Ermənilərin azərbaycanlılara qarşı hücumları kilsədən idarə olunurdu – alim

AŞPA məruzəçisi Azərbaycanın cəbhəyanı rayonlarına səfər edəcək
Media sahəsində dövlətin əsas vəzifələri müəyyənləşib
IMPAKT FAKTOR!

Ermənilərin azərbaycanlılara qarşı silahlı hücumları 1905-ci ildən sistemli xarakter alıb. Bu hücumlar vahid mərkəzdən planlaşdırılırdı və idarə edilirdi. Vahid mərkəz rolunu isə erməni kilsəsi oynayırdı.

SalamNews-a müsahibəsində bunu AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Ramiz Sevdimalıyev bildirib.

Müsahibədə ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, bu qəddarlığın, amansızlığın təşkilatçıları, qatillərin arxalandıqları qurumlar, indiki şəraitdə münaqişə ilə bağlı ikili standartlar barədə danışılır.

Siyasi elmlər doktoru R.Sevdimalıyevlə müsahibəni təqdim edirik.

– Ramiz müəllim, Ermənistan deyilən dövlətin Azərbaycana təcavüzünü hansı tarixi mərhələlərə bölmək olar? 

– Tarix boyu Cənubi Qafqazda ermənilər yaşamayıb, onlar bu regiona ruslar tərəfindən XIX əsrdə köçürülüblər. Çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Cənubi Qafqazı işğal etdi və öz ərazilərinə birləşdirib. Azərbaycan torpaqlarının işğalı Rusiya və Fars dövlətləri arasında imzalanmış 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə rəsmiləşdirilib. Bununla da Azərbaycan torpaqları parçalanıb və Azərbaycan xalqı bölünüb. Ermənilər bu regiona köçürülməyi də bu vaxtdan başlayıb. 1829-1830-cu illər ərzində ruslar Fars dövləti ərazisindən 40 mindən, Osmanlı dövləti ərazisindən isə 84 mindən çox etnik ermənini Cənubi Qafqaza köçürdüb. Ermənilərin köçürülməsi proses sonradan daha da geniş vüsət alıb və təxminən 1910-cu ilədək Cənubi Qafqaza 1 milyondan çox erməni köçürülüb. Onlar Cənubi Qafqazın azərbaycanlılara məxsus olan və strateji əhəmiyyət kəsb edən bölgələrində məskunlaşdırılıblar. Bunlar Göyçə gölünün ətrafı, Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının əraziləri və digər yerlər idi. Beləliklə, ermənilərin “ləng açılan bomba” kimi gələcəkdə Cənubi Qafqazda həyata keçirəcəkləri separatçılıq fəaliyyətlərinin əsası qoyulub.

– Ermənilərin Cənubi Qafqaza köçürülməsi nəticəsində həm də regionun demoqrafik vəziyyəti köklü şəkildə dəyişdirilib. 

– Tamamilə doğrudur. Regiona köçürülmüş ermənilərlə yerli əhali olan azərbaycanlılar arasında XIX əsr boyu, sözsüz ki, toqquşmalar olurdu. Amma bu toqquşmalar lokal məkanlarda baş veririb və xaotik xarakter daşıyıb. O da qeyd edilməlidir ki, XIX əsrin ikinci yarısında ermənilər Osmanlı ərazisində təşkilatlanmağa başlayıblar və bir sıra partiyalar yaradıblar (Armenakan, Hnçak, Daşnaksütyun). Bu partiyalar isə öz məqsədlərinə çatmaq üçün terror metodlarından istifadə etməyə üstünlük veriblər. Erməni partiyaları XIX əsrin sonları və XX əsrin əvvəllərində Çar Rusiyası ərazisində, əsasən də Cənubi Qafqazda fəaliyyətlərini genişləndiriblər. Məhz bu dövrdən erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı hücumları kütləvi hal almağa başlayıb. Ermənilərin azərbaycanlılara qarşı silahlı hücumları 1905-ci ildən sistemli xarakter alıb. Bu hücumlar artıq vahid mərkəzdən planlaşdırılırdı və idarə edilirdi. Vahid mərkəz rolunu isə erməni kilsəsi oynayırdı. Beləliklə, erməni siyasi partiyaları, əsasən də Daşnaksutyun partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayıb. Yenə vurğulayım ki, bütün proseslər kilsə tərəfindən idarə edilir, tədbirlər kilsələrdə keçirilir, kilsələr silah anbarı kimi istifadə edilirdi, kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar edirdi.

– Yəni xristian ermənilər dinlərinə bu qədər bağlı idilər ki, yalnız kilsənin dediyi ilə oturub-dururdular?

– Əlbəttə yox. Sadəcə, ermənilərin o zaman dövləti yox idi və mərkəz rolunu kilsə oynayırdı. Bu şəraitdə ermənilərin azərbaycanlılara qarşı silahlı hücumlarının növbəti mərhələsi 1918-1920-ci illəri əhatə edir. Bu illərdə Çar Rusiyası çökmüşdü, dünyada və regionda köklü dəyişikliklər baş verirdi. Erməni silahlı birləşmələri Cənubi Qafqazda azərbaycanlıların məskunlaşdığı bütün yaşayış məntəqələrinə basqın edirdilər. Yaşayış məntəqələri yandırılırdı, azərbaycanlı əhali kütləvi şəkildə məhv edilirdi və dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirilirdi. Bu zaman azərbaycan xalqı öz müqəddəratını Azərbaycan Demokratik Respublikası (ADR) formasında müəyyənləşdirmişdi. Ermənilər isə tarixi Azərbaycan torpaqlarında Ararat respublikası yaratdıqlarını elan etdilər.

– Amma yeni siyasi quruluş ermənilərin Azərbaycana qarşı silahlı hücumlarını dayandırmadı.

– Elədir. Əgər ADR dövründə Azərbaycanın ərazisi 114 min kv km-dən çox idisə, SSRİ-nin tərkibində bu ərazi 86,6 min kv. km.-ə qədər azaldı. Onu da qeyd etmək lazımdır ki, azərbaycanlılar SSRİ dövründə də müxtəlif yollarla Ermənistandan çıxarılıblar. Bu siyasət rəsmi Moskvanın dəstəyi ilə mərhələlərlə həyata keçirilib. SSRİ dövründə dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi məsələsi qaldırılıb.

– 1988-1989-cu illərdə Ermənistan azərbaycanlıları doğma yerlərindən çıxamaq  siyasətində sonuncu addımı atdı.

– Həmin illərdə indiki Ermənistanın ərazisindən azərbaycanlılar son nəfərinədək deportasiya edildilər. Ayağı yer tutan Dağlıq Qarabağ erməniləri antikonstitusion çıxışlara başladılar və nəhayət, Ermənistan Azərbaycana qarşı genişmiqyaslı silahlı təcavüzə başladı. Beləliklə, ermənilərin azərbaycanlılara qarşı 1905-ci ildən başladıqları silahlı basqınları sistemli və kütləvi xarakter aldı. Bu hücumların təşkilində isə erməni siyasi partiyaları aparıcı rol oynayırdılar. Lakin həmin vaxtdan bu hücumlar vahid mərkəzdən idarə edilib. Bir daha vurğulayım ki, ermənilərin dövləti olmadığı üçün mərkəz rolunu kilsə oynayıb. 1918-ci ildə ermənilər öz dövlətlərini elan etdilər və həmin andan siyasi və hərbi idarəçilik dövlətə verilsə də, erməni kilsəsi öz rolunu qoruyub saxlayıb. Elə indinin özündə də, təcavüz cinayətlərinin törədilməsində erməni kilsəsi, demək olar ki, “Ermənistan” adlanan dövlətlə eyni səviyyədə rol oynayır. Sovet dövründə də, qeyd etdiyimiz kimi, azərbaycanlılara qarşı deportasiya siyasəti müxtəlif formalarda (əsasən gizli) davam etdirilib. Sonuncu mərhələ 1980-ci illərin sonunda başlayıb.

– 1988-1989-cu illərdə cəmi bir neçə ay ərzində 250 mindən çox azərbaycanlı öz tarixi torpaqları olan indiki Ermənistan ərazisindən deportasiya edilib. Halbuki Moskva bunun qarşısını o zaman dərhal ala bilərdi.

– Bəli, çox qısa bir zaman ərzində, daha doğrusu, cəmi bir neçə ay ərzində indiki Ermənistanın ərazisindən, rəsmi məlumatlara əsasən, 250 mindən çox azərbaycanlı deportasiya edildi. Burada bir neçə məqamı vurğulamaq lazımdır. Doğrudanmı, o vaxt Ermənistanda cəmi bu qədər azərbaycanlı yaşayırdı? Bu rəqəm həmişə məndə şübhə doğurub, indi də doğurur. Əslində Ermənistanda yaşayan azərbaycanlıların sayı həmişə məqsədyönlü şəkildə azaldılıb. Digər tərəfdən, azərbaycanlıların xeyli hissəsi deportasiya zamanı Rusiyaya gediblər, onlar nəzərə alınıblarmı? Belə suallar çoxdur. Onu da qeyd etməliyik ki, deportasiya zamanı soydaşlarımız arasında xeyli, o cümlədən xüsusi qəddarlıqla öldürülənlər, işgəncələrə və qeyri-insani davranışa məruz qalanlar da olub. Bütün bu prosesə rəsmi Yerevan rəhbərlik edib, azərbaycanlılara qarşı törədilən bu cinayətlər rəsmi dövlət strukturlarının və milisin iştirakı ilə həyata keçirilib. Həmin dövrdə deportasiyanın qarşısını almaq üçün rəsmi Moskvanın çox imkanları və resursları var idi. Amma SSRİ rəhbərliyi buna göz yumdu və yalnız faktiki olaraq deportasiya başa çatandan sonra hərəkətə keçərək imitasiyalarla məşğul olmağa başladı. Yadımıza sala bilərik: Mixail Qorbaçovun Azərbaycan və Ermənistan ziyalıları ilə keçirdiyi birgə iclas, həmin iclasda böyük müğənnimiz, dahi Müslüm Maqomayevin yaddaqalan çıxışı, Qorbaçovun özünün ermənistanlı akademik Ambarsumyana irad tutaraq, 20-ci əsrin əvvəllərində İrəvanda nə qədər azərbaycanlının yaşaması və indi nə qədər olması barədə imitasiya xarakterli sualı və s. Belə misallar çoxdur. Amma praktikada Moskva heç nə etmədi və faktiki olaraq Ermənistana dəstək verdi.

– Bunun səbəbini nə ilə izah etmək olar? 

– Çünki SSRİ ağır günlərini yaşayırdı, ölkə rəhbərliyi plansız şəkildə gündə bir yeniliklə çıxış edirdi, ölkədə çox ağır sosial-iqtisadi vəziyyət yaranmışdı, işləyən insanlar aylarla məvaciblərini ala bilmirdilər. Mağazalar boş idi, ərzaq məhsulları talonlarla satılırdı, onları da tapmaq həmişə mümkün olmurdu. Belə bir vəziyyətdə ölkədə etirazlar genişlənirdi, bu etirazlar əsasən böyük şəhərlərdə baş verirdi. Tarix boyu olduğu kimi, Moskva yenə də etiraz aksiyalarını əyalətlərə istiqamətləndirməkdə maraqlı idi. Bunun üçün etnik zəmində baş verən toqquşmalar ən ideal vasitə idi. Çünki belə qarşıdurmalar əhalinin fikrini hakimiyyətə qarşı siyasi və sosial tələblər irəli sürməkdən yayındırır və qarşı tərəflə mübarizəyə kökləyir. Odur ki, Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) təxribat maşını işə salındı.

– Bəs bu təxribat maşını niyə məhz azərbaycanlılara qarşı qaha qəddarlıqla həyata keçirildi?

– Onu deyim ki, Cənubi Qafqaz təhlükəsizlik baxımından çox vacib bir məkandır. Bundan əlavə, rəsmi Moskva həmişə Cənubi Qafqazda böyük türk faktorunun tərkib hissəsi olan azərbaycanlılara ehtiyatla yanaşıb. Məhz bu faktoru neytrallaşdırmaq üçün bu regionda “Ermənistan” adlanan dövlət yaradılıb. Odur ki, Ermənistanın azərbaycanlıları deportasiya etməsi və sonradan Azərbaycana qarşı iddialarla çıxış etməsi rəsmi Moskvanın maraqlarına uyğun gəlirdi. Həm də yaddan çıxarmamalıyıq ki, biz müsəlmanıq və xristian ermənilər Cənubi Qafqaza məhz Rusiyanın maraqlarına xidmət etmək üçün köçürülüblər. Odur ki, azərbaycanlıların Ermənistandan deportasiyası fonunda rəsmi Moskvanın susqunluğu, biganəliyi və hərəkətsizliyi aydındır.

– 1987-ci il iyulun 18-də Avropa Parlamenti Türkiyədə “erməni soyqırımı” iddialarını tanıyıb və “soyqırım qurbanlarına” xatirə günü təsis edib. Yəqin buna görə də indi həmin parlamentdə Azərbaycandan olan nümayəndələrin ədalətə çağırışı çox gərgin keçir.

– Erməni terrorçuları keçən əsrin 80-ci illərində sevinclə vurğulayırdılar ki, erməni siyasətçilərinin uzun illər ərzində nail ola bilmədiyinə, cəmi bir neçə il ərzində nail olduq. Ermənilər XX əsr boyu qondarma “erməni soyqırımı” iddialarını dünyaya çatdırmaq, onun tanınmasına nail olmaq istiqamətində daim fəaliyyət göstəriblər, müxtəlif legitim və qeyri-legitim yollarla, siyasi vasitələr və zorakılıq metodları ilə öz məqsədlərinə çatmağa çalışıblar, indi də çalışırlar. Bu istiqamətdə onlar 1987-ci ildə Avropa Parlamentində Fransa nümayəndə heyətinin xüsusi səyləri sayəsində qərar qəbul edilməsinə nail oldular. Onu da deyim ki, Avropa Parlamenti qərarlarında, misal üçün, 2010-cu ildə qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ və digər ərazilərin işğal altında olması faktını tanıyıb və Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsini tələb edib. Avropa Parlamenti Avropa İttifaqının parlament təsisatıdır. Avropa İttifaqının üzvü olmadıqlarına görə Avropa Parlamentində nə Azərbaycan, nə də Ermənistan təmsil olunur. Hər iki dövlət 2001-ci ildən Avropa Şurasının üzvüdür və onların nümayəndə heyətləri Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) qarşılaşırlar. Odur ki, nümayəndə heyətləri arasında gərginlik, əsasən, Avropa Parlamentində deyil, AŞPA-da yaşanır. Əlbəttə, Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-da ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanılmasını daim diqqət mərkəzində saxlayırlar. Ümumiyyətlə, AŞPA 2005 və 2016-cı illərdə Dağlıq Qarabağ problemi ilə bağlı qətnamələr qəbul edib. Sərsəng Su anbarının işğal altında qalması və Ermənistanın sudan silah kimi istifadə etməsi nəticəsində cəbhəyanı ərazilərdə əhalinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qəbul edilmiş 2016-cı il qətnaməsi böyük əhəmiyyətə malikdir. Belə ki, ilk dəfə olaraq bu qətnamədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etməsi təsbit edilib, Ermənistandan silahlı qüvvələrini bölgədən çıxarması tələb edilib. AŞPA-nın qətnaməsində təsbit edilmiş bu müddəa Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə biri-birini tamamlayır.

– ABŞ Senatı xarici işlər üzrə komitəsinin qəbul etdiyi 1989-cu il 17 noyabr  qətnaməsi “Dağlıq Qarabağ xalqının mübarizəsinin ABŞ tərəfindən müdafiə olunmasının ifadəsi” kimi qələmə verilsə də, qətnamənin mətnindən aydın olurdu ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi altında yalnız ermənilər nəzərdə tutulur.

– Bilirsiniz ki, o vaxt erməni lobbisi çox fəal idi. Az qala bütün dünyanı özlərinin haqlı mübarizə apardıqlarına inandıra bilmişdilər. Azərbaycan informasiya blokadasında idi və s. Lakin qısa bir zaman kəsiyində hər şey dəyişdi. Hər hansı dövlətin, o cümlədən superdövlətin parlament komitəsinin qəbul etdiyi sənəd heç bir beynəlxalq-hüquqi qüvvəyə malik deyil. Odur ki, bu gün həmin qətnamə heç bir qüvvəyə malik deyil və o vaxt da heç bir qüvvəsi olmayıb. Deməliyəm ki, dünyada baş verən silahlı münaqişələr, təcavüz aktları, beynəlxalq sülhə təhlükə kimi məsələlər yeganə universal mexanizm olan BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aiddir. BMT Təhlükəsizlik Şurası isə 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişələrinə dair 4 qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurası bu qətnamələrdə, misal üçün 822 saylı qətnamədə, dəfələrlə “Azərbaycanın Dağlıq Qarabağ regionu” və “Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşan ermənilər” ifadəsindən istifadə edib. Bu ifadələr daha fundamentaldır, daha ümumxarakterlidir. Bu ifadələr həm də ermənilərin “Dağlıq Qarabağ xalqı” kimi sərsəm iddialarına birdəfəlik son qoyan dolğun cavabdır. Beləliklə, BMT Təhlükəsizlik Şurasının qətnamələri bütün spekulyasiyalara son qoyur, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir, ermənilərinsə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşan etnik qruplardan biri olduğunu vurğulayır. Odur ki, erməni ideoloqlarının bu hiyləgərliyi də keçərli deyil.

– 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımı insanlığın yaddaşından heç vaxt silinməyəcək Xatın, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır.

– Bəli, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı tarixin ən müdhiş və dəhşətli faciələrindən biri Xocalıda törədilib. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni cinayətkarları tərəfindən azərbaycanlılara qarşı davamlı şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsı kimi tarixə düşdü. Şəhərə hücum zamanı qısa bir müddətdə insanlar kütləvi şəkildə xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib, diri-diri yandırılıb, başları kəsilib, qafa nahiyələrinin və üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarın nahiyələri yarılıb, meyitlər təhqir edilib. Bunlar insanlıq əleyhinə cinayətdir və bu cinayətlərin törədilməsinə görə Ermənistan dövləti məsuliyyət daşıyır. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini, onun iradəsini qırmaq idi. Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsidir və Ermənistan bu cinayət əməllərinə görə tək Azərbaycan qarşısında deyil, dünya ictimaiyyəti qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşıyır.

– Ermənilərin Xocalıya hücumu da birdən-birə baş verməyib.

– Xocalı faciəsi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılıb və şəhər əhalisi olan etnik azərbaycanlıların tam və ya qismən məhvinə yönəlmiş məqsədyönlü qanlı aksiya olub. Silahsız Xocalı sakinlərinə qarşı cinayət təpədən dırnağadək silahlanmış Ermənistanın müntəzəm ordusu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşmış separatçı ermənilərin qeyri-qanuni silahlı birləşmələri, dünyanın müxtəlif ölkələrindən gəlmiş beynəlxalq erməni terror qrupları ilə yanaşı, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə törədilib. Bir faktı heç zaman unutmalı deyilik ki, Xocalıda törədilmiş ağır cinayətlərin kökündə məhz azərbaycanlıların milli mənsubiyyətinə görə tam və ya qismən məhv edilməsi niyyəti  dayanıb. Məlumdur ki, xüsusi niyyətin olması soyqırım cinayəti üçün zəruri şərtlərdəndir və “Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalandırılma haqqında” Konvensiyaya əsasən bu cinayət əməlləri soyqırım cinayətləridir. Azərbaycan tərəfi Xocalı faciəsinin tanınması istiqamətində genişmiqyaslı tədbirlər aparır, artıq müxtəlif ölkələrin parlamentləri tərəfindən bu faciə ilə bağlı qərarların qəbul edilməsinə nail olunub. Belə sənədlərin qəbulu tarixi həqiqətlərin bərpa edilməsi, erməni cinayətkarlarının əsl üzünün dünya ictimaiyyəti tərəfindən tanınması, faciə ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılması mənəvi baxımdan vacib əhəmiyyət kəsb edir. Lakin belə sənədlər siyasi qiymətləndirmə xarakteri daşıyır və onların qəbul edilməsi zəruri olsa da, bu qanlı aksiyanı həyata keçirənlərin beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməsi üçün kifayət deyil.

– Xocalı soyqırımını törədənləri müəyyənləşdirib cəzalandırmaq istiqamətində hansı işlər görülməlidir? 

– Hazırda Xocalıda soyqırım cinayətləri, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri törədənlər sağdırlar, onlar azadlıqdadırlar, Ermənistanda müxtəlif vəzifələrdə çalışırlar və s. Belə ki, törədilmiş cinayət əməlləri özünün beynəlxalq-hüquqi qiymətini almamış qalır. Digər tərəfdən, Xocalıda törədilmiş cinayət əməllərinin soyqırım cinayətləri kimi tövsif edilməsi müvafiq yurisdiksiyaya malik beynəlxalq məhkəmənin səlahiyyətlərinə aid edilə bilər. Odur ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti üçün beynəlxalq ictimaiyyət qarşısında Dağlıq Qarabağ müharibəsi zamanı törədilmiş cinayətlər, o cümlədən Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi iddiasının qaldırması, digər müvafiq tribunalın yaradılmasına nail olunması, indiyədək azadlıqda gəzən, Ermənistanda müxtəlif yüksək vəzifələr tutmuş və ya tutan cinayətkarların ədalət məhkəməsinə cəlb edilməsi ən başlıca məqsədlərdən olmalıdır.

– Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları xarici himayədarları tərəfindən xeyli əvvəl hərtərəfli plan əsasında hazırlanması indi heç kimə sirr deyil. Azərbaycan dövlətini və xalqını gərginlik altında saxlamaq hansı qüvvələrə və niyə maraqlıdır? Bu barədə Azərbaycan KİV-də açıq danışamağın vaxtı deyilmi?

– Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi kökləri ilə yanaşı geosiyasi kökləri də var. Geosiyasi faktor regionun coğrafiyası, təbii enerji resursları və kommunikasiya imkanları, o cümlədən regionu əhatə edən qonşu dövlətlərlə şərtlənir. Bu kontekstdə yanaşanda Cənubi Qafqazda Ermənistan dövlətini yaratmaqda və bu layihəni reallaşdırmaqda uzağa gedən məqsədlərdən biri Türkiyənin regiona təsirinin qarşısını almaq, bölgədə müsəlman-türk faktoru kimi mövcud olan azərbaycanlıları neytrallaşdırmaq olub. Digər tərəfdən, Rusiya Cənubi Qafqazı özünün cənub-qərb isitiqamətində təhlükəsizliyinin təmin edilməsi üçün çox vacib bir məkan hesab edib, bu gün də hesab edir və yəqin ki, gələcəkdə də belə olacaq. Ona görə Rusiya bu məkanı öz təsir dairəsində saxlamaq istəyir. O da məlumdur ki, SSRİ dağılarkən Rusiya çoxsaylı daxili siyasi-iqtisadi-sosial problemlərlə üzləşmişdi və Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq onun üçün çətin idi. Amma Rüsiyaya bu regionda yaranmış yeni dövlətlər arasında ərazi problemlərinin, münaqişələrin olması lazım idi. Hesab edilirdi ki, belə münaqişələrin olması, həmin dövlətlərin Rusiyadan çox uzaqlaşmasına mane olacaq və Rusiya özünə gələn kimi həmin dövlətləri öz təsir dairəsinə qaytaracaq. Fikir verin, Cənubi Qafqazda Gürcüstanın ərazi problemləri var, Ermənistan Azərbaycana silahlı təcavüz edib ərazilərini işğal altında saxlayır. Bu problemlərin meydana gəlməsində Rusiyanın rolu danılmazdır. Digər tərəfdən, Rusiyanın təsir dairəsinin genişlənməsinin qarşısının alınmasında maraqlı olan, Xəzərin enerji resurslarına çıxış əldə etmək istəyən güclər, əsasən də Qərb ölkələri, 90-cı illərdə münaqişələrin olmasında maraqlı idilər və bu regionu özlərinin maraq dairələrinə aid etmişdilər. Üçüncü tərəfdən, Türkiyə və İran Cənubi Qafqazı özünün təhlükəsizlik zonası kimi görürlər. Nəhayət, həmin dövrdə biz bu hadisələrə hazır deyildik. Lakin erməni kilsəsi, erməni diasporu, erməni siyasətçiləri, bütövlüklə erməni toplumu bu təcavüzə uzun illər ərzində ciddi hazırlaşmışdılar, beynəlxalq ictimai şüurda müəyyən anti-azərbaycan fikirlər formalaşdırmışdılar, silahlanmışdılar. Onlar yenə də imperiyanın iflası ərəfəsində hər kəsin öz problemləri ilə məşğul olacağına əmin olaraq yuxarıda göstərdiyimiz amillərdən yararlandılar və öz planlarını reallaşdırmaq üçün Azərbaycana qarşı genişmiqyaslı işğalçılıq müharibəsinə başladılar.

– Onilliklər boyu Ermənistandan Azərbaycana qarşı məqsədli siyasi təsir vasitəsi kimi istifadə edilməsində din amilini də istisna etmək olmaz. İslamofob, anti-müsəlman və anti-türk meyillərinin gücləndiyi dövrdə bizim müdafiə-mübarizə mövqeyimiz necə olmalıdır?

– Qeyd edilməlidir ki, Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılmasının kökündə de-fakto din amili dayandığı inkar edilməzdir. Bu məsələdə Rusiyanın rolu böyük olub. Bu tarixdir. Bölgədə Türkiyə ilə Azərbaycan arasında xrisitan dövləti yaradıldı. Açıq etiraf edilməsə də, erməni tərəfi həmişə azərbaycanlılara qarşı silahlı hücumlarını dünya ictimaiyyətinə din amili müstəvisində izah etməyə çalışıb. Onu da deyim ki, Rusiya da bir çox hallarda regiondakı gərginliyi bu müstəvidə izah etməyə üstünlük verib. 1990-cı ilin Qanlı Yanvar hadisəsini yadımıza salaq: SSRİ prezidenti Qorbaçov öz cinayətkar əməlinə bəraət qazandırmaq üçün utanmadan Azərbaycanda islam fundamentalizminin baş qaldırdığını bildirmişdi. Ermənilər də imkan düşən kimi, Dağlıq Qarabağ probleminin dini amillə qaynaqlanması, müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışmışdı. Lakin Azərbaycan sübut etdi ki, bu həqiqətə uyğun deyil. Tarix boyu ölkəmizdə olan dini tolerantlıq mühiti və indi də bu mühitin qorunub saxlanılması erməni tərəfinin iddialarını iflasa uğratdı. Hesab edirəm ki, belə bir vəziyyətdə, dini baxımdan tolerantlıq ənənələrimizin qorunub saxlanılması ən vacib məsələlərdəndir. Dini tolerantlığın qorunub saxlanılması Azərbaycan xalqının birliyini şərtləndirən amillərdəndir.

– Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə 819,15 milyard dollar məbləğində ziyan dəyib. Müharibə bitəndən sonra bu məbləği ödəmək iqtidarında olmayan Ermənistanla münasibət necə qurulmalıdır?

– Ərazilərin işğalı zamanı ölkəmizə insan tələfatı ilə yanaşı, külli miqdarda maddi və mənəvi zərər vurulub. Əfsuslar olsun ki, uzun müddət bu zərərin hesablanması istiqamətində sistemli iş aparılmayıb və bu zərərin hesablanması üçün sistemli metodologiya tədbiq edilməyib. Rəsmi məlumatlara əsasən 1994-cü il qiymətləri ilə müharibə nəticəsində Azərbaycan 60 milyard ABŞ dollarından artıq maddi zərər vurulub və bu rəqəm İslam Əməkdaşlıq Təşkilatının 2008-ci ildə qəbul etdiyi qətnamədə öz əksini tapıb. Lakin sonradan Azərbaycana bilvasitə dəyən zərərlərin miqdarı artmaqda davam edib. 2012-ci ildə ilk addım kimi konkret metod əsasında ölkəmizə 400 milyarddan artıq maddi zərər vurulduğu haqqında tədqiqat çap edildi. Bu, ilk addım idi. Bundan sonra sanki bu sahədə canlanma baş verdi və müəyyən hesablamalar aparıldı. İndi həmin rəqəmin 800 milyard ABŞ dollarından çox olması barədə məlumat verilib. Dəymiş zərərin hesablanmasında ən çətin məsələlərdən biri mədəniyyət abidələrinə dəymiş zərərin və mənəvi zərərin hesablanmasıdır. Bu istiqamətdə də müxtəlif beynəlxalq praktika var. Belə ki, təcavüz və işğal nəticəsində Azərbaycana dəymiş zərərin hesabalanması və ödənilməsi ilə bağlı qərarı son instansiya kimi müvafiq yurisdiksiyaya malik olan beynəlxalq məhkəmə verməlidir. Əks halda səsləndirilən rəqəmlərin mənası olmayacaq. Siz qeyd edirsiniz ki, Ermənistan müharibə nəticəsində Azərbaycana vurduğu zərəri ödəmək iqtidarında deyil. Bəs nə etməli? Bu məsələ də beynəlxalq hüquqda presedentlərə malikdir. Misal kimi İkinci Dünya Müharibəsinin yekunlarını göstərə bilərik. Həmin dövrdə Almaniya nasistlər tərəfindən müharibə nəticəndə vurulmuş zərəri ödəmək imkanından məhrum idi. SSRİ bu məsələni Almaniya ərazisini özünə birləşdirməklə və s. vasitələrlə kompensasiya etməklə həll etdi. Bu məslələrdə, ümumiyyətlə, Azərbaycan tərəfinin öz maraqlarını təmin etmək, vurulmuş zərərin ödənilməsinə nail olmaq məqsədilə Beynəlxalq hüququn mövcud prinsiplərinin və bu çərçivədə yaradılmış mexanizmlərin işlək olmasına nail olması ən zəruri məsələlərdəndir.

– Müsahibəyə görə təşəkkür edirik, Ramiz müəllim.

TANITIM:

Sevdimalıyev Ramiz Məmmədəli oğlu 1957-ci ildə anadan olub. Siyasi elmlər doktorudur, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisidir. 2 monoqrafiya  və 100-ə yaxın elmi məqalə müəllifidir. Əsas maraq dairəsi: beynəlxalq münasibətlər və qlobal siyasi proseslər, beynəlxalq terrorizm və ona qarşı mübarizənin aktual problemləri, silahlı münaqişələr və onların tənzimlənməsi problemləri və digər sahələrdir.

Ş.Nəzərli.

http://salamnews.org/az/news/read/262455
Yazı müsabiqədə I yerə layiq görülüb