Elxan Süleymanov: “Dünya ictimaiyyətinin diqqətini Sərsəng su anbarının hər an dağılma təhlükəsinə yönəltmək istəyirik”

Xocalı faciəsindən 30 il ötür…
ATƏT-in fəaliyyətdəki sədri: “Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasındakı görüş konstruktiv keçib”
Elxan Süleymanov: “Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir”
“Hər hansı hərbi təxribat planlarının qarşısını almaq və kütləvi insan itkilərinə səbəb olacaq qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağırırıq”

Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn irimiqyaslı layihə həyata keçirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi

– Bir ay əvvəl rəhbərlik etdiyiniz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihəyə başladığını elan etdi. Vətəndaş cəmiyyətinin inkişafına yardım edən təşkilatı belə bir mövzuya müraciət etməyə nə vadar etdi?

– AVCİYA-nın fəaliyyəti və layihənin mahiyyəti ilə tanış olmayanlar üçün həqiqətən də qəribə görünə bilər bu məsələ. Amma qeyd etmək istərdim ki, 10 illik fəaliyyəti dövründə AVCİYA vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox sosial layihələr, eləcə də Ermənistanın işğalı məsələsinin dünyaya çatdırılması istiqamətində bir çox işlər görüb. Sərsəng su anbarı ilə bağlı layihə də bu qəbildən olan layihələrdəndir. 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malik olan Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəza vəziyyətindədir. Bunları nəzərə alaraq, biz dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan təhlükəli vəziyyətə düşməsinə və hər an dağılma ehtimalına yönəltmək istəyirik. Bu, Azərbaycanın 7 rayonunun 400.000 nəfərlik əhalisinin həyatını ciddi təhlükə altında qoya bilər.

Layihənin əsas məqsədi isə odur ki, beynəlxalq ictimaiyyət, nüfuzlu qurumlar işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləsinlər, Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etsinlər. Biz hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağırırıq.

– 20 ildən artıqdır ki, Ermənistanın Azərbaycana qarşı işğalı davam edir. Buna göz yuman beynəlxalq ictimaiyyətin Sərsəng su anbarı ilə bağlı məsələyə ciddi reaksiya verəcəyi nə qədər inandırıcıdır?

– Sözlərinizdə həqiqət var, lakin bu o demək deyil ki, biz buna görə mübarizədən əl çəkməliyik. Artıq 25 ilə yaxın bir müddətdir ki, Ermənistan Azərbaycana silahlı təcavüz etməklə Dağlıq Qarabağ və ətraf 7 rayonu, ümumilikdə torpaqlarımızın 20%-ni işğal edib. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan dövlətdir. Bu illər ərzində beynəlxalq təşkilatlar məsələ ilə əlaqədar bir sıra qətnamələr qəbul edərək təcavüzkarı pisləyiblər və işğal altındakı ərazilərin azad olunmasını tələb ediblər. Lakin bu da bir həqiqətdir ki, qəbul olunan qətnamələrin heç biri yerinə yetirilməyib və əslində bu qətnamələrin kağız üzərində qalmasının əsas səbəblərindən biri də odur ki, bu sənədlərdə işğalçı dövlətə qarşı hər hansı bir sanksiya tətbiq edilməsi nəzərdə tutulmayıb. Məsələ burasındadır ki, beynəlxalq təşkilatlar problemə ikili standartlarla yanaşaraq işğalçı dövlətlə işğala məruz qalan dövlət arasında heç bir fərq qoymurlar və ümumiyyətlə, Dağlıq Qarabağ problemi ilə bağlı biganəlik nümayiş etdirirlər, bir çox hallarda isə açıq-aşkar Ermənistanın müdafiəçisi kimi çıxış edərək müxtəlif bəhanələrlə problemlə bağlı müzakirələr belə aparmaq istəmirlər. Odur ki, beynəlxalq təşkilatlardan Dağlıq Qarabağın işğalı ilə bağlı obyektiv mövqe gözləmək sadəlövhlükdür. Bir məlum həqiqəti bilməliyik ki, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli bu təşkilatların imkan və iradələri daxilində olsa da, onlar bu istiqamətdə heç nə etməyəcəklər və etmək istəmirlər. Biz onu başa düşməliyik ki, dünya ictimaiyyəti qarşısında öz problemlərimizi özümüz qaldırmalıyıq. Bu məsələdə inadkarlıq nümayiş etdirməliyik, ardıcıl olmalıyıq, öz məqsədimizə nail olanadək problemlərimizi müxtəlif legitim vasitələrlə dəfələrlə dünya ictimaiyyətinə çatdırmaqda davam etməliyik. Bunun üçün vətənpərvər olmaq, işğal altındakı torpaqlarımızın iniltisini duymaq, usanmadan işləmək, hər bir məsələyə kompleks yanaşma nümayiş etdirmək lazımdır. Ən vacibi isə Azərbaycanı sevmək lazımdır. Problemlə bağlı hər bir Azərbaycan vətəndaşı ardıcıl şəkildə mübariz olmalıdır. Belə olan halda dünya ictimaiyyəti tərəfindən problemlərin həlli istiqamətində adekvat və obyektiv reaksiyaya nail olmaq mümkündür.

– Layihə artıq bir aydır başlayıb. Bu müddət ərzində hansı işlər görülüb və hansı nəticələr əldə olunub?

– Əslində 18 aya nəzərdə tutulmuş layihənin ilk aydan hansısa nəticə əldə etməsi çətin məsələdir. Buna baxmayaraq, biz bu ay ərzində xeyli iş görə bildik. Layihənin fəaliyyət planında ilkin mərhələdə problemin dünya ictimaiyyəti, beynəlxalq təşkilatlara çatdırılması nəzərdə tutulur. Bu ay ərzində Sərsəng su anbarı ilə bağlı məsələ 2 nüfuzlu beynəlxalq konfransın – 23-24 mayda Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İllik Konfransı və iyunun 10-da Vyanada keçirilmiş “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” beynəlxalq konfransının tribunalarından səsləndirilib. Problemin mahiyyəti ilə bağlı ingilis, alman və fransız dillərində 9 məqalə hazırlanaraq dünya mətbuatına göndərilib. Bu günə kimi bu məqalələr dünyanın 3000-ə yaxın onlayn mətbu orqanında yerləşdirilib. Onların sırasında “The Wall Street Journal”, “Boston Globe”, “FinanzNachrichten.de Yahoo”, “Deutsche PresseAgentur’sPresseportal”, “New York Business Journal” və s. qeyd etmək olar.

İkinci istiqamət nüfuzlu beynəlxalq təşkilatların diqqətini problemə yönəltməkdir. Bu sahədə də xeyli irəliləyişlərə nail ola bildik. Düşmənlərimizin daimi olaraq bizim mətbuatı izlədiyini nəzərə alaraq mən bu barədə bu gün konkret heç nə demək istəmirəm…

Layihə çərçivəsində yerli və xarici ekspertlərdən ibarət müxtəlif ekspert qruplarının formalaşdırılması da nəzərdə tutulur. Son ay ərzində biz, yerli və xarici qurumlarla əlaqələr yaratmağa nail olduq. Yaxın zamanlarda mötəbər ekspert qruplarını cəmiyyətimizə təqdim edə biləcəyik. Bundan savayı, Sərsəng su anbarının hazırkı vəziyyəti ilə bağlı tanınmış xarici konsaltinq şirkətinin rəyini də alacağıq. Bu rəy hazır olandan sonra artıq o bölgəyə ekspert qruplarının səfərlərinin təşkilinə çalışacağıq.

Sözsüz, belə nəhəng bir layihənin həyata keçirilməsi müvafiq maddi və texniki resurslar tələb edir. Layihəni dəstəkləmək təklifiylə xeyli yerli və xarici donorlara da müraciət etmişik. Müsbət cavablarımız da artıq var. Bu isə o deməkdir ki, layihəmiz davam edəcək və qarşısına qoyduğu məqsədlərə nail ola biləcək.