ERMƏNİSTANIN TƏŞƏKKÜLÜ VƏ İRƏVANIN ERMƏNİLƏRƏ VERİLMƏSİ MƏSƏLƏSİ

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili
AVCİYA prezidenti Elxan Süleymanov möhtəşəm qələbə münasibətilə Ali Baş Komandanı və xalqımızı təbrik edib
Ermənilər Qafqazda yerli xalq deyil

(İlk dəfə elmi dövriyyəyə daxil edilən tarixi sənədlər işığında)

1918-Cİ İLDƏ İRƏVAN BÖLGƏSİNDƏ ERMƏNİ DÖVLƏTİ NECƏ VƏ HANSI ÖHDƏLİKLƏR QARŞILIĞINDA YARADILDI?

Vasif QAFAROV

AMEA A.A.Bakıxanov adına Tarix

İnstitutunun aparıcı elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru, dosent

III HİSSƏ

Cənubi Qafqaz federasiyasının parçalanması halında erməni dövlətinin yaradılması məsələsi ətrafında Batumla İstanbul arasında intensiv müzakirələrin getdiyi bu günlərdə Tiflisdə çox mühüm hadisələr baş verdi. 1918-ci il mayın 26-da gürcülər Cənubi Qafqaz federasiyasından çıxıb Gürcüstanın müstəqilliyini elan etdilər. Ertəsi gün müsəlman fraksiyasının nümayəndələri də toplaşaraq özlərini Azərbaycan Milli Şurası elan etdilər və bu şura mayın 28-də Azərbaycanın müstəqilliyini elan etdi. Gürcü və azərbaycanlılar özlərinin istiqlallarını konkret ərazi hüdudlarında elan etdilər. Ermənilər isə, mövcud şərtlər altında belə bir konkret əraziyə malik olmadıqlarından Batum danışıqlarının nəticələrini gözləməli oldular.

1918-ci il mayın 26-da gürcülər müstəqilliklərini elan etdikdən sonra elə həmin axşam Seymin erməni nümayəndələri keçirdikləri iclasda gürcüləri ermənilərə xəyanətdə günahlandırdılar. Eserlər və bitərəflər türk-erməni cəbhəsində şiddətli döyüşlərin getdiyini və elan edilən müstəqilliyin də türk təhlükəsinə məruz qalacağını əsas gətirərək, müstəqilliyin elan edilməsinin əleyhinə çıxdılar. Mövcud vəziyyətdə müstəqilliyin elan edilməsi məsələsində Daşnaksütyun partiyasında da parçalanma baş verdi. Məclis sədri Avetis Aharonyan, Ruben Ter-Minasyan və Artaşes Babalyan müstəqillik fikrini qəti şəkildə rədd etdikləri halda, Simon Vratziyan və Xaçatur Karçikyan onlara əks mövqedən çıxış etdilər. Buna görə də bu iclas müstəqilliyin elan edilib-edilməməsi məsələsində qəti bir qərara gələ bilməyib, məsələnin daha sonra müzakirə edilməsi haqqında qərar qəbul edərək yekunlaşdı.

Bu ümumi iclasdan sonra Daşnaksütyun partiyasının liderləri Batumdakı erməni nümayəndələri O.Kaçaznuni və A.Xatisovla əlaqə saxladılar və məlum oldu ki, Osmanlı hökuməti İrəvan hüdudlarında erməni kantonunun yaradılmasına razılıq vermişdir. Bundan sonra daşnak liderləri elə həmin gecə, yəni mayın 26-da daha bir iclas keçirdilər və burada aparılan müzakirələrin yekununda erməni Milli Məclisinin hökumət funksiyalarını öz üzərinə götürməsi və idarəçilik mərkəzinin Tiflisdən İrəvana köçürülməsi haqqında qərar qəbul edildi. Mayın 27-də Batumdan qayıdan O.Kaçaznuni və A.Xatisov Erməni Milli Məclisinə Osmanlı hökuməti ilə aparılan danışıqlar haqqında ətraflı məlumat verdilər və nəyin bahasına olursa-olsun, ermənilərin qurtuluşu üçün yeganə çarənin müstəqilliyin elan edilməsində və Türkiyə ilə sülhə nail olunmasında olduğunu xüsusi vurğuladılar.

Mayın 28-də gecə yarısı, Erməni Milli Şurası Ermənistanı müstəqil respublika, özünü isə respublikanın ən ali hakimiyyət orqanı elan etməyi və Batuma müstəqil Ermənistan adından bir heyət göndərməyi qərara aldı. O.Kaçaznuni yazırdı ki, belə səlahiyyəti Erməni Milli Şurası Erməni Milli Məclisindən almamışdı və buna baxmayaraq, formal maneələr qarşısında dayanmırdı və nəticədə hakimiyyətin həddini aşmasında onu təqsirləndirmək heç kəsin ağlına gəlmirdi.

Bununla belə, Erməni Milli Şurası qəbul etdiyi bu qərarı yerinə yetirib, Ermənistanın müstəqilliyini elan etmədi. Ertəsi gün, mayın 29-da axşam Daşnaksütyun partiyasının bürosu və partiyanın Tiflis Mərkəzi Komitəsi, sabiq Seymin daşnak üzvləri və Erməni Milli Məclis üzvlərinin birgə iclası keçirildi və bu iclasda “hələlik bir koalisiya tərəfindən idarə ediləcək bir Ermənistan Respublikasının elan edilməsi” haqqında qərar qəbul edildi. Lakin yenə də müstəqillik elan edilmədi. Çünki ilk öncə erməni dövlətinin hansı ərazi hüdudlarında elan edilməsi məsələsi həll edilməli idi. Buna görə də 29 may iclasından dərhal sonra, gecə A.Xatisov, O.Kaçaznuni və M.Papacanovdan ibarət erməni nümayəndə heyəti Türkiyə ilə danışıqları davam etdirmək üçün tələm-tələsik Batuma yollandılar. A.Xatisovun rəhbərlik etdiyi bu heyətə Türkiyə ilə danışıqları davam etdirib sülhə nail olmaq üçün fövqəladə səlahiyyətlər verilmişdi. Mayın 30-da səhər tezdən saat 4-5 radələrində Batuma yetişən erməni nümayəndələri dərhal Xəlil bəylə danışıqlara başladılar.

Qeyd edək ki, erməni nümayəndələri Tiflisdən Batuma qayıdana qədər Xəlil bəyin Aleksandropolu ermənilərə güzəştə getmək üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu. Ənvər paşanın dirənişi qarşısında Tələt paşa da Aleksandropolu ermənilərə güzəştə getməmək mövqeyində israr etdi. Bununla da, Xəlil bəy siyasi mərkəzi İrəvan şəhəri olmaqla erməni kantonunun yaradılması haqqında qəti qərara gəldi və bu barədə M.Ə.Rəsulzadə və M.H.Hacınskiyə məlumat verdi. Bundan sonra Batumdakı Azərbaycan nümayəndələrinin tövsiyəsi ilə formal prosedurları tamamlamaq üçün Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixində Həsən bəy Ağayevin sədrliyi və Mustafa Mahmudovun katibliyi ilə keçirilən iclasında İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi müzakirə olundu. Baş nazir F.X.Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə Şuranın üzvləri ilə Erməni Milli Şurasının üzvləri arasında aparılmış danışıqlar haqqında məlumat verdi. Fətəli xan öz məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türklər tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan etdi. Daha sonra bu məsələ ilə bağlı Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov çıxış edərək İrəvanın ermənilərə güzəştə gedilməsinin tarixi zərurət, lakin bizim üçün qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər. Nəticədə, iclasda iştirak edən 20 nəfər Milli Şura üzvündən 16 nəfəri “İrəvanın ermənilərə güzəştə gedilməsi” təklifinin lehinə, 1 nəfəri əleyhinə səs verdi, 3 nəfər isə bitərəf qaldı. Azərbaycan Milli Şurası İrəvanın ermənilərə güzəştə gedilməsi ilə bağlı qərar qəbul edən kimi, elə həmin gün F.X.Xoyski Batuma, Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınskiyə göndərdiyi teleqramında Milli Şuranın qərarı haqqında məlumat verərək bildirdi ki, “biz ermənilərlə bütün mübahisələri sona çatdırdıq, onlar ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar. Biz İrəvanı güzəştə getdik”. Bununla da, İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi hüquqi cəhətdən də ermənilərin xeyrinə həll edilmiş oldu.

