bunu deyənlər ilk növbədə dönüb 10 il əvvələ − 1905-ci ilə baxmalıdırlar. Bəs 1905-ci ildə türklərə, müsəlmanlara qarşı bütün Cənubi Qafqaz ərazisində ermənilər tərəfindən törədilmiş, minlərlə türk və müsəlmanların qətl edildiyi kütləvi soyqırımı niyə unudulur. Borçalıda, digər yerlərdə ermənilərin törətdiyi kütləvi qırğın faktları rəsmən qeydə alınıb. Erməni quldurları hətta öz qonşularına da rəhm etməyiblər, xəyanət, namərdlik eləyiblər. Bunlarla yanaşı, bu dövrdə Borçalı əsilzadələrinin, ağalarının ermənilərin törətdiyi soyqırımına qarşı qurtuluş hərəkatı tariximizin bir hissəsidir, bu bir daha göstərir ki, ağalar-bəylər xalq arasında nüfuz sahibi olub.

Asif Hacılı: Bəli Mehralı bəydən, Halay bəydən, Emin ağadan tutmuş bir çox bəylər xalqa öndərlik edib, haqq və ədaləti qoruyub və ilk növbədə erməni terroruna qarşı dayanıblar. Eyni zamanda, Borçalı bəyləri qədim tarixdə olduğu kimi, XX əsrdə də daim gürcülərə qardaşlıq borcunu ləyaqətlə ödəmiş, çiyin-çiyinə ümumi düşmənə qarşı sinə gərmişlər. 1905-ci ildən sonrakı dövrlərdə də gürcü – Azərbaycan dostluğu tarixin sınağından şərəflə çıxıb. Borçalı türklərinin gürcülərə və Gürcüstan dövlətinə bu vəfa və sədaqətinə biz 1918-ci ildə, artıq Gürcüstanın müstəqilliyi mərhələsində də şahidlik edirik. Bu vaxt  əzəli Azərbaycan torpaqlarında öz qondarma dövlətini yaratmış ermənilərin artıq dövlət səviyyəsində Gürcüstan Cümhuriyyətinə işğalçı məqsədlərlə hərbi hücumu, müharibəsi zamanı da borçalılar gürcülərlə birlikdə olmuş, ermənilərə qarşı döyüşmüşlər.

Fəxri Hacıyev: Bəli, çox maraqlı bir dövrə gəldiniz. 1917-ci ildə Borçalının komissarı Əbdürrəhim bəy Haqverdiyev idi. Bu il onun 150 illik yubileyini qeyd edirik və rəhmətlə anırıq. Əbdürrəhim bəy Borçalının yeganə türk komissarı olub. Həmin dövr çar Rusiyasının süqutu, müharibələr, üsyanlar, inqilablar, xaotik proseslər dövrü idi. Təsəvvür edin ki, ermənilər bu qarışıq dövrdə də bulanıq suda balıq tutmağa çalışırlar. Hər zaman imperiyada belə qarışıq dövrlərdə ermənilər hərəkətə keçir və öz məkrli niyyətlərinin həyata keçirilməsinə çalışırlar. 1917-ci il inqilabı dövründə də ermənilər fəaliyyəti genişləndirir və Borçalının Loru nahiyəsinin Gümrüyə birləşdirilməsinə yönəlmiş fəaliyyətə başlayırlar. Məqsəd yenə də ermənilərdən ibarət monoetnik ərazi vahidlərinin yaradılması və  erməni dövlətinin qurulmasına zəmin yaratmaqdan ibarət idi.

Asif Hacılı: Bu amillər ermənilərin yalnız müsəlmanlara, türklərə deyil, xristianlara qarşı da fəal təcavüzdə, ərazi iddialarında olduğunu göstərir. Həmin dövrdə Borçalı rəsmən Tiflis quberniyasına tabe idi, Loru nahiyəsi Borçalı qəzasında idi. Artıq bunlar dinə də baxmadan öz məqsədlərinə doğru qırğınlar törədərək irəliləyirlər.

