Ermənilərin yer üzündən silməyə çalışdığı Qaradağlıdan AZƏRTAC-ın reportajı – SAKİNLƏR DANIŞIR

Nyu-Yorkda 36 mərtəbəli Türk evinin açılış mərasiminin tarixi məlum olub
Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub
Prezidentin köməkçisi: “Azərbaycan 1 200 erməni hərbi qulluqçusunun meyitini qaytarıb”

Qaradağlı faciəsindən 32 il ötür

Otuz ildən çox erməni işğalı altında qalan torpaqlarımız indi azaddır. Ötən illər ərzində beynəlxalq birlik bu ədalətsizliyə göz yummağa çalışsa da, ikili standartlar tətbiq olunsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində haqq-ədaləti bərpa etdi. Azadlığına qovuşan yurd yerlərimizdən biri də Qaradağlıdır. O Qaradağlı ki, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparmışdı…

AZƏRTAC-ın bölgə müxbiri Xocavəndin Qaradağlı kəndində olub, burada törədilən erməni vandalizmini elə sakinlərin dilindən dinləyib. Onun qeydlərini təqdim edirik.

Səhər çağıdır, dan yeri sökülməyib, amma biz yol yoldaşlarımız olan Qaradağlı sakinləri Eyvaz Tağıyev, Şahruz Əliyev və Xudayat Tağıyevlə birlikdə Xocavəndə sarı yola çıxırıq. Onlar uzun illər sonra ilk dəfədir dədə-baba yurdlarına ayaq basacaqlar. Avtomobil irəlilədikcə daha səbirsiz olduqları üzlərindən sezilir.

Füzuli rayonunun Alxanlı adlanan ərazisində posta yaxınlaşırıq, Daxili İşlər Nazirliyinin əməkdaşları sənədlərimizi yoxlayır və təhlükəsizlik qaydaları, eləcə də minalanmış ərazilər barədə bizi ətraflı məlumatlandırırlar. Sonra 44 günlük Zəfər yürüşündə azad edilən ərazilərlə irəliləyirik. Xocavənd ərazisinə çatdıqda yenidən qaydalara uyğun olaraq polis postunu keçir və ANAMA-nın əməkdaşının müşayiəti ilə Xocavəndə doğru yol alırıq. Azərbaycan Ordusunun lokal antiterror tədbirləri zamanı azad etdiyi Xocavəndin mərkəzi hissəsinə çatırıq. Hər tərəfə sükut çökub, sadəcə ərazidə çalışan işçilərlə rastlaşırıq. Qaradağlı kəndinə tərəf gedirik. Bir qədər məsafə qət etdikdən sonra Eyvaz Tağıyev sürücüyə avtomobili saxlamağı xahiş edir.

Xandəmir kişi qızının cehizini apararkən yolda öldürüldü

Məlum olur ki, Qaradağlı faciəsininin ilk şəhidi elə burada qətlə yetirilib. Eyvaz Tağıyev deyir ki, həmkəndlisi öz qızına cehiz apararkən ermənilər tərəfindən öldürülüb: “1988-ci ildən başlayaraq ermənilər azərbaycanlı əhalini təhdid edirdilər. 1990-cı il idi, həmkəndlimiz Xandəmir qızını Ağdama gəlin köçürməyə hazırlaşırdı. Qızının cehizini Füzuli rayonundan gələn maşına yükləyərək Ağdama üz tutdular. Dayandığımız bu yerdə ermənilər maşını saxlayaraq Xandəmir kişini və digər iki Füzulu sakinini qətlə yetirdilər. Kəndimizin ilk şəhidi də Xandəmir kişi oldu”.

Yenidən avtomobilə əyləşib, yolumuza davam edirik. Artıq Qaradağlı kəndinə çatmışıq, xarabalığa çevrilən evlər ürək ağrıdır… Hətta məzarlıqda erməni vandalizminin izləri açıq-aşkar görünür. Qaradağlıdan geriyə qalan yalnız dağlar, dərələr, bir də kəndin mərkəzindən axan çaydır.

Təhqir edilən baş daşları, qazılıb çıxarılan məzarlar…

Kəndin girişində, məzarlıqda dayanırıq. Kənd sakinləri ANAMA-nın əməkdaşının müşayiəti ilə yaxınlarının məzarlarını tapmağa çalışırlar. Amma nəticəsiz qalır, çünki baş daşları sındırılıb, hətta bir çox qəbir qazılaraq dağıdılıb.

Gözləri yaşla dolan Eyvaz Tağıyev bir anlıq sükuta dalır və deyir: “Bura bizim ata-babalarımızın dəfn olunduğu yerdir. Amma əsər-əlamət qalmayıb. Ermənilər bütün məzarları dağıdıblar. Mərmərdən baş daşları var idi, onları da aparıblar, qalan qəbirləri qazıb çıxarıblar. Çox az başdaşı qalıb, sanki buradan barbarlar keçib. Hətta bu məzarlıqda Qaradağlı işğal olunmamışdan öncə ermənilərin qətlə yetirdiyi şəhidlərimiz dəfn olunmuşdu. Xandəmir kişidən sonra, kəndimizin kolxoz sədrini də Xocavəndən gələrkən maşında güllələmişdilər. Kəndin sakinlərini yasdan gətirən avtobus da gülləbaran edilmişdi. O vaxt 8 nəfər öldürüldü, 23 nəfər yaralandı. Sonra Vərəndəli kəndində özünümüdafiə dəstəsindən olan iki həmkəndlimiz qətlə yetirildi. Daha sonra Vərəndəli kəndi ərazisində fermada işləyən altı həmyerlimiz gecə vaxtı yatarkən yanlarına əl qumbarası atıldı və yandırılaraq öldürüldülər. Onlar da burada dəfn olunmuşdular…”.

