Gündüz Nəsibov: Altıncı müsabiqə

1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı
Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair
Ermənilərin qatil “qəhrəman”ı – Soqomon Teyleryan

Mayın 18-19-da Şamaxı şəhərində millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə keçirilən altıncı Sabir bədii qiraət müsabiqəsi tarixə çevrildi. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığı Fondunun təşkilatçılığı ilə altıncı ildir keçirilən müsabiqəyə həmişəki kimi böyük maraq var idi. Ona görə də şair Musa Yaqubun rəhbərlik etdiyi, filologiya elmləri doktoru, professor Nadir Abdullayev, filologiya üzrə fəlsəfə doktoru Vəfa Yunusova, Sabir ev muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilova və bu sətirlərin müəllifindən ibarət münsiflər heyəti qaliblərin seçilməsi prosesində xeyli çətinliklə üzləşdi. İkinci ildir müsabiqənin münsiflər heyətinin üzvü olduğumdan bəzi təəssüratlarımı bölüşmək istərdim.

Müsabiqə həmişəki kimi yüksək səviyyədə təşkil olunmuşdu. Bir ay öncədən rayonun təhsil müəssisələrində müsabiqənin keçirilməsi ilə bağlı posterlər asılmış, müvafiq təbliğat materialları yayılmışdı. Yekun dinləmələrdə həm kənd, həm şəhər məktəblərinin şagirdləri, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının və Şamaxı Humanitar Kollecinin tələbələri iştirak edirdilər.

Sabirin şeirləri onları söyləyəndən böyük məsuliyyət və bacarıq tələb edir. Sabir öz şeirlərində əruzun müxtəlif bəhrlərindən məharətlə istifadə edib. Əruz uzun və qısa hecaların müəyyən kombinasiyalarda  gözəl oxunuş ritmi yaradan ardıcıllığının bütün misralarda və beytlərdə dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəznidir. Bu vəzni ilk dəfə sistem şəklinə VIII əsrdə yaşamış Xəlil ibn-Əhməd salıb. Xəlil ibn-Əhmədin tərtib etdiyi əruz sistemində on beş bəhr olub. Sonralar onun bu sisteminə bir ərəb əruzçusu yenə bir bəhr, fars əruzçuları üç üç bəhr əlavə ediblər. Beləliklə, əruz vəzninin on doqquz bəhri meydana çıxıb.

Məşhur əruz bilicisi professor Əkrəm Cəfər yazırdı : «Azərbaycan şairləri bu on doqquz bəhrin on birini seçiblər, sonra buna orta əsrlərin fars ədəbiyyatına mənsub olan «rubai»ni də əlavə ediblər. Demək, bizim ədəbiyyatımızda rubaini də daxil etsək, əruz vəzninin on iki bəhri vardır».

Azərbaycan şairləri ərəbin və farsın əruzunu olduğu kimi qəbul etməyiblər. Onlar əruzun ancaq Azərbaycan dilinə uyğun olan bəhrlərini götürüblər. Bunun nəticəsində Azərbaycan əruzu adlanan bir vəzn sistemi əmələ gəlib. Azərbaycan əruzu bəhrlərinin adları belədir: həzəc, rəməl, rəcəz, mütəqarib, müzare, müğtəc, münsərih, mütədarik, xəfif, səri, kamil və rubai…

Sabir verdiyi ilk və yeganə müsahibəsində Salman Mümtazın: ”Nə üçün şeirlərinizi hecada deyil, əruz bəhrində yazırsınız, şeirin əski forma və qəliblərini mühafizə edirsiniz?” sualını belə cavablandırmışdı: ”Məncə, yeni fikirləri və  yeni  mövzuları mütləq əski formada və əruz bəhrlərində  vermək, yazmaq lazımdır və həm də vacibdir…”

Sabirin qeyd etdiyi yeni fikri və mövzuları dinləyiciyə yaxşı çatdırmaq üçün ədəbiyyat müəllimləri müsabiqəyə hazırlıq dövründə iştirakçılara şeirin məna çalarını izah etməklə yanaşı, əruzla bağlı da müəyyən bilgilər verməli, şeirin qəlibini müəyyənləşdirməlidirlər. Sevindirici haldır ki, iştirakçıların əksəriyyəti bu incəlikləri bilirdilər.

Lakin bəzi müsabiqə iştirakçıları Sabir tiplərinin portretini yaratsalar da, şairin dərin iztirabını, həyəcanını, təəssüfünü və mənəvi ağrılarını əks etdirə bilsələr də, əruz vəzninin qəlibindən kənara çıxmaları münsiflər heyətinin seçiminə də təsirini göstərirdi.  İştirakçılar tez-tez müraciət etdikləri və əruz vəzninin münsərih bəhrində yazılmış «Oğlumuz ay Xansənəm, bir yekə pəlvan imiş», «Uşaq mənimdir əgər, oxutmuram əl çəkin», səhri bəhrindəki  »Məclisi əyanda vurur tək səbir», rəməl bəhrindəki «Nə yazım?», həcəz bəhrindəki «Nə işim var?»  və başqa şeirlərdə daha çox çətinlik çəkirdilər. Lakin yuxarıda qeyd etdiyim kimi, bir sıra iştirakçılar, xüsusilə I yerin sahibi Səmayə Abdullayeva və II yerə layiq görülmüş Könül Kərimova aktyorluq məharəti ilə yanaşı, əruzun da tələblərinə kifayət qədər əməl etdilər.

Mirzə Ələkbər Sabir satirik şair kimi məşhurlaşsa da, eyni zamanda klassik səviyyəli lirik qəzəllər müəllifidir. Təəssüf doğuran məqamlardan biri də müsabiqə iştirakçılarının və ədəbiyyat müəllimlərinin bu faktı gözdən qaçırmaları və qəzəllərə müraciət etməmələridir. Amma ötən illərdəkindən fərqli olaraq iştirakçıların Sabirin “bəhri təvil”lərinə müraciət etmələri diqqəti cəlb etdi.

Sabirin satirik təfəkkürü, sözlərinin cazibəsi artıq bir əsrdir ki, güldürür, düşündürür. Buna görə də təkrar edirik ki, Sabir şeirlərinin tam mahiyyətinin açılması onu söyləyəndən obraza girə bilmə bacarığı ilə yanaşı, əruz vəzninə bələd olmağı da tələb edir. Ümidvarıq ki, növbəti müsabiqələrdə Sabir yaradıcılığının müsabiqədə daha geniş şəkildə təbliğ edilməsinin şahidi olacağıq.

Gündüz Nəsibov,

Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş VI Bədii Qiraət müsabiqəsi münsiflər heyətinin üzvü