Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı – Təhlil

Azərbaycan “FITUR-2019” Beynəlxalq turizm sərgisində uğurla təmsil olunur
Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun bağlanış mərasimi olub
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoyub

Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində regionun energetika infrastrukturu dağıdılıb

İşğalçı Ermənistanın çoxsaylı uydurmalarından biri də ondan ibarətdir ki, Sovet dövründə Azərbaycan ayrıseçkilik siyasəti apararaq Dağlıq Qarabağın inkişafına diqqət yetirməyib. Əslində isə Azərbaycan Dağlıq Qarabağın inkişafına xüsusi diqqət yetirib, burada fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tutub. Dağlıq Qarabağ sənaye sahələrinin tərkibi və inkişaf səviyyəsinə, kənd təsərrüfatı məhsullarının istehsalına görə keçmiş Azərbaycan SSR-in ən qabaqcıl iqtisadi rayonlarından biri olub, regionda o zamanın tələblərinə uyğun olan geniş enerji infrastrukturu yaradılıb.

Lakin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu infrastruktur da əsasən dağıdılıb və ya talan olunub.

AZƏRTAC Energetika Nazirliyinin mövzu ilə bağlı şərhini təqdim edir.

Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 meqavat/amper olan 20 yarımstansiya mövcud olub. Həmin ərazilərdə uzunluğu 81 kilometr olan 330 kilovoltluq (kV), 690 kilometrlik 110 kV-luq və 615 kilometr olan 35 kV-luq 3 yüksəkgərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 kilometr olan 10 kV-luq və 8865 kilometrlik 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245,7 meqavat/amper olan 2435 ədəd transformator olub.

Eyni zamanda, 2000 kilometrlik təbii qaz xətləri və 34 qazpaylayıcı qurğu istismar edilib.

İşğal altında olan torpaqlarımız tam azad edildikdən sonra dağıdılmış və talan edilmiş infrastruktur daha dəqiq qiymətləndiriləcək.

Dağlıq Qarabağ və ətraf regionlarda müxtəlif enerji mənbələrindən istifadə üçün çox böyük potensial var.

Hidroenerji potensialı

Qarabağ ərazisi bərpaolunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizii, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə edilir, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaq.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 3 iri su elektrik stansiyası (SES) mövcud olub ki, bu stansiyalardan biri “Tərtər” SES 1976-cı ildə Tərtər rayonu ərazisində, Tərtərçayın üzərində “Sərsəng” su anbarı ilə birgə inşa edilib. Stansiya hər birinin gücü 25 meqavat olan 2 hidroaqreqatdan ibarətdir. Bəndinin hündürlüyünə görə (125 metr) “Sərsəng” ölkədə ən hündür bəndli su anbarlarından biridir. “Sərsəng” su anbarı 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990-cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 milyon kilovat/saat olub. Stansiya 1993-cü ildən işğal altındadır.

Kompleksə lazımi texniki xidmətin göstərilmədiyini, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, onun texniki vəziyyətinin qiymətləndirilməsinə daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac olacaq.

Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarıdır. Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 kilometr şimal-qərbdə yerləşən “Xudafərin” su elektrik stansiyası layihəsinin ərazisi 1992-ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılmışdı. Lakin stansiyanın İran tərəfdən tikintisi davam etdirilib. Qeyd etmək lazımdır ki, stansiyanın Azərbaycan tərəfində hər birinin gücü 50 meqavata bərabər olan 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır.

Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş “Qız qalası” su elektrik stansiyasının isə hər biri 20 meqavat olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfindən tikintisi davam etdirilir.

“Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi iki ölkə arasında 2016-cı ildə imzalanmış sazişlə tənzimlənir.

2020-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun işğaldan azad edilməsi, İran İslam Respublikası ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi “Xudafərin” və “Qız qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılması baxımından da çox önəmli bir hadisədir. Bu layihələr həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq.

Günəş enerjisi potensialı

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra, ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Külək enerjisi imkanları

Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 metr/aniyə olduğu geniş ərazilər mövcuddur. “Globalwindatlas.info” platformasının məlumatına əsasən, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti 10 metr/saniyəyə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Geotermal enerji potensialı

Bütün bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisində 3093 kubmetr/gün, Şuşada isə 412 kubmetr/gün termal su ehtiyatları mövcuddur. Termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyü müvafiq ərazilər düşmən işğalından tam azad olunduqdan sonra tədqiq ediləcək.

Daş kömür ehtiyatı

Qarabağ bölgəsində daş kömür yataqları da mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8,5 milyon ton daş kömür ehtiyatı var.

AZƏRTAC