Gənclər Təşkilatları Milli Şurasının XX Hesabat-Seçki Qurultayı keçirilir

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib
Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikov ilə vida mərasimində iştirak edib
Leyla Abdullayeva Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatının şərh edilməsinə dair KİV-in sualını cavablandırıb

Noyabrın 27-də ölkənin aparıcı gənclər platformalarından olan, 150 gənclər təşkilatını ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) XX Hesabat-Seçki Qurultayı keçirilir.

AZƏRTAC xəbər verir ki, qurultay öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

NAYORA-nın sədri Azər Əliyev təşkilatın fəaliyyətində hər zaman əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin təbliğ edildiyini, təşkilatın fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutaraq qurulduğunu xüsusilə qeyd edib. Daha sonra NAYORA-nın 2020-2023-cü illər üzrə fəaliyyət hesabatını özündə birləşdirən təqdimat və videoçarx təqdim edilib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclər təşkilatlarının vətəndaş cəmiyyətindəki rolundan, nazirliyin Milli Şura ilə birlikdə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib.

Daha sonra Qurultayın hesabat və seçkilər hissəsi başlayıb. Belə ki, sədrliyə namizəd Rafael Hacıbəyli, sədr müavinliyinə namizədlər Nail Şükürov və Güldanə Dadaşova gələcək fəaliyyətləri, planları ilə bağlı çıxış ediblər. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyəti və Mərkəzi-Nəzarət Təftiş komissiyası üzvlüyünə namizədlər təqdim olunub.

Təqdimatlar yekunlaşdıqdan sonra Qurultayda iştirak edən təşkilatların səsverməsi nəticəsində Rafael Hacıbəyli Milli Şuranın yeni sədri seçilib, həmçinin sədr müavinləri, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvləri müəyyənləşib.

AZƏRTAC