Bu gündən TANAP-la Türkiyəyə ilk kommersiya qazının göndərilməsi başlayıb

Əli Əsədov: “2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür”
AVCİYA seçkiərəfəsi beynəlxalq təşkilatların rəy və tövsiyələri ilə bağlı kitab nəşr etdi
Prezident Naxçıvanda yaşayan şəhid ailələri və qazilərin evlə təmin olunması üçün 1 milyon manat ayrılmasına dair sərəncam imzalayıb

Bu gündən Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə ilk kommersiya qazının göndərilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev deyib.

Ə.İsayev “Cənub Qaz Dəhlizi” layihələrində görülmüş işlər barədə məlumat verib: “Layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilmiş və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Bu gündən Türkiyəyə ilk kommersiya qazının göndərilməsi başlanıb. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir”.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərləri daxildir.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.

İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub.