COP29 beynəlxalq münasibətlərin inkişafı prosesində – elmi konfrans

Bakıda Maliyyə və Texnologiyalar Sammiti işə başlayıb
Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasları keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “COP29 beynəlxalq münasibətlərin inkişafı prosesində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

DİA-dan AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov bu gün yeni çağırışların, xüsusilə iqlim dəyişikliklərinin qlobal xarakter aldığını bildirib.

“Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim töhfə verir. Ölkəmizdə ətraf mühitin qorunması, yaşıllıqların bərpası, artırılması, təbii ehtiyatlardan, o cümlədən su ehtiyatlarından və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülür”, – deyən rektor belə bir konfransın keçirilməsinin çox vacib olduğunu vurğulayıb. O, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Urxan Ələkbərov dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsinin siyasi və digər istiqamətlərlə yanaşı, Azərbaycanın iqtisadi və turizm cəhətdən də inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Sonra DİA-nın Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev COP29 tədbirindən söz açıb. O, həmçinin işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazilərində beynəlxalq ekologiya hüququnun pozulduğu barədə məlumat verib.

Elmi konfransın birinci hissəsində Bolqarıstanın VUSİ (Plovdiv) Universitetinin Qara dəniz və Xəzər regionu problemlərinin araşdırılması laboratoriyasının müdiri Teodor Deçev, İsrailin “Aziznews.com” informasiya-analitik portalının redaktoru, politoloq Yuri Boçarov, Qırğızıstanın Azərbaycandakı sabiq səfiri, professor Kayrat Osmonaliyev, Suxumi Dövlət Universitetinin (Gürcüstan) dosenti Quram Marxulia, READ DİBMİ informasiya təhlükəsizliyi problemləri qrupunun aparıcı elmi işçisi Viktor Mizin, “Şərq-Qərb” Beynəlxalq geosiyasi proqnozlaşdırma mərkəzinin (Qırğızıstan) prezidenti professor Karlıqaş Jandildina Nuqmanova, həmçinin DİA-nın professor və müəllimləri çıxış ediblər.

Konfransın ikinci hissəsində DİA-nın Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının doktorantları və magistrantları çıxış ediblər.

Daha sonra konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Tədbir DİA-nın Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC