Əsəd Təhləli (Əsəd Tanrıverdi oğlu Əliyev), borçalışünas alim, tarix elmləri doktoru.
Gürcüstan Respublikasının Qarayazı (Qardabani) bölgəsinin Ağtəhlə kəndində anadan olub. “Gürcüstan azərbaycanlılarının mənəvi mədəniyyəti” (Bakı: Elm, 1995), “Haqqın gözü tərəzidir” (Bakı: Azərnəşr, 2006), “XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti” (Bakı: Elm və Təhsil, 2012), “Gürcüstan azərbaycanlılarının etnoqrafiyası (XIX – XX əsrin əvvəlləri: təsərrüfat məişəti və maddi mədəniyyəti)” (Bakı: Avropa, 2019) monoqrafiyalarının, bir sıra elmi, publisistik məqalələrin, “Solma, ay çiçəyim” (Bakı: Sabah, 1997), “Yolun məndən gəlib keçdi” (Bakı: Aytac, 1999) və “Daş-divar durur arada” (Bakı: Adiloğlu, 2002), “Mənə ürəyində bir az yer ayır” adlı şeirlər toplularının müəllifi, eləcə də “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarının həmmüəlliflərindəndir. 18 aprel 2024-cü ildə “XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. O, hazırda Azərbaycan MEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, AYB-nin üzvüdür.
Asif Hacılı. Əsəd müəllim, Siz uzun illərdir Borçalının ailə məişətini və etnoqrafiyasını tədqiq edirsiniz. Bu mövzuda iki monoqrafiyanın müəllifisiniz, bu yaxınlarda isə həmin mövzuda elmlər doktoru dissertasiyasını uğurla müdafiə etdiniz. Bu münasibətlə Sizi təbrik edirəm. Özlüyündə olduqca əhəmiyyətli olan bu mövzuya tarixi aspektdə yanaşmanız araşdırmalarınızın əhəmiyyətini daha da artırır. Digər tərəfdən, qədim diyarımız olan Borçalı fərqli mədəniyyətlərin kəsişdiyi coğrafiyada yerləşir və bu ərazilərə xas mədəniyyətlər – Osmanlı, İran, Gürcüstan, Şimali Qafqaz Borçalının Azərbaycan türklərinin etnoqrafiyasına və məişətinə müəyyən təsir göstərmişdir. Bu amillər araşdırdınız mövzunun çoxcəhətliliyini və mürəkkəbliyini göstərir. Ümumən etnologiya humanitar elmlərin mürəkkəb sahələrindəndir. Mən keçən əsrin 1980-ci illərinin ortalarında Axısqa türklərinin folkloru və etnoqrafiyasına dair materialları əhalinin yaşadığı canlı mühitdə toplamışam, bir qisim materialı isə tarixi sənəd və arxivlərdən əldə etmişəm. Bu işin nə qədər mürəkkəb olduğunu təsəvvür edirəm. Borçalıda mürəkkəblik ətraf etnik-mədəni və dini mühitin rəngarəngliyindən, eləcə də borçalıların hüquqi cəhətdən başqa ölkədə yaşamasından gəlirsə, Axısqa türklərində vəziyyət xalqın sürgündə olması və ondan çox ölkədə məskunlaşması ilə izah olunur. Ümumən, etnologiya elmini, o cümlədən borçalıların etnoqrafiyasını ümumi şəkildə necə səciyyələndirə bilərsiniz və bu mövzuya necə gəldiniz?
Əsəd Təhləli. Bu mövzuya müraciətim həm sırf elmi amillər, mövzunun sistemli araşdırılmamağı, həm də borçalıların Respublikamızdan kənarda yaşamaları və bununla da tarixi-etnoqrafik özəlliklərin qismən aşılanması təhlükəsi ilə bağlıdır. Azərbaycan xalqının məişət və mədəniyyəti kifayət qədər öyrənilsə də, tədqiqatlar əsasən, respublikamızın etnoqrafik bölgələrini əhatə edir. Dünyada yaşayan azərbaycanlılarla bağlı elmi araşdırmalar isə sistemli şəkildə aparılmamış və əsasən müasir dövr etnoqrafiyasına aiddir. Təqdim edilən dissertasiya işi tarixi-etnoqrafik aspektdən yazılaraq bu boşluğun doldurulmasında elmi əhəmiyyət daşıyır. Azərbaycan xalqının etnologiyasının bütöv halda öyrənilməsi mövzunu daha da aktuallaşdırır. Digər tərəfdən dövrümüz sürət və dinamika dövrüdür. Mədəniyyətlər çulğaşır, assimilyasiya olunur və bu təhlükə xarici ölkələrdə yaşayan soydaşlarımız üçün də aktualdır. Qloballaşan dünyada gedən proseslərin xalq məişətinə fəal təsiri, müxtəlif səbəblər üzündən əhalinin miqrasiyası, mənəvi irsimizin zəngin xəzinəsini daşıyan yaşlı nəslin dünyasını dəyişməsi və bunun nəticəsində milli-mənəvi dəyərlərimizin lokal xüsusiyyətlərinin aradan şıxma qorxusu mövzunun öyrənilməsini daha zəruri edir.
Asif Hacılı. Bəs mövcud tədqiqatlardan yolunuza işıq salan hansı əsərləri, hansı tədqiqatçıları göstərə bilərsiniz?
Əsəd Təhləli. Azərbaycan etnoqrafiya elmində bu vaxtadək aparılan tarixi-etnoqrafik tədqiqatlarda Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti ilə bağlı məsələlərə kompleks şəkildə toxunulmamışdır. Gürcüstan azərbaycanlıları yaşayan bölgənin orta əsrlər dövrünü K.Məmmədli, XIX-XX əsrin əvvəlləri tarixini M.Abbasova yazmışdır. Müxtəlif tarixi hadisələrlə bağlı xatırlatmalar Y.Nəsiblinin yaradıcılığında əksini tapmaqdadır. Ədəbiyyatşünaslıq məsələləri, folklor, mətbuat və maarifcilik hərəkatı, hərb tarixi, bölgənin toponimləri və etnoqrafiyasının bu və ya digər məsələləri V.Hacılar, Ş.Məmmədli, V.Ömərli, M.Sarvan, Ş.Şamıoğlu1, B.Budaqov, Q.Qeybullayev, M.Mədədoğlu, F.Valehoğlu, M.Məmmədoğlu, T.İsabalı qızı, M.F.Kırzıoğlu və b. tərəfindən araşdırılmışdır. Adı çəkilən müəlliflərin tədqiqat işləri əsasən etnoqrafik mahiyyət kəsb etməsə də, işin yazılmasında həmin əsərlərə də müraciət olunmuşdur. Adlarını sadaladığımız müəlliflərlə yanaşı, tədqiqatlarımın hasilə gətirilməsində Azərbaycan etnoqraflarının – Q.T.Qaraqaşlı, Ə.K.Ələkbərov, M.N.Nəsirli, T.Ə.Bünyadov, Q.C.Cavadov, A.N.Mustafayev, T.M.Kərimov, H.A.Quliyev, Ş.A.Quliyev, Q.Ə.Qeybullayev, H.Q.Qədirzadə, Q.Ə.Rəcəbli, Ə.Ə.İzmayılova, H.A.Həvilov, F.İ.Vəliyev, T.A.Babayev, S.S.Məhərrəmova, Ş.T.Bünyadova, N.M.Quliyeva, G.Yoloğlu, İ.G.Məmmədova, X.D.Xəlilov, M.Q.Allahmanlı, B.F.Əliyevin, T.S.Şahbazov, S.T.Səmədova, H.Zahidova, T.N.Quluzadə, B.T.Əmənova və b. əsərlərindən, habelə, üçcildlik “Azərbaycan etnoqrafiyası”ndan istifadə edilmişdir.
Asif Hacılı. Bildiyimiz kimi, gürcü və rus alimləri də bu mövzuya dair tədqiqatlar aparmışlar.
Əsəd Təhləli. Bəli, görkəmli gürcü müəllifləri A.Xaxanaşvilinin, E.Takaişvilinin, L.Musxelişvilinin, V.Çaoşvilinin, T.İvelaşvilinin, T.Çikovaninin, M.Kantariyanın, İ.Pantyuxovun və b. məqalələrində problemlə bağlı bu və ya digər məsələlərə toxunulur. Məşhur gürcü jurnalisti, yazıçısı İ.Tçavtçavadzenin “Borçalı qəzası” sərlövhəli yazısında Borçalı əhalisinin bəzi geyimlərinə və məişət məsələlərinə diqqət çəkilir. İ.Qutqaşınlının “Səfərnamə”si, akademik N.Marrın, rus hərbi icmalçısı Filipovun, Lyaxovun, S.Borçaloelinin (Baydaşvilinin) və başqalarının məqalələri də Borçalını öyrənmək baxımından maraqlıdır.
