Dilarə Seyidzadə: Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi mühüm tarixi hadisədir

Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün müsabiqə elan edilib
Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq
Lazurit dəhlizi ilə hərəkət edən pilot avtomobil karvanı Aşqabada çatıb

Gəncədə keçirilən “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə jurnalistlərə müsahibə verib.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini tarixi qərar adlandıran Dilarə Seyidzadə bu əlamətdar yubileylə bağlı ilk tədbirin Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Tiflisdə Zaqafqaziya Seymi dağıldıqdan sonra burada təmsil olunan millətlərin nümayəndələri ölkələrinə qayıdaraq müstəqil dövlətlər yaratmağın vaxtı çatdığını anlayırlar. Həmin dövrdə Azərbaycanı təmsil edən nümayəndə heyəti Gəncəyə gəlməyə məcbur olur. Çünki Bakı bolşevik-daşnak qüvvələrinin əlində idi. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Fətəli xan Xoyski məhz mövcud siyasi vəziyyəti nəzərə alaraq, öz məsləkdaşlarına onun Gəncədəki ata mülkündə fəaliyyət göstərməyi təklif edir.

İyirminci əsrin əvvəllərində Azərbaycanda böyük milli oyanış baş verdiyini diqqətə çatdıran Prezidentin köməkçisi o dövrdə yaranmış ictimai-siyasi vəziyyətdən danışıb. “Həmin illərdə çar Rusiyasının digər milli ucqarları kimi, Azərbaycanda da siyasi partiyalar və qurumlar yaratmaq üçün şərait yetişmişdi. Çarın manifestləri, fərmanları imkan verirdi ki, ucqarlarda yaşayan xalqlar öz tələblərini irəli sürsünlər. 1905-ci il martın 5-də böyük sahibkar və milyonçu, həmçinin xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sarayında keçirilən yığıncaqda çarın ali orqanlarına petisiya formasında ali bir sənəd tərtib olunması qərara alınır. Həmin sənədi böyük ictimai-siyasi xadim, hüquqşünas və diplomat Əlimərdan bəy Topçubaşov tərtib edir. Bu petisiyanı çara təqdim etmək üçün Azərbaycanın görkəmli şəxsiyyətləri Peterburqa gedirlər. Məhz həmin petisiyada Azərbaycan xalqının adından bütün tələblər öz əksini tapmışdı”, – deyə Dilarə Seyidzadə vurğulayıb.

Həmin dövrdə siyasi partiyaların yaranması prosesindən də söhbət açan Prezidentin köməkçisi bildirib ki, o vaxt Azərbaycanda Difai, Müdafiə, Müsavat partiyaları yaranır. Azərbaycanlıların görkəmli nümayəndələri Rusiya Dövlət Dumasına seçilir və orada parlament təcrübəsi qazanırlar. Siyasi şərait yarananda isə 1918-ci il mayın 28-də Gəncəyə gəlib, bütün arzularını bu şəhərdə həyata keçirməyə başlayırlar. Ümumilikdə Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, Azərbaycan xalqına bütün zəruri hüquqlar verilir. Ana dili dövlət idarələrində, məktəblərdə və bütün yerlərdə əsas dövlət dili olur və xalq təsərrüfatının bütün sahələri üçün kadr hazırlığına başlanılır.

Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 100 il əvvəl verilib. Bunun mühüm tarixi hadisə olduğunu qeyd edən Dilarə Seyidzadə xatırladıb ki, hələ 1907-ci ildə Dövlət Dumasında iştirak edən azərbaycanlı nümayəndələr qadınlara seçki hüququnun verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Təsadüfü deyildi ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin ilk addımlarından biri də qadınlara seçki hüququnun verilməsi olub.

AZƏRTAC