Fəxri Hacıyev: Bəli, ermənilər bu dəfə cəmi yüz il əvvəl əhalisinin böyük əksəriyyəti türk olan Loruya iddialarını ortaya qoyur və onu reallaşdırmaq üçün, yəni Lorunun Tiflis quberniyasından alınıb Gümrü quberniyasına birləşdirilməsi istiqamətində fəaliyyətə başlayırlar Bu dövrdə Borçalı qəzasının komissarı olan Əbdürrəhim bəy Haqverdiyev bir-bir kəndləri gəzir, əhali ilə təmasda olur, Lorunun Gümrü ilə heç bir bağlılığının olmadığını və əhalinin etirazını Tiflisə çatdırır, beləliklə, Lorunun Gümrüyə, yəni ermənilərə verilməsinin qarşısını ala bilir. Lakin bir il sonra, Əbdürrəhim bəyin qarşısını aldığı məsələ yenidən qaldırılır, Ermənistan artıq hərbi təcavüz yoluna əl atır,  erməni silahlı qüvvələri 1918-ci ilin 12 dekabrında Sənain və Voronsovkada gürcü hərbi qarnizonlarına hücum edərək müharibəyə başlayır. Bu müharibədə Əbdürrəhim bəy Haqverdiyev parlamentin üzvü idi. O vaxt Gürcüstan parlamentində milli azlıqlara dörd güzəştli yer vermişdilər, bu yerləri Əbdürrəhim bəy Haqverdiyev, Əziz Şərif, Mirzə Hüseyn Həsənzadə və tez bir zamanda mandatından imtina edib Bakıya köçən Əliheydər Qarayev tuturdular. Əbdürrəhim bəy Haqverdiyev və Əziz Şərif parlamentdə fəal idilər və gürcü dövlətçiliyinə aid mühüm məsələlərdə öz mövqelərini ortaya qoyur, borçalıların təhsil problemlərinin həll olunmasına çalışırdılar. Əziz Şərif parlamentdəki ilk çıxışında bəyan edir ki, mənim təmsil etdiyim toplum Gürcüstanın şad günündə də, gələcəkdə mümkün ola biləcək kədərli günündə də sizinlə birlikdə çiyin-çiyinə dayanacaq. Gürcüstan-Ermənistan müharibəsi başlayanda Əbdürrəhim bəy Haqverdiyev parlamentdə geniş nitq söyləyərək Şah Qacar dövründə borçalıların gürcü dövlətçiliyinə sədaqətini misal çəkib, borçalıların hazırda da silahlı dəstələr yaradaraq gürcülərlə birlikdə Ermənistanın təcavüzkar ordusuna qarşı döyüşdüyünü bildirir. Bu nitq böyük əks səda doğurur.

Digər bir maraqlı olay. 1917-ci ildə xaotik hadisələrin qarşısını almaq üçün sosial-demokratlar Tiflis və Kutais quberniyalarında qırmızı qvardiya adlanan silahlı dəstələr formalaşdırmışdılar. Gürcüstan 1918-ci ildə müstəqillik əldə edəndən sonra bu dəstələrin statusu dəyişir və Gürcüstan Respublikasının nizami silahlı qüvvələri, xalq qvardiyası adlanır, yarandığı 12 dekabr 1917-ci il qvardiya günü elan olunur. Həmin günü, daha doğrusu, qvardiyanın yaranmasının ildönümünü qeyd eləmək üçün 1918-ci il 12 dekabrda azərbaycanlıların yaşadığı Qarayazı stansiyasına zirehli qatar gəlir,  təntənəli mitinq keçirilir, bu mərasimdə Qarayazı komissarı Abbasqulu Nuru oğlu nitq söyləyir, yerli xalq pul toplayıb orduya yardım edir, Gürcüstan ordusu şərəfinə ziyafət verilir.  Qəzetlər bunu geniş işıqlandırır. Müqayisə üçün bir daha deyək ki, 1918-ci ilin elə həmin 12 dekabrında ermənilər Gürcüstana hücum edir, ərazi iddiaları ilə müharibəyə başlayır. Borçalı türkləri bu müharibədə gürcülərlə çiyin-çiyinə ermənilərə qarşı döyüşürlər. 1918-ci il müharibəsində gürcü qəzetləri yazırdı ki, 300 türk atlısı  Borçalıdan, 400 türk atlısı Qarayazıdan, başqa yerlərdən gəldi və gürcü ordusu ilə çiyin-çiyinə ermənilərlə savaşa qoşuldu.