Asif Hacılı. Ümumən bir çox səyyahlar, alimlər, hərbçilər, ədiblər Gürcüstan xalqlarının, o cümlədən Gürcüstan azərbaycanlılarının etnoqrafiyasına, etnik mədəniyyətinə, folkloruna, aşıq yaradıcılığına maraq göstərmişlər və bu haqda yazmışlar. Bu mənbələrin böyük əhəmiyyəti var.
Əsəd Təhləli. Bütövlükdə isə, Gürcüstanın azərbaycanlı-turk əhalisinin nəinki etnoqrafiyası, ailə və ailə məişəti də tam öyrənilməmişdir. Adlarını sadaladığımız müəlliflərin və bir çox digər dəyərli alimlərin əsərləri öyrəndiyimiz məsələlərin bu və ya digər tərəfdən həllində əhəmiyyətli olsa da, bu araşdırmalarda XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti kompleks şəkildə tarixi-etnoqrafik tədqiqata cəlb edilməmişdir.
Asif Hacılı. Bu baxımdan, Sizin tədqiqatlarınızı qoyulan məsələnin həllinə yönəlmiş ilk təşəbbüs hesab edə bilərik. Ancaq Borçalı böyük məkandır. Bir hissəsi də indiki Ermənistan Respublikası ərazisindədir. Sizin Gürcüstan azərbaycanlılarının etnoqrafiyası və məişətinə dair tədqiqatınınz hansı bölgələri əhatə edir?
Əsəd Təhləli. Tədqiqat Borçalı (Marneuli), Qarayazı (Qardabani), Bolus (Bolnisi), Başkeçid (Dmanisi), Ağbulaq (Tetrisqaro), Qaracöp (Saqareco), Laqodexi, Telavi, Kaspi, Msxeta və s. rayonlarda, həmçinin, Tiflis və Rustavi şəhərlərində yaşayan azərbaycanlı əhalinin yaratmış olduğu maddi-mədəni irsi əhatə edir. Konkret olaraq, təsərrüfat həyatı, sənətkarlıq, maddi və mənəvi mədəniyyət, ailə və nikah formaları, ictimai məişət və digər məsələlər tədqiq olunur.
Asif Hacılı. Etnik mədəniyyət ilk növbədə tarix, siyasi proseslər, dini vəziyyət və xüsusən də tarixi-coğrafi mühitlə müəyyənləşir. Sizin araşdırmalarınızda da bu məsələlərə toxunulur, bu amillərin rolu göstərilir.
Əsəd Təhləli. Bəli, etnoqrafik tədqiqatların təməli bunlardır. Gürcüstan azərbaycanlılarının yaşadığı ərazilər təbii-coğrafi şəraiti olduqca münasib, münbit, zəngin və mənzərəlidir. Buraların iqlimi, torpaq örtüyü, səfalı yaylaqları, bulaqları, bol sulu çayları, zəngin meşələri, yamyaşıl çəmənləri, otlaqları xüsusi bir mikro mühit yaradır və xalqın həm maddi rifahı, həm də mənəvi aləminə müsbət təsir edir. Tariximiz, burada baş verən siyasi proseslər, sülalələrin hökmranlığı haqqında müəyyən tədqiqatlar aparılıb və ümumi mənzərə məlumdur. Yalnız nisbətən yaxın, rus işğalından sonrakı dövrdə Borçalının coğrafi durumuna toxunmaq istərdim.
Asif Hacılı. Buyurun, Borçalı coğrafiyası həm zəngin, həm də rəngarəngdir.
