ƏDƏBİ AGENTLİK FENOMENİ

Diplomatik korpusun nümayəndələri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri gözləri ilə görüblər
Kökü dərində olan xan çinar yenidən qol-budaq atıb
Baş Prokurorluq əhaliyə müraciət edib

Ədəbiyyatşünas, esseist,  “LitArtAz” ədəbi agentliyinin təsisçisi Mətanət Vahid  və yazıçı Cavi Danla ədəbi agentlik fenomenindən danışdıq.

Fuad Babayev: Mövcud reallıqda müəllif – nəşriyyat – satıcı – oxucu zəncirində ədəbi agentliyin yeri haradadır?

Mətanət Vahid: Son zamanlar ədəbi agentliklə bağlı sual veriləndə deyirəm ki,Azərbaycan reallığı üçün ədəbi agentlik müəllif – nəşriyyat – oxucu zəncirində düşüb itmiş halqadır. Bizdə ədəbi agentliyin yeri yoxdur. Buna alışmadığımız üçün ədəbi agentlik fikri bizə yad, qondarma görünür. Düzünü desəm, mən də elə Cəlil Cavanşirlə eyni vaxtda ədəbi-mədəni agentlik yaratmaq haqqında düşünürdüm. Ona görə yazar dostumuzun belə bir fikrinin olması məni çox sevindirdi. Təəssüf ki, sonradan öyrəndim ki, agentlik fəaliyyət  göstərmir. Mənim ədəbi agentliyi yaratmaqda əsas məqsədim gənclərin yaradıcılığına dəstək olmaqdır. Çünki bütün bu illər ərzində çalışıram daha çox gənclərin yaradıcılığına üstünlük verim. Bu gənclər həmişə bir problemlə üzləşirlər. Onlar əsərlərini yazırlar, nəşriyyat çap edir, reklamı olan gənclərdən nəşriyyat qazanc əldə edir. Kitab nəşrindən sonra bir az tanınan gənc isə adətən ədəbiyyat sferasında qalmır. O, bundan başqa bir sahəyə keçmək üçün tramplin kimi istifadə edir. Nəticə etibarilə gənclərin yaradıcılığı bir çox hallarda davam etmir. Amma elə istedadlı müəlliflər var ki, onların yaradıcılığına dəstək göstərmək yaxşı olardı. Əgər belə müəlliflərin kitabları satılsaydı, yaradıcılıqlarının bəhrəsini görərdilər və onlar başqa sahəyə keçmək məcburiyyətində qalmazdılar.  Ona görə düşündüm ki, mənim belə bir işi təkbaşına görməyə gücüm çatmaz. 15 ildir sadəcə yazı yazmaqla hər hansı bir müəllifə dəstək oluram. Amma bu qısamüddətli bir işdir. Belə bir fəaliyyət təşkilatlanmış şəkildə və davamlı olanda gənc müəlliflərin kitablarının çapına və tanıdılmasına öz töhfəsini verə bilər. Mən məsləhətləşəndə dedilər ki, bu işi bacarmaram. Amma bütün bunlara baxmayaraq bu ilin avqust ayında Ədəbi agentlik ideyası haqqında yaxın dostlara məlumat verdim. Mən istədim ki, Agentliyi yaradandan sonra elan verməkdənsə, bu iş prosesin içində yetişsin. Yəni bu ideyanın məqsədi gənclərə dəstək verməkdir.

Fuad Babayev: Cavi Dan xanım, sizin 2016-cı ildə “Ədəbiyyat qəzeti” ndə “Ədəbiyyat agentim olsa” adlı yazınız çıxıb.

Cavi Dan: Bu yazı ərsəyə gəlməzdən öncə də həmişə istəmişəm ki, bizdə də xarici ölkələrdə olduğu kimi kitab sənayesi inkişaf etsin. Yəni yazıçı ancaq əsərlərini yazmaq haqqında düşünsün. Kitabın çapı və satışı ilə bu işə məsul olan şəxslər məşğul olsun.

Fuad Babayev: “Ədəbiyyat qəzeti”ndə yazınızın çıxmasından az qala 10 ilə yaxın vaxt keçir. Bu müddət ərzində nəsə dəyişib?

Cavi Dan: Heç nə dəyişməyib. Bu məsələ həmişə aktualdır.

Fuad Babayev: Ədəbi agentiniz varmı?

Cavi Dan: Xeyr. Ümid edirəm ki, olacaq. Mən gənc yazar sayıldığım dövrdə bunu arzulayırdım. İndi onun üstündən artıq 20 ilə yaxın vaxt keçib. Mətanət xanımın ədəbi agentlik ideyasını elan etməzdən 1 gün əvvəl mənim “Məhsəti” romanımın nəşriyyatla olan müqaviləsinin müddəti nəhayət  başa çatdı. Sanki mənim əsərim azadlığa çıxdı.

Fuad Babayev: Yəni siz romanınızı artıq başqa nəşriyyata da təqdim edə bilərsiniz.

Cavi Dan:  Mən “Məhsəti” romanımın çapı ilə bağlı nəşriyyatla müqavilə imzalayandan sonra bu kitabın nəşri ilə bağlı Təbrizdən və Fransadan aldığım təklifləri gerçəkləşdirə bilmədim. Fransanın Konyak şəhərinin meri məhsətişünas idi.

Təmkin Məmmədli: Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli də ucaldılıb.

Fuad Babayev: Yəni bu Avropa ədəbi mühitinə çıxış idi.

Cavi Dan: Bəli. Mən həm Fransada, həm də Təbrizdə kitabımın nəşr edilməsi imkanından məhrum oldum. Nəşriyyat bu imkanı mənim üçün yaratmadı. Hətta keçən il AzTV-də “Sabah” yaradıcılıq studiasında “Yad et məni” silsiləsində (“Yad et məni” silsiləsinin ideya müəllifi Ramiz Həsənoğludur – red.) mənim ssenarim əsasında çəkilmiş “Məshəti Gəncəvi. Alın yazım – rübai” bədii-sənədli filmində də öz kitabıma istinad etmək hüququm yox idi. Ona görə də mən Rəfael Hüseynovun “Məhsəti – necə varsa” romanından istifadə etmək məcburiyyətində qaldım.

Fuad Babayev: Nəşriyyatla müqavilə neçə illik imzalanmışdı?

Cavi Dan:  Müqavilədə 10 il təklif etmişdilər. İstisna hal kimi mənimlə müqavilə 7 illik bağlandı. İndiyə kimi 5 kitabım çıxıb. Müqavilə ilə qonorar aldığım da yeganə kitab məhz “Məhsəti” romanım olub. Bizim beynimizdə artıq oturuşmuş bir fikir yaranıb ki, Azərbaycan ədəbi məkanı münbit olmayan, şoran bir torpaqdır. Burada hansı toxumu əksək də bitməyəcək. Maddiyyatı təmin etmək üçün o qədər tərcümə və redaktə etmişik ki, öz mətnlərimizi yazanda adamda bir ikrah hissi yaranır, adam mətndən doyur.

Fuad Babayev: Yeri gəlmişkən, sadəcə mətbəə kimi fəaliyytə göstərən nəşriyyatlar az deyil.

Cavi Dan: Bu nəşriyyatlar kitab çapından mənfəət götürmədiklərini iddia etsələr də, bu sahədən getmək fikirləri yoxdur. Əksər nəşriyyatlarımız müəllifin tapdığı sponsorun pulu ilə çap etdikləri kitabların müəlliflik huququna yiyələndikdən sonra onlara satışdan pul ödəmir.

Fuad Babayev: Mətanət xanım, belə bir vəziyyətdə sizin Agentliyin prioritet vəzifələri necə olacaq?

Mətanət Vahid: Ədəbi agentliyin istənilən kitabı çap edərək müəllifə gəlir qazandırmaq kimi vəzifəsi yoxdur. Ədəbiyyat ilk növbədə mətn deməkdir. Kitabın satışı üçün ikinci amil müəllifin piarına, müsbət imicinə bağlıdır. Yəni hər hansı bir müəllifin ədəbi agentliyə müraciət etməsi mütləq şəkildə onun kitablarının çox satılacağına zəmanət vermir. Əvvəla, kitab bazarı nəzərə alınmalıdır. Ədəbi agentlik qəbul etdiyi hər hansı bir kitabı oxuduqdan sonra onun haqqında nəşriyyat üçün pitç (İngilis sözü olan pitch təqdimat deməkdir – red. ) hazırlayır. Kitabın mövzusu nəşriyyat üçün maraq kəsb edirsə onun satışı ilə bağlı ədəbi agentliklə razılaşdırılmış müqavilədə maliyyə məsələləri də öz həllini tapır. Satış prosesində isə ədəbi agentlik kitabın tanıtımı ilə məşğul olur.  Çünki nəşriyyatlar kitabın piarı ilə məşğul olmurlar. Mənə görə müəllifin özünün kitabını satması normal hal deyil. Ədəbi agentliyin elanından sonra 20-yə yaxın müəllif əsərlərinin nəşri ilə bağlı bizə müraciət edib. Mən isə həmin müəlliflərə açıq-aşkar deyirəm ki, sizin əsərləriniz nəinki satılmayacaq, onları heç nəşriyyatlar da qəbul etməyəcəklər. Amma bununla belə ədəbi agentliyin təqdimatında kitablarını öz hesabına çap etdirmək istəyən kifayət qədər müəllif var. Amma normalda ədəbi agentlik sıfırdan gənc müəlliflərin imicini formalaşdırmalıdır. Piar məsələsi birgünlük olmamalıdır. Yəni müasir dövrün tələbləri nəzərə alınmalıdır. Təbiri caizsə, hətta “soyuducunu da açanda onun içindən kitabın müəllifi çıxmalıdır”. Müəllif 25-ci kadr kimi oxucunun beynində dolanmalıdır.

Təmkin Məmmədli: Mətanət xanım, bayağı əsərlərin meydan suladığı bir dövrdə estetik dəyərə malik əsər necə uğur qazana bilər? Cəmiyyət belə əsərləri qəbul etməyə hazırdır?

Mətanət Vahid: Əvvəla, az qala hər gün bu barədə nəsə yazıram ki, cəmiyyət estetik dəyərə malik əsərlərə qiymət versin.  Bizdə həm yazıçının, həm də oxucunun təfəkkürünə təsir etmək mümkün deyil. Onlar bunu müqavimətlə qarşılayırlar. Hər müqavimətlə qarşılaşanda geri çəkiləcəmsə, onda mənim də işim bir aydan sonra yarımçıq qalacaq. Mən bütün bunları nəzərə alaraq işə başlamışam. Ədəbi agentlik təsis etməzdən öncə də mən bu işləri görürdüm. Hər hansı bir müqavimətə baxmayaraq mən sözümün üstündə dururam. Estetik dəyəri olmayan əsər, əsər deyil, əbədi deyil. Belə əsərlər tarixin yaddaşına keçmir. Estetik dəyərlə bağlı onu deyə bilərəm  ki, günümüzün reallıqları nəzərə alınaraq balans gözlənilməlidir.  Müəllif deməməlidir ki, intellektual yüklü əsər yazib, qoy oxucu  zəhmət çəkib başa düşsün. İstənilən halda, o əsərin piarını həm nəşriyyat, həm ədəbi agentlik, həm də müəllif elə təşkil etməlidir ki, estetik dəyəri olan kitab belə oxucunun rəfinə gedib çatacaq səviyyədə maraq doğursun. Mən iki il ardıcıl olaraq bir nəşriyyatda gənclər arasında keçirilmiş anonim roman müsabiqəsində münsif olmuşam. Bizim münsiflər heyəti kifayət qədər ciddi imzalardan təşkil olunmuşdu. Bu müsabiqədə 200-dən artıq roman arasından 1 əsər seçildi. Gənclər arasında keçirilən birinci roman müsabiqəsinin qalibi Əşrəf Əşrəfov adlı gənc bir oğlanın “Solğun” romanı oldu. Pandemiya dövründən və müharibədən bəhs edən bu roman kifayət qədər ciddi və tarixi ağırlığı olan əsərdir. Müəllif əsərində ciddi məsələləri müasir dövrə xas olan çevik bir dildə mükəmməl şəkildə qələmə almağı bacarıb. Kitabı çap edən nəşriyyatdan daha çox müəllif əsərinin piarını “TikTok”da apararaq öz oxucu auditoriyasını tapdı. Demək istədiyim odur ki, kifayət qədər ciddi mövzularda yazılmış əsərləri belə zamanın tələblərinə uyğunlaşdırıb oxucuya təqdim etmək mümkündür. Ciddi müəlliflər əsərlərinin satışı və piarı ilə məşğul olmadıqları üçün onların kitabları  oxucumuzun rəfinə gedib çıxa bilmir. Ona görə də öz piarlarını təşkil edən müəlliflərin kitabları daha çox satılır. Belə müəlliflər həm də xarici ədəbi agentliklərlə əməkdaşlıq edirlər.

