Gürcüstan azərbaycanlılarının xüsusi mənəvi atmosferə, daxili düzənə malik Qaraçöp mahalı- I Hissə

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir
Füzuli aeroportunun tikintisinin gələn ilin aprel-may aylarında yekunlaşdırılması planlaşdırılır
Rusiyada II Dünya müharibəsi zamanı həlak olmuş 6 azərbaycanlının cəsədi tapılıb

AVCİYA-nın “Borçalı söhbətləri” layihəsindən bugünkü müsahibimiz görkəmli yazıçı, tərcüməçi, publisist Nəriman Əbdürrəhmanlıdır. Bir çox əsərlərin müəllifi olan Nəriman müəllimlə söhbətimizin mövzusu onun ata yurdu, Gürcüstan azərbaycanlılarının xüsusi mənəvi atmosferə, daxili düzənə malik Qaraçöp mahalı haqqındadır.

Asif Hacılı. Hörmətli Nəriman müəllim, ilk növbədə, dəvətimizi qəbul edib AVCİYA-nın “Borçalı söhbətləri” layihəsinə qoşulduğunuza görə Sizə minnətdarlığımı bildirirəm.

Nəriman Əbdürrəhmanlı. Mən də hörmətli Elxan müəllimin belə bir layihəyə başladığına və dəvətinizə görə təşəkkür edirəm.

Asif Hacılı. Azərbaycan türklərinin qədim məskənlərindən biri də Qaraçöp mahalıdır və bu mahalın dəyərli nümayəndəsi olan, bu haqda əsər yazmış Nəriman Əbdürrəhmanlı ilə söhbəti Qaraçöpə həsr etməyi əhəmiyyətli hesab edirəm.  Aran Borçalı, Dağ Borçalı, Bağ Borçalı, Qarayazı ilə bərabər Qaraçöp də soydaşlarımızın ağır, sanballı yurdlarındandır. Qaraçöp coğrafi cəhətdən Borçalıdan şimal-şərqə doğru bir qədər aralıda olsa da bütövlükdə xarakterimiz, tarixi taleyimiz, məişətimiz, etnik dəyərlərimiz ortaqdır, mahiyyət etibarilə eynidir. Eyni zamanda müəyyən fərqliliyə malikdir, özünəməxsusdur, mənim aləmimdə, bu yurd-yuvamız türk dünyasının oğuz-qıpçaq sintezi, təmkin və çılğınlıq, ilham və məntiq, ağayanalıq, dosta, əhdə sədaqətlə kimi xüsusiyyətlərlə seçilən türk toplumunun yaşadığı tarixi məkanlarımızdandır. Qaraçöplülər həm də kəsərli, əyilməz, comərd türk tolumlarındandır. Kiçik məkanda izlənən rəngarəng etnik özəllik bəzən Qaraçöpün etnomədəni mahiyyətini dəqiq müəyyənləşdirməyə çətinlik yaradır, bu yurda, türk toplumuna fərqli münasibətlər meydana çıxır. Bəs 40 ilə yaxındır Bakıda yaşayan, ancaq qanı, canı ilə qaraçöplü olan, doğma yurddan ilham alan, daim ana yurda baş çəkən Nəriman Əbdürəhmanlı üçün Qaraçöp nədir?

Nəriman Əbdürrəhmanlı. Asif müəllim, əvvələn Borçalıya həsr olunmuş bu layihəyə görə AVCİYA-nın prezidenti, hörmətli Elxan müəllimə təşəkkür edirəm. Minnətdaram ki, layihəniz çərçivəsində Qaraçöpü də yada salmısınız. Bu qədim türk mahalı bəzən unudulur, gözdən iraq qalır. Ancaq qaraçöplü olaraq ana yurdum daim mənim qəlbimdədir, yaradıcılığımdadır, yuxularımdadır, qövr edən xatirələrimdədir.  Əlli altı il əvvəl Gürcüstanın Qaraçöp mahalının Qarabağlı kəndində doğulmuşam, ömrümün on yeddi ilini Qaraçöpdə yaşamışam. Bakı Dövlət Universitetində oxuyanda qış-yay tətillərində kəndə üz tutmuşam, tələbə-inşaat dəstəsindən, təcrübədən kənar vaxtlarımı kənddə keçirmişəm, təyinatla Daşkəsən rayonunda işləyəndə hər il məzuniyyət götürüb kəndə getmişəm, sonra beş il kənddə yaşamışam. 1987-ci ildə Bakıya köçəndən sonra isə ən azı ildə üç-dörd dəfə Qaraçöpə gedirəm. Bir sözlə, yaşadığım ömür şəhər qayğılarıyla unudulmaz kənd duyğusunun qarışığından ibarətdir.

