Diplomatik korpus nümayəndələrinin Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır

Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələr məlum olub
Azərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb
Qarabağ Azərbaycandır və nida işarəsi

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik deyib ki, səfər sayəsində xarici diplomatlar işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə bağlı ətraflı məlumat əldə edib, inqilabi yenilikləri öz gözləri ilə görüblər: “2025-ci il oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri beynəlxalq birlik nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 20-ci səfəridir və bu, hər mənada çox böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib ki, bu da Zəngəzur dəhlizinə olan marağın yüksək olmasına dəlalət edir. Səfər zamanı diplomatlar Zəngəzur dəhlizi boyu görülən işlərlə, işğaldan azad edilmiş ərazilərdə dövlətimizin qısa zaman ərzində həyata keçirdiyi bir-birindən əzəmətli layihələrlə tanış olublar. Səfər zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, sözügedən dəhlizin istifadəsinin regional iqtisadi inkişafa verəcəyi töhfəyə yönəlib”.

Cəlil Xəlilov vurğulayıb ki, bundan öncəki səfərlər kimi bu səfər də dövlətimizin işğaldan azad edilmiş ərazilərdə gördüyü böyük işləri, xalqımızın quruculuq əzmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm önəm kəsb edib. “Səfərdə iştirak edən diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri Zəngəzur dəhlizinin açılışı üçün Azərbaycanın gördüyü irimiqyaslı işlərlə tanış oldular, həyata keçirilən layihələrin miqyasından heyrətlərini ifadə etdilər. Bu səfər bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sülh ölkəsi, xalqı isə yaradıcı xalqdır və onun inkişaf strategiyası bütün regionun maraqlarına cavab verir. Artıq bütün dünya əmindir ki, Prezident İlham Əliyevin dəmir iradəsi, sonsuz qətiyyəti və ardıcıl səyləri nəticəsində Zəngəzur dəhlizi ən qısa zamanda fəaliyyətə başlayacaq və bu, onlarla ölkənin sosial-iqtisadi rifahının yaxşılaşmasına mühüm töhfə verəcək”, – deyə o diqqətə çatdırıb.

AZƏRTAC