Elxan Süleymanov: “AŞPA-nın Sərsəng qətnaməsini də Prezidentimiz özü icra etdi”

Azərbaycanda uşaqlar arasında “influenza” virusu yayılıb
OPEC: “Azərbaycan möhkəm əlaqələr olan tərəfdaşlardan biridir”
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
– 23 avqustda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri Sərsəng su anbarına baxış keçirib. Baxışın məqsədi 28 ilə yaxın Ermənistanın işğalı altında olmuş, İkinci Qarabağ müharibəsindən sonra isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə qalmış Sərsəng su anbarında texniki monitorinqinin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq olub.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmi saytında yer almış məlumata görə baxış yerli mütəxəssislərlə birgə həyata keçirilib və görüş zamanı əsasən su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlara (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) su verilməsinin bərpası kimi iki məsələ müzakirə olunub.
Xatırlatmaq istərdim ki, ölkəmizin su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə yerləşən Kiçik Qafqaz dağlarının əhəmiyyəti böyükdür. Belə ki, bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və s. Ermənistanın işğalına qədər özləri ilə ölkəmizin düzən ərazilərinə bol su gətirirdilər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdı. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtərçay üzərində tikilmiş Tərtər hidrokompleksidir. Bu kompleks Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və iştirakı ilə 1976-cı ildə istifadəyə verilmişdi.
Tərtər hidrokompleksinin tərkib hissələri olan 560 mln. kub metr su tutumu olan Sərsəng su anbarı və iki turbindən ibarət ümumi gücü 50 MVt olan elektrik stansiyası 1992-ci ildə Ermənistan hərbi qüvvələri tərəfindən işğal edildi və İkinci Qarabağ müharibəsinə qədər işğal altında saxlanıldı. Sərsəng su anbarından öz başlanğıcını götürən magistral su kanalları işğala qədər düzən hissədə yerləşən Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi və Goranboy rayonlarının ərazilərində təxminən 100 min hektara qədər torpaq sahəsini suvarırdı. İşğal dövründə Sərsəng su anbarından kanallara verilən suyun qabağı işğalçı qüvvələr tərəfindən kəsilmişdi və cəbhəyanı Azərbaycan əhalisinə qarşı ekoloji terror silahı kimi istifadə edilirdi.
Odur ki, rəhbəri olduğum Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2013-2017-ci illər ərzində “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirdi və işğal altında qalmış Sərsəng su anbarının problemlərini siyasi gündəliyə gətirdik. Sərsəng su anbarının strateji, siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırdıq, AŞPA, Avropa Parlamenti və  AVRONEST PA kimi beynəlxalq qurumlarda böyük işlər gördük. AŞPA-nın 2016-cı il yanvar sessiyasında 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamlərinin qəbul edilməsinə nail olduq.
Qətnamədə çox mühüm müddəalar öz əksini tapmışdı. Bu müddəalar sırasında aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm:
-Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və işğal altında saxlanması vurğulanmış;
-Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilmiş;
-Azərbaycanın Ermənistan işğalı altındakı ərazilərində yerləşən Sərsəng su anbarında 20 ildən artıq müddətdə baxımsızlığın xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanmış;
-Təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənmiş, “qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilmiş;
-Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilmişdi.
Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti, bu dövlətin müxtəlif ölkələrdəki diplomatik korpusları, erməni kilsələri, erməni diaspor təşkilatları bu qətnamələrin qarşısını almaq üçün 2015-ci ilin dekabr ayından başlayaraq bütün səylərini səfərbər etmişdilər. Ermənistan tərəfi məruzəçini ölkəyə buraxmadı və ona qarşı kampaniyalar aparıldı. Mənim özüm AŞPA-da üzv kimi Sərsəng su anbarına dair qətnamə layihəsi verdikdən sonra anti-Azərbaycan və ermənipərəst qüvvələr tərəfindən təzyiqlərə məruz qaldım. Bu çətinliklərə və təzyiqlərə baxmayaraq AŞPA-da qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsinə nail olduq. Təəssüflər olsun ki, sonradan digər təşkilatların işğalla bağlı qəbul etdiyi sənədlər kimi AŞPA-nın 2085 (2016) qətnaməsi də icra olunmadı və kağız üzərində qaldı.
Vəziyyət yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin payızında 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində dəyişdi. Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Amma etiraf etməliyik ki, indiyədək bəzi məsələlər özünün tam həllini tapmayıb. Məhz buna görə, üçtərəfli 10 noyabr 2020-ci il bəyanatına əsasən Azərbaycanın suveren ərazisi olan Qarabağın müəyyən hissəsində müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Sərsəng su anbarı Azərbaycanın Qarabağ iqtisadi zonasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə qalıb.
Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq bəzi məsələlər erməni tərəfinin İkinci Qarabağ müharibəsindən düzgün nəticə çıxara bilməməsi səbəbindən hələ də həllini tapmamış qalır. Lakin Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövründə, özünün vurğuladığı kimi, hücum siyasəti həyata keçirərək ölkəmizin müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələri yerləşdirilmiş ərazilərində də dövlət suverenliyinin bərpa edilməsini prioritet məqsədlərdən biri kimi müəyyən edib. Əlbəttə ki, erməni tərəfinin müharibənin nəticələrini düzgün qiymətləndirməyən, hələ də revanşist iddialarla yaşayan təbəqələri, əsasən də Azərbaycanın Qarabağ iqtisadi zonasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti səlahiyyət zonasında məskunlaşmış erməni separatçıları bu ərazilərdə hələ də təxribatlar törətməyə can atırlar.
Biz 2022-ci ilin mart ayında Fərrux yüksəkliyində və avqust ayının əvvəlində Azərbaycanın mövcud problemləri güc yolu, o cümlədən anti-terror əməliyyatları keçirməklə həll etdiyinin şahidi olduq. Beləliklə, Azərbaycan sülhməramlıların müvəqqəti səlahiyyət zonasında indiyədək həllini tapmamış problemləri həm siyasi, həm də, zərurət yarandıqda, güc yolu ilə həll edir. Yeri gəlmişkən, Azərbaycan Ermənistan Silahlı birləşmələrinin təxribatı nəticəsində şəhid olmuş əsgərimizin  qanını yerdə qoymadı və belə təxribatların qarşısını almaq məqsədilə 4 avqust tarixdə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının müddəalarına zidd olaraq mövcud olan erməni hərbi birləşmələrinə qarşı “Qisas” əməliyyatına başladı. Azərbaycan silahlı birləşmələri erməni tərəfinin hərbi bazasını və postunu darmadağın etməklə bərabər artıq 5 avqust tarixdə bir sıra strateji yüksəklikləri, o cümlədən Buzluq, Sarıbaba, Qamışlıq, Bağırlı və digər strateji yüksəklikləri nəzarətə götürdü. Xüsusilə qeyd etmək istərdim ki, dəniz səviyyəsindən 2374,7 m hündürlükdə yerləşən Buzluq yüksəkliyi Azərbaycan silahlı birləşmələrinə Sərsəng su anbarını və onun ətrafında yerləşən digər yüksəkliklərin hamısını vizual və atəş nəzarətinə götürmək imkanı yaratdı. Artıq Azərbaycan Sərsəng su anbarında həyata keçirilə biləcək istənilən əməliyyata, o cümlədən təxribat xarakterli manipulyasiyalara nəzarət edə bilir. Bu, strateji baxımdan çox önəm kəsb edən hadisədir və Azərbaycanın davamlı şəkildə həmin ərazilərdə düvlət suverenliyini bərpa etmək səylərinin reallaşdırılmasında israrlı olmasından xəbər verir. Bunu Azərbaycanın qısa bir müddət ərzində 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq Laçın dəhlizinə alternativ olan 22 km uzunluğunda – Ermənistanı Xankəndi ilə birləşdirən yeni yolu inşa etməsi bir daha sübut edir. Artıq Qarabağda məskunlaşmış ermənilər başa düşür ki, Ermənistan onlara müxtəlif sahələrdə təminat imkanlarını itirir. Bunu bariz şəkildə Qarabağda yaşayan ermənilərin  Laçın şəhərindən, Zabux və Sus kəndlərindən köçürülməsi ilə bağlı onlara avqustun sonunadək vaxt verilməsi və Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4,8 kilometr qrunt yolun tikilməsi xahişi ilə Azərbaycana müraciət etmələri açıq-aşkar təsdiqləyir.
Prezidenti İlham Əliyev 2022-ci ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan televiziyasına verdiyi müsahibəsində qeyd edilənlər kontekstində vurğulamışdır: “Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil – nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar”.