Elmira Süleymanova: Seçicilər arasında səsvermə prosesi aktivdir

Elxan Süleymanov: “Şuşa adından xüsusi diqqətlə istifadə etməliyik”
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən III hissə

Azərbaycanda prezident seçkilərində seçicilər arasında səsvermə prosesi aktivdir. Sechki-2018.az saytının xəbərinə görə, bunu prezident seçkilərində səs verən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova seçkilərin təşkilinin uzunmüddətli proses olduğunu bildirib: “Qeyd etməliyik ki, seçkilərin uğurlu təşkili son aylar deyil, illərlə təkmilləşdirilmiş prosesdir”.

Ombudsman qeyd edib ki, Azərbaycanın qanunvericiliyi, Seçki Məcəlləsi Venesiya Komissiyasının tövsiyələri ilə hər il təkmilləşdirilir: “Bizim əməkdaşlarımız da müstəqil müşahidəçi kimi praktiki olaraq ölkənin bütün rayonlarında iştirak edirlər”.

O əlavə edib ki, hazırda seçicilər arasında səsvermə prosesi aktivdir: “Sevindirici haldır ki, seçkiləri müxtəlif ölkələrdən bir çox müşahidəçilər izləyir. Düşünürəm ki, bu onların Azərbaycanda seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi ilə tanış olması üçün yaxşı imkan olacaq”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.