Məzarlıqdan sonra kənd mərkəzinə doğru hərəkət edirik, amma dörd tərəf də viran qoyulub. Sadəcə bir-iki tikili nəzərə çarpır ki, onları da ermənilər işğal zamanı tikərək təsərrüfat binası kimi istifadə ediblər. Səfər yoldaşlarımızdan olan Şahruz Əliyev bir anlıq dayanır və öz yaşadığı evin səmtini tapdığını söyləyir. Daha sonra irəliləyərək bir gözündə sevinc, bir gözündə kədər göz yaşı ilə “bura bizim evdir” deyir. O, başına gələnləri danışır: “1967-ci ildə bu kənddə dünyaya göz açmışam, uşaqlıq illərim, gəncliyim burada keçib. Digər evlər kimi bizim evi də dağıdıblar. Kəndimizi ov tüfəngləri ilə müdafiə edirdik. Dörd il qoruyub saxlaya bildik, 1992-ci ildə sursatımız tükəndi. Ermənilər sakinləri Ağdama təxliyə edəcəkləri barədə vəd versələr də, qadın, qoca, uşaq demədən hər kəsi əsir götürərək Xankəndiyə apardılar. Mən özüm də əsirlikdə idim, olmazın işgəncələr verirdilər. Bir çox insanı yolda öldürüb, silos quyusunda basdırdılar. Əsirlikdə də işgəncələrdən ölənlər oldu. İndi görürəm ki, kəndimizə də o cür divan tutublar. Burada bizim ev var idi, amma onu tamamilə dağıdıblar, həyətimizin aşağı hissəsində özləri üçün ev tikiblər. Hətta ağaclarımızı kəsib yoxa çıxarıblar. Şükürlər olsun bu günə ki, Müzəffər Ali Baş Komandanımızın və güclü ordumuzun sayəsində digər yerlər kimi, Qaradağlı da azaddır və biz doğma torpağımıza qovuşmuşuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.

“Bizə necə işgəncə veriblərsə, kəndimiz də eyni taleyi yaşayıb…”

Kənddə növbəti dayanacağımız Eyvaz Tağıyevin böyüyüb boya-başa çatdığı yer olur. Ona görə yer deyirəm ki, burada da evdən, həyətdən, yurddan əsər-əlamət yoxdur. Sadəcə geriyə qalan evin dağıdılan divarlarıdır.

Xudayat Tağıyev də öz evini tapmağa çalışır… Amma evinin səmtini tapmaqda çətinlik çəkir. Nəhayət, çay dərəsi yaxınlığında olan evinin yerini tapır. Bir zamanlar həyətində samovar dəmələyər, evin önündə iri daşın üzərində oturardı. O anları yada salan Xudayat Tağıyevin gözləri dolur…

“Evimizin eyvanına çıxanda işıq saçan, bacalarından ocaq tüstüsü çıxan kəndimiz görünərdi. Çünki bizim ev kəndin hündür hissəsində yerləşirdi. İndi isə hansı tərəfə boylanıram, xarabalıq görürəm. Bu, sadəcə dəhşətdir. Əsirlikdə qaldığım vaxt çox işgəncələr gördüm, həmyerlilərimizi gözümüzün önündə qətlə yetirdilər. Bizə necə işgəncə veriblərsə, kəndimiz də eyni taleyi yaşayıb… Şükürlər olsun bu günə ki doğma yurdumuz indi azaddır. İllərdir həsrətində olduğumuz yurd yerlərimizə qovuşmuşuq. İnanırıq ki, tez bir zamanda bu yerlər də abadlaşacaq, Qaradağlı kəndi yenidən qurulacaq”, – deyə Qaradağlı sakini bildirir.

Beləliklə, kənd sakinləri illər sonra doğma yurdlarına qədəm qoyaraq, çətinliklə də olsa öz evlərini axtarıb tapdılar və ötən xatirələri yada saldılar. Həm sevindilər, həm kövrəldilər, həm də faciəli günlərin ağrı-acısını bir-biri ilə bölüşdülər…

Artıq axşam düşürdü. Günəşin batmasına az qalmışdı. Geri qayıtmaq üçün yola çıxmaq lazım idi və belə də edirik. Yol boyu bir daha xatirələr yada salınır, təəssüratlar paylaşılır və ümumi bir arzu dilə gətirilir: Yenidən qurulmuş, firavan həyatın başlayacağı Qaradağlıya tezliklə qayıtmaq ümidi ilə…

Qeyd edək ki, Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfər böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli idi. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800-ə yaxın sakini məcburi köçkün düşüb.