Gürcüstandakı azərbaycanlı toplumunun bu ölkəyə sevgisinin, sədaqətinin başqa bir nümunəsi –  həmin dövrdə 26 may 1919-cu ildə Gürcüstan Demokratik Cümhuriyyətinin yaranmasının ildönümündə gürcü qəzetləri yazırdı ki, Tiflisin  müsəlman məhəllələri bahalı xalçalarla bəzədilib, dükanlardan musiqi sədaları gəlir, məscidlərdə möminlər ibadətlər keçirilir.

Bir təsirli hadisəyə də toxunmaq istərdim, deməli, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci ildə Gürcüstan yenə də eyni ərazilərə ermənilərin yeni iddiaları ilə qarşılaşdı. 1917-ci ildə Loru nahiyəsinə olan bu iddiaların qarşısını Əbdürrəhim bəy Haqverdiyevin başçılığı ilə milli hərəkat almışdı. Lakin 1918-ci ildə müharibədən sonra Loru neytral bölgə elan edilmişdi. Bu bölgədə bizim Cücəkənd, İlməzli, Qaraisa kimi bir çox kəndlərimiz var idi və onların əhalisi müraciət edərək öz kəndlərinin Ermənistana verilmələrinə qəti etiraz edirdilər. Lakin 1921-ci ilin 12 fevralında artıq Sovet Ermənistanı yenidən Gürcüstana hərbi təcavüz edərək, Loru bölgəsinin neytrallığını ləğv edir və güc yolu ilə öz ərazilərinə birləşdirməyə nail olur. Həmin ilin fevral ayının sonlarında  bolşeviklər və bolşevik cildinə girmiş daşnak silahlıları Tiflisə hücum edir.  Bu məqamda da Borçalı türkləri Tiflisi gürcülərlə birlikdə erməni təcavüzündən qoruyur. Gürcüstan Demokratik Cümhuriyyətinin rəhbəri Jordaniya xalqa müraciətində deyirdi ki, Gürcüstan ikinci dəfə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşib, keçən dəfə daşnak qiyafəsində olanlar bu dəfə bolşevik qiyafəsində hücum ediblər. Tiflis ətrafında bir neçə gün çox ağır döyüşlər gedir və Borçalı azərbaycanlıları ağa nəsli olan Yadigarovların başçılığı ilə gürcülərlə birlikdə şəhəri erməni işğalından qoruyur. Borçalılara tapşırılmış istiqamətdə, Kürün sol sahilində Orxevi tərəfdə sovet qoşunları 10 kilometr geri atılır. Qeyd edək ki, müstəqil cümhuriyyətlərimiz, Azərbaycan və Gürcüstan Demokratik Cümhuriyyətləri arasında da çox yaxşı əlaqələr var idi. Bir çox gürcü zabiti Azərbaycan ordusunda yüksək vəzifələrdə xidmət edirdi, qarşılıqlı müdafiə haqqında müqavilə var idi.

