COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş
Mədəniyyət Nazirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb
Yeni Azərbaycan Partiyasının VI qurultayı aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürüb

Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha verilən göstərişə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.

AZƏRTAC xəbər verir ki, COVID-19 sahəsində çalışan 6 italiyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib. İtaliyalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Umberto Boeri jurnalistlərə müsahibəsində Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişaf etdiyini bildirib: “Bu gün Mülki Müdafiə İdarəsinin tibbi heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi bir reyslə Bakıya gəldi. Komanda Piemonte, Toskana, Valle d’Aosta regionlarından və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma “Lazzaro Spallanzani” Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

Bizdə belə Atalar sözü var: “Əsl sadiq dost ağır gündə bilinir”. İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi dəstəyi unutmur. Beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu əməli fəaliyyətlərlə bir daha təsdiqləyir”.

İtaliyadan gələn həkim briqadasının əlaqələndiricisi, kardioloq Nikolo Tomazoni vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə İtaliyanın təcrübəsini dost Azərbaycan ilə bölüşəcək. Vurğulayıb ki, italiyalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, altı mütəxəssis təxminən iki həftə ərzində Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19-a qarşı mübarizədə və onun qarşısının alınmasında məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirəcək, həmçinin yerli orqanlarla əməkdaşlıq edəcəklər. Səfər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah, Azərbaycanın Səhiyyə Nazirliyi və digər qurumlarla görüşlər keçiriləcək.

“Səfər müddətində xəstəliyin müalicə və profilaktikası istiqamətində bizim mövcud protokollarımız üzərində müzakirələr aparılacaq. Pandemiyanın gələcək proqnozu barədə onların düşüncələri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən proqnozlar bizim üçün maraqlıdır. Payızda xəstəliyin digər respirator xəstəliklərlə yanaşı getməsi ehtimalı var. Bununla bağlı bizim müəyyən hazırlığımız, protokollarımız var”, – deyə İdarə Heyətinin sədri vurğulayıb.

Yerlərdə pandemiya ilə bağlı xüsusi rejimli xəstəxanaların da ayrıldığını söyləyən Ramin Bayramlı deyib: “Qonaqlarımız həmin xəstəxanalarda da olacaq və bizim mütəxəssislərimizin yerlərdə həyata keçirdiyi tədbirlər, xəstəxanalarımızın təchizatı, həkimlərimizin hazırlıq səviyyəsi ilə tanış olacaqlar. Eyni zamanda, təcrübə mübadiləsi aparılacaq. Düşünürük ki, italiyalı həmkarlarımızla birgə xüsusi rejimli xəstəxanalarımızda mütəxəssislərimiz üçün vebinarlar təşkil edək. Gündəlik fəaliyyətlə bağlı bizim mərkəzi tibbi qərargahda da müzakirələr aparılacaq. Əminik ki, italiyalı mütəxəssislərin bu dəstəyi və bizimlə birgə çalışması COVID-19-la mübarizəyə mühüm töhfələr verəcək”.