COP29: “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” elan olunub 

Lazurit dəhlizi ilə hərəkət edən pilot avtomobil karvanı Aşqabada çatıb
Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib
ATƏT və Aİ nümayəndələri prezident seçkilərinə hazırlıqlarla maraqlanıb

Noyabrın 20-də COP29 çərçivəsində keçirilən Turizm Günündə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, görüşdə “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorunun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də iştirakı üçün elan olunub.

Tədbirin bağlanışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində tarixdə ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyində yer almasına diqqət çəkib. O, turizm sektorunun iqlim dəyişikliyindəki rolunun vurğulandığı COP29-un növbəti COP tədbirləri üçün davamlı irs yaratmasına və bəyannaməyə tərəf çıxan ölkələrin sayının artacağına inamını ifadə edib.

BMT Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili çıxışında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə səylərin vacibliyini, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”nin sektor üçün dönüş nöqtəsi kimi Qlazqo Bəyannaməsinə dəstək olduğunu qeyd edib. “Birlikdə turizmin təkcə iqtisadi artım üçün deyil, həm də ətraf mühitin qorunması və qlobal həmrəylik üçün qüvvə olmasını təmin etməliyik”, – deyə o bildirib.

“Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir.

Bəyannamə turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin təxirəsalınmaz zəruriliyini vurğulayaraq, tərəfləri emissiyaları azaltmağa və dayanıqlı turizm təcrübələrini tətbiq etməyə təşviq edir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə keçirilən tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksəksəviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Təşəbbüsün əsas məqsədləri turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə turizmin milli iqlim strategiyaları və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsində rolunun artırılması ilə siyasi yanaşmanın təkmilləşdirilməsini, milli turizm qurumları və təşkilatlarının iqlim fəaliyyətinə daha aktiv formada cəlb olunması ilə iqlim fəaliyyətinin təşviqini, turizmin ətraf mühitə təsirinin dəqiq ölçmə metodlarının tətbiqi ilə həyata keçirilməsi və bununla da elmi əsaslı ölçmələrin aparılmasını, turizmdə səmərəli iqlim təşəbbüsləri üçün qlobal əlaqələndirmə mexanizmlərinin təmin edilməsi ilə tərəfdaşlıqların genişləndirilməsini təmin etməkdir.

Tədbirin yekunu kimi hazırda 50-dən çox ölkənin və 8 qeyri-dövlət aktorunun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də qoşulması üçün elan olunacaq.

Bakıda qəbul edilən “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” “Turizmdə İqlim Fəaliyyəti üzrə Qlazqo Bəyannaməsi”ndən əldə olunan uğurlara söykənərək turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir.

Bundan əlavə, “Turizm Günü” çərçivəsində “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması – öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti: İnnovativ həllər və irəliyə doğru” mövzularında üç yüksəksəviyyəli dəyirmi masa təşkil ediləcək və müxtəlif tematik təqdimatlar keçiriləcək.

AZƏRTAC