Fuad Babayev: Ədəbi agentlik olmadan da pul qazanan nəşriyyatların müqaviməti ilə bağlı nə deyə bilərsiniz?

Cavi Dan: Mən bizim cameədən kənarda olduğum üçün intuitiv olaraq inanıram ki, nəşriyyatlar bu məsələdən sonra öz daxillərində ədəbi agentliklər yaratmağa başlayacaqlar.

Fuad Babayev: Hansı problemlər yarana bilər?

Mətanət Vahid: Məncə heç bir problem yaratmayacaq. Çünki müqavilənin şərtləri daxilində  nəşriyyat da, müəllif də özünə düşən gəliri götürür. Sadəcə burada haqq öz yerini tapır. Hazırda daha çox qazanan nəşriyyatdır. Ədəbi agentliyin fəaliyyəti nəticəsində isə həm nəşriyyat, həm də müəllif qazanacaq.  

Fuad Babayev: Həm də agentlik.

Mətanət Vahid: Həm də agentlik, bəli.

Cavi Dan: Məncə həm də ədəbiyyat qazanacaq. Çünki ortaya keyfiyyətli mətn çıxacaq.

Mətanət Vahid: Çünki nəticə etibarilə bu məsələlər ədəbi agentliyin məsuliyyəti daxilindədir.  Ədəbi agentlik oxucuya lazm olan əsərləri nəşriyyata təqdim etməlidir. Vicdanı olan agentin piarını aparacağı əsərlə bağlı deməyə sözü olmalıdır. Heç bir ədəbi və estetik meyara sığmayan əsərin piarını necə aparmaq olar? Ona görə də agentlik ədəbi mühitə ancaq keyfiyyətli əsərləri təqdim etməyə məcburdur.  Təbii ki, bir agentliyin yaranması bütünlüklə kitab bazarının idarə ediləcyi anlamına gəlməməlidir.  Bu mümkünsüz şeydir. Əksinə, mən arzu edirəm ki, bizdə agentliklərin sayı çox olsun. Rəqabət mühiti məhz belə bir şəraitdə formalaşa bilər.

Fuad Babayev: Yəqin ki, ədəbi agentliyin fəaliyyəti üçün başlıca maneə maliyyə problemləridir.

Mətanət Vahid: Təbii ki, əsas problem maliyyənin və maddi resursların olmamasıdır. İndi bütün işlər onlayn görüldüyü üçün hələlik bizim komandanın ofisə ehtiyacı yoxdur.

Təmkin Məmmədli: Mətanət xanım, bayaq Əşrəf Əşərfovun “Solğun” romanı haqqında fikirlərinizi bizimlə bölüşdünüz. Əgər ad çəkməli olsaq, daha hansı yazıçılarımızın əsərləri dünya miqyasında təbliğ olunmağa layiqdir?