Erməni nümayəndələri Batuma qayıtdıqdan sonra, mayın 30-da sübh tezdən Osmanlı-erməni ikitərəfli formatında, daha sonra Osmanlı-erməni-Azərbaycan üçtərəfli formatında danışıqlar başladı. Çox qısa və ultimativ şəkildə aparılan bu danışıqlarda Xəlil bəy ermənilərin Aleksandropol şəhəri və Axalkələk qəzası ilə bağlı tələblərini rədd etdi. Lakin erməni nümayəndələrinin dirənişi qarşısında, Xəlil bəy ermənilərin lehinə bəzi ərazi güzəştlərinə getdi. O, Ənvər paşanın bütün xəbərdarlıqlarına baxmayaraq, Aleksandropol qəzasının bəzi şərq ərazilərini ermənilərə güzəştə gedəcəyini bildirdi və bunu tərəflər arasında “dostluq münasibətlərinin qurulmasının başlanğıcı olaraq” Türkiyənin ermənilərə bir lütfü kimi qəbul etmələrini vurğuladı. Erməni nümayəndə heyətinin rəhbəri A.Xatisov erməni dövlətinin yaradılması üçün ayrılan ərazilərin erməni xalqının ən zəruri ehtiyaclarını ödəməyə belə, kifayət etməyəcəyini ifadə edərək, bu ərazinin həddindən çox az olmasından şikayətləndi. O, eyni zamanda “erməni məsələsi”nin beynəlxalq bir problem olduğunu önə çəkərək, bu cür davranmaqla bu problemi həll etməyin mümkün olmayacağını vurğuladı və ardınca bildirdi ki, Türkiyənin təklif etdiyi sərhədlər iki xalq arasında daimi bir düşmənçiliyə yol açacaqdır. A.Xatisova cavab verən Vehib paşa bildirdi ki, ermənilərə daha çox ərazinin qalması üçün Ermənistan daxilindəki bütün müsəlmanları böyük məmnuniyyətlə Türkiyəyə köçürə bilərik. O, həmçinin erməni məsələsinin beynəlxalq bir problem olduğunu qəbul etdiyini bildirməklə yanaşı, erməni dövlətinin müstəqilliyinin Osmanlı hökuməti tərəfindən tanınacağını da xüsusi vurğuladı və daha sonra qeyd etdi ki, türk və erməni xalqları arasında daimi düşmənçilikdən bəhs etməyə heç bir ehtiyac yoxdur, çünki bütün millətlər mövcudiyyətlərinə kiçik sahələrlə başlayırlar, daha sonra tədricən inkişaf edirlər. Vehib paşa onu da xüsusi olaraq vurğuladı ki, türk-erməni dostluq münasibətlərinin qurulması üçün bundan uyğun bir zaman olmayacaq. O, erməniləri onlara verilən bu şansdan yararlanmağa çağırdı. Əslində ermənilərin türklərin irəli sürdüyü şərtləri qəbul etməkdən başqa digər bir çıxış yolu yox idi. Çünki türk-erməni cəbhəsindəki vəziyyət, eyni zamanda ermənilərin öz daxili problemləri tezliklə sülhə nail olunmasını diktə edirdi. Nəticədə, Osmanlı heyəti Batum konfransına təqdim etdiyi ərazi tələblərindən Aleksandropol qəzasının Ağbulaq, Hamamlı, Hanvalı və Qarakilsə kimi şərq ərazilərini ermənilərə güzəştə getdi. Aleksandropol qəzasının 3612,9 km2 ərazisinin, qəza mərkəzi olan eyniadlı şəhər də daxil olmaqla, 1600 km2-lik qərb hissəsi Türkiyəyə keçir, yerdə qalan ərazisi isə ermənilərdə qalırdı.

Bundan sonra Osmanlı-erməni-Azərbaycan üçtərəfli formatında aparılan danışıqlarda erməni dövlətinin Azərbaycanla olan sərhədi barədə müzakirələr getdi və nəticədə Ermənistan-Azərbaycan sərhədinin Göyçə gölü olması barədə razılıq əldə edildi. Bununla da, erməni kantonunun Osmanlı imperiyasının yeni sərhədləri ilə Göyçə gölü arasında yaradılması haqqında yekun razılıq əldə edilmiş oldu. Xəlil bəy mayın 30-da səhər saat 5:45-də sədrəzəmə göndərdiyi teleqramda Batumda aparılan bu son Osmanlı-erməni-Azərbaycan danışıqlarında əldə edilən razılaşmalarla bağlı yazırdı: “İndi erməni nümayəndələr gəldilər… Bizim iznimizlə ermənilərlə müsəlmanlar ermənilərə ayrılacaq kanton haqqında razılığa gəldilər. Ermənilər Göyçə gölü ilə bizim yeni sərhədimiz arasındakı dar və dağlıq sahə ilə kifayətləndilər”.

Əldə edilən razılığa görə, Ermənistan dövləti Göyçə gölü ilə Osmanlı imperiyasının yeni sərhədləri arasında cəmi 9 min km2 sahəyə malik olur və aşağıdakı əraziləri əhatə edirdi: Yeni Bəyazid qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Kəmərli, Uluxanlı və Vedibasar bölgələri istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzasının  Ağbulaq, Hamamlı, Hanvalı və Qarakilsə əraziləri. İstanbuldakı alman səfiri Bernstorf Osmanlı hökumətinin Batum müqaviləsi ilə Ermənistan üçün müəyyən etdiyi bu kiçik ərazi barəsində ironiya ilə deyirdi: “Türkiyə ermənilərə yalnız Göyçə gölünü saxlamışdır ki, onlar burada çimə bilərlər, lakin oradan çıxmaq və qurulanmaq üçün yer yoxdur”. Ermənilərə verilmiş ərazidə cəmi 321.000 nəfər əhali yaşayırdı ki, bunun da 230 mini erməni, 80 mini türk-müsəlman, 5 mini yezdi, 6 mini isə digər  xalqların  nümayəndələri idilər. Bundan başqa, bu ərazilərdə Osmanlı ərazilərindən qaçqın düşən 400 mindən çox erməni də var idi.

Mayın 31-də Tələt paşanın “ermənilərlə müzakirələr nə şəkildə yekunlaşmışdır, gözlənilən cavab nədir” sualına Xəlil bəy aşağıdakı cavabı verdi: “Müsəlmanlarla ermənilər ultimatumumuza yazılı müsbət cavab vermişlər. Ermənilərlə müsəlmanlar da erməni kantonu xüsusunda razılığa gəlmişlər. Əvvəlcə bu cəhəti izah etmişdim… Ermənilərlə yeni sərhədimizin qarşı tərəfində Göyçə gölü ilə hüdudumuz arasındakı dar və dağlıq ərazidə təşəkkül etmiş bir hökumət sifətiylə müzakirələr yekunlaşmışdır…”

Mayın 31-də Osmanlı heyəti ilə ermənilər arasında əsas prinsipial məsələlər üzrə müzakirələr yekunlaşdı. İyunun 1-də axşam Vehib paşa ilə erməni nümayəndələri xəritə üzərində Osmanlı-Ermənistan sərhəd xəttini təsbit etməyə başladılar. Ermənilər sərhəd xəttinin Aleksandropol şəhərinin lap yaxınlığından keçən hissəsində dağın şəhərə hakim olan mövqeyi üzərində israr etdilər. Ermənilərin ciddi israrı qarşısında Vehib paşa bu zaman digər otaqda gürcülərlə müzakirələr aparan Xəlil bəyin yanına gedib, heyət rəhbərinə bildirdi ki, “ermənilər dağın Aleksandropola hakim olan cəbhəsini verməməkdə israr edirlər, nə edək?” Xəlil bəy ona “orasını burax, işini bitir” deyə bir cavab verdi. Bu zaman Vehib paşa Ənvər paşanı nəzərdə tutaraq, “dəli oğlandan məni qurtara bilərsinizmi” deyə soruşduqda, Xəlil bəy ona aşağıdakı cavabı verdi: “Qurtararam, bütün məsuliyyəti öz üzərimə götürürəm, istəyirsən yazılı bir əmr də verim”. Xəlil bəyin bu qətiyyətli mövqeyi qarşısında Vehib paşa adı çəkilən ərazidə sərhəd xəttini ermənilərin istədiyi şəkildə çəkərək məsələni bitirdi. Bundan başqa, Osmanlı hökumətinin Batum konfransında irəli sürdüyü ərazi tələblərindən Aleksandropol qəzasının cənubunda yerləşən Alagöz dağı, Eçmiədzin qəzasının Əlikoçan ərazisi və İrəvan qəzasının Yuxarı Qarabağlar ərazisi də ermənilərə güzəştə gedildi. Artıq gecə yarısı idi, amma müzakirələr gedirdi. Nəhayət, bütün müzakirələr bitdikdən sonra, iyunun 1-dən 2-nə keçən gecə saat 2-də Osmanlı-Ermənistan sərhəd xəttinin dəqiqləşdirilmiş detalları və Osmanlı imperiyası ilə Ermənistan arasında imzalanacaq müqavilənin layihəsi tərəflərin imzaları ilə təsdiq edildi.

İrəvanın güzəştə gedilməsi və İrəvan bölgəsində erməni dövlətinin yaradılması müqabilində Ermənistan Respublikası Türkiyə və Azərbaycan qarşısında öz üzərinə aşağıdakı öhdəlikləri götürdü: 1) Ermənilər türk-müsəlmanlara qarşı düşmənçiliyi aradan qaldırmalı, erməni hərbi hissələrini Bakıdan çıxartmalı və Şaumyanla əlaqəyə girib Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməli idilər; 2) Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilməkdə olan kütləvi qırğınlar dayandırılmalı idi; 3) Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməli idi; 4) Ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, konkret olaraq Qarabağa olan ərazi iddialarından imtina etməli idilər. Bütün bu öhdəliklər tərəflər arasında imzalanan razılaşma, protokol və 4 iyun 1918-ci il tarixli Osmanlı-Ermənistan “Sülh və Dostluq” müqaviləsi və əlavə müqavilələrdə və Gümrü protokollarında təsbit edildi. Onu da qeyd edək ki, ermənilər məqsədlərinə nail olduqdan sonra bu öhdəliklərin heç birini yerinə yetirmədilər.

Batumdakı son müzakirələr haqqında Xəlil bəydən məlumat alan Osmanlı Xarici İşlər Nazirliyi 1918-ci il iyunun 4-də Berlin və Vyanadakı Osmanlı səfirlərinə, müvafiq olaraq İbrahim Hakkı və Hüseyn Hilmi paşalara göndərdiyi şifrəli teleqramda qeyd edirdi ki, “gürcülər, müsəlmanlar və ermənilər ərazi tələbləri ilə bağlı ultimatumumuzu qəbul etdilər. Buna görə də məsələnin ən uyğun şəkildə yekunlaşmasına heç bir maneə qalmamışdır. Ermənilər Azərbaycan Müsəlman Cümhuriyyəti ilə anlaşaraq bizim hüdud ilə göl arasındakı ərazidə kanton təşkil etmək barəsində razılığa gəldilər. Müzakirələrin mətləbə müvafiq şəkildə cərəyan etdiyi bildirilir”.

Gürcüstan və Azərbaycan tərəfi ilə də müzakirələri başa çatdıran Osmanlı heyəti 4 iyun 1918-ci il tarixində səhər tezdən Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçiləri ilə Batum müqavilələrini imzaladı. Osmanlı-Ermənistan müqaviləsi 1918-ci il iyunun 4-də imzalansa da, yuxarıda da qeyd etdiyimiz kimi, əsas türk-erməni müzakirələri mayın 30-da aparılmış və burada erməni dövlətinin yaradılması və onun əhatə edəcəyi ərazilər müəyyənləşmişdi. Batumdakı erməni nümayəndələri də bütün bu razılaşmalar haqqında mayın 30-da Tiflisə, Erməni Milli Şurasına məlumat verdilər. Bundan sonra, elə həmin gün, yəni 30 may 1918-ci il tarixində Erməni Milli Məclisi xüsusi bir bəyannamə ilə çıxış edərək, Ermənistanın müstəqilliyini elan etdi. Gürcüstan və Azərbaycan milli şuralarının elan etdiyi istiqlal bəyannamələrindən fərqli olaraq, dövlətin əsas fəaliyyət istiqamətləri ilə bağlı detallı müddəaların əks olunmadığı bu bəyannamədə deyilirdi: “Cənubi Qafqaz siyasi birliyinin dağılması və Gürcüstan ilə Azərbaycanın öz müstəqilliklərini elan etmələri ilə yaranan bu yeni siyasi vəziyyətdə Erməni Milli Məclisi özünü erməni vilayətlərinin və ermənilərin ən böyük səlahiyyətli orqanı elan edir. Bəzi ciddi vəziyyətlər səbəbi ilə erməni milli hökumətinin yaradılması bir neçə günlüyə təxirə salınmışdır. Bu zaman ərzində Milli Məclis, hökumətin siyasi işlər və erməni vilayətlərinin idarə edilməsi ilə bağlı bütün səlahiyyətlərini öz üzərinə götürür”.

