Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər

Bakıda “Monex Caspian” sammiti işə başlayıb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Moskvada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib
Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni sədr və müavinlər seçilib

Krakovda keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlər tərəfindən bir sıra kreativ fikirlər irəli sürülüb.

Bunu Krakov görüşünün nəticələri barədə AZƏRTAC-ın sorğusuna cavabında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir deyib: “Krakovda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar 6 saata yaxın davam etdi. Əvvəlcə mən ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüşlər başa çatdıqdan sonra mən yenidən ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm.

Görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Bu ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.