Mətanət Vahid: Hədiyyə Şəfaqət mənim fikrimcə, Azərbaycanın ən yaxşı qadın şairlərdən biridir. Mən onun romanını 2024-cü ilin Buker mükafatçısı Samanta Harvinin “Orbita” əsəri ilə müqayisə etmişəm. Öz yazımda müqayisəli təhlil nəticəsində göstərmişəm ki, Hədiyyə Şəfaqətin romanı heç də ingilis yazıçısının əsərindən pis deyil. Yəni mükafat almaq üçün təkcə yaxşı mətnin mövcudluğu kifayət deyil. Mən daha çox gənclərin yaradıcılığına diqqət ayırıram. Düşünürəm ki, onların daha çox dəstəyə ehtiyacı var. Misal üçün “Və dalğalandı yaddaş tarlası”, “Müharibəni gözləyərkən” romanlarının müəllifi Orxan Həsəninin hekayələri bütün parametrlərinə görə dünya miqyasına çxmağa layiqdir. Əsasən Abşeron və Bakı hekayələri tərzində yazan Həmid Piriyev yaradıcılığının koloriti olan istedadlı gənclərimizdən biridir. Şairlərdən Ramil Əhmədin yaradıcılığını çox sevirəm. Xüsusən də intermediallıq (İntermediallıq – bir sənətin başqa sənət kodları ilə ifadə olunmasıdır, müxtəlif sənət sahələrinin ədəbi müstəvidə estetik bütövləşməsidir – red.) istiqamətində yazdığı şeirlər çox maraqlıdır.

Təmkin Məmmədli: Bu yazarların əsərləri xarici dillərə tərcümə ediləcəyi təqdirdə beynəlxalq miqyasda uğur qazana bilər?

Mətanət Vahid: Bəli, bunlar çox müasir əsərlərdir.

Fuad Babayev: Sizin agentliyin xarici dövlətlərdə fəaliyyət göstərən ədəbi agentliklələr, xarixdə yaşayan müəlliflərlə əməkdaşlıq etmək planları varmı ?

Mətanət Vahid: Təbii ki, beynəlxalq əməkdaşlıq haqqında düşünürük. Bu layihənin perspektivdə daha geniş fəaliyyət göstərməsi üçün onu ədəbi-mədəni agentlik kimi nəzərdə tutmuşuq. Gələcəkdə bizim fəaliyyəyimizin musiqi, təsviri sənət kimi sahələri də əhatə edəcəyi qənaətindəyəm. İnşallah, nəşriyyat təsis edəcəm.

Fuad Babayev: Nəşriyyatın təsis edilməsi maraqların konfliktinə gətirib çıxarmaz ki?

Mətanət Vahid: Əksinə, nəşriyyat mənim işimə dəstək olacaq. Biz müəllifə daha çox kömək edə biləcəyik. Bəyəndiyimiz əsəri çap etmək üçün hər hansı bir nəşriyyatdan kömək istəməyəcəyik. Təxminən 5 il ərzində fəaliyyətimizi lazımı səviyyəyə çatdırandan sonra beynəlxalq əməkdaşlıq bizim üçün daha aktual olacaq. Biz artıq kitaba müqəddəs muzey eksponatı kimi deyil, əmtəə kimi baxmağa vərdiş etməliyik. Kitab satılmaq üçün çap olunub. Ədəbi agent kimi uğurlu olacağıma inanıram. Çünki mən ədəbiyyatşünasam və 15 ildir ki, bu işlə peşəkar şəkildə məşğul oluram. Ədəbi agentliyin işinin əsas hissəsi mətni tanımaq, onu təhlil edərək ekspert rəyi verməkdən ibarətdir.

Fuad Babayev: Və onu sata bilmək…

Mətanət Vahid: Bəli, əsərin perspektivini görə bilmək. Əsərdə yalnız ədəbi meyarlar deyil, həm də oxucu üçün maraqlı olan, zamanın nəbzini tutan mətn olmalıdır.

Fuad Babayev: Azərbaycanda yazıçının qələmi ilə pul qazanmaq şansı varmı? Yaxın gələcəkdə.