Bu bəyannamə ilə Ermənistan müstəqil dövlət elan edildi. Lakin burada diqqəti cəlb edən əsas məqamlardan biri odur ki, bu zaman Batumda aparılan Osmanlı-erməni-Azərbaycan danışıqlarında erməni dövlətinin yaradılması və onun əhatə edəcəyi ərazilərlə bağlı yekun razılıq əldə edilsə də, bəyannamədə Erməni Milli Məclisi özünü “erməni vilayətlərinin və ermənilərin” ən böyük səlahiyyətli orqanı elan edir, lakin konkret olaraq dövlətin əhatə etdiyi ərazilər və onun sərhədləri göstərilmirdi. Bu, Erməni Milli Məclisinin Batumda ermənilər üçün müəyyən edilən ərazilərlə kifayətlənmədiyini və növbəti mərhələdə erməni dövlətinin sərhədlərini genişləndirmək üçün mübarizəyə başlayacağını göstərirdi. Müstəqillik bəyannaməsi elan ediləndən dərhal sonra erməni milli hökumətinin yaradılmaması isə, koalision hökumətin təşkili həvalə olunan O.Kaçaznuninin Batumda olması ilə bağlı idi və bu məsələ onun qayıtmasından sonraya saxlanılmışdı. O.Kaçaznuni Batumdan qayıtdıqdan bir qədər sonra, 30 iyun 1918-ci il tarixində ilk koalision erməni hökumətini qurdu. Erməni hökuməti və Erməni Milli Məclisi 1918-ci il iyulun 17-də Tiflisi tərk etdi, çətin keçən iki günlük yolçuluqdan sonra iyulun 19-da İrəvana gəldi.

Beləliklə, Xəlil bəyin rəhbərlik etdiyi Batum konfransındakı Osmanlı heyəti Azərbaycan torpaqları hesabına ermənilərin lehinə bir sıra ərazi güzəştlərinə gedərək, İrəvan şəhəri mərkəz olmaqla İrəvan, Eçmiədzin və Aleksandropol qəzalarının Osmanlı imperiyasına keçən əraziləri istisna olmaqla, yerdə qalan bölgələrindən və Yeni Bəyazid qəzasından (Basarkeçər istisna olmaqla) ibarət 9 min km2-lik bir ərazidə Türkiyənin nəzarətində olacaq bir erməni dövlətinin qurulmasını təsdiqlədi və Türkiyə onu de-fakto tanıyan ilk dövlət oldu. Nə qədər təzadlı görünsə də, ermənilərə dövləti XIX əsrin əvvəllərindən başlayaraq onlardan Osmanlı imperiyasına qarşı bir alət kimi istifadə edən Rusiya, İngiltərə və Fransa kimi dövlətlər deyil, məhz əleyhinə mübarizə apardıqları Türkiyə yaratdı. Təsadüfi deyildi ki, Batum konfransındakı erməni nümayəndə heyətinin rəhbəri A.Xatisov Qafqazda erməni dövlətinin məhz Türkiyənin yardımı ilə yaradıldığını etiraf edərək qeyd edirdi ki, “Türkiyə, Ermənistanın dünyaya gəlməsində əbəlik (mamaçalıq – V.Q.) vəzifəsini ifa etdi”. Bununla da, Osmanlı hökuməti bir tərəfdən “erməni məsələsi” ilə bağlı beynəlxalq aləmdə ona qarşı olan “qınağ”ı aradan qaldırmış olur, digər tərəfdən də İngiltərə, Fransa və Rusiya kimi dövlətlərin Şərqi Anadoluda yaratmaq istədikləri erməni dövlətini Cənubi Qafqazda yaratmaqla problemi bir növ özündən uzaqlaşdırmış olurdu.