ERMƏNİSTANIN TOPONİMIK CİNAYƏTLƏRİ

Arda Turandan Qarabağa dəstək
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların dünyaya çatdırılması istiqamətində geniş miqyaslı layihəyə başlanıb
Elxan Süleymanov: “Ştrasserin məruzəsinə səs verməyənlər Avropa dəyərlərinə hörmət nümayiş etdirdilər”

Filologiya üzrə elmlər doktoru İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Bəymirzə Şabıyevlə Ermənistanın toponimik cinayətləri haqqında danışdıq.

Fuad Babayev: Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz hər gün böyük qələbələr əldə edir. İşğalçı Ermənistanın rejimi isə  hərbi cinayətlər törətməkdən başqa heç nə edə bilmir. Gəncəyə  iki dəfə ballistik raketlə zərbə endirən düşmən son həftələr ərzində dinc əhalimizin yaşadığı ərazilərə saysız-hesabsız bombalar atıb. Biz erməniliyin cinayətləri barədə məlumatlıyıq. Və çox inanırıq ki. cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Çox istərdim ki,  bu dəfə Ermənistanın törətdiyi toponimik cinayətlər haqqında danışaq.

Bəymirzə Şabıyev: Əvvəla dəvətinizə görə təşəkkür edirəm. Fürsətdən istifadə edərək son günlərdə xalqımızın apardığı haqq-ədalət müharibəsində, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm, sağ qalanlara cansağlığı arzulayıram. Hesab edirəm ki, bizim qüdrətli ordumuz qısa müddət ərzində Azərbaycanın tarixi torpaqlarını geri qaytaracaq.

Son dövrlərdə ”hibrid müharibə” adlanan ifadə var. Əslində Ermənistanın Azərbaycana qarşı soyqırımı yalnız bizim insanlarımıza qarşı deyil, həm də bizim mənəviyyatımıza, tarixi yer adlarımıza, mətbəx və musiqimizə, mədəniyyətimizə qarşıdır.

Bizim tarixçilərimiz uzun müddətdir bu sahədə sanballı araşdırmalar aparır. Amma çox təəssüf ki, öz yazılarımızı elə özümüz oxuyuruq. Həmin tədqiqatları əksər hallarda geniş ictimaiyyət qarşısına çıxara bilmirik. Bir az kobud səslənə bilər, lakin bizim sözümüz ”Biləcəridən o tərəf”ə keçmir. Bu istiqamətdə tədqiqatçılarımızın çox böyük araşdırmaları var. Görkəmli akademikimiz Budaq Budaqovla tarix üzrə elmlər doktoru Qiyasəddin Qeybullayevin 1998-ci ildə işıq üzü görmüş 500 səhifəlik akademik tədqiqatı “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” adlanır. Bu kitaba diqqət yetirsək müasir Ermənistan ərazisində 660 deyil, həddindən artıq türk mənşəli toponimlərimizin olduğunu görərik. Ermənistan ərazisində olan bu toponimlərimiz zaman-zaman dəyişdirilmişdir.

Bir məqama diqqətinizi çəkmək istəyirəm ki, əslində ermənilərin Azərbaycana, qan yaddaşımıza qarşı bu soyqırımı heç də son illərin hadisəsi deyildir.

Toponimlərimizə qarşı soyqırım 4 mərhələdə həyata keçirilən bir siyasətdir. İlk mərhələ  Türkmənçay müqaviləsindən sonra başlayır. 1828-1832-ci illər ərzində İrandan və Türkiyənin müxtəlif bölgələrindən ermənilər kütləvi şəkildə Cənubi Qafqaza köçürüldülər. İlk kütləvi köçürülmə prosesi o zaman başladı. Həmin andan etibarən İrəvan və Naxçıvan xanlığı ərazisində yaşayan azərbaycanlıları öz doğma yurd yerlərindən qovmağa başladılar. O dövrdə təbii ki, Ermənistan anlayışı yox idi.

Müasir Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların yaşayış məskənlərində yerləşdirilən ermənilər bizim toponimləri dəyişdirməyə başladılar. Beləliklə, toponimlərimizə qarşı törədilən cinayətin ilkin mərhələsi Türkmənçay müqaviləsindən sonra başlayaraq XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər davam etdi.

1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları nəticəsində indiki Ermənistan ərazisində yaşayan soydaşlarımız kütləvi deportasiyaya məruz qaldılar. Yer adlarımızın dəyişdirilməsinin II mərhələsinin əsası məhz o zaman qoyuldu.

Digər mərhələ Sovet hakimiyyəti dövrünə təsadüf etmişdir. 1948-1953-cü illərdə dövlət səviyyəsində həyata keçirilən kütləvi deportasiya zamanı təqribən 100-150 minə yaxın azərbaycanlı Ermənistan SSR-dəki doğma yurd yerlərindən qovuldular.

Azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası 1988-ci ildən başladı. 1991-ci ildə artıq Ermənistan ərazisində bir nəfər belə olsun Azərbaycan türkü qalmadı. Bunun nəticəsində kütləvi şəkildə Ermənistan ərazisində olan türk və Azərbaycan mənşəli yer adlarının hamısının dəyişdirilməsi prosesinə başlandı.

Ermənilərin qonşularına, o cümlədən Azərbaycana qarşı ərazi iddialarının kökü V əsrə gedib çıxır. Ermənistan adlanan dövlətin nə vaxt mövcud olmasının özü də sual altındadır. Amma 428-ci ildə Ermənistanın daxili müstəqilliyi deyilən bir anlayışın ləğvindən sonra erməni dövlətçiliyi 1918-ci ilə kimi mövcud olmayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman böyük güclərin təzyiqi nəticəsində müasir Ermənistan ərazisində Ararat deyilən qondarma bir respublika da yaradıldı.

Çox maraqlıdır ki, V əsrdən etibarən erməni dövlətçiliyi olmasa belə bu funksiyasını erməni kilsələri öz üzərinə götürmüşdür. V əsrdən müasir dövrə qədər “erməni tarixçiləri”nin mütləq əksəriyyətini erməni din xadimləri, keşişlər, katolikoslar və s. təşkil etmişdir. Azərbaycana və digər qonşu ölkələrə qarşı ərazi iddiaları V əsrdə yaşamış erməni tarixçisi Favstos Buzanddan başlayır. Həmin ərazi iddialarını erməni tarixçiləri bu gün də davam etdirirlər. Bu prosesin daha da dərinləşməsi XV əsrin ortalarına təsadüf edir. XV əsrin ortalarına qədər erməni katolikosluğunun mərkəzi Kiçik Asiyada Sis deyilən bir şəhərdə idi. 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın göstərişi ilə erməni katolikosluğunun mərkəzi Sis şəhərindən indiki İrəvan yaxınlığındakı Üçkilsəyə köçürüldü. Ermənilər ona Eçmiədzin deyirlər, lakin bu sözün mənasını onlardan soruşsanız müxtəlif cəfəng iddialar irəli sürərlər. Əslində bu sözün adı Üçkilsədir. Eçmiədzin Üç müədzin anlamına gəlir, amma ermənilər bunu da saxtalaşdırmışlar.

