Elxan Süleymanov: “Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənsə, bunun ciddi nəticələri ola bilər “

Azərbaycan və Ermənistan XİN arasında videokonfrans formatında görüş keçirilib
Baş Prokurorluq: Ermənistan hüquq mühafizə orqanları bu cinayətləri araşdırmır
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sent-Etiyen merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə etiraz edir
AŞPA Sosial Məsələlər Komitəsinin noyabrın 23-də Parisdə keçiriləcək iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə təklifi müzakirəyə çıxarılacaq və səsə qoyulacaq.

Qətnamə layihəsinin müəllifi, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsini təqdim edirik.

– Müəllifi olduğunuz “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsində hansı məqamlar yer alır, bu qətnamə nədən bəhs edir?

– Təbii ki, bu qətnamə layihəsini hazırlayarkən araşdırmalar aparılmış faktlar ortaya qoyulub. Azərbaycanın 20 faiz torpaqları 23 ildir erməni işğalı altındadır, bununla yanaşı, erməni tərəfi işğal etmədikləri 6 rayonumuzu da su silahından istifadə etməklə 23 ildir təzyiq və təhdid altında saxlayır. Sərsəngin təsiri altında olan 400 minə yaxın insan üçün həyat mümkünsüz edilib. Təsərrüfatlar məhv edilir, sosial durum kəskin surətdə pisləşir, əhali yayda susuzluqdan, qışda isə sel və daşqınlardan əziyyət çəkir, onlar daim erməni işğalçılarının təhdidi ilə qarşılaşırlar. Çünki onlar təbii fəlakət, texniki və ya əvvəlcədən düşünülmüş erməni təxribatı nəticəsində Sərsəng su anbarının dağılması və Sərsəng təsiri altında olan bütün ərazinin və insanların məhv olması təhlükəsi ilə üz-üzədirlər. AŞPA katibliyinə 2 il öncə təqdim etdiyim qətnamə layihəsində bütün bu məqamlar əks etdirilib. 12 may 2014-ci ildə AŞPA-nın Sosial Komitəsində Bosniya və Herseqovinalı deputat, xanım Milica Markoviç məsələ ilə bağlı məruzəçi təyin edilib və o, artıq öz məruzəsini hazırlayıb. 23 noyabr 2015-ci il, Paris iclasında onun hazırladığı qətnamə təklifinin müzakirəsi və səsverməsi olacaq.

– Avropa ilə Azərbaycan arasında hazırki münasibətləri fonunda bu qətnamə layihəsinin Paris iclasında dəstəklənəcəyi nə dərəcədə realdır?

– Avropanın Azərbaycana qərəzli münasibəti fonunda Sərsəng məruzəsinin avropalı deputatlar tərəfindən dəstəklənə biləcəyi barədə hər hansı bir proqnoz vermək düzgün olmazdı. Digər tərəfdən, Ermənistan mətbuatında yayılan informasiyalardan aydın görünür ki, onlar bu qətnamənin qarşısını almaq üçün bütün resurslarını səfərbər edərək çoxşaxəli və genişmiqyaslı iş aparır, bütün təbliğat, təşviqat mexanizmlərini, lobbiçilik vasitələrini işə salıblar. Bu səbəbdən bu iclasda qələbə əldə etmək çox çətin olacaq. Amma bütün bunlara baxmayaraq, mən nikbinəm. Çünki haqq – ədalət bizim tərəfimizdədir.

Noyabrın 4-də AŞPA Siyasi Komitəsində mənim müəllifi olduğum qətnamə layihəsi əsasında, AŞPA məruzəçisi Robert Volter tərəfindən hazırlanmış “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzə müzakirə edildi və qətnamə təklifi qəbul edildi, Azərbaycan böyük bir tarixi qələbəyə imza atdı. Bu qətnamə layihəsi üzrə məruzəçi Avropanın ən nəhəng ölkələrindən olan Böyük Britaniyanı təmsil edən Robert Volterdir, Sərsənglə bağlı qətnamə layihəsi üzrə məruzəçi isə kiçik dövlət olan Bosniyanı təmsil edən deputat Miliça Markoviçdir. Hesab edirəm ki, erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin Ermənistana kömək etmək, bu qətnamə təklifinin qəbul edilməsinin qarşısını almaq məqsədi ilə Bosniyaya təsir etməsi Böyük Britaniyaya təsir etməkdən daha asandır.

– Sərsəng su anbarı problemi artıq AŞPA səviyyəsində müzakirə edilir. Sizin bu layihədən gözləntiləriniz nədir?

– Bu qətnamə layihəsini AŞPA-ya təqdim edərkən Avropa Şurası rəhbərliyinin, dünya birliyinin və güc dövlətlərinin bu layihəyə qarşı çıxacaqlarını istisna etmirdim. Ona görə də, məruzənin bu mərhələyə çatması gərgin mübarizələr bahasına başa gəlib, hətta mənim qətnamə layihəmə 3 dəfə veto qoyulub. Lakin bütün bunlara baxmayaraq və nəticədən asılı olmayaraq bu layihə Azərbaycan üçün çox əhəmiyyətlidir. Ölkəmizə qarşı münasibətdən bəllidir ki, Avropa demokratiyası ölkəmizə qarşı qərəzli mövqeyi ilə bizləri susdurmaq və yalançı qətnamələrlə 23 ildir erməni işğalı altında olan torpaqlarımızı Azərbaycan xalqına unutdurmaq istəyir. Lakin biz susa bilmərik. Çünki susmaqla İrəvan kimi, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizi də itirə bilərik. Bu layihə isə bütün dünyaya bizim mübarizə əzmimizin olduğunu sübut edir.

Bu layihənin ən əhəmiyyətli tərəfi odur ki, ermənilərin işğalçı siyasətinə beynəlxalq möhür vurulur və onlar bu işğalçı möhüründən artıq təlaşa düşüblər. Əgər Sərsənglə bağlı qətnamə təklifi Paris iclasında qəbul edilərsə və hər 2 qətnamə – “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair”, “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzələri üzrə qətnamə təklifləri AŞPA-nın 2016-cı il yanvar sessiyasında təsdiq edilərsə, bunun ermənilər üçün ciddi nəticələri də ola bilər. AŞPA-nın torpaqlarımızın işğalı və Sərsənglə bağlı qətnamələri, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan dərhal azad edilməsi və işə tanınmış məhkəmələr tərəfindən baxılması tələbi torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycan üçün bir siyasi silahdır və biz bu siyasi silahdan məharətlə istifadə etməliyik.

Zaman gələcək haqq-ədalət zəfər çalacaq, Sərsəng yenə də Azərbaycana qovuşacaq.

Apa.az