Asif Hacılı: Bu qeyd etdiklərimiz, ermənilərin mürtəce terrorçu fəaliyyəti tarixən izlənən və bu günə qədər davam edən prosesdir və təəssüf ki, müəyyən qüvvələr tərəfindən dəstəklənib. Lakin görkəmli rus ziyalıları, o cümlədən Puşkin, Bestujev, Veliçko, Şavrov bu prosesləri, erməni fitnələrini tənqid ediblər. Puşkin Rusiya – Türkiyə müharibələrini də mənasız sayıb və tənqid edib, dostluq və əməkdaşlığın daha səmərəli olacağını bildirib. Lakin çar imperiyası tərəfindən XIX əsr boyu bir çox torpaqlarımız ermənilərə verilib, əksər ərazilərimizə ermənilər yerləşdirilib. Tarixi torpaqlarımızda əvvəl erməni vilayəti, 1918-də Ermənistan Cümhuriyyəti, sonra sovet respublikası və nəhayət 1992-də müstəqil respublika yaradılıb. Bütün bu dövrlərdə yerli Azərbaycan toplumu repressiyalara uğrayıb, qətliamlar törədilib. 1921-ci ildə bolşeviklər tərəfindən Borçalının iki hissəyə parçalanması və Dağ Borçalı adlanan cənub hissəsinin Ermənistana verilməsi də soydaşlarımızın tarixi taleyinə, güzəranına və təsərrüfatına ağır zərbə vurub. Qaraxaç (indiki Cavaxet) və Ağlağan (indiki Bazum) dağ silsilələri boyu yerləşən Loru-Pəmbək, Cəlaloğlu, Ağbaba (Amasya), Allahverdi, Kalinino, Abaran kimi yeraltı və yerüstü sərvətləri ilə zəngin mahallardan ibarət Dağ Borçalının tarixi ərazilərinin bolşeviklər tərəfindən ermənilərə verilməsi ilə, həm Gürcüstan Respublikasına, həm də bu ərazilərdə yaşayan soydaşlarımıza qarşı müdhiş cinayət törədilib. Əzəli Azərbaycan torpaqlarında yeni yaradılmış qondarma erməni dövlətinə əlavə olaraq Borçalının dağlıq hissəsinin verilməsi milli-mənəvi, tarixi-siyasi faciə oldu, ənənəvi həyat tərzinə, insani əlaqələrə, iqtisadiyyata, demoqrafiyaya, xalqın bütöv orqanizm kimi yaşam tərzinə sağalmaz zərbə vurdu. Dağ Borçalı Ermənistana verildikdən sonra qarapapaq türklərinin xeyli hissəsi Osmanlıya köçdü. Bolşeviklər bununla kifayətlənməyərək, türklərə qarşı növbəti cinayəti 1944-cü ildə törətdilər – Krım, qaraçay, balkar, Ahıska türkləri ilə bərabər 1944-cü ildə qarapapaqlar da Orta Asiyaya sürgün edildi. XX yüzilliyin sonlarında isə Dağ Borçalıda, Qərbi Azərbaycandakı digər mahallarımızda qalmış soydaşlarımız hamılıqla yurdlarından çıxarıldı.

Bu yaxınlarda Tovuz sınırlarında ölkəmizə qarşı silahlı təcavüz törədilən, qondarma Tavuş adı verilmiş ərazi də erməni əsarətində olan yurdumuz Dağ Borçalının bir hissəsidir. Lakin tarixi ədalət əvvəl-axır təsdiqlənməlidir və artıq təsdiqlənməkdədir. Bu günlərdə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə Qarabağ torpaqlarının Milli Ordumuz tərəfindən qəhrəmancasına azad edilməsi bir çox başqa tarixi ədalətsizliklərin də aradan qaldırılacağına inamımızı artırır. Çox şadam ki, bu günlərdə Gürcüstan Respublikasının rəhbərliyi, sadə insanlar bizim haqq işimizi dəstəkləyir və mənən yanımızdadırlar.

Fəxri Hacıyev: Bəli, bizim dostluğumuz tarixin sınaqlarından çıxıb və bu gün də ölkələrimiz uğurla əməkdaşlıq edir, xalqlarımız qardaşlıq əlaqələri saxlayır və inkişaf etdirir. Bizi tale ortaqlığı birləşdirir və bu qardaşlığın daim bərqərar olacağına əminəm.

