Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- III Hissə

Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- II Hissə
Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- I Hissə
Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

Əsəd Təhləli (Əsəd Tanrıverdi oğlu Əliyev), borçalışünas alim, tarix elmləri doktoru.

 Asif Hacılı. Qafqaz türklərinin – borçalıların və Axısqa türklərinin geyim tərzindəki özünəməxsusluq isə, əsasən dini təriqət, coğrafi-mədəni və siyasi qaynaqlanır, köklü xarakter daşımır. Gürcü zadəganlarına Borçalı türklərinin türk, xüsusən qızılbaş geyiminin təsirini Orta əsrlərdə xüsusilə dərin olmuşdur. Dediyimiz kimi, Gürcüstanın müəyyən yerlərində türklərlə yanşı, hətta gürcü, digər xaçpərəst qadınları da uzun müddət çadrada gəziblər, ümumən gürcü geyiminin müəyyən hissəsiturklərdən götürülüb. Kaxet  çarları və aznaurlar (gürcü zadəganları) «qızılbaş üslubunda» gödəkçə geyər, çalma bağlarmış. İmeretdə, digər yerlərdə də türk qaf­tan­ları, «qızılbaş qiyafəsi» gürcülərinəsas libası imiş (Bax: Н.Г.Волкова. Статейные списки русских посольств XVI–XVII вв. как этнографический источник // Кавказский этнографический сборник,  VI,M., 1976, стр. 279-281). Belə zəngin geyim mədəniyyətinin olması ümumən etnik mədəniyyətinin yüksək səviyyəsini, digər xalqlara təsir – xalqımızın bu ərazilərdə avtoxtonluğunu, dövlətçiliyin atributlarından olan zədəganlığın, kübar təbəqənin mövcudluğunu təsbitləyir. Bu deyilənlər baxımından, Sizin bir peşəkar etnoqraf kimi arxiv sənədləri əsasında araşdırdığınız klassik dövrdəki xüsusiyyətlər və müasir mərhələdə kəndlərdəki ekspedisiyalarınızdakı müşahidələrinizi və qənaətinizi eşitmək maraqlı olardı.

Əsəd Təhləli. Borçalı ərazisində geyimlər gender, corğrafi və sosial amillərin təsiri ilə fərqli olub. Qadın geyiminin əsas atributlarından olan köynəklər “can” və “üst” köynəyi olmaq etibarilə iki növə ayrılırdı. Alt köynəyini həm pambıq, həm ipək parçadan qadınların özləri tikərdi. Kasıb qadınların köynəyi əsasən pambıq parçadan hazırlanaraq uzun qollu və uzun ətəkli, yanları bütöv, yaxası, biləyinin ağzı və ətəyinin qıraqları bəzəksiz olurdu. Boğazının altından isə bir və ya iki ilgək-düymə ilə düymələnirdi. Bəzi səriştəli qadınlar köynəklərinin yaxa kəsiyinə ağ sapla “həşkə” adlanan bəzək vururdular. Xalq arasında belə köynəklərə “həşkəli köynək” deyilərdi. Varlı qadınların alt köynəyi isə ipək parçadan tikilərdi. Alt köynəyi kimi üst köynəyi də çox vaxt tuniki biçim üsulunda, biləyi bilərzikli (məcəli) və yelpəzəli (məcəsiz) olurdu. Məzər, önlük, arxalıq, katibi və s. də qadın üst geyimləri sırasında idi. Tumanlar alt, orta və üst tuman olmaqla üç çeşiddə hazırlanardı. Alt tuman “dizlik”, orta tuman “cütbalaq”, üst tuman isə “büzməli” və “çivrikli” sayılırdı. Rəngli pambıq parçadan tikilən dizlik orta tumanın altından geyilirdi.

Asif Hacılı. Bəs qadın geyiminin, yəni baş geyimlərinin əsas hissələri, tipləri tarixən nədən ibarət olub?

Əsəd Təhləli. Qadın baş geyimləri “örtmə” və “geymə” olmaqla iki qrupa bolunurdu. Birinci qrupa kəlağayı, şal, orpək, ləcək-yaylıq, ikinci qrupa isə araqcın, dingə və calma daxil idi.  XIX-XX əsrin əvvəllərində qadın ayaq geyimlərini corab, badış, çarıq, başmaq, çust, nəleyin, məst, dabanlı uzunboğaz və yarımboğaz çəkmə təşkil edirdi. Bununla belə, Gurcustanın azərbaycanlı qadınlarının istifadə etdiyi “dzuqa” adlı cox yumşaq ayaq geyimi də olmuşdur. Dzuqa ayaq geyiminin oxşar variantına yalnız acarlar arasında rast gəlinmişdir. Qadın zinət əşyaları baş (cəngəlli cənəbənd-qarmaq), qulaq (muxtəlif formalı qızıl, gumuş tanalar-“gilası”, “badamı”, “aypara və s.), boyun (“arpa”, “həmayıl”, “aypara”, “muncuqlu” və s. boyunbağıları), bel (qızıl, gumuş kəmərlər), bilək və barmaq (qolbağı və qaşlı, qaşsız uzuklər) bəzəklərindən ibarət idi.

Asif Hacılı. Qadın geyimləri qədər rəngarən olmasa da, kişi geyimləri, xüsusən Borçalı bəylərinin, ağalarının, eləcə də ziyalıların kişi geyimləri də fərqli atributlardan ibarət olub.

Əsəd Təhləli. Kişi geyimləri də alt və üst paltarına bölünürdü. Alt paltarını “can köynəyi” və “dizlik” təşkil edirdi. Kişi üst paltarı-koynək, nifəli şalvar, arxalıq, sırıqlı, çuxa, kürk, yapıncı və s.-dən ibarət olmuşdur. Üst koynəyi “tuniki” və “kəsmə” olmaqla iki usulla bicilirdi. Bu tipli koynəklər bicim usuluna və tikiş texnikasına gorə can koynəyindən fərqlənməsə də, parça materialı baxımından muxtəlif idi. Yəni üst koynəkləri bahalı parçalardan (qanovuz, atlas, məxmər, mahud və s.) biçilib tikilərdi. Azərbaycanda olduğu kimi, Gürcüstan azərbaycanlıları arasında “düzyaxa” və “çəpyaxa” formalı köynəklərdən istifadə edilsə də, “mindoylu” koynəyə daha cox ustunluk verilərdi. Etnoqraf alimlər bunu mindoylu koynəyin hər iki tərəfə (astar və uz) geyinildiyindən, uzun muddət istifadədə qalması ilə əlaqələndirirlər. Adətən, köynəyin üstündən “sırıqlı” geyinərdilər. Sırıqlı kürək və döş hissələrindən ibarət biçilirdi. Qolsuz, astarlı, boğazdan aşağı yaxası düyməli və uzunluğu qurşağa qədər olan bu geyim tipinin icərisinə az miqdarda yun qatı döşəyib üzlə birlikdə sırıyardılar. “Sırıqlı” adı da məhz buradan yaranmışdır.

Asif Hacılı. Əsəd müəllim,bu geyim növlərinin bir hissəsi sıradan çıxıb, bəziləri qorunub qalıb və öz funksionallığını da saxlamaqdadır. Bunlardan dizlik, arxalıq kimi həm də müəyyən peşələrdə işlənən geyimləri qeyd etmək olar.

Əsəd Təhləli. Ənənəvi kişi üst geyim dəstlərindən biri “dizlik” olmuşdur. Dizlik dörd hissədən (iki balaq, nifə və xişdək-miyança) biçilərək, qabağı bütöv olmaqla pambıq parçadan tikilərdi. Dizliyin balaqları ayrı-ayrılıqda paça yerinə xişdək (miyança) vasitəsilə birləşdirilirdi. Beldə durması üçün dizliyin bel hissəsinə nifə qoyulub tumanbağı keçirilirdi. Parça materialı və balağının uzunluğu nəzərə alınmazsa, “nifəli şalvar”ın biçim üsulu və tikiş texnikası dizliklə eyni olmuşdur.

Asif Hacılı. Borçlı və Axısqanın bəzi bölgələrində dizlik soyuq havada şalvarın altlından geyinilən iqlimə uyğun olqaraq, pambıq və ya yun parçadan tikilən alt paltarınna deyilir.

Əsəd Təhləli. Kişi üst geyim dəstlərindən biri də “arxalıq” idi. Adından türklərə mənsubluğu bir daha bəlli olan bu geyim tipi bütün Cənubi Qafqazda, eləcə də “beşmet” adı ilə Şərqi Avropa, Volqaboyu, Qafqaz, Ön və Orta Asiyanın bir çox xalqları arasında da geniş istifadəsini tapmışdır. Arxalıqlar önürlü (aşırmalı)və önürsüz olmaqla iki növə ayrılırdı. Önürlü arxalığın döşü cibli, yaxası şaquli şəkildə iki sıra, önürsüzünkü isə bir sıra düyməli olurdu. Biçim elementinə görə kürək, döş, ətək, qoltuqaltı və qolça hissələrindən ibarət olan arxalığı mahud, atlas, çit, sətin və s. parça materialından Tiflisdə xüsusi dərzilərə tikdirərdilər. Çünki arxalığın həm biçim üsulu, həm də tikiş texnikası sırıqlıyla müqayisədə çox qəliz olduğundan, bu işlə peşəkar dərzilər məşğul olurdu. Kişilərə məxsus mövsümi səciyyəli üst geyimlərindən biri də yapıncı olub, bəzən çobanlarda bu gün də istifadə olumaqdadır.. Xüsusilə maldarlıqla məşğul olan əhalinin daha çox istifadə etdiyi yapıncı saçaqlı və saçaqsız olmaqla iki növdə hazırlanırdı. Yaşlı çobanların dediyinə görə, saçaqlı yapıncıdan yaylağa çıxan sərkər-baş çobanlar və varlı zümrələr istifadə edərdi. Bu tipli yapıncı yağışlı havalarda saçaqları vasitəsilə suyu tez axıtdığı üçün daha münasib sayılırdı. Saçaqsız yapıncı isə əsasən çobanların geyimi olub, xalq arasında “çoban yapıncısı” adlandırılırdı.

            Asif Hacılı. İcazənizlə bir müdaxilə edim. Yapıncı əksər türk xalqlarında, o cümlədən tatarlarda və Şimali Qafqaz türkləində və dağlılarında geniş yayılıb. Həm adına, həm tarixinə görə türk dilinə və nomad hayat tərzinə uyğundur. Maraqlıdır ki, Rusiyanını klassik memarlığının və dini mədəniyyətinin, xüsusən kilsələrin mühüm ünsürüü olan bir element –  bizim xalçaçılığımızakı butaya (yuxarı hissəsi vertikal olmaq şərtilə) oxşayan qübbələr də sırf türk-tatar memarlıq elementidir və türk yapıncısına oxşadığına görə də rus dilindı yepança (епанча) adlanır. Əsəd müəllim,türk xallarının, o cümlədən borçalıların xüsusi mənəvi-əxlaqi mənası olan bir geyim atributu – kişi baş geyim – papaq türklərdə qeyrət rəmzi olub və etnik qarderobda yaş, sosial status, peşə, vəzifə ilə bağlı xüsusi rolu və işarəvi mənası olub. Borçalıda papaq nəinki mühüm yer tutub, olub. Bizim kökümüzdə duran türk soyu özü qarapapaqlar adlanıb və bu söz rus tarixçiliyinə də “qara qalpaqlar” («черные клобуки») kimi düşüb.

            Əsəd Təhləli. Bəli, papaq, kişi baş geyimlərinin öz sosial məzmununna görə fərqlənib. Kişi baş geyimləri XIX-XXəsrlərin əvvəllərində Gürcüstan türklərində  əsasən dəri, keçə, parça və s. kimi materiallardan bir neçə formada hazırlanardı. Bu geyimlər tikmə (“motal papağı”, “çoban papağı”, “buxara papaq”, “şikara papaq”, “züllə papaq”, “çərkəzi papaq”, “qaragül papaq” və s.) və bağlama (“sarıq”, “çalma” və s.) olmaqla iki yerə ayrılırdı və baş geyimlərinə xüsusi önəm veriliridi.

            Asif Hacılı. Əsəd müəllim, geyimlə bağlı qaldı son element – ayaq geyimləri…

            Əsəd Təhləli. XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlıları arasında müxtəlif növlü kişi ayaq geyimlərindən – çarıq (üç köşəli, qızqaytaran), başmaq, məst, uzunboğaz çəkmə, xrom çəkmə, çust, corab, patava, dolaq, badış və s. istifadə edilmişdir.

            Asif Hacılı. Əsəd müəllim, Borçalı öz mətbəxi, dadlı-məzəli yeməkləri ilə də seçilir. Yurdumuza səfər edən hər kəs oraların türk tipologiyası olan, lakin yerli mühitdən, təbiətdən, ərzaq məhsullarından gələn orijinal mətbəxini sevir. Burada yerli Azərbaycan-türk mətbəxi qonşu xalqların müəyyən yemək nümunələrinin özünəməxsus mənimsələri ilə də seçilir. Əsas amil isə təbiətin, buranın bitki aləminin zənginliyi, heyvandarlığın inkişafı ilə bağlıdır. Ancaq biz Borçalıya xas klassik mətbəxdən danışsaq daha maraqlı və səmərəli olar.

Əsəd Təhləli. Borçalıda yeməklər rəngarəng, çoxçeşidlidir, həmçinin əhalinin yerləşdiyi təbii-coğrafi mühitdən, təsərrüfat məişətindən, sosial-iqtisadi vəziyyətdən, tarixi şəraitdən, dini baxışdan, etniklərarası bağlılıqdan gələn elementlər də bu zənginliyi artırır.

Klassik dövrdə yeməklər tərkibinə görə bitki, ət və süd mənşəli olmaqla iki qrupa bölünüb. Etnoqrafik materiallara əsasən Qarayazı, Borçalı, Bolus, Başkeçid, Qaraçöp, Ağbulaq, Muxran çökəyi, Telav, Laqodex və s. bölgələrinin əkinçi əhalisinin yemək süfrəsində önəmli yeri bitki (buğda, arpa, qarğıdalı, darı, çəltik və s.) mənşəli bişmişlər tutub.

            Bitki mənşəli yeməklər icərisində ən başlıca yerdə cörək dururdu. Cörəklər növünə (acıtmalı və acıtmasız), tərkibinə (buğda, arpa, qarğıdalı, darı; qarışıqlığına – buğda-arpa; buğda-qarğıdalı və ya arpa-qarğıdalı), formasına (dəyirmi, yastı, uzunsov, nazik, qalın), hansı cörəkbişirmə vasitəsi ilə bişirilməsinə (sacda, təndirdə, fırında və s.) görə bir-birindən fərqlənirdi. XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının “tərəkəmə” adı ilə məlum olan cörəyi Tiflisdə ən baha qiymətə (20 qəpiyə) satılırdı. 1882-ci ildə Moskvada kecirilən Umumrusiya sərgisində Borçalı müxtəlif mükafatlar almışdır. Əhalinin yemək öynəsində bitki mənşəli şirniyyat məmulatları da mühüm yer tuturdu: şəkərbura, paxlava, şəkərcörəyi, şorqoğal, həmçinin qatlama və fəsəli bu qəbildən idi. Bitki mənşəli yeməklər içərisində xəmir xörəklərinin (çıxma xəngəl, sulu xəngəl, xəşil, quymaq, halva, umac, əriştəli isti, əriştəli aş, qovud və s.), həmçinin “yarma aşı”, “yarma hörrəsi”, “səməni halvası”, “həlimaşı”, “hədik” və s. kimi bişmişlərin də xususi yeri vardı. Əhali arasında bitki mənşəli düyüdən hazırlanan yeməklər də əsas yer tuturdu. Düyü bişmişləri icərisində ən başlıca yerdə “aş-plov” dayanırdı. Aşın-plovun “qaralı aş”, “əriştəli aş”, “döşlü aş”, “cücəli aş”, “cığırtmalı aş” kimi növlərindən daha çox istifadə olunardı.

Gürcüstan azərbaycanlılarının yemək öynəsində bağ-bostan və tərəvəz bitkiləri, həmçinin yeməli yabanı bitkilər-cincilimotu, gicitkan, əvəlik, tərpətöyun, quzuqulağı, qulançar, quşəppəyi, göbələk və s. də mühüm yer tuturdu.  

Maldarlığın inkişafı boçalıların mətbəxində ət və süd məhsullarının mühüm yer tutmasına stimul vermişdir. Əhali həm iribuynuzlu (dana, buzov), həm də xırdabuynuzlu (toğlu, quzu, çəpiş) heyvanların ətindən təzə və qovurma halında istifadə edərdi. Ətdən təzə halda bir sıra ənənəvi yeməklər – tikəkabab, lüləkabab, taskabab, sac kababı, təndir kababı, daş kababı, quyruq kababı, ciyər kababı, ürək kababı, döymə kabab, basdırma kabab, həmçinin “çoban” və “ev bozartması”, pörtdəmə, küftə, dolma, piti, qorabasdırma və s. bişirilərdi. Ətdən hazırlanan qovurma və heyvanın baş-ayağından bişirilən xaş əsasən payız, qış aylarında yeyilərdi. Əhali təkcə ev heyvanlarının deyil, çöl və ev quşlarının, həmçinin müxtəlif növ balıqların ətindən də geniş istifadə etmişdir. Borçalıların süfrəsində balıq məhsulullarından ilk növbədə xramuli balığı əsas yeri tutmuşdur.

XIX-XX əsrin əvvəllərində və elə bu günümüzdə Gürcüstan azərbaycanlılarının qida rasionunda süd və süd məhsulları da geniş yer tuturdu. Əhalinin istifadə etdiyi inək, camış, qoyun və keçi südü idi. Süddən müxtəlif növ ağartı məhsulları-qatıq, yağ, pendir, şor, qaymaq hazırlanıb, südlü yeməklər (südlü aş, südlü yarma, südlü ərişdə, südlü sıyıq və s.) bişirilər, sulux, körəməz, ayran, qurut və s. düzəldilərdi.

Asif Hacılı. Əsəd müəllim Borçalı mətbəxi haqqında həm tarixi, həm də müasir dövr baxımımdan maraqlı və əhatəli məlumat verdiniz. Müasir dövrdəki fərqliliklər əsasən müxtəlif salatlar, məzələr, xalqlararası əlaqələrdən gələn müxtəlif yemək növləridir, bunlar da regional və ya beynəlmiləl xarakter daşıyır. Lakin Qafqaz xalqlarında mətbəxin xüsusi bir növü də müxtəlif mərasimlər, dini mərasimlər, toy və yasda verilən yeməklərdir. Yəqin ki, bu barədə də məlumatınız var..

Əsəd Təhləli. Azərbaycan xalqının ayrılmaz hissəsi olan Gürcüstan azərbaycanlılarının qeyd etdikləri bayramlar, o cümlədən, Orucluq, Qurban kimi dini; Xıdır Əlləz, Novruz; məhsul-əkin, bicin bayramları kimi movsumi-milli bayramların, həmcinin yas və toy-nişan mərasiminin, ailə şənliklərinin hər biri ozunəməxsus rəngarəng yeməklərlə səciyyələnir. Ət və xəmir xörəkləri çətin həzm olunduğu üçün, Orucluq gunlərində iftar sufrəsinə daha çox süd və süd məhsulları (süd, südlü sıyıq, şor, qaymaq, yağ, pendir), muxtəlif tərkibli şirin cörəklər və bal, xurma qoyulardı. Qurban bayramında əsasən ət xörəkləri bişirilərdi. Bayramın qeyd edildiyi üc gun ərzində süfrəyə düzülən əsas bişmişlər – bozbaş (küftə), ət bozartması və ya kartoflu, sulu ət yeməyi olurdu. Xıdır Əlləz, Novruz bayramları, yas, toy-nişan mərasimləri və ailə şənlikləri (uşağın doğulması, diş cıxarması, sünnət edilməsi, kirvə qonaqlığı və s.) də zəngin yemək sufrəsi ilə secilərdi. Müasir dövrdə bu mərasimlər mətbəz baxımından xeyli dəyişilib, ət yeməkləri, aş-plov, dolma, buğlama və sairə üstünlük təşkil edir.

Asif Hacılı. Müasir texnikanın olmadığı dövrlərdə ərzaqın qış ayalarına saxlanması da xüsusi bacarıq və biliklər tələb edib. Uzun qış ayları borçalılar əraqı necə qoruyub istifadə ediblər?

Əsəd Təhləli. Ehtiyat ərzaq tədarükü barədə zəngin təcrübəyə malik əhali qış ehtiyatlarının qayğısına qalaraq ət və süd məhsullarından qovurma, qaxac, pendir (motal və cılğı pendiri), yağ, qurut hazırlamış, bostan-tərəvəz məhsullarından (pomidor, xiyar, kələm, bibər, sarımsaq, badımcan və s.) turşu qoymuş, yeməli yabanı bitkiləri (əvəlik, dağkeşnişi, kəklikotu, yarpız və s.) yığıb qurutmuş, bağ məhsullarından (ərik, gilas, gilənar, uzum, qoz, zoğal, şaftalı, gavalı, tut və s.) murəbbələr bişirmişlər.

Asif Hacılı. Müasir dövrdə bu deyilənlərin bəziləri mövcud olsa da, əsasən ərzaqı qorumaq məqsədi daşımır, delikates kimi istifadə edilir. Yeməklər barədə ətraflı məlumata görə təşəkküür edirəm, içkilər, yemək rasionu və sairə müəyyən yerli detlları nəzərə almasaq, hazırda ümümi Qafqaz rasionundan köklü fərqlənmir. Borçalı etnoqrafiyasının digər anlayışları olan ailə tipi, yəni qədimdə böyük, hazırda kiçik ailə, toy, yas mərasimləri, bayramlar, etnik pedaqogika, xalq yaradıcılığı ümumazərbaycan tipologiyası ilə mahiyyət etibarilə eynidir.

Hörmətli Əsəd müəllim, Sizə bu maraqlı və zəngin söhbətə görə dərindən təşəkkür edirəm. Tarixi aspektdən təqdim etdiyiniz bu zəngin məlumat, monoqrafiyalarınız və dissertasiyanız borçalışünaslıq sahəsində dəyərli məxəzdir və bütün bu məlumat, müşahidə və mülahizələrinizi bizimlə bölüşdüyünüzə görə Sizə minnətdarlığımı bildirirəm.

Əsəd Təhləli. Sağ olun, dəvətə və mükaliməyə görə mən də Sizə minnətdaram.