Cəbrayılın düşmən tapdağından azad olunmasından iki il ötür

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub
Süni intellekt tibb işçilərinə kömək edəcək
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

Bu gün 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-həmlə əməliyyatı zamanı Cəbrayılın düşmən tapdağından azad olunmasından iki il ötür. Rayon 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoyub, ekoloji terror törədib və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçiriblər.

Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi nəticəsində Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Azərbaycan Ordusunun şücaətinin nəticəsidir.

AZƏRTAC-ın müxbiri Cəbrayıl rayonunun işğaldan azad edilməsində iştirak edən hərbçilərin bəziləri ilə həmsöhbət olub.

Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etmiş Murad Musayev AZƏRTAC-a müsahibəsində bildirib ki, bu istiqamətdə döyüşlərdə yüksəklikləri götürmək üçün ona və döyüş yoldaşlarına tapşırıq verilib. “Biz də bütün tapşırılar yerinə yetirərək yüksəklikləri götürdük. Bundan sonra bizə Xocavəndin Hadrut qəsəbəsi istiqamətində yüksəklikləri tutmaq tapşırığı verildi. Bu yüksəklikləri azad edəndən sonra Hadrut istiqamətində döyüşməyə başladıq. Oradakı yüksəklikləri götürmək daha asan oldu. Sonra döyüşə-döyüşə Şuşa istiqamətinə doğru irəlilədik. Ən böyük tapşırığımız düşmənin Xocavənd istiqamətinə zərbə vurmaq oldu. Ermənistan silahlı qüvvələri ən böyük canlı qüvvələrini Cəbrayıl istiqamətində toplamışdı. Lakin onlar bizim hücumumuzun qarşısını almaqda çox aciz idilər.

Azərbaycanın güclü Ordusunun əsgər və zabitləri bütün tapşırıqları uğurla icra edərək sonadək döyüşdü. Sonda Cəbrayılı, Qubadlını, Hadrutu və digər işğal altında qalan ərazilərimizi azad etdik”, – M.Musayev deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Murad Musayev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Əslən Şəkidən olan, Vətən müharibəsi iştirakçısı Kərim Əliyev deyib ki, sentyabrın 27-də səhər saatlarından Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl və Lələtəpənin sol istiqamətindən döyüşlərə başlayıb: “Ermənilərin mövqe tutduğu Cəbrayılın ön xəttini, yəni düşmənin birinci eşelonunu yardıqdan sonra düşmənin “Qırmızı manqa” adlanan əsgər məntəqəsini ələ keçirdik. Bundan sonra Cəbrayıl rayonunun Şəybəy kəndi istiqamətində irəlilədik”.

Kərim Əliyev qeyd edib ki, Şəybəy kəndinə çatdıqda düşmənin artilleriya atəşinə məruz qalıblar. Lakin düşmənin atəşi cavabsız qalmayıb: “Şəybəy kəndində düşmənlə ağır döyüşlər başladı. Arxa bölmələrimiz irəliləmədiyinə görə mühasirədə qalmışdıq. Bundan sonra sağ istiqamətdə yüksəkliyə qalxmaq barədə əmr aldıq. Lələtəpədə dayananda qarşıdakı yüksəklikdə düşmənin minaatan qrupunun olduğunu gördük və oraya tərəf irəlilədik. Həmin yüksəkliyi və düşmənin minaatan dəstəsini ələ keçirdik. Düşmən Cəbrayılda çox sayda itkilər verdi. Həmçinin erməni hərbçilərin avtomobil və zirehli texnikaları bölmələrimiz tərəfindən məhv edildi.

Dayandığımız yüksəkliyi bölmələrimizə təhvil verdikdən sonra növbəti tapşırığımız Cəbrayılın Nüzgar kəndi istiqamətində oldu. Orada da düşmənin ondan çox eşelonu vardı. Eşelonlarda döyüş apara-apara düşmənin səngərlərinə doğru irəlilədik. Düşmən müqavimət göstərə bilməyib geriyə çəkilməyə məcbur olurdu. Bölmələrimizin şücaəti nəticəsində Cəbrayılın Nüzgar kəndi istiqamətində döyüşlərimiz uğurla yekunlaşdı. Cəbrayılın ön xətti yarıldıqdan sonra Zəngilan, Qubadlı, Laçın istiqamətlərindəki strateji yol açıldı və qoşunlarımızın irəliləməsi daha da asanlaşdı”.

Qeyd edək ki, Kərim Əliyev “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

AZƏRTAC