Elxan Süleymanov:””Xocalıya ədalət” kampaniyası çox uğurlu layihədir”

İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib

“15 il bundan əvvəl Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasını tələb edən 1 milyon Azərbaycan vətəndaşının imzasını topladıq”


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov Musavat.com-un suallarını cavablandırıb. AVCİYA prezidenti ilə müsahibəni təqdim edirik:

– Elxan müəllim, bəşəri cinayət olan Xocalı soyqırımının 30-cu ildönümünə bir neçə gün qalır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) uzun illərdən bəri Xocalı soyqırımı ilə bağlı layihələr həyata keçirir…

– Doğrudur. Bizim assosiasiyanın gördüyü işlərdən danışmazdan əvvəl dövlətimizin bu mövzuya diqqətindən söhbət açmaq istərdim.
Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar 2022-ci ildə çox mühüm bir sənədə imza atdı.
“Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” xalqımızın müdhiş faciəni heç zaman unutmayacağını bir daha təsdiqləməklə yanaşı qarşımıza konkret hədəflər qoyur. Sərəncamda vurgulanır ki, Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Dövlətimizin başçısı müdhiş Xocalı soyqırımı ilə bağlı Azərbaycan maraqlarını həmişə ardıcıl olaraq müdafiə edib. Mən beş il bundan əvvəl, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşü xüsusi xatırlatmaq istəyirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirak etdiyi yürüşə 40 mindən çox insan qatılmışdı. Əlbəttə, mübaliğəsiz olaraq deyə bilərik ki, bu yürüş ən yeni tariximizin ən yaddaqalan hadisələrindən biri tarixdə qalacaq.
Qeyd etməyə bilmirəm ki, Ulu Öndər Heydər Əliyev müdhiş Xocalı faciəsi ilə bağlı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq məqsədilə çox addımlar atıb.
Mən yalnız bir neçə tarixə toxunmaq istəyirəm. 1 mart 1994-çü ildə Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunub, bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. 25 fevral 1997-ci ildə isə Heydər Əliyev tərəfindən “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” xüsusi Fərman imzalanıb.
Beləliklə, Xocalı faciəsinə siyasi-hüquqi qiymət ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və göstərişi nəticəsində Ermənistanın işğal edilmiş ərazilərdə törətdiyi müharibə cinayətlərinin, insanlığa qarşı cinayətlərin, soyqırım cinayətlərinin, xüsusən də Xocalıda törədilmiş qanlı faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı işlərə start verildi.

– “Xocalıya ədalət” kampaniyası da ciddi uğurlar qazanıb.

– Əlbəttə. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çox uğurlu layihədir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış kampaniya mübaliğəsiz olaraq deyə bilərik ki, bütün dünyanı əhatə edib. Məhz bu kampaniya Xocalı həqiqətlərinin bütün dünyada xalqımıza qarşı soyqırım aktı kimi tanınmasında xüsusi rol oynayıb.

– AVCİYA tərəfindən gerçəkləşdirilmiş layihələr hansılar olub?

– AVCİYA Xocalı soyqırımı ilə bağlı müxtəlif illərdə böyük əks-səda doğurmuş tədbirlər həyata keçirib. 2006-cı ili Qarabağ ili elan etmişdik. Xocalı faciəsi şahidlərinin ifadələrini, faktları, hadisənin dünya mətbuatındakı əks-sədası ilə bağlı materialları topladiq, Azərbaycan, ingilis və rus dillərində “Xocalı soyqırımı (sənədlər, faktlar və xarici mətbuatda)” adlı kitabda çap etdirdik. 2007-ci ildə “Xocalı soyqırımı: milyon imza, bir tələb” şüarı altında miqyaslı aksiya keçirdik. 15 il bundan əvvəl Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasını tələb edən 1 milyon Azərbaycan vətəndaşının imzasını topladıq. İmzalar hər biri 1000 səhifədən ibarət 16 cildlik toplu halında çap etdirilərək, qabaqcıl dünya ölkələrinin parlamentlərinə və kitabxanalarına, universitetlərinə göndərildi, BMT, ATƏT, AŞPA, Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olundu. Xocalı hadisələri zamanı öldürülənlərin foto-şəkilləri bəzən ermənilər tərəfindən saxtalaşdırılaraq, erməni qurbanları kimi qələmə verilir. Növbəti erməni saxtakarlığının qarşısını almaq üçün AVCİYA 2010-cu ildə ingilis dilində “Bir faciə haqqında iki foto-söhbət” kitabını çap etdirdi. Kitaba Xocalı faciəsi ilə bağlı ən geniş yayılmış foto-şəkillərin müəllifi olan iki fotoqrafla söhbət və fotolar daxil edilib. Fotoqraflar fotoların lentə alındığı gün haqqında və həmin hadisələr barəsində öz təəssüratlarını söyləyirlər və hadisələrə heç bir qiymət vermədən mühakimə yürütmək hüququnu oxucunun öhdəsinə buraxırlar. AVCİYA-nın təşkilatçılığı ilə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bakı şəhərində 24 fevral 2012-ci il tarixində “İnsanlığa qarşı cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib. 2017-ci ildə nəfis tərtibatlı “Xocalı yaddaşı” kitabımız işıq üzü gördü. Şərti olaraq bir neçə hissəyə bölünən kitaba Xocalı faciəsinədək olan dövr, bilavasitə faciə, faciənin qiymətləndirilməsi ilə bağlı materiallar, orijinal müsahibələr daxil edilmişdi.

– Bildiyimiz qədər AVCİYA-nın layihələri təkcə Xocalını yox, bütünlükdə Qarabağ problemini əhatə edir.

– Qarabağ mövzusu AVCİYA üçün həmişə prioritet istiqamət olub. Uzun müddət Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana vurulmuş maddi zərərin qiymətləndirilməsi istiqamətində geniş tədqiqatlar apardıq və 2012-ci ildə bu tədqiqatların nəticəsi olaraq “Ermənistanın hərbi təcavüzü və onun ağır nəticələri” adlı kitab Azərbaycanda, ABŞ-da, Rusiya, Fransa, Ukraynada ümumiliklə 7 dildə çap edilərək dünyanın aparıcı kitabxanalarına göndərildi. Bu kitabda ilk dəfə olaraq rəsmi məlumatlar əsasında işğal altında olan Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Laçın rayonları ilə yanaşı, təcavüz nəticəsində Ermənistanla həmsərhəd olan digər rayonlarımıza da (Qazax, Tovuz və s.) külli miqdarda zərərin vurulması diqqətə çatdırılmış və ümumiliklə ölkəmizə vurulmuş zərərin miqdarı hesablanmışdı.
Gerçəkləşdirdiyimiz daha bir layihə haqqında məlumat vermək istəyirəm.

Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, mən millət vəkili və Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olarkən AVCİYA işğal altında qalmış Sərsəng su anbarının problemlərini siyasi gündəliyə gətirdi. Belə ki, AVCİYA Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi və dəstəyi ilə 2013-2017-ci illər ərzində “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirdi. Bu layihə çərçivəsində Sərsəng su anbarının siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırdıq. Sərsəng su anbarının Ermənistanın hərbi işğalı altında qalması nəticəsində Azərbaycanın cəbhəyanı rayonlarının (Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Göranboy) qəsdən sudan məhrum edilməsi nəticəsində kənd təssərüfatına, ekologiyaya vurulmuş zərərin miqyası, o cümlədən təcavüzkar dövlətin mülki Azərbaycan əhalisinə qarşı sudan silah kimi istifadə etməsi faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə bölgənin müxtəlif rayonlarında xarici ekspertlərin və jurnalistlərin iştirakı ilə silsilə tədbirlər təşkil etdik. Bir neçə il ərzində gərgin mübarizə apararaq, Sərsəng su anbarının Ermənistanın işğal altında olması nəticəsində bölgədə mövcud durum, yaranacaq humanitar ekoloji böhran haqqında məsələləri AŞPA, Avropa Parlamenti və AVRONEST PA kimi beynəlxalq qurumların gündəliyinə daxil edilməsinə nail olduq. Çox böyük çətinliklərə və təzyiqlərə baxmayaraq, böyük səs çoxluğu ilə AŞPA-da 2085(2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsinin qəbul edilməsi layihənin əsas nailiyyətlərdən biri oldu.

