Bu gündən I-IV siniflərin ənənəvi formada yeni dərs ili başlayır

Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı işə başlayıb
Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

Bu gündən, sentyabrın 22-dən Azərbaycanda yeni tədris ili başlayır.

Ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Builki tədris ilini müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayır. Təhsil müəssisələrində ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

2021-2022-ci tədris ilində respublikanın məktəblərində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91min 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəblərdə 471 min 661 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 49 min 171, IX sinfində 36 min 199, X sinfində 27 min 016, XI sinfində 23 min 707, XII sinfində 176 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 min 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 467 müəllim çalışır.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.

Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində ölkədə bir sıra yeni məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb. Son illər təhsilin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yenilənib, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Xatırladaq ki, sentyabrın 14-dən bölgələrdə yeni məktəb binalarının açılışına start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 və 307 saylı tam orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Eyni zamanda, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər. Beləliklə, həmişə olduğu kimi, bu il də yeni tədris ili yeni məktəblərin açılması, əsaslı təmirdən sonra təhsil müəssisələrinin istifadəyə verilməsi ilə əlamətdardır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.

Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Beş yeni məktəb tikilib, 3 yeni məktəbin tikintisi hazırda davam etdirilir. Yeddi məktəbdə əsaslı təmir, əlavə korpusun tikintisi işləri artıq tamamlanıb, 1 məktəb sökülərək yenidən tikilib, 74 məktəbdə isə cari təmir işləri aparılıb.

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 milyon 30 min 264 nüsxə dərslik çap olunub. Məktəblərin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında Təsviri incəsənət dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb. Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb. Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Matematika” dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb. Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.

Müharibədə Qələbə qazanan Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərini davam etdirir. Xatırladaq ki, dövlətimizin başçısının “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat ayrılıb.

Azərbaycanda təhsilin inkişafı üçün mükəmməl hüquqi və maddi-texniki baza yaradılıb. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan tələblərə uyğun olaraq ölkəmizin təhsil sistemində uğurlu islahatlar həyata keçirilir. Məqsəd milli təhsilimizi ən yüksək dünya standartları səviyyəsinə çatdırmaqdır.

Ölkəmizdə təhsil sahəsində dövlət proqramları icra olunur. “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu gün uğurlu nəticələr göstərir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ikili diplom proqramlarının həyata keçirilməsinə geniş imkanlar yaradıb.

2018-ci ildə qəbul olunmuş “Peşə təhsili haqqında” Qanun müvafiq sahədə 3 səviyyəni – ilk peşə, texniki peşə və yüksək peşə təhsilini müəyyənləşdirib.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək. Layihə təqribən 15000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək. Ümumilikdə 776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Təhsil Nazirliyinin reallaşdırdığı layihələr fasiləsiz təhsilin uğurlarını təmin edir.

2021-2022-ci tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi üzrə 45 yeni sinif təşkil edilib. Siniflərin sayı paytaxt və bölgələr daxil olmaqla 80 məktəbdə 124-ə qədər artırılıb. Yeni siniflərin təşkili ilə layihə minimum 2200 şagirdi əhatə edəcək. Həmçinin yeni tədris ilindən bütün peşə təmayüllü siniflərdə “Sürücülük” və “STEAM” modulunun, 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq edilməsi nəzərdə tutulub.

Nazirlik COVID-19 pandemiyasına çevik reaksiya verib. Məktəblər məcburi olaraq bağlanan kimi 2020-ci il martın 11-dən “Dərs vaxtı” verilişi yayıma başlandı. Apreldə isə “Virtual məktəb” layihəsinə start verildi. Bu layihə ilə Azərbaycan müəllimi ilk dəfə elektron öyrənmə platforması ilə tanış olmağa və həmin platforma vasitəsilə tədris, qiymətləndirmə, kommunikasiya işi aparmağa başladı. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verilir. Sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq. Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq.

Təhsil Nazirliyinin 2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 16 şəhər və rayonu əhatə edəcək. Builki plan üzrə layihəyə 250 məktəbdən 190 min şagirdin cəlb olunacağı gözlənilir. Tədris prosesində ümumi olaraq 1500-dən çox müəllimin iştirakı nəzərdə tutulur. Layihə şagirdlərin proqramlaşdırma və alqoritmik biliklərinin artırılması ilə yanaşı, məqsədyönlü və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasında böyük əhəmiyyət daşıyır.

COVID-19 pandemiyası şəraitində ümumi təhsil müəssisələrində təhsil işçiləri üçün səyyar vaksinasiya məntəqələri yaradılıb. Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhərində 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirib. Ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib.

AZƏRTAC