Asif Hacılı: Fəxri müəllim, sovet dövrü xüsusi tipologiyaya malik olub və bu dövrdə ümumi ideologiyaya uyğun həyat yaşamışıq. Gürcüstanda Azərbaycan məktəbləri, texnikumlar, Universitetdə Azərbaycan dili və ədəbiyyatı şöbəsi, milli teatrımız fəaliyyət göstərib. Qeyd edim ki, Sizin rəhmətlik atanız, görkəmli alim, ziyalı, şair, tərcüməçi, folklor toplayıcısı, Gürcüstan türk folklorunun, gürcü-türk folklor əlaqələrin araşdırıcısı, mənim əziz və unudulmaz dostum, məsləkdaşım professor Valeh Hacılar da həmin şöbədə işləyib. Bu dövrdə mətbuat orqanları, kitab nəşri geniş yayılıb. Bütövlükdə keçən əsrin 90-cı illərinə qədər davam edən bu proses, sovet ictimai qanunauyğunluqları ilə cərəyan edib və məncə ayrıca bir müzakirə mövzusu ola bilər. Soydaşlarımız sovet dövrü gürcü dövlətçiliyində fəal iştirak ediblər, yüksək vəzifələr tutublar, təsərrüfatla, elmlə, sənətlə məşğul olublar. Bütövlükdə gürcü dövlətçiliyinə şərəflə xidmət ediblər. Gürcüstanın müstəqillik dövründə də soydaşlarımız gürcü xalqı ilə tarixi dostluğu uca tutmuşlar və suveren dövlət quruculuğunda fəal iştirak edirlər. Gürcüstan Respublikasının 1991-ci il İstiqlal Bəyannaməsini imzalamış istiqlalçı deputatlardan biri Sarvanlı millət vəkili, ictimai-siyasi xadim Akif Həsənovdur. Borçalıda yaşayan soydaşlarımız öz zəhməti, zəkası, bilik və bacarığı ilə Gürcüstanın müstəqilliyinə və inkişafına layiqli töhfələrini verirlər.

Bu qardaşlıq Gürcüstanın müstəqillik dövrünün çətin günlərində də qorunub.  Ermənilər öz tarixi-irsi xislətinə bu gün də sadiqdirlər. Son 150 ildə məskunlaşdıqları Samsxe-Cavaxeti regionunu bu gün erməni terrorçuluğu və separatçılığı mərkəzinə çeviriblər. Kvemo-Kartlidə ərazi iddiaları və təxribatdan əl çəkmirlər, erməni əhalinin sayını süni şəkildə artırmağa çalışırlar. Abxaziyada konflikt zamanı Baqramyan adına batalyon yaradıb 1990-95-ci illərdə öz dindaşları olan gürcülərə qarşı amansızcasına döyüşüb, mülki gürcü əhalisini qətl edib, işgəncələr verib, təhqir və qarət eləyib, yurdlarından didərgin salıblar. Son illərdə isə, artıq Abxaziyanın dörd rayonunda erməni muxtariyyəti yaradılması tələbi ilə fəaliyyətə başlayıblar. Borçalı türkləri isə gürcü qardaşları ilə birlikdə Gürcüstana xəyanət etmiş ermənilərlə Abxaziyada üz-üzə gəlmişlər. Gürcülər və borçalılar Samsxe-Cavaxetdə, Kvemo-Kartlidə, Tiflisdə xain erməni təxribatı, ərazi iddiaları, separatçılıq, mədəni sərvətlərin mənimsənilməsi, torpaqların zəbt olunması ilə üzləşməkdədirlər.