Cavi Dan: Son illər, ümumiyyətlə kənara çəkilmişəm. “Məhsəti” romanından sonra yalnız bir kitab yazmışam.  Bu kitab real hadisələr əsasında qələmə alınmış məktəb hekayələrindən ibarət idi. Tədris müəssisəsinin sifarişi olan bu kitabın yazılması üçün qonorar almışam. Amma bu kitab çap olunandan sonra nəşriyyat müəllifə çatacaq pulu da özünə götürdü. Bu məsələlər məndə o qədər ikrah hissi doğurdu ki, hətta o kitabda öz imzamın getməsinə də razı olmadım.  Kitabda mənim rəsmi ad və soyadım olan Gülüş Xəlilova yazıldı.

Fuad Babayev: Yaxın və orta perspektivdə Azərbaycan oxucusunu necə təsəvvür edirsiniz? Yəni onun kitab almağa taqəti, həvəsi azalmayacaq ki?

Mətanət Vahid: Əslində taqət məsələsi daha çox həvəsə bağlıdır. Biz bu məsələlərə münasibət bildirəndə reallığı nəzərə almalıyıq. Oxucu problemi, mətnin satılması problemi, müəllif-nəşriyyat problemi təkcə bizim ölkəmiz üçün aktual deyil. Bu problemlər bütün dünya üçün aktualdır. Əks təqdirdə, dünyada Litagentliklərə də ehtiyac olmazdı. Onlar sadəcə olaraq bu problemlərin aradan qaldırmaq vasitələrini tapıblar və onu həyata keçirirlər. Biz də isə proseslər hələ indi başlayır. Amma bununla barışmaq lazımdır ki, internet reallığında elə mənim özüm də kağız kitab oxumaqdansa, pdf formatlı kitablara üstünlük verirəm. Ümumiyyətlə, indiki reallıqda oxucunun olmamasını faciəyə çevirməməliyik. Çünki bu qlobal problemdir. Biz bilməliyik heç bir kitab bizə milyonlar gətirməyəcək. Amma bu reallıqlar çərçivəsində də işini qurmağa bacaran müəlliflər öz kitablarından pul qazana bilirlər. Əgər sən düzgün piar mütəxəssisisənsə və lazımi maliyyə dəstəyin varsa, istənilən kitabı bestsellerə çevirmək mümkündür. Ciddi və keyfiyyətli mətni güclü piar mexanizmi quraraq oxucuya çatdırmaq mümkündür.  Mən Cavi Dan xanımın “Məhsəti” romanından gec xəbər tutmuşdum. Romanı oxuyandan sonra gördüm ki, kifayət qədər ciddi bir əsərdir. Amma o əsərə yaxşı bir piar kampaniyası qurulsa, bütün Azərbaycan onu alıb oxuyar. Çünki bu kitab həm ciddi romandır, həm də oxucunun sevəcəyi, zövq alacağı dildə yazılıb. Adətən belletristikanı maraqlı əhvalat üçün, əylənmək üçün oxuyurlar.  Sadəcə bizim nəşriyyatlar kitabı çap etdikdən sonra onun piarı ilə məşğul olmurlar. Biz bu mexanizmə bazar qaydaları ilə yanaşmağı bacarmalıyıq. Ədəbi agentlik bu sistemdə hər şeyə nəzarət edərək piar mexanizmini işə sala bilər. Biz oxucunu qınaya bilmərik. Oxucu ona təqdim olunan kitabları tanıyır. Belletristlər bütün imkanlardan istifadə edərək özlərini təqdim edirlər. Ciddi yazarlar deyir ki, mənim borcum yazmaqdır. Nəşriyyat isə çap etdiyi kitabın piarı ilə məşğul olmur. Nəticə etibarilə isə burada uduzan ədəbiyyat olur. Ədəbi agentlik olanda isə piar vasitəsilə oxucu müəllifi də tanıyacaq, əsəri də oxuyacaq.

Hazırladı: Təmkin Məmmədli, 1905.az

Söhbət 3 oktyabr 2025-ci ildə baş tutub