Bu gün Ümumdünya Fiziki Fəallıq Günüdür

“TURKTIME” proqram sənədi müzakirə edilib
Prezident İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə müsahibəsi
Heydər Əliyev Mərkəzinin binası Fransada dərsliyin üz qabığını bəzəyir

2002-ci ildən başlayaraq hər il aprelin 6-da Ümumdünya Fiziki Fəallıq Günü qeyd edilir. Fiziki fəallıq əzələlər vasitəsilə yerinə yetirilən və enerji sərf olunan hər hansı bədən hərəkətidir. Fiziki hərəkətsizlik xroniki xəstəliklərin yaranmasının risk amilidir və dünyada 1,9 milyon nəfərin ölümünə səbəb olur.

Qlobal miqyasda yaşlıların orta hesabla hər üç nəfərindən biri fiziki cəhətdən yetərincə fəal deyil. Bundan əlavə, süd vəzinin və yoğun bağırsağın xərçəngi xəstəliklərinin təqribən 21, diabet hallarının 27 və ürəyin işemik xəstəliyinin təqribən 30 faizinin əsas səbəbi fiziki hərəkətsizlikdir.

Müxtəlif yaş qruplarına mənsub olanlar üçün fəallığın optimal səviyyəsi barədə tövsiyələr hazırlanıb, lakin azacıq da olsa fiziki fəallıq, ümumiyyətlə belə fəallığın olmamasından daha yaxşıdır. Passiv həyat tərzi keçirənlər fiziki fəallığın mövcud səviyyəsindən başlayaraq məşğələlərin müddəti, tezliyi və intensivliyini tədricən artırmalıdırlar.

Son vaxtlar bütün dünyada “Skandinav yerişi” deyilən hərəkət geniş yayılıb. Yerişin həmin növü XX əsrin 30-cu illərində Finlandiyada başlanıb. Yerli xizəkçilər yay fəslində yerdə qar olmayanda fiziki formalarını saxlamaq üçün əlavə imkanlar axtarmağa başlayıblar. Onlar xizək sürmək əvəzinə yalnız xizək ağaclarından istifadə etməklə qaçaraq məşq etməyə başlayıblar. Aparılmış tibbi araşdırmalar nəticəsində təsdiq edilib ki, xizək ağacları ilə yerimək idmançıların fiziki vəziyyətinə müsbət təsir göstərir. Beləliklə, Skandinav yerişi peşəkar səviyyədə tətbiq edilməyə başlanıb. Bu sahədə növbəti yenilik idmançının biləyinə bağlanan xüsusi kəmərləri olan xizək ağaclarıdır.

Yerişin bu növü Skandinaviya ölkələrindən İsveçrə, Avstriya və Almaniyaya keçərək bütün Avropada yayılıb, 1997-1998-cı illərdə isə bu yenilik okeanı adlayaraq Amerika, Avstraliya, Yeni Zelandiya və Yaponiyada populyarlaşıb. Hazırda dünyanın 65 ölkəsində milyonlarla insan Skandinav yerişinə üstünlük verir. Bu yeriş dünyada ən sürətlə yayılan əyləncə və idman növünə çevrilməkdədir. Həmin məşğələlər zamanı xüsusilə əl, ayaq, çiyin, kürək və sinə əzələləri fəallaşır. Bu, adi yerişlə müqayisədə xeyli çoxdur.