Asif Hacılı. Siz geniş mütaliəli, xarici ədəbiyyata, keçmiş Sovetlər Birliyinin mədəniyyət mərkəzlərinə, Moskva ədəbi mühitinə bələd yazıçı, müxtəlif xalqların ədəbiyyatını yüksək səviyyədə dilimizə çevirən tərcüməçisiniz. Belə geniş təəssürat, ünsiyyət çevrəsində doğma yurdunuz Qaraçöp mahalı Sizin bir fərd və yaradıcı şəxsiyyət kimi daxili yaddaşınızdan silinmir, yuxularınıza girir, bu ekzistensial münasibət, yəqin ki, fəaliyyətinizə, yaradıcılığınıza da təsir edir, yurdun şüuraltı aktuallığı müxtəlif məqamlarda aşkarlanır.

Nəriman Əbdürrəhmanlı. Bəli, Asif müəllim, maraqlı məsələyə toxundunuz. Nə sirdirsə, Qaraçöp yaddaşıma qılınc tiyəsi şəklində həkk olunub. Elə yuxularımda da tez-tez dumanlar, qaranlıqlar içindən gün işığı kimi, göz qamaşdıran qılınc tiyəsi çıxır, obalara, məhlələrə, yurd yerlərinə dönür. Yuxum çin olanda bilirəm ki, duşumdakı o qılınc tiyəsi Qaraçöpmüş, yaddaşımı qurdalayırmış. Ancaq bu ekzistensial qavrayışın şüuraltı, uşaqlıq qavrayışımdan gələn real qaynaqları da var imiş. Bununla bağlı bir məqamı daim xatırlayıram. Bir səfərimdə Kaxet anayolundan sağa burulub qəlbi təpələrə çatanda maşını saxlatdım. Gördüm, nə yaddaşım aldadıb məni, nə də duşum. Qavrı (İori) çayının sağ tərəfi boyunca uzanan bu mahal qılınc tiyəsidi ki, düşüb. Bəlkə “Kaxetdə bir bağım ola”, – deyən qoç Koroğlunun Misri qılıncıdı, yağı düşmənin gözünün odunu almaq üçün qoyulub bura…

Asif Hacılı. Həqiqətən də, bu yurdumuzun etnoqrafik mühiti, qaraçöplülərin xarakteri ilə ətraf mühit, coğrafi məkan arasında bir ortaqlıq var sanki.

Nəriman Əbdürrəhmanlı. Elədir, qeyd etdiyim həmin qəlbi təpələrdən enib Dəyirman yerini ötürsən, Malxazın cələsini keçib Qaraçöpü dünyanın o biri bölgələrilə birləşdirən körpünü adlayır, uca çinarlar xiyabanının qurtaracağındakı Süleyman bulağınnan bir qoşa ovuc içib sərinləşirsən. Burdan o tərəfə Qaraçöpün evləri başlanır, Baldoy, Əyrəm, Qarabağlı, Muğanlı, Keşəli, Ləmbəli, Tüllərin ocaq yerləri bir-birinə söykənib, bir ağac o yanda Qızlar obası dəstədən gen düşmüş qərib durnanı andırır.

Asif Hacılı. Bu adların hər biri tariximizin bir parçasıdır, ulu türk ellərinin yadigarıdır və onları qoruyub yaşatmaq, unutdurmamaq bizim borcumuzdur. Eləcə də Qaraçöp toponiminin özünün mənşəyini, mənasını, mahiyyətini.

