Əli Əsədov: MDB-nin mədəniyyət paytaxtı statusu Laçına mədəni sərvətlərini və müxtəlifliyini layiqincə təqdim etmək imkanı verəcək

Prezident işğaldan azad edilmiş kəndlərdəki yaşayış məntəqələrinin bərpası ilə bağlı sərəncam imzalayıb
Kreml Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxmasını təsdiq edib
Dünyada koronavirusa yoluxanların sayı 150 milyon nəfəri ötüb

İşğaldan azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Baş nazir xatırladıb ki, Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Laçın şəhəri 2025-ci ildə Birliyin mədəniyyət paytaxtı elan edilib.

“Möhtəşəm təbiətə və çoxəsrlik tarixə malik olan şəhərdə həyatın bərpasına, iqtisadi rifaha yönəlmiş irimiqyaslı infrastruktur və sosial layihələr sürətlə həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 2 mindən çox insan Laçın şəhərinə qayıdıb, gələn il isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır”, – deyə Baş nazir qeyd edib.

Əli Əsədov əmin olduğunu bildirib ki, MDB-nin mədəniyyət paytaxtı fəxri statusu Laçın şəhərinə öz mədəni sərvətlərini və müxtəlifliyini layiqincə təqdim etmək imkanı verəcək.

O, həmçinin qeyd edib ki, gələn il Azərbaycanda III MDB Oyunları keçiriləcək, Gəncə şəhəri isə Birliyin idman paytaxtı olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva