Erməni işğalçıların viran qoyduğu yurd yerlərimiz

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə görüş keçirilib
“Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun”
Bahar Muradova Azərbaycanda qadın sığınacaqlarının az olmasına münasibət bildirib

2020-ci il Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın yurd həsrətinə son qoyuldu. Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Ağdam, Kəlbəcər, Laçın rayonlarında, Şuşada və Hadrutda, eləcə də yüzlərlə kənd və qəsəbədə 30 illik işğaldan sonra üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanmağa başladı. Ərazilərimizin geri qaytarılması nə qədər sevindiricidirsə, o yerlərdə gördüklərimiz bir o qədər də ürəkağrıdandır.

Düşmənin işğalda saxladığı ərazilərdə dağıntılar törətdiyi əvvəlcədən bilinsə də, faciənin miqyasının bu dərəcədə böyük olduğu təsəvvürə gəlmirdi. İndi baxırıq və görürük: erməni işğalçılar bütün infrastrukturu dağıdıb, şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi yerlə-yeksan edib. Bütün dünya görür ki, Azərbaycan xalqı hansı vəhşi ilə üz-üzə idi. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik heç yerdə görünməyib. Hətta İkinci Dünya müharibəsində də belə vəhşiliyə yol verilməmiş, dini, tarixi abidələr dağıdılmamışdır. Qarabağdakı acınacaqlı mənzərə erməni faşizminin bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəri və ən qəddarı olduğunu göstərir.

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında “Ukraina-24” telekanalının müxbirinin sualını cavabında azad olunmuş torpaqlardakı vəziyyəti belə təsvir edib: “Maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər… Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi… Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır”.

Düşmənin törətdiyi ağlasığmaz vəhşiliklər, ölçüyəgəlməz dağıntılar müharibədən sonra sənədləşdirilir, fotoobyektivin yaddaşına köçürülür. Bu işdə AZƏRTAC-ın çəkiliş qrupu da yaxından iştirak edir. Bir neçə aydır ki, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının ərazilərində çəkilişlər gedir. Tərkibinə jurnalist, fotoqraf və operatorun daxil olduğu qrup kəndbəkənd, məhəllə-məhəllə, küçə-küçə, ev-ev gəzir, erməni vəhşiliyinin izlərini lentə alır, dağıntıların qeydiyyatını aparır.

Yeri gəlmişkən, müharibədə söz də bir silah, jurnalist də bir əsgər olur. Fəaliyyətini bu prinsip əsasında quran AZƏRTAC-ın kollektivi ikinci Qarabağ müharibəsinin ilk saatlarından bütün yaradıcı və texniki potensialını səfərbər etdi. Döyüş əməliyyatlarının gedişini mütəmadi işıqlandırmaq, münaqişə barədə həqiqətləri, düşmənin müharibə cinayətlərinə dair informasiyaları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə sutkanın 24 saatında gücləndirilmiş iş rejimində çalışdı. İlk gündən bölgəyə ezam olunan müxbirlərimiz şanlı Azərbaycan Ordusunun azad etdiyi rayonlarımızdan foto-videoreportajlar hazırlayaraq dünyaya yaydılar.

Cəbhə bölgəsinə ezam olunmuş çəkiliş qruplarımız erməni təxribatlarını atəş altında lentə alırdılar. Xüsusən Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə xain hücumları, yaşayış məntəqələrini raket atəşinə tutması barədə minlərlə foto və videoxəbər, reportaj və informasiya hazırladılar. Bilavasitə hadisə yerindən hazırlanan bu materiallar AZƏRTAC-ın saytından dünyaya yeddi xarici dildə yayımlandı.

Müharibə başa çatdıqdan sonra fəaliyyət istiqamətini dağıntıların lentə alınmasına yönəldən AZƏRTAC-ın çəkiliş qrupu 6 aydan çoxdur ki, azad olunmuş ərazilərimizdə işləyir. Məqsəd dağıntıların hamısını, düşmənin Azərbaycan xalqına vurduğu ziyanı bir-bir sənədləşdirməkdir. Azərbaycan dövləti bu cinayətlərə görə Ermənistanı beynəlxalq ədalət məhkəməsinə vermək niyyətindədir. Bu zaman toplanan materiallar təkzibolunmaz dəlil-sübut kimi də istifadə edilə bilər.

Çəkiliş qrupumuzun Füzuli, Zəngilan və Cəbrayıl rayonlarından göndərdiyi fotoların bir qismini oxucularımızın diqqətinə təqdim edirik. Gördüyünüz bu mənzərələrin, əslində, heç bir şərhə ehtiyacı yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, sanki bu yerlərdən vəhşi qəbilə keçib.

Bir dənə də salamat binası qalmayan Füzuli şəhəri

Düşmənin yerlə-yeksan etdiyi yurd yerlərimizdən biri Füzuli şəhəridir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəd olan Füzuli şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Şanlı Azərbaycan Ordusu Füzuli şəhərini 2020-ci il oktyabrın 17-də düşmən tapdağından qurtarıb.

Prezident İlham Əliyev ötən il noyabrın 16-da Füzuli şəhərinə səfəri zamanı yolboyu gördüyü ürəkağrıdan mənzərələrdən danışarkən demişdi: “Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib”.

AZƏRTAC