“Deportasiyaya uğrayan irsin izi ilə” mövzusunda elmi-praktik konfrans keçirilib

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası format və proqramının rəngarəngliyi ilə fərqlənəcək
ATƏT cəbhə xəttində monitorinq keçirib
BMT-nin Baş katibi Azərbaycana təşəkkür etdi

Martın 11-də “Deportasiyaya uğrayan irsin izi ilə” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir çərçivəsində “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” (III cild) kitabının təqdimatı da baş tutub.

AZƏRTAC xəbər verir ki, konfransı açan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Qərbi Azərbaycana qayıdış məsələsinin milli ideologiyamızın əsas istiqamətlərindən biri olduğunu söyləyib. Zahid Oruc xatırladıb ki, Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında ziyalılarla görüşdə səsləndirdiyi çıxışı bu sahədə elmi tədqiqatlara və konseptual yanaşmalara mühüm istiqamət verib. Bu çağırışa cavab olaraq Sosial Tədqiqatlar Mərkəzi Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan araşdırılmasına dair genişmiqyaslı tədqiqatlara start verib. Bunun nəticəsində ardıcıl olaraq üçcildlik fundamental araşdırma əsərləri hazırlanıb:

• “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” (I cild, 2022-ci il) – 244 abidə tədqiq edilib.

• “Qərbi Azərbaycana Qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” (II cild, 2023-cü il) – 144 maddi-mədəni irs nümunəsi araşdırılıb.

• “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” (III cild, 2024-cü il) – Qərbi Azərbaycana aid 144 yeni abidə elmi təhlilə cəlb olunub.

Bildirilib ki, III cilddə İrəvan, Göyçə, Zəngəzur və digər tarixi Azərbaycan torpaqlarına aid 144 abidə elmi əsaslarla araşdırılıb. Kitabda abidələr 20 kateqoriya üzrə təqdim edilib. Bunlara 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sanduqə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafik-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri, 4 bazilika daxildir. Bu abidələrdən 32-si tamamilə dağıdılıb, 42-si xaraba vəziyyətdədir, 70-i isə mənimsənilib.

Kitabda hər bir abidənin tarixi, yerləşdiyi ərazi, əvvəlki və indiki toponimi, təsnifatı, növü, təyinatı, əhəmiyyəti və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Tədqiqat əsərində Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrinin dövlət və şəxsi arxivlərindən əldə edilən mənbələrə əsaslanan araşdırmalar yer alıb. Mərkəzin əməkdaşı Əfqan Vəliyevin müəllifliyi ilə hazırlanan bu üçcildlik araşdırmada ümumilikdə 532 maddi-mədəni irs nümunəsi elmi tədqiqata cəlb edilib.

Konfrans iştirakçılarının vurğuladığı kimi, Qərbi Azərbaycanın maddi-mədəni irsinin sistemli tədqiqi və təbliği tarixşünaslıq sahəsində olan boşluqları doldurmaqla yanaşı, milli yaddaşın qorunmasına və gələcək nəsillərin məlumatlandırılmasına mühüm töhfə verəcək. Bu cilddə toplanan materiallar yalnız dağıdılmış və məhv edilən abidələrin statistikası ilə məhdudlaşmır, eyni zamanda, onların tarixi yaddaşını, əfsanələrini, inanc sistemini və mədəni mirasını bərpa etməyə xidmət edir.

Tədbirdə çıxış edən mütəxəssislər vurğulayıblar ki, Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsi üçün onun ideoloji və elmi əsaslarının formalaşdırılması böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan tədqiqatlar həm elmi, həm siyasi, həm də strateji baxımdan ümummilli məsələ kimi diqqət mərkəzində olmalıdır. Beləliklə, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı III cild tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından akademik və praktiki əhəmiyyətə malikdir.

AZƏRTAC