Fəxri Hacıyev: Ermənilər tarix boyu mürəkkəb vəziyyətlər yarandıqda bulanıq suda balıq tutmağa çalışıblar. İmperiya qüvvələrinin əlində maşa olublar, öz qonşularının, haqq və ədalətin əleyhinə çıxıblar. Lakin bugünkü hadisələr göstərir ki, bunun xeyri yoxdur, əvvəl-axır haqq yerini tutur. İndiki Gürcüstanda azərbaycanlılar sayca ikinci etnik qrupdur və öz əcdadlarının ənənəsinə, genetik yaddaşlarına uyğun olaraq gürcü xalqının yanındadırlar, ölkələrinə sadiqdirlər və bütün məqamlarda bu sədaqəti nümayiş etdirirlər. Biz dostuq və dost olmalıyıq. Tarixi Borçalı mahalının coğrafiyasına baxsaq, görərik ki, olduqca strateji bir yerdə, üç respublikanın qovşağında, transmilli marşrutların kəsişməsində yerləşib. Buradakı hər hansı bir hadisə, təbəddülat, gərginlik hər üç respublikaya təsir edə bilər. Xoşbəxtlik ondadır ki, bu ərazidə müdrik, dostluğa, duz-çörəyə sadiq, kişiliyə sadiq, mərd toplum yerləşib. Gürcüstandakı soydaşlarımız fundamental mənəvi meyarları qoruyurlar və bu gün də Gürcüstanın ən etibarlı toplumu kimi dövlətçiliyə sadiqdirlər. Gürcülər də tarixən, əcdadlarından bilirlər ki, borçalılar dostluğa sadiqdirlər. Bilirlər ki, 1990-cı illərin əvvəlindəki qarışıqlıq dövründən, tarixi sınaqdan Gürcüstandakı soydaşlarımız bir daha üzüağ çıxdı, üçüncü qüvvələrə uymadı, dövlətçiliyi qorudu.

Bizim taleyimiz həm də onda gətirdi ki, həmin dövrdə  iki ölkənin rəhbərliyinə böyük şəxsiyyətlər, ümummilli lider Heydər Əliyev və Eduard Şevardnadze gəldi. İki müstəqil ölkənin əməkdaşlıq strategiyasını düzgün müəyyənləşdirmiş bu iki dövlət xadiminin təməlini qoyduğu layihələrin bəhrəsini bu gün hər iki ölkənin əhalisi əyani görür. Bu gün də Azərbaycanı regionun aparıcı  dövlətinə çevirmiş cənab Prezident İlham Əliyev iki ölkə arasında dostluq əlaqələrinin inkişafına xüsusi önəm verir, əməkdaşlığın hərtərəfli inkişaf etməsinə şərait yaradır.  Onun müəllifi olduğu möhtəşəm layihələr hər iki ölkənin geniş inkişaf perspektivlərini müəyyənləşdirir. Bütün bunların səmərəsini xalqlarımız görür, əməkdaşlığımız dərinləşir. İki ölkə arasında ortaq iqtisadi, enerji, nəqliyyat  layihələri ilə yanaşı, humanitar – təhsil və mədəniyyət sahələrində də uğurlu layihələr həyata keçirilir. Əsasən Heydər Əliyev Fondu və ARDNŞ-in xətti ilə Gürcüstanda icra edilən humanitar layihələrin böyük bir qismi bu ölkədəki soydaşlarımızı əhatə edir.    

Artıq neqativ qüvvələrin təsiri azalıb. Siz dediniz, 1990-larda Abxaziyada  ermənilər Gürcüstana qarşı silahla döyüşəndə, bizim nə qədər soydaşımız könüllü olaraq Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşdü, qəhrəmanlıqlar göstərdi. Marneuli rayonunun Gorarxı kəndinin sakini Ənvər Hümbətov Gürcüstanın Vaxtanq Qorqasali  ali hərbi ordeninə layiq görüldü, orada şəhid oldu. 2008-ci ildə də millət vəkili Azər Süleymanov könüllülərdən ibarət dəstə topladı. Gürcüstanın ən çətin zamanlarında ölkənin sayca ikinci toplumu, yəni azərbaycanlılar gürcü xalqının arxasında dağ kimi dayanıb, daha kiçik toplumlar arasında separatçılıq baş qaldırdığı halda, Gürcüstan azərbaycanlıları gürcülərlə çiyin-çiyinə dövlətçiliyi qoruyub. Lakin Gürcüstanda sayca üçüncü toplum olan ermənilər Abxaziyada nələr törətmədi?! Gürcü alimləri, ermənoloqları bu faktları araşdırıblar, kitabları da çap olunub, istintaq materialları əsasında göstərirlər ki, dinc əhaliyə, qadınlara, uşaqlara, qocalara nə qədər insanlığa yaraşmayan, insanlığa ləkə olan hərəkətlər, ləyaqətsizliklər, cinayətlər ediblər. Bütün bunlar onu göstərir ki, erməni şovinistləri  üçün insani, dini heç bir dəyər yoxdur, müqəddəs heç nə yoxdur, onlar sadəcə böyük qüvvələrin əlində bir alətdirlər.