1950-1960-cı illərdə Papazyan (Akop Davidoviç Papazyan, 1919-1997) adlı erməni tarixçisi Matenadaranda saxlanılan üç cilddən ibarət sənədlər toplusu nəşr edib. Bu sənədlər toplusu Üçkilsədə saxlanılan hökmdar fəmanlarıdır. Çuxur-Sədd bəylərbəyliyi mənim doktorluq dissertasiyamın mövzusu olduğu üçün onu diqqətlə araşdırmışam. O fərmanlara diqqət yetirdikdə görmək olar ki, Papazyan mənbənin özünü saxtalaşdıraraq onu həm erməni, həm fars, həm də rus dillərində nəşr edib. Burada maraqlı olan fakt ondan ibarətdir ki, Şah İsmayıl Xətainin, Şah Abbasın, II Abbasın fərmanlarında bu katolikosluğun adı Üçkilsə olaraq keçir, amma Papazyan saxtakarlıq edərək mötərizə açıraq orada Eçmiədzin yazır. Əslində bu tarixi mənbənin özünə qarşı bir soyqırımdır. Çünki orada Eçmiədzin ifadəsi yoxdur. Erməni katolikosluğunun mərkəzi Üçkilsəyə köçürüldükdən sonra ermənilər İrəvan ətrafındakı Azərbaycan türklərinə məxsus olan torpaqları satın almağa başladılar. Mənim 2019-cu ildə “Azərbaycan Səfəvi dövlətinin İrəvan vilayəti” adlı 540 səhifəlik monoqrafiyam nəşr olunub. Həmin əsərdə XV əsrdən XVIII əsrin ortalarına qədər erməni din xadimlərinin, erməni dünyəvi feodallarının İrəvan və onun ətrafında Azərbaycan türklərindən satın aldıqları torpaqların siyahısını, kim tərəfindən və nə vaxt satılıb-alındığını, o cümlədən məhkəmə qərarlarını təqdim etmişəm. Ermənilər bu torpaqıarı satın aldıqdan sonra Ecmiədzinə, yəni Üçkilsəyə vəqf olaraq bağışlayırdılar. Vəqf torpaqlarına isə hətta dövlət də toxuna bilməzdi. Bu torpaqları almaqla onlar kütləvi gəlir mənbəyi əldə etdilər.

Fuad Babayev: İbrahim müəllim, bizim toponimikaya qarşı 4 mərhələdə həyata keçirilən soyqırım siyasəti ilə bağlı Sizin fikirlərlə tanış olaq.

İbrahim Bayramov: İlk növbədə mən də Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirəm, ordumuza qələbə arzu edirəm və inanıram ki, bu qələbə dövlət başçımızın bilavasitə rəhbərliyi ilə başa çatacaq. Əminəm ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları özümüzə qayıdacaqdır. Necə ki, bu gün  qayıdır. Bu bütün azərbaycanlıların başlıca istəyidir.

İkincisi, vətənpərvərlik ideologiyasını təbliğ edən 1905.az saytına mən uğur diləyirəm. Vətənə bağlılıq tarixdən, dildən və mədəniyyətdən başlayır.

Sizin sualınızla bağlı onu qeyd edim ki, Qərbi Azərbaycan anlayışı  ictimai baxımdan məqbul sayılsa da, siyası baxımdan qəbul edilmir. Bunun üçün həmin ərazini Ermənistan adlandırırıq.

Ümumiyyətlə, 1988-ci ilə qədər Qərbi Azərbaycan tədqiqatdan kənarda qalıb. Çünki onun üstündə güclü bir əl olan Moskva və Ermənistan var idi. Azərbaycanın böyuk bir zonası, tarixi torpağı olan Qərbi Azərbaycan bizim tarixşünaslıqda öyrənilməyib. Qərbi Azərbaycanın istər etnoqrafiyası, istərsə də arxeologiyası araşdırılsa, orada çox qaranlıq məsələlər üzə çıxa bilər.

Bəymirzə müəllim tarixi Azərbaycan torpağı olan Ermənistan ərazisindən soydaşlarımızın deportasiyasını dərinliyinə qədər izah edərək lazımı məqamların hamısına toxundu.

Bu deportasiyalar bizi yalnız fiziki baxımdan deyil, həm də mənəvi baxımdan genosidə uğradıb. Azərbaycanlıların Ermənistndan deportasiyası 1905-1906, 1918-1920, 1948-1953 və sonuncusu 1988-ci ildə olmaqla 4 mərhələni əhatə edib. Lakin unutmaq olmaz ki, bu dövrlərin içərisində də zaman-zaman soydaşlarımız Ermənistanda sıxışdırılıb, basqıya məruz qalıb, qətlə yetiriliblər.

Bir faktı da qeyd etmək istəyirəm ki, 1950-1960-cı illərə qədər Qərbi Azərbaycanın Krasneselo, Basarkeçər, Zəngibasar və digər rayonlarında Azərbaycan dilində rayon qəzetləri nəşr edilirdi. Zaman-zaman azərbaycanlılar deportasiya olunduqca guya oxucusunun olmaması bəhanə edilərək bu qəzetlərin sayı azaldılırdı. Son dövrlərdə yalnız ”Sovet Ermənistanı”, Krasnoseloda ”Dostluq”, bir də Basarkeçərdə “Vardenis” qəzetləri qalmışdı.

1937-ci ildə azərbaycanlılara divan tutulanda ilk öncə düşünən beyinləri məhv etdilər. Çünki beyin olmadıqdan sonra insan torpağı haqqında, Vətəni, tarixi haqqında düşünmür. 1937-ci ildə ermənilər Stalin repressiyasını özləri üçün ağıllı, bizim üçün ağrılı mənada müxtəlif formada həyata keçiriblər. Ümumiyyətlə, mənim fikrimcə, yaxşı erməni anlayışı yoxdur.

Qərbi Azərbaycandan azərbaycanlıları deportasiya etdikdən sonra onlara tutulan divanları üzə çıxarmaq üçün ilk dəfə 1996-cı ildə “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” kitabı yazıldı. Rəhmətlik Sabir Əsədov, İsrafil Məmmədov, Vəli Həbiboğlu ilə yanaşı bu kitabın müəlliflərdən biri də mən idim. Bu kitab erməni mənbələri əsasında yazılıb. Zaven Korkodyan adlı müəllifin 1932-ci ildə nəşr etdirdiyi “Sovet Ermənistanının əhalisi son yüz ildə, 1831-1931” adlı kitabında bizim haqlı olduğumuzu bir daha təsdiq edən 2310 toponim saymışam.

Həmin o kitabın əsasında “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” yazıldı. Zaven Korkodyanın  kitabında yazılan toponimlərin həm indiki, həm qədim adları müasir Ermənistan ərazisinin bizim tarixi torpaqlar olduğunu sübut edir. 1986-cı ildə İrəvanda «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» çap edilib. 4 cilddən ibarət olan bu lüğətin indiyə kimi yalnız I cildini əldə etmişik. Azərbaycana aid yer adlarının öz əksini tapdığı bu nəşrdə də hər bir kəndin bütün variantlarda – erməni, rus və ingilis dillərində adları, əhalinin kameral siyahısı verilib.  Sonradan 2008-ci il ildə erməni dilində çap edilən Ermənistanın yaşayış məntəqələrinin siyahısında bu aspektlər öz əksini tapmayıb.

1918-ci ildə Ermənistanda dövlət yaranandan sonra azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi prosesi başladı. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə bu proses 1935-ci ildən sistemli şəkildə həyata keçirildi. Həmin fərmanda yalnız öz dillərinə uyğun izah etdikləri bir neçə yaşayış məntəqəsinin adını olduğu kimi saxlayıblar. Məsələn, Krasnesoloda Lənkəranda olduğu kimi Cil kəndi var. Həmin Cil kəndinin adını olduğu kimi saxlayıblar.

Fuad Babayev: Yəni erməni dilində hansısa ifadəyə bənzər olduğu üçün onu dəyişməyiblər.

İbrahim Bayramov: Bəli. 1996-cı ildə nəşr edilən “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” kitabının “Tarixi torpaqlarımızın adlarının dəyişdirilməsi” bölməsinin müəllifi mənəm. Ermənistan ərazisindəki toponimlərin izahını verdikdən sonra məlum olurdu ki, onların kökü Azərbaycan, türk dilindədir. Onları yalnız başqa dilə uyğunlaşdıra bilərlər.

Məsələn, Dərəçiçək mahalına Zaxqadzor adı veriblər. Erməni dilində Zaxqadzor Çiçəkli dərə deməkdir. Zəngəzur, Zaxqadzor kimi toponimlərdə işlədilən zor sözü də qədim türk mənşəlidir. 2002-ci ildə nəşr edilən “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” kitabı mənim doktorluq dissertasiyamın mövzusu idi. Bundan başqa “Qərbi Azərbaycan toponimlərinin tərkibində işlənən söz və coğrafi terminlər lüğəti” kitabımda bütün bu terminlərin sistemli şəkildə hansı dildə, hansı mənanı ifadə etməsini imkan daxilində izah etmişik.

2012-ci ildə nəşr olunan “Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti” kitabımda da ermənilərin indiki Ermənistan ərazisinə gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri mənəvi və fiziki soyqrım əyani şəkildə göstərilib. İlk dəfə 1965-ci ildə Ermənistanda Moskvanın razılığı ilə qondarma erməni soyqırımının 50 illiyini qeyd etdilər. Ondan sonra geniş vüsət olan bu siyasət soydaşlarımıza və və yer adlarımıza qarşı yönəldi. Sazımızı, sözümüzü, mədəniyyətimizi, milli geyimlərimizi, musiqimizi və s. bədnam qonşularımız əxz etdilər. Bizə imkan vermədilər ki, biz dünya miqyasına çıxa bilək.

Bilirsiniz ki, Azərbaycan Sovet Ensiklopediyası 1976-cı ildə buraxılıb, amma onun ilkin variantını yandırıblar. Azərbaycan Sovet Ensiklopediyasını nəşr etmək üçün Moskvadan icazə almaq lazım idi. Həmin Ensiklopediyanın Moskvadakı birinci müavini Şaumyanın oğlu (Böyük Sovet Ensiklopediyası rəhbərliyinin, ilk növbədə baş redaktorun birinci müavini Suren Stepanoviç Şaumyanın narazılığına və tənqidinə səbəb olduğundan Azərbaycan Sovet ensiklopediyasının I cildinin çapı qadağan edilmişdi  – red.) bu kitabı qadağan etmişdi.

Başqa bir misal. XIX əsrdə Tiflisdə tamaşaçı azlığından özünü dolandıra bilmədiyi üçün milli teatrların çoxunun bağlanmaq təhlükəsi var idi. Həmin dövrdə teatrın qapısından qıfılı asan ilk növbədə azərbaycanlılar olub. Amma sayca azərbaycanlılardan az olan ermənilərin teatrı bağlanmayıb. Araşdırma zamanı məlum olub ki, tamaşalara 2-3 nəfər erməninin gəlməsinə baxmayaraq oradakı imkanlı şəxslər teatrı qorumaq üçün bütün biletlərin pulunu özləri veriblər. Bizdə elə adamlar az olub. Müasir dövrdə də bizim araşdırmalarımızın nəşri ilə, dünyaya çatdırılması və yayılması ilə imkanlı şəxslər məşğul olmalıdırlar.

Fuad Babayev: Hazırda dünya görür ki, Azərbaycan xalqı nələrə qadirdir. Bu yüksəliş Sizin qaldırdığınız mövzuların araşdırılmasına  təkan verə bilərmi?

Bəymirzə Şabıyev: Bəli, əlbəttə ki, təbliğatdan çox şey asılıdır. Böyük Vətən müharibəsində Levitanın səsi bir orduya bərabər idi. Müharibə aparan bir dövlətin hərtərəfli, dövlət miqyasında təbliğat mexanizmi olmalıdır. Məsələn, son hadisələrlə bağlı Azərbaycan Respublikasının Prezidentinin çıxışları uşaqdan böyüyə kimi nə qədər insana ruh yüksəkliyi verir.

Suala cavab olaraq bildirim ki, Gürcüstan, Ermənistan tarixinə aid mənbələrin hamısının orijinal dildə çapı, onun  ingilis, rus və s. xarici dillərə tərcüməsi dövlət səviyyəsində təmin olunur.  

Mən bir nümunə gətirmək istəyirəm. 1590-cı ildə Osmanlı-Səfəvi arasında bağlanan İstanbul müqaviləsi və 1724-cü ildə Rusiya-Osmanlı arasında imzalanan İstanbul sazişi ilə tarixi torpaqlarımızın bir qismi müəyyən müddət Osmanlı nəzarəti altına düşdü. Osmanlı dövləti 1590 və 1727-ci illərdə həmin ərazilərdə siyahıyaalınma keçirib. İrəvan əyalətinin müfəssəl,  icmal, sicil, mühümmə dəftərləri, Gəncə-Qarabağın müfəssəl dəftəri var. 1727-ci ildə İrəvan əyalətinin icmal dəftərinın Azərbaycan dilinə tərcüməsi var, amma müfəssəl dəftərinin tərcüməsi yoxdur. 1590-cı il İrəvan əyalətinin müfəssəl dəftərinin də Azərbaycan dilinə tərcüməsi yoxdur.

Fuad Babayev: Səbəb nədir?

Bəymirzə Şabıyev: Səbəb maliyyədir.

İbrahim Bayramov: Kiçik birbölməsinin tərcüməsini veriblər.

Bəymirzə Şabıyev: Bəli. Hüsaməddin Məmmədov (Qaramanlı) və Ziya Bünyadov kiçik bir hissəni Azərbaycan dilinə tərcümə ediblər. İrəvanda, Naxçıvanda, Gəncə və Qarabağda yer adlarının mütləq əksəriyyəti Azərbaycan türkcəsindədir. Bu qeydiyyatları XVI əsrin sonu XVIII əsrin 20-ci illərində Osmanlı vergi məmurları aparıb. Erməni məsələsinin olmadığı həmin dövrdə onlar kəndin adı necədirsə, elə də yazıblar. Biz bu mənbələri yaya bilmirik. O kitabları ingilis, rus və başqa dillərə tərcümə edib dünya miqyasına çıxarmaq lazımdır.

İbrahim Bayramov: Ermənistanda ali məktəblərdə erməni xalqının tarixi keçilirdi, bu fənn rus qrupunda da erməni dilində tədris edilirdi. Mən İrəvanda oxuduğum üçün bunu bilirəm. Biz qondarma soyqırımı günü 24 apreldə küçəyə çıxa bilmirdik. Bizdə də ixtisasından asılı olmayaraq, Azərbaycan tarixi fənni hamıya tədris edilməlidir. Öncə öz mədəniyyətini öyrənməlisən, öz mədəniyyətinə sahib çıxmalısan.

Fuad Babayev: Bu mövzuya xarici alimlərin, xarici elm mərkəzlərinin, əcnəbi soyadlı adamların marağı varmı?

Bəymirzə Şabıyev: Elmi qurumlarla, ali məktəblərlə geniş əlaqə yaratmaq lazımdır. Bu əlaqələr var, amma məhdud səviyyədədir. Bu işləri genişləndirmək üçün də Azərbaycan tarixini təbliğ etmək lazımdır.

İbrahim Bayramov: Mənməsləhət görərdim kibütün ixtisaslarda Azərbaycan ədəbiyyatı fənni də tədris edilsin.

Bəymirzə Şabıyev: Sovetlər Birliyinin süqutundan sonra bizim ayrı-ayrı müəlliflərimizin tarixlə bağlı əsərləri xaricdə nəşr edilib. Amma Hindistanda yaşayan ermənilər hələ XVII əsrdə Üçkilsə katolikoslarına mətbəə göndəriblər. Sonradan yığdıqları maliyyə vəsaiti hesabına erməni tarixçilərinin əsərlərini Avropanın müxtəlif şəhərlərində nəşr ediblər. XVIII-XIX əsrlərdən etibarən ermənilər özlərini təbliğ ediblər. Xarici ölkələrin əksəriyyətində media onların nəzarəti altındadır. Mən bir neçə dəfə ermənilərin əleyhinə məqalə yazıb xarici ölkələrə göndərmişəm, amma bizim tematikamıza uyğun gəlmir adıyla geri qaytarırblar.

Hazırladı: Mədinə Əbilova, 1905.az

Söhbət 14 oktyabr 2020-ci ildə baş tutub.