Belə ki, adıçəkilən qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və uzun müddət işğal altında saxlanması vurğulanmış, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilmiş, təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənmiş və “qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilmiş, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilmişdi.

AVCİYA AŞPA-da 2085(2016) saylı qətnamə qəbul edildikdən dərhal sonra 2016-cı ildə ABŞ Prezident Administrasiyasına “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ünvanladı və Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasına nail oldu. Ağ Evin “Biz Xalqıq” platforması bunun üçün tam uyğun bir meydan idi. Bu səbəbdən “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyası ilə ABŞ Prezidenti Administrasiyasına müraciət etdik. Məqsədimiz həm Ermənistanın işğalçı siyasəti ilə bağlı bütün dünyanı məlumatlandırmaq, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ABŞ kimi nəhəng bir güc mərkəzinin dəstəyini almaq idi. Layihəyə aprel ayının 6-da AVCİYA prezidenti kimi mənim imzamla start verildi, Ağ ev Administrasiyasının internet resursunda Azərbaycan xalqının Obama Administrasiyasına müraciəti yerləşdirildi. Müraciətdə AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilirdi. Platformanın qaydalarına görə, 1 ay ərzində müraciəti 100 min nəfərin imzalaması lazım idi. Lakin AVCİYA-nın apardığı genişmiqyaslı kampaniyanın nəticəsi olaraq 331,914 imza toplandı.

– Bu okeanın o tayına göndərilmiş mesaj idi. Bildiyimiz qədər, Siz Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Avropada da çoxsayli tədbirlər keçirmisiniz.

– Mənim təşəbbüsüm və təşkilatçılığımla 2012-ci ildə İtaliya Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən konfrans, Finlandiya parlamentində Dağlıq Qarabağ mövzusunda, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında “İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Dağlıq Qarabağ münaqişəsi – hüquq və humanitar aspektlər)” mövzusunda dinləmələr, Andorrada “Azərbaycan XXI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda, İspaniya Senatında “Azərbaycan bu gün Avropadadır. Azərbaycanla İspaniya arasında etimadın tənzimlənməsi” mövzusunda konfranslar keçirilib. Həmin tədbirlərdə qeyd olunan ölkələrin parlamenterilərinə Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri ilə bağlı dolğun məlumat verilib, müvafiq sənədlər qəbul olunub.
Qeyd edim ki, Sloveniya, Polşa parlamantlərində də çox böyük əks-səda doğurmuş analoji tədbirlərimiz olub.

– Elxan müəllim, Şuşa ilində yaşayırıq. Bu istiqamətdə nələr planlaşdırısınız?

– 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimiz Qarabağımızı azad etdi.
Qeyd edim ki, ötən il biz AVCİYA-nın “1905. az KİTABI” seriyasından “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabını Azərbaycan, türk, ingilis və rus dillərində nəşr etdik. Kitablar ölkəmizdə və xaricdə bir çox mötəbər ünvanlara göndərildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 31 Dekabr 2021-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza ünvanladığı təbrik müraciətində 2022-ci ili “Şuşa İli” elan etdi və 5 yanvar tarixində bu haqda Sərəncam imzaladı. AVCİYA 2022-ci ilə nəzərdə tutulmuş layihələri “Şuşa ili” adı altında keçirməyi və mədəniyyət paytaxtımız Şuşa şəhərinə həsr etməyi qərara alıb.
Ümidvaram ki, bu ilin sonunda AVCİYA-nın Şuşa ili ilə bağlı möhtəşəm fəaliyyətinin nəticələrini Azərbaycan və dünya ictimaiyyətinə təqdim edəcəyik.

Yeni Müsavat