Yenə tarixə baxaq. Mənim  gürcü mənbələri əsasında 1918-ci ildə Cavaxetiyada ermənilərin törətdikləri qırğınlar barədə araşdırmam var. Bu araşdırmada 1918-ci ilin mart və iyun aylarında Axalkələk qəzasının Göyyə və Xosbiyyə kəndlərində ermənilərin amansız cinayətlər törətdiyi aşkara çıxarılır. Xosbiyyənin əhalisi müsəlman gürcülərdən ibarət olub, gürcü müxbir yazırdı ki, ermənilər həmin kəndin əhalisini bir yerə toplayıb hamısının başını kəsibdir. Bunlar soyqırım cinayətini Cavaxetiyada da törədiblər, dinə, millətə baxmayıblar, gürcüləri də vəhşicəsinə qətl ediblər. Abxaziyada da törədiblər.

Bu gün, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ən etibarlı vətəndaşlarıdır, gürcülərin sadiq həmvətənləridirlər. Onlar Gürcüstan toplumuna sürətlə inteqrasiya edir, gürcü dilini öyrənir, öz fikirlərini sərbəst ifadə edir, ölkənin ictimai, siyasi, mədəni həyatına fəal qoşulurlar.  Bütün siyasi partiyalarda təmsil olunurlar.  Ali məktəblərə güzəştli  “Bir üstəgəl dörd” qəbul proqramı uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev soydaşlarımıza diqqət və qayğısını əsirgəmir. Azərbaycan dövləti Neft Şirkəti vasitəsilə Gürcüstan universitetlərində təhsil alan minlərlə soydaşımızın təhsil haqqını ödəyir. Bütün bunların sayəsində soydaşlarımız Gürcüstanın tam hüquqlu vətəndaşları kimi ictimai həyatla iç-içədirlər.

Asif Hacılı: Fəxri müəllim, mən bu maraqlı söhbətə görə minnətdarlığımı bildirirəm. Siz Tiflisdə formalaşmış, orada təhsil almış gənc ziyalımızsınız. Şadam ki, Gürcüstanı və Azərbaycanı gözəl tanıyan belə bir alimimiz var. Sizin atanız da iki xalq arasında tarixi-mədəni əlaqələrin tədqiqinə böyük töhfələr verib. Bizim xalqların bu gün belə səmimi əməkdaşlığı, dostluğu, Borçalı gənclərinin gürcü dövlətçiliyinə və toplumuna inteqrasiyası böyük uğurumuzdur. Bu gün Azərbaycan dövləti də iki dövlət arasında əməkdaşlığın inkişafını, xalqlarımız arasında dostluğu daim diqqətdə saxlayır. Cənab Prezident İlham Əliyev Gürcüstana bütün məqamlarda, ən gərgin vaxtlarda da dost, qardaş ölkə kimi yanaşmış, dəstək olmuşdur. Əminəm ki, bu dostluğumuz sarsılmazdır, əməkdaşlığımızın böyük gələcəyi var.

 Bu günlərdə Ali Baş Komandanımızın rəhbərliyi ilə Milli Ordumuz 30 ilə yaxındır erməni işğalında olan tarixi yurdlarımızı qəhrəmancasına azad edir. Bütün dünya Azərbaycan Ordusunun müzəffər irəliləyişinə, yüksək texnologiyalardan və yeni döyüş taktikasından istifadəsinə, ilk növbədə isə, Rəhbər və Xalq birliyinə heyrandır. Borçalı gəncləri də Ordumuzun sıralarında şücaətlə döyüşür, şəhidlik zirvəsinə ucalır. Çox şadıq ki, gürcü dostlarımız, Gürcüstanın dövlət rəhbərliyi və ictimaiyyəti də bu günlərdə mənən bizimlədir, haqqın tərəfindədir. Bu dostluğumuz əbədi yaşasın, var olsun! Yaşasın Azərbaycan xalqı, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır. Qələbə bizimlədir!