Nəriman Əbdürrəhmanlı. Ağlım kəsəndən “Qaraçöp” deyiminin sirrinə yetməyə, açımını tapmağa cəhd göstərmişəm. Bu həndəvərdəki yer-yurd adlarını ağlıma gətirdikcə çoxunun “qara” sözünə söykəndiyini görmüşəm: Qaradel (Qaradil), Qaradüz, Qaradərə, Qarayazı, Qarayol, Qaraarx, Saqareco (görkəmli şair Abbas Abdullanın mülahizəsinə görə, “Qaraca torpağı” deməkdi), “David Qareci” (“Qaraca David?!”) –  Keşikçidağ məbəd kompleksi…  Sonralar belə qənaətə gəlmişəm ki, “Qaraçöp”, – “böyük oba”, “böyük yurd” mənasına uyuşur. Bəs, Pirməmməd, Töyrə, Qaravul dağı, Ağdərə, Bualı dərə… Hansı olaylarla, yaddaşımızın hansı qatlarıyla bağlıdı?! Gərək bu deyimlərin izinə düşüb gedə, üstünnən Vaxtın, Zamanın tozunu silə, kökü tarixin dərinliklərinə, ilişkiləri türk torpaqlarının yaxın-uzaq bölgələrinə gedib çatan obaların keçdiyi yolları əsrlərin dumanı içərisində axtarıb tapasan…

Asif Hacılı. Təəssüf ki, əsrlərin məntiqini saxtalaşdıran, gerçəyə göz yuman, bilərəkdən və ya bilməyərəkdən bəsitləşdirənlər də çoxdur. Bu baxımdan tarixi həqiqəti aşkarlamaq çox vacibdir. Vaxtında ağsaqqalların, keçmiş ziyalıların, müdriklərin bildiklərini toplayıb yazıya almamışıq və buna görə də çox məsələnin həllində çətinlik çəkirik. Uşaq vaxtı Sarvana ata yurdumuza gedəndə Sarvanda (indiki Marneuli), Barmaqsızda (indiki Zalqa) böyük torpaq sahələri, adına Nayvəli yaylağı, Nayvəli yaylası, Nayvəli keçidi olan, qapımızda sarvanlıların etiqad etdiyi pir olan Nayvəli sülaləsindən babam Hacı oğlu Məhəmmədin yaşlı dostları ilə söhbətlərində mənasını tam anlamadığım Qaraçöp əhalisinin gəbçəklərdən olduğunu deyərdilər. Bu söz öz qəribəliyi ilə, həmin dövrdə mənasını anlmasam da, hafizəmdə ilişib qalmışdı. Çöx sonralar, xüsusən də Axısqa türklərinin tarixini, etnik mədəniyətini öyrənərkən bu ifadənin qıpçaqlar olduğunu anladım. Qıpçaqlar nəinki Qafqaz türklərinin, o cümlədən Gürcüstanın tarixində böyük rol oynayıblar. Bu ərazidə mühüm amil olan oğuzlarla qıpçaqların mənəvi-siyasi birliyi də müasir etnik prosesləri və çağdaş türklərin mənşəyini anlamaq baxımından mühüm hadisədir. Bu haqda gürcü mənbələrində də çox danışılıb. Məlum olduğu kimi, XI-XII əsrlər kəsiyi Avrasiyada, Avropanın xeyli his­səsində kumanların (qıpçaq­la­rın) hegemonluq dövrü olur və bu çöllərin Quziya adı dəyişərək Dəşti Qıpçaqa çevrilir.

Nəriman Əbdürrəhmanlı. Türk amili, xüsusən, oğuz-qıpçaq toplumunun Qafqaz və Anadoluda rolu, müxtəlif etnik anlar haqqqında türk alimləri də çox yazıb. Türk tədqiqatçısı F.Kırzıoğlunun “Qarapapaqlar” əsərində bu yerlərdə oğuz tayfalarının yaşadığı bildirilir. Əksər tədqiqatçıların fikrincə, eramızın III-IV əsrlərindən Gürcüstanda gürcülərlə yanaşı yaşamış buntürklər (köklü türklər) Borçalı və Qarayazıyla yanaşı, Qaraçöp ərazisində də məskunlaşıblar. Eyni zamanda Qaraçöpdə yaşayan əhalinin soy-kökündə xəzər və barsil tayfaları ilə yanaşı, oğuzlar və qıpçaqlar da iştirak ediblər. Gürcü mənbələrinə görə, qıpçaqlar bu ərzailərə iki dəfə köç ediblər. O, köçlərdən birincisi VII-IX əsrlərdə baş verib və həmin vaxt gələnlər “naqi-ğivçakari” (qədim qıpçaqlar) adlandırılırlar; XII əsrdə baş verən ikinci köçdə gələnlər isə “axali ğivçakari” (yeni qıpçaqlar) adı alırlar. Hər iki köçlə gələnlər yerli əhali ilə qaynayıb-qarışıb, nəticədə, demək olar, bütöv bir tayfa formalaşıb. Qafqaz Albaniyası zamanında Qaraçöpün ərazisində KOÇKEBAN adlı alban şəhəri olub. Bu yerin əhalisi öz igidliyi, döyüşkənliyi ilə ad çıxarıbmış. Bəlkə də elə indi Pirməmməd dağının yamaclarındakı tikinti qalıqları həmin şəhərin nişanələridir. Kim bilir?!

Asif Hacılı. Bu məsələlər Borçalı əsilli alimlərin də diqqət mərkəzinsə olub. Rəhmətlik Valeh Hacıları, Kərəm müəllimi hüznlə yad edirik. Valeh müəlimin ləyaqətli oğlu Fəxri Valehoğlu Hacılara uğur arzulayıram.

Nəriman Əbdürrəhmanlı. Bəli, tanıınmış tədqiqatçı və diplomat, tarix elmləri doktoru F.Valehoğlu-Hacılar Gürcüstan və Borçalı Qarapapaq türklərinin mənşəyilə bağlı əsərində qeyd edir ki, “…qarapapaqlar eyni zamanda qıpçaq və oğuz türklərinin maddi-mənəvi dəyərlərini daşıyan və inkişaf etdirən türk boyudur. Türkiyənin ən böyük və nüfuzlu təhsil ocaqlarından sayılan Ərzurum Atatürk Universitetinin doktoru Səmra Alyılmaz da qarapapaqlarm “həm qıpçaqların, həm də oğuzların Qafqazlardakı təmsilçisi durumunda” olduğu qənaətinə gəlir: “Qarapapaqlarm bu torpaqlarda yiizillərdən bəri yaşadıqları, böyük bir qisminin Səlcuqluların Gürcüstanın fəthindən öncə, bir qisminin isə Səlcuqluların Gürcüstanı fəthiylə birlikdə müsəlmanlığı qəbul etdiyi və bu səbəblə də Qıpçaq və Oğuz türkləri (türkmənlər) arasında bir qaynaşmanın yaşandığı, Qarapapaq//Tərəkəmə  adlandırılan boyun da həmin qaynaşma sonucunda ortaya çıxdığı (doğduğu) söylənə bilir”. (F.Valehoğlu-Hacılar. “Qarapapaqlar və onların XIX əsr hərb tarixi”, Bakı, “Səda” nəşriyyatı, 2005).

Asif Hacılı. Təəssüf ki, Borçalı tarixinin, bütün bu etnomədəni və etnosiyasi proseslərin dəyərli bilicisi Kərəm Məmmədlini itirdik.

Nəriman Əbdürrəhmanlı. Kərəm müəllim çox dəyərli ziyalı, alim idi. Onun vəfatı borçalışünaslığın itkisi oldu.

Asif Hacılı. Eləcə də Arif Acalın vəfatı. 

Nəriman Əbdürrəhmanlı. Bəli, Allah hər ikisinə rəhmət eləsin. Xatrılatdığınız tanınmış tarixçi, antropoloq Kərəm Məmmədli “Borçalı tarixi” monoqrafiyasında bu yerlərdə lap qədimlərdən türk tayfalarının yaşadığını, qardaş gürcü xalqı ilə birgə tarix boyu yadellilərin hücumlarına sinə gərdiyini qeyd edir. Əlbəttə, yerli əhalinin qıpçaq, yoxsa türkman tayfalarından olduğu ilə bağlı mülahizələr də var. Fikrimizcə, burada hər iki tayfanın genini daşıyan insanlara rast gəlmək olar. Başlıcası, Qapaçöp camaatının türk olduğu və bu yerlərdə ta qədimlərdən yaşadığıdır.

Tarixçi-alim, tarix elmləri doktoru Y.Nəsibli yazır: “Səlcuqilər imperiyasının yaranması bütün bölgənin siyasi və etnik xəritəsinin dəyişməsinə, burada türklərin sayının artmasına və təsirinin güclənməsinə gətirib çıxardı. Bu proses öz əksini yazılı gürcü qaynaqlarında, xüsusilə Davidin tarix əsərində tapmışdır: onun məlumatına görə, türklər “gəlir və Qaçianidə, habelə, Tbilisidən Bərdəyədək Kür sahilləri boyunca və İori çayının sahillərində məskən salırdılar”. Oğuz qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud”un mətnindən də belə bir nəticə hasil olur ki, Bayandur xan Gürcüstanın doqquz tümənindən xərac alırdı…”

Başqa versiyaya görə, Qaraçöp – Qızıq mahalının bir hissəsidir. Mahmudlu adlı tayfa Qızıq/Qırıq adlanan Oğuz boyundandır və indiki Kaxeti ərazisinin cənub qisminə öz adını verib. Gürcü mənbələri yazır: “Qızıqda 12 min Dəmirçihəsənli ailəsi yaşayırdı”. Qızıq indiki ərazi ilə Saqareco, Siğnaği və Dedoplitskaro rayonlarını əhatə edirmiş. 1744-1760-da Siğnaği və Dedoplitskaro rayonları ərazisində əhali qalmayıb. 1760-da kral Herakl (Erekle xan, çar İrakli) həmin əraziyə 100 erməni ailəsi gətirib. Yalnız Siğnaği munisipalitetində qalan kiçik Qaraağac kəndindən başqa bütün kəndlərin əhalisi köçürülüb, gəlmə ermənilər öz qondarma yer adlarını yerləşdikləri boş ərazilərə veriblər. Qaraağac adlanan o kənd isə qədimdə Gürcüstanı idarə edən türk xanın paytaxtı olur,  Topqaraağac adlanırdı.

Asif Hacılı. Bu hadisələrin tədqiqində oğuz-qıpçaq, türk-gürcü münasibətləri, eləcə də din məsələsi, türklərin avtoxtonluğu xüsusi yer tutmalıdır. Qıpçaqlar Cənubi Qafqaza şimaldan gəlmişdilər və həmin yollar həm də indiki Qaraçöpdən keçiridi. Borçalı və Qaraçöp türk toplumu ilə etnik eyniyyətə malik Axısqa türklərinin də formalaşmasında, gürcü dövlətçiliyinin tarixində buntürk adlandırılan yerli türklərin və onların törəmələri olan müasir Axısqa, Borçalı, Qaraçöp türklərinin böyük rolu olmuşdur. Türk-gürcü dostluğuna dəlalət edən bu dostluğun tarixi çox qədimlərə, antik dövrlərə gedib çıxır. Qədim yunan, Roma, bizans, ərəb, gürcü, erməni mənbələri türklərin cənubi Qafqazda, o cümlədən Çıldır-Axısqa, Borçalı-Qaraçöp bölgəsində ən azı iki-üç min illik tarixini təsbitləyir. Miladdan öncə iskitlər, saklar, turlar, kimərlər və digər soyların məskunlaşdığı cənubi Qafqaza miladın əvvəllərindən başlayaraq özəyi oğuzlar olan hunların həm şimaldan, həm cənubdan axını başlayır. 354-cü ilə aid anonim mənbədə bütöv Qafqazı fəth etmiş hun birliyinə daxil bulqarlar lazlarla birlikdə cənubi-qərbi Qafqazın qədim xalqı kimi göstərilir (А.В.Гадло. Этническая история Северного Кавказа (V-X вв). Ленинград, 1979. с.56-57). Sasanilər ordusunun əsasını təşkil edən ağ hunlar (eftalitlər, abdallar) IV əsrin sonlarında iber-gürcü çarlıqlarının taleyini həll edir (İberiya – türk münasibətləri haqqında əlavə olaraq bax: K.Qan. Qədim yunan və Roma yazıçılarının Qafqaz haqqında məlumatları. II hissə. Bizans yazıçıları // СМОМПК, 1890, IX выпуск, с.1-215). Panili Prisk, Mirineyli Aqafi, Feofilat Simokatta, Zaxari Ritor, Xorenli Moisey, Sebeos, Favstos Buzand, Qeysəriyyəli Prokopi, Kalankatlı Musa, Leonti Mroveli, Əl-Balazuri, Əl-Məsudi kimi tarixçilərin salnamələrindən məlum olur ki, miladdan sonrakı ilk yüzillərdən buralarda türklər hegemonluq etmişlər. Tarixi mənbələr, Axısqa-Axılkələkdəki, Gürcüstan və indiki Ermənistandakı türk yer adları bu ərazilərin ən qədim çağlardan oğuz-qıpçaq birliyinə daxil olan onoqur (onoğuz), sarı (sarıqur, saraqur), uqur (oqur, oğuz), kutriqur (kuturqur), utiqur (udi), suvar (sabir), avar, göytürk, türküt, xəzər, basil (bozal), tuba, tolos, türkmən, gəncək, kəngər, kulas (kol), az, macar, qayı, adıgün, salar, kəmərli, qarapapaq kimi tayfa və qəbilələrin yurdu olduğunu göstərir. Bu türk soylarına bağlı məskən, qala, orman, dağ adları Axısqa-Axılkələk yörəsində günümüzə qədər qalır.

Nəriman Əbdürrəhmanlı. Bu etnik toponimlər xalqlarımız arasında tarixi dostluğun nişanələridir, lakin təəssüf ki, son vaxtlar bir çox türk mənşəli etnik toponimlər dəyişdirilir.

Asif Hacılı. Bəli, təəssüf ki, vəziyyət dediyiniz kimidir. Türk komponenti Gürcüstanın, Qafqazın, Yaxın Şərqin ayrılmaz elementidir və əslində qonşu xalqların da tarixinin bir çox məqamlarına işıq salan müsbət faktlardır.  Cənubi-qərbi Qafqazda dərin iz qoyan və Gürcüstan türklərinin əcdadlarından sayılan belə qədim türk soyu buntürklərdir. Gürcü mənbələrində bun­türklər haqqında ən qədim məlumata VII əsrin ortalarında yazılmış «Moksevay Kartlisay»da rast gəlinir. Mənbədə buntürklərin («bun» – xas, öz, soy, nəsil, yerli anlamında) 28.000 ailə olduğu və onların Msxetdən qərbdə Kür boyu saldıqları Sarkine, Kaspi, Odzrax və Urbnisi şəhərlərində və ətraflarda yaşadığı, Gürcüstanda hökmranlıq etdikləri, hətta ölkəyə gəlmiş döyüşkən hunların da yalnız buntürklərin razılığı ilə, vergi ödəmək şərti ilə Zanavda yerləşdiyi bildirilir                     (Источники грузинских летописей. Три хроники // СМОМПК, Тифлис,  1900, 28-й выпуск, с.1-5, 44; Леонти Мровели. Жизнь картлийских царей. М., 1979)  Salnaməçi Gürcüstanın məsihiliyə qədərki dövründən danışaraq belə bir maraqlı məlumat verir ki, ölkənin əsas xalqlarından olan kartvellər (gürcülər) bura köçmüş qədim soyların törəmələridir, əvvəllər isə burada «buntürklər və xonlar (hunlar)» yaşamışlar (Yenə orada, s.1-4, 9-10)

Nəriman Əbdürrəhmanlı. Bəli bizim qardaş gürcü xalqı ilə dostluğumuz qanlı-qadalı tarixi  olmuş Qafqaz üçün olduqca müsbət, dəyərli nümunədir. Bu dostluğun bundan sonra da daim davam edəcəyinə ümud edək.

Asif Hacılı. Leonti Mroveli Kartlinin ilk çarı Farnavazın İsgəndərin Kartliyə gəlişi zamanı Msxet sahibi olmuş Uplos (Msxetosun oğlu) nəslindən Samarın qardaşı oğlu olduğunu, öz oğlunun Saurmaq adlandığını bildirir. Eqris hökmdarı Kuci əsil-nəslinə görə Farnavaza tabe olur. Azona qalib gələn Farnavaz bütün Kartlini birləşdirir, müxtəlif yerlərə, o cümlədən Xunan qalasına eristavlar təyin edir. Sonