Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və Azərbaycan torpaqlarının işğalın nəticələri

Cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirilib
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Rusiyaya “səfəri” ilə bağlı bəyanat yayıb
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiyaya məruz qalmışlar. Ermənilər öz planlarını mərhələ-mərhələ həyata keçirmişlər. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş Irəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində kiçik bir Ermənistan Respublikasını (9,7 min kv.km) yaratmış, tədricən onun ərazisini böyüdərək 29,8 min kv.km-ə çatdırmışlar.
İran və Rusiya arasında Gülüstan (1813), Türkmənçay (1828), Rusiya və Türkiyə arasında Andrianopol müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Torpaqları zəbt olunmuş azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salındılar. 1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirildi, onların yaşadıqları kəndlər talan edildi, dinc əhali qaçqın və didərgin vəziyyətinə salındı.
1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəldi. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atıldı. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur oldular. Ermənipərəst qüvvələrin yürütdükləri məkrli siyasət nəticəsində Azərbaycan torpaqlarında paytaxtı İrəvan şəhəri olan erməni dövləti yaradıldı. 1923-cü ildə isə Moskvanın köməyi ilə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bundan sonra azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlandı.
Keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalıqına köçürülməsi haqqında” qərarı əsasında 150 minə yaxın azərbaycanlı öz əzəli torpaqlarını tərk etməli oldular.
Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla 1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir.
1985-ci ildə Mixail Qorbaçov Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilər “Böyük Ermənistan” yaratmaq iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrildi.
Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 % – 1988-1992- ci illərdə ərazisi 4400 kv.km. olan Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut), eləcə də ona bitişik olan 7 rayonun (Laçın rayonu: işğal tarixi – 18 may 1992-ci il, ərazisi – 1875 kv.km.,
-Kəlbəcər rayonu: işğal tarixi – 2 aprel 1993-cü il, ərəzisi – 1936 kv.km.,
-Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il, ərazisi – 1154 kv.km.,
-Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1050 kv.km.,
-Fizuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1112 kv.km.,
-Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il, ərazisi – 826 kv.km.,
-Zəngilan rayonu: işğal tarixi – 30 oktyabr 1993-cü il, ərazisi – 707 kv.km.) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi. Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən Sovet qoşunlarının köməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, 150 nəfər itkin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc sakin müxtəlif dərəcədə şikəst oldu, 1275 nəfər qoca, qadın və uşaqlar isə əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qaldı.
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində Azərbaycana pənah gətirmiş 250 min azərbaycanlıdan əlavə 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək ahıska (məshəti) türkü də Azərbaycanda sığınacaq tapmışdır.
Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvanın işğal olunmuş iki kəndindən biri (Kərki kəndi), Ağdam rayonunun işğal olunmuş 81 kəndindən 80-i, Füzuli rayonunun işğal olunmuş 76 kəndindən 54-ü, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 6-sı hələ də işğal altındadır.
BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822 (30 aprel), 853 (29 iyul), 874 (14 oktyabr), 884 (12 noyabr) saylı qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qərarların heç birinə əməl etmir və bu gün də işğalçılıq siyasətini davam etdirir. Bü gün Azərbaycanın yüksək templə inkişaf etməsi və güclü orduya malik olmasına baxmayaraq, Biz münaqişənin dinc yolla həll olunasının tərəfdarıyıq, lakin lazım gəlsə BİZ öz torpaqlarımızı azad etmək iqtidarındayıq!

Dəyanət Musayev, «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyinin icraçı direktoru