Əsəd Təhləli. Borçalı yurdu Cənubi Qafqazın Rusiya tərəfindən işğalından sonra əlahiddə “tatar distansiyası” statusu alaraq Tiflis quberniyasının tərkibində qəzaya çevrildi. Həmin dövrdə qəzanın sərhədi rus müəllifi A.D.Eritsov tərəfindən belə təsvir edilirdi: tərkibinə Borçalı düzənliyi, Loru və Trialeti dağları da daxil olan qəza, Tiflisin cənub-şərqində 40 dərəcə 40 saniyə şimal və 62 dərəcə 22 saniyə cənub uzunluqları arasında yerləşir. Ən uca zirvəsi dəniz səviyyəsindən 9918 verst hündür olan Hələb dağıdır. Qəza, həmçinin, Yelizavetpol quberniyasının Qazax, İrəvan quberniyasının Aleksandropol qəzası ilə həmsərhəddir. Onun cənub sərhəddi Qoşadağ silsiləsindən və Pəmbək vadisindən kecir. Borcalının ərazisi şimal-qərb istiqamətində sağda Çubuqlu, daha sonra isə Ağlağan adlanan Bozabdal dağ silsiləsinə qədər uzanır. Sözügedən bölgənin qərbdə Qaraxaçdan keçən sərhəddi Leyli dağına çatır. Borçalını burada Axalkələk qəzasından Yemlikli (Şiştəpə), Əyriqar, Dəvəqıran, Qoyundağ, Simsar, Şahnabad (Şahnababel), Qoridən Cəm-Cəm, Ərçivan dağları, Tiflisdən isə Məngilisdəki Sarıdağ ayırır. Burada Borçalının sərhəddi Yağlıca düzü daxil olmaqla Qırmızı Körpüyə çatır. Borçalının ümumi sərhəddinin uzunluğu 480 verstdir ki, onun da 100 versti Aleksandropol, 80 versti Axalkələk, 55 versti Qori, 145 versti Tiflis, 100 versti isə Qazax qəzası ilə sərhəddin payına düşür. A.D.Eritsovun yazdığına əsasən, Axalsıx, Axalkələk, Telav qəzalarından iki dəfə böyük olan Borçalı, sahəsinə görə Tiflis, Tianet və Duşet qəzalarını da geridə qoyurdu. Borçalı ərazisi o qədər böyük idi ki, nə Kutais, nə İrəvan, nə Yelizavetpol, nə də Bakı quberniyaları onunla müqayisəyə gəlməzdi.
Asif Hacılı. Bu dövrdən tarixi sınırlar dəyişməyə başlayır, əraziyə kütləvi şəkildə ermənilər yerləşdirilir. Akılkələk faktiki olkaraq tam erməniləşdirilir. Lakin XIX əsrin sonlarına qədər Borçalı ərazisinin böyük əksəriyyəti türklərin məskunlaşdığı ərazi olaraq qalır.
Əsəd Təhləli. Elədir, XIX əsrin axırlarında Borçalının ərazisi 111,96 mil, yaxud 5,417 kv verst, yəni 564,472 desyatin göstərilir və qeyd edilir ki, Tiflis quberniyasında ən geniş sahə Borçalı qəzasına məxsusdur. Bu təsvir və qeydlərə əsasən, Borçalının ərazisinin indiki Gürcüstanın cənub-şərq-Dmanis (Başkeçid), Bolnis (Çörük Qəmərli), Marneul (Sarvan, Candar, Qızılhacılı), Qardaban (Qaratəpə-Qarayazı), Zalqa-Barmaqsız (bir hissəsi), Rustavi (Bostanşəhər), indiki Ermənistan Respublikasının şimal-Noyamberyan (Baranlı), Spitak (Hamamlı), Amasiya (Ağbaba), Stepanavan (Calaloğlu), Kalino (Daşır) bölgələrini əhatə etdiyi müəyyənləşdirilmişdir. Bu bölgələrdə həmişə azərbaycanlılar yaşamış və onların sayı çoxluq təşkil etmişdir.
Asif Hacılı. Əhalinin də mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edib. Eləcə də Axısqa mahalında da türklər sayca dominant xalq olub.
Əsəd Təhləli. Etnoqrafik və ədəbiyyat materialları göstərir ki, Borçalıda yaşayan əhalinin böyük əksəriyyətini azərbaycanlılar – türklər təşkil etmişlər. 1832-ci ilin sayımına aid sənəddə Borçalı məntəqəsində 145 kənd, 4092 ev (tüstü), 8479 tatar (azərbaycanlı – Ə.Ə.), 767 yunan, 669 gürcü, 213 alman, ümumilikdə isə 13762 nəfər kişi cinsi barədə söz açılmışdır.
Asif Hacılı. Bu göstəricilər kəndlər üzrə də oxşardır, kəndlərin mütləq əksəriyyətinin əhalisi Azərbaycan türklərindən ibarət olub. Bu siyahıyaalmalarda toponimlərin tarixi həqiqətə uyğunluğu da diqqəti cəlb edir.
Əsəd Təhləli. 1865-ci ilin sayımında Qarayazının kəndlərində olan evlərin və əhalinin sayı belə göstərilmişdir: Soğanlıq 19 ailə -120 nəfər, Qaracalar 69 ailə -498 nəfər, Ağtəhlə 106 ailə -1064 nəfər, Qaratəhlə 29 ailə – 333 nəfər, Dəmirtəpə 9 ailə – 82 nəfər, Məşədiabad 15 ailə – 49 nəfər, Qruzinovka 15 ailə – 49 nəfər, Gültəpə 20 ailə -149 nəfər, Hacılar 104 ailə – 898 nəfər, Tabahlı 78 ailə – 706 nəfər, Gölkənd 46 ailə – 265 nəfər, Sərtçala – Muğanlı 74 ailə – 364 nəfər. Diqqət yetirsək, görərik ki, həmin dövrdə Soğanlıq kəndində hər ailədə təxminən 6 – 7, Qaracalarda 7 – 8, Ağtəhlədə 10 -11, Qaratəhlədə 11-12, Dəmirtəpədə 9-10, Məşədiabadda 3 – 4, Qruzinovkada 5 – 6, Sərtçala-Muğanlıda 4 – 5 nəfər yaşayırdı.
Asif Hacılı. Bildiyimiz kimi, azərbaycanlılar Gürcüstanın, belə desək, Tiflis quberniyasının əksər yerlərində yaşayıb, o cümlədən Tiflis şəhərində, digər mərkəz məntəqələrdə. Tiflisdə zəngin Azərbaycan mədəni mühiti, milli teatr, mətbuat formalaşır. Bunların bir çoxu bu gün də mövcuddur.
Əsəd Təhləli. Bəli, soydaşlarımız adları çəkilən yaşayış məntəqələrindən başqa, Tiflis quberniyasının başqa yerlərində – Tiflis şəhərində, Tiflis, Telav, Sığnaq qəzalarında da yığcam halda yaşayırdılar. Tiflisdə azərbaycanlılar – turklər 1835-ci ildə 723, 1865-ci ildə 1523, 1876-cı ildə 2310, 1886-cı ildə 1275 nəfər idilər. Onlar şəhərin əsasən Meydan, Musəlman Qəbiristanlığı, Sololak, Bağlar məhəllələrində, İrakli kücəsində, Aleksandrovski bağı və Soldat bazarı deyilən həndəvərdə cəmləşmişdilər. Tiflis qəzasında 1880-ci ildə 9438, 1886-cı ildə 6437 nəfər soydaşımız qeydə alınmışdı. Azərbaycanlılar ən çox Qarayazı nahiyəsində idi. 1886-cı ildə burada ümumi əhalinin 94,6 faizini (4754 nəfər) onlar təşkil edirdilər. Telav qəzasında 1880-ci ildə 1599, 1869-cu ildə Qaracalar kəndində 1372, Kəpənəkçidə 242 nəfər, 1886-cı ildə Borcalı qəzasının Yekaterinenfeld (Bolus) nahiyəsində umumi əhalinin 71,8 % (10,028 nəfər), Borçalı nahiyəsində 64 % (12,377 nəfər), Trialet, Loru nahiyəsində 20-30 %, Sığnaq qəzasında 3220 nəfər, Telav qəzasında 1600-dən çox azərbaycanlı – turk olduğu gostərilirdi.
Asif Hacılı. Təxminən 600 illik tarixi olan həmin qəbiristanlıq, xalqın Gorxana adlandırdığı, minlərlə soydaşımızın, görkəmli şəxsiyyətlərin uyuduğu o məzarlıq XX əsrin ortalarında cinayətkar Beriyanın göstərişi ilə söküldü. Ümumən sovetlərin gəlişindən sonra vəziyyət həm müsbət, həm mənfi mənada dəyişdi. Əhalinin köçü azaldı, milli məktəblər, mədəniyyət evləri yarandı. Lakin milli dəyərlər də aşılanmağa, saxta sovet beynəlmiləlçiliyi tətbiq olunmağa başladı. Bütövlükdə isə XX əsrin əvvəlinə xalqımız demoqrafik, mədəni, siyasi baxımdan yetkin etnik toplum kimi çıxmışdı və bu, özünü əhalinin məskunlaşmasında da göstərirdi.
Əsəd Təhləli. Soraqlardan bəlli olur ki, XX əsrin əvvəllərində Tiflis quberniyasında azərbaycanlılar – turklər 107623 nəfər idi və bunun 63337-si Borcalı qəzasında, 7749-u Tiflis qəzasnda, 6635-i isə Tiflis şəhərində yaşayırdı. Borçalı qəzasının Borçalı nahiyəsində soydaşlarımız 36065, Trialet nahiyəsində 10560, Yekaterinenfeld nahiyəsində 13762, Loruda 3058 nəfər təşkil edirdilər. Soydaşlarımızın say çoxluğu 1918-ci ildə də özünü göstərirdi. Belə ki, həmin ərəfədə Borçalı və Qarayazıda əhalinin çoxu azərbaycanlılar idi. Ələlxüsus, Borçalının orta hissəsində əhalinin 93 %-i (36615 nəfər), Qarayazıda isə 88,8 % -i (7419 nəfər) azərbaycanlılardan ibarət idi.
Asif Hacılı. Cümhuriyyət dövründə Borçalı uğrunda kəskin mübarizə gedib, erməni və bolşevik birliyi bu torpaqları ermənilərə təhvil verməyə çalışıb və bildiyimiz kimi, Ermənistan və Gürcüstan arasında müharibə baş verib. Bu dövrlərdə Ə.B.Haqverdiyev Borçalının ermənilərə verilməməyi, yəni Borçalının ərazi bütövlüyü uğrunda gürcü parlamentində gərgin siyasi mübarizə aparıb. Son nəticədə ermənilər istəklərinə çatıb və Dağ Borçalı
Əsəd Təhləli. Bəli, bütün yönləri ilə Azərbaycana məxsus olacaq Borçalı torpağı uğrunda 1918-ci ilin axırlarında Gürcüstan və Ermənistan müharibə aparmışdır. Danışıqlar əsasında dayandırılan müharibədə barışıq şərti olaraq Borçalının dörd nahiyəsindən (Borçalı, Yekaterinenfeld-Bolus, Loru, Trialet-Dmanis-Zalqa) biri, həm də ən böyüyü, Borçalının güney parası – Loru nahiyəsi neytral zona elan edilib. 1921-ci ildə Şura hökümətinin gəlişi ilə “beynəlmiləlçilik” siyasətinə əsasən həmin zona, yəni Ermənistanın indiki Noyemberyan, Tumanyan, Stepanavan, Kalinino rayonlarının əraziləri daşnak tör-töküntülərinə verildi. Bununla da Borçalı ərazisinin çox hissəsi bölünərək Cənubi Qafqaza gəlmə olan yadelli ermənilərin əlinə keçdi.
Asif Hacılı. Məlum hadisələrdən sonra erməni daşnak terrorçuları Dağ Borçalının azərbaycanlı əhalisini də yurdlarından çıxarıb sürgün etdilər. Həmin soydaşlarımız digər Qərbi azərbaycanlılar kimi, bu gün də yurd həsrəti çəkməkdədirlər. Azərbaycanla daim strateji əməkdaşlıq, dostluq və qardaşlıq münasibətlərində olan sovet və müstəqil Gürcüstan Respublikalarında isə soydaşlarımızın yeni həyatı başladı. Müstəqil Gürcüstanda azərbaycanlılar öz etnik-mənəvi dəyərlərini, dini inanc və mərasimlərini, mədəniyyət və həyat tərzini qoruyub inkişaf etdirmək imkanlarına malikdirlər. Etnoqrafiya və məişət sahəsində də etnik səciyyə və məzmun qorunmaqdadır. Təbii ki, xalqlar arasında təmasdan gələn yeni meyllər də mövcuddur və bu proses həm də ikitərəflidir. Beləliklə, hörmətli Əsəd müəllim, zəruri olan tarixi-demoqrafik ekskursdan sonra keçək əsas məsələmizə, etnoqrafiya və məişət məsələlərinə, öncə, xalqın ənənəvi güzəranı, məişəti, təsərrüfat həyatı və sənətkarlıqdan başlayaq.
Əsəd Təhləli. Xalqımızın məişət həyatı və təsərrüfatında əkinçilik, bağçılıq, bostançılıq, tərəvəzçilik, üzümçülük, maldarlığın zəngin ənənəsi var. Gürcü arxeoloqlarının apardığı qazıntılar zamanı aşkar edilən Arıxlı I və Arıxlı II düşərgələrindən məlum olur ki, hələ Eneolit dövründə Gürcüstan azərbaycanlıları yaşayan ərazilərdə yüksək əkinçilik mədəniyyəti mövcud idi. Materiallar göstərir ki, bu amil öz varlığını XIX-XX əsrin əvvəllərində, həmçinin sonrakı illərdə də saxlamışdır. Materiallar göstərir ki, bu amil öz varlığını XIX-XX əsrin əvvəllərində, həmçinin sonrakı illərdə də saxlamışdır.
Əkincilikdə yerin secilməsi, şumlanması, toxumun səpilməsi, sahənin suvarılması, taxılın bicilib daşınması, doyulməsi, dənin üyüdülməsi və s. amillər mühüm şərtlərdən sayılırdı. Borçalı əhalisi XIX-XX əsrin əvvəllərində torpağın əkin ucun keyfiyyətli olub-olmadığını bilmək üçün müəyyən təcrübələrdən istifadə edib. Əkin sahəsini şumlayarkən xış, yaxud cütdən istifadə olunardı. Xışa iki boyun öküz qoşular və şumlama prosesi bir nəfərin idarəciliyi ilə həyata kecirilərdi. Bol məhsul götürmək üçün əkin yeri cərgələrlə üç dəfə şumlanardı. Bununla bağlı öyrəndiyimiz əhali arasında belə bir deyim də formalaşmışdır: “birinci şum daraq, ikinci şum sığal, üçüncü şum maraqdır”. Azərbaycanda olduğu kimi, tədqiq etdiyimiz ərazilərdə xışlar müxtəlif adlarla (ulamalı, çatma, işgilli və s.) ifadə edilirdi. Ağacdan hazırlanan bəzi xışın ucuna dəmir gavahın düzəldilərdi. Dəmir gavahınlı xışların tarixi çox qədimlərlə səsləşir. Əhali arasında ən geniş yayılmış şum aləti Cənubi Qafqazda təxminən VIII-IX əsrlərdən bəlli olan ağır və ya qara kotan idi. XIX əsrə aid mənbədə qeyd edilir ki, Borçalının bütün aran hissəsi əkincilik ücün yararlıdır və əkin sahələri ağır ağac kotanlarla şumlanır. Ağac kotanlara 8-12 boyun ökuz qoşulur. Borşalı qəzası şumlama sahəsində yüksək nailiyyət əldə edibdir. Yerli kotanlarla birgə, son vaxtlar qəzada dəmir kotanlardan da istifadə olunur. Dəmir kotanlar 5-6 boyun öküz, yaxud 4-6 baş atla hərəkətə gətirilir. Digər qəzalarda isə dəmir kotanlara rast gəlinmir. Şumlamadan sonra səpinə başlanardı. Dağlıq ərazidə payızlıq buğda və arpa sentyabr-oktyabr aylarında, yazlıq toxum mart ayının sonundan mayın 20-nə kimi, aran yerlərində payızlıq sentyabrdan noyabra qədər, yazlıq isə martın ortalarından aprelin sonunadək olan ərəfədə həyata kecirilərdi. Toxum səpilən kimi torpağın üzü malalanırdı. Bu proses şax mala, dırmıq adlanan əmək aləti vasitəsilə həyata kecirilərdi. Əhali arasında malaya “tapan” da deyilirdi. Səpin və malalamadan sonra taxıl zəmiləri çay, yaxud kanaldan çəkilmiş arxlar, yaradılmış su tutacaqları vasitəsilə suvarılırdı. Suvarmada, əsasən, şırım üsuluna üstünlük verilərdi. Çünki, selləmə üsulundan fərqli olaraq su birbaşa əkin sahəsinə buraxılmır, əvvəlcədən hazırlanmış şırımlara axıdılırdı. Sahənin yuxarı başından şırımlara buraxılan su aşağı hissəyə doğru axır və torpağın altı ilə bütün sahəyə bərabər şəkildə paylanırdı.