Estoniyanın müdafiə naziri: “Azərbaycan müttəfiqlər üçün vacib tərəfdaşdır”

Azərbaycan tamaşaçısı daha çox hansı telekanallara və hansı verilişlərə baxır?
Qondarma “erməni soyqırımı” ilə bağlı layihənin Konqresə çıxarılması Hillari Klintondan asılıdı
Xocalı soyqırımının tanınmasını və günahkarların cəzalandırılmasını gözləyirik

Estoniyanın müdafiə naziri Yaak Aaviksoonun (Jaak Aaviksoo) APA-ya müsahibəsi

– Azərbaycan və Estoniya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Bizim Azərbaycanla digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də çox yaxşı və açıq münasibətlərimiz var. Ötən il Müdafiə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb. Amma təəssüflər olsun ki, bu dövr ərzində müdafiə sahəsində heç də bütün layihələr həyata keçməyib. Hesab edirəm ki, növbəti illərdə büdcə ixtisarlarımız müdafiə sahəsində əməkdaşlığımıza da təsir göstərəcək. Ümumilikdə isə deyə bilərəm ki, Estoniya Azərbaycanla, xüsusilə çoxtərəfli formatda əməkdaşlıq təşəbbüslərinə açıqdır.

– Estoniya NATO üzvü kimi Azərbaycanla əməkdaşlığın perspektivlərini necə görür?

– Estoniya Azərbaycanın NATO ilə əməkdaşlıq istiqamətində atdığı bütün uğurlu addımları alqışlayır və bu işdə rəsmi Bakıya hər cür dəstək göstərməyə hazırdır. Azərbaycan İSAF missiyasındakı xidmətləri, Cənubi Qafqaz bölgəsində sabitlik və təhlükəsizliyin qorunmasındakı həlledici rolu ilə müttəfiqlər üçün vacib tərəfdaşdır. Hesab edirik ki, bu sahədə biz də NATO dövləti olaraq öz köməyimizi göstərməliyik.

– Kiber təhlükəsizlik sahəsində Azərbaycanla bəzi layihələr üzərində işlədiyiniz barədə məlumatlar var…

– Qeyd etməliyəm ki, Estoniya kiber təhlükəsizliyi sahəsində ixtisaslaşıb və artıq bir sıra ölkələrlə belə layihələr üzərində işləyirik. Hazırda kiber təhlükəsizlik sahəsində Azərbaycanla planlaşdırdığımız ikitərəfli tədbirlər var. Bu tədbirlər çərçivəsində əməkdaşlığımızı dərinləşdirəcəyik. Hesab edirəm ki, Azərbaycan bizim təcrübəmizdən yararlanacaq.

– Bu gün Estoniyanın hərbi məktəblərində azərbaycanlılar təhsil alırmı?

– Litva və Latviya Müdafiə nazirliklərinin dəstəyi ilə azərbaycanlılar 2004-cü ildən Baltik Hərbi Kollecində (Litva, Latviya və Estoniyanın birgə idarə etdiyi məktəb – red.) təhsil alır. Hazırda bir Azərbaycan zabiti Orta Ordu Komandanlığı və Şəxsi Heyəti kursunda iştirak edir. Bizim hərbi məktəblərə da vaxtaşırı Azərbaycandan hərbçilər göndərilir. /APA/