Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-ın Nümayəndələr Palatasına etiraz məktubu göndərib

Çin Beynəlxalq İdxal Sərgisində 57,8 milyard dollarlıq razılaşmalar əldə olunub
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 557 namizəd qeydə alınıb
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasına məktub göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Mən Amerika Birləşmiş Ştatları Konqresinin erməni lobbisinə yaxın olan nümayəndələri Frank Pallone, Jake Spayer, Qus Bilirakis və Adam Şiffin Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz “təbrik məktubu” göndərmələrini qınayıram və buna etiraz edirəm.

Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun qeyri-qanuni işğalını davam etdirərkən bölgənin Azərbaycan icması 28 ildən çoxdur ki, etnik təmizlənmə yolu ilə zorla evlərindən qovulmuş və fundamental insan haqlarından məhrum edilib.

Bu kontekstdə, 31 mart və 14 aprel tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki “seçki şousu”nu qanuniləşdirməyə cəhd etmək məsuliyyətsizlikdir. Çünki beynəlxalq ictimaiyyət, o cümlədən Amerika Birləşmiş Ştatları yekdilliklə qanun və ədalətin tərəfini tutaraq “seçki şousu”nu qəti şəkildə rədd edib, Azərbaycan ilə həmrəy olduğunu ifadə edib. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin etnik təmizlənməsinin və qanunsuz işğalının nəticələrini qəbul etməyəcəyi barədə çox güclü bir mesajdır.

İnsanların hüquqlarına, ümumbəşəri dəyərlərə və qanunun aliliyinə sadiq olduqlarını sübut etmək üçün həmin nümayəndələr yaxşı olardı ki, Ermənistanı vəziyyəti daha da ağırlaşdıran qanunsuz əməllərdən çəkinməyə, işğal olunmuş ərazilərdən çəkilməyə və konstruktiv şəkildə sülh danışıqlarını davam etdirməyə çağırış etsinlər.

Lakin bunun əksinə, yuxarıda adı çəkilən nümayəndələr ABŞ-ın əsas insan haqlarına hörmət və ümumbəşəri dəyərlər üzərində qurulan dövlətçiliyinin təməl prinsiplərinə zidd olaraq, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizlənmə siyasətini dəstəklədiklərini göstərdilər. Təəssüf ki, bu şəxslərin hərəkətləri Ermənistan cəmiyyətində tarixən bir etnik qrupun digərindən üstünlüyü haqqında bədnam rəvayətlər irəli sürənlər tərəfindən dəstəklənməkdədir. Bu isə nə Ermənistan, nə də ümumilikdə, regionun gələcəyi üçün müsbət heç nə vəd etmir.

Hətta həmin nümayəndələri bu “seçki şousu”nun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki sakinlərin COVID-19 infeksiyasına yoluxma riskinin yüksək olduğu bir vaxtda keçirilməsi belə narahat etmirmiş. Bu amillər isə həmin nümayəndələrin işğal altındakı ərazilərdəki sakinlərə ümumiyyətlə əhəmiyyət vermədiklərini, ancaq xüsusi bir siyasi qrupun maraqlarına xidmət etdiklərini göstərir.

Təəssüf ki, faktlar və arqumentlər sübut edir ki, belə bir məktubun göndərilməsinin əsl mahiyyəti ABŞ-da yaşayan erməni diasporunun bəzi üzvlərinin təşviqi ilə bütün mənəvi və siyasi prinsiplərə, ləyaqətə zidd olaraq, sırf şəxsi qazanc məqsədilə həyata keçirilib.

Qısacası, Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirən, azərbaycanlılara qarşı həyata keçirilmiş ayrıseçkilik və etnik təmizləməyə təşviq edən məsuliyyətsiz “məktub” həm mənəvi, həm qanuni və həm də siyasi baxımdan tamamilə yanlışdır. Konqres üzvlərinin edə biləcəyi ən yaxşı şey bütün məcburi köçkünlərin əsas insan hüquqlarının təmin olunması üçün və həm erməni, həm də azərbaycanlı icmaları arasında dinc yanaşı yaşamağa xidmət edəcək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək addımlar atmaqdır. Bu, ABŞ-ın siyasi rəhbərliyi tərəfdən həm müsbət bir nümunə, həm də davam edən ayrıseçkilik üzərində insan haqlarının qələbəsi olardı.

Sonda vurğulayıram ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması münaqişənin dinc yolla həllinin, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dinc yanaşı yaşaması və inkişafı yolunda səylərini əsirgəmir, bu məqsəd üçün yorulmadan çalışır. Beynəlxalq ictimaiyyətə, o cümlədən ABŞ-da bizim haqlı mübarizəmizi dəstəkləyənlərə minnətdarlığımızı bildirir, ədalətin əleyhinə olanları isə bu yanlış yoldan çəkinməyə çağırırıq”.

 AZƏRTAC