Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr barədə müzakirələr aparılıb

Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb
Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir
AVCİYA-nın eksperti professor Asif Hacılının kitabı İranda fars dilində nəşr edilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti diskussiya “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr” mövzusuna həsr olunub. Tədbirdə Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, politoloq İlqar Vəlizadə, “Etnoqlobus” Beynəlxalq İnformasiya və Analitik Mərkəzinin direktoru, tədqiqatçı Gülnarə İnanc iştirak ediblər.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevin sədrlik etdiyi tədbirdə dini radikalizmin səbəbləri və doğurduğu nəticələr barədə müzakirələr aparılıb. Müzakirələrdə dini radikalizm meyillərinin təkcə müasir dövrdə deyil, bütün zamanlarda müşahidə olunduğu qeyd edilib. Tarixən din uğrunda törədilən müharibələrin və ya din pərdəsi altında aparılan işğalçılıq siyasətinin dini radikalizmə nümunə olduğu vurğulanıb. Bildirilib ki, hazırda dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. İslamın mötədillik, dialoq və tolerantlıq dini olduğunu nəzərə çatdıran tədqiqatçılar qeyd ediblər ki, hazırda müsəlman dünyasında elə insanlar, qrup və cərəyanlar vardır ki, İslamın həqiqi mahiyyətindən uzaqlaşıb radikal və sərt mövqe tutublar.

Qeyd olunub ki, dini radikalizm meyillərinin yaranmasına ictimai, siyasi və iqtisadi məhrumiyyətlər səbəb olur. Eyni zamanda, İslam dünyasında radikalizm meyillərinin yaranma səbəblərindən birinin də müqəddəs mətnlərin kontekstdənkənar yozumu və qavranılması olduğu bildirilib.

Daha sonra tədqiqatçılar ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması istiqamətində dövlətimizin ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıblar. Aİİ-nin yaradılmasını bu sahədə mühüm addım hesab edən natiqlər radikallıq və təəssübkeşliyin qarşısını almaq, ölkədəki tolerantlığa, dialoqa və plüralizmə əsaslanan sağlam mühiti qorumaq üçün dinlərin doğru şəkildə öyrədilməsinin zəruri olduğunu söyləyiblər.