
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, oktyabrın 28-31-də daha 16 itkin-şəhid torpağa tapşırılacaq.
Oktyabrın 28-də Abdulla Novruz oğlu Quliyev Abşeron rayonunun Saray qəsəbəsi qəbiristanlığında, Lətif Qəribalı oğlu Şahhüseynov Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında, Mübariz Ağahüseyn oğlu Şahmurov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaqlar.
Oktyabrın 29-da Rəfael Sultan oğlu Abbasov, İlham İmdad oğlu Mehdiyev, Əliyar Fərrux oğlu Əliyev və Azər Zirəddin oğlu Bayramov Bakı şəhərinin Suraxanı rayonunda yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılacaqlar.
Oktyabrın 30-da Elçin Balaxan oğlu Quliyev paytaxtın Suraxanı rayonunda yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında, Fikrət Abbas oğlu Əzizov paytaxtın Qaradağ rayonundakı “Sofi Həmid Piri” qəbiristanlığında, Cəmil Nizami oğlu Rəhimov Şirvan şəhərindəki Şəhidlər xiyabanında, Aydın Nəriman oğlu Nuriyev isə Göyçay rayonunda Mırtı kənd qəbiristanlığında dəfn olunacaqlar.
Oktyabrın 31-də Çingiz Usub oğlu Hüseynov və Səfər Qarsalan oğlu Qəmbərov Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanında, Mikayıl Atababa oğlu Əliyev paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki yeni məzarlıqda, Teymur Qüdrət oğlu Allahverdiyev Neftçala rayonunun Qaçaqkənd kənd qəbiristanlığında, Elçin Ağamməd oğlu Heydərov İmişli rayonunun Ağaməmmədli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.
Qeyd edək ki, onların hamısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbçilərdir.
AZƏRTAC