Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sent-Etiyen merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə etiraz edir

İraqdan Azərbaycana qaytarılan 100-dək uşaq dövlət qeydiyyatına alınıb
Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib
DİN: İctimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransanın Sent-Etiyen şəhərinin merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.

Bəyanatı AZƏRTAC-a şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov deyib:

Ermənistan kütləvi informasiya vasitələrində verilən məlumata görə, Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Sent-Etiyen şəhəri arasında dostluq haqqında bəyanat imzalanıb. Bu məqsədlə Fransanın Sent-Etiyen şəhərinin meri Qael Perdriau qərəzli və anti-Azərbaycan mövqeyi ilə tanınan və erməni lobbisinin təsiri altında olan Fransua Roşebluanın müşayiəti ilə qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etiyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanatın imzalanmasını kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik.

Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında mərkəzi qaydada imzalanmış təmimi təlimata baxmayaraq, Fransanın bəzi şəhərlərinin rəhbərləri Fransadakı erməni lobbisinin təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edir və hərbi işğal altında olan şəhərlərlə müxtəlif qeyri-qanuni sənədlər imzalayırlar. Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır.

Bu kimi qeyri-qanuni əməllərə əl atan Fransanın bəzi şəhərlərinin rəhbərləri, o cümlədən Sent-Etiyen şəhərinin meri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və ona bəraət qazandırır.

Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və eləcə də rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır.

İnsan hüquqları universal və bərabərhüquqlu xarakter daşıyır. Hal-hazırda sayı 80 min nəfərdən artıq olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, o cümlədən sayı 33 mindən artıq olan Şuşa sakininin Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində fundamental hüquqlarının kobud şəkildə pozulması şəraitində Dağlıq Qarabağın yalnız erməni icmasının hüquqlarından danışmaq ədalətsizlik və insan hüquqlarına hörmətsizlikdir.

Ermənistan tərəfinin atəşkəs rejiminin arxasında gizlənərək bu kimi riyakar və cılız addımlarla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməsi siyasəti heç zaman gözlənilən nəticəni verə bilməz. Münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, Azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır.

Biz, Dağlıq Qarabağın erməni və Azərbaycan icmalarının Azərbaycanın sərhədləri və ərazi bütövlüyü çərçivəsində yenidən birlikdə sülh şəraitində yaşamasına inanırıq. Yalnız bu halda regionda dayanıqlı və ədalətli sülh təmin oluna bilər.

Fransa hökumətini isə, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin qarşısının alınması üçün təsirli addımlar atmağa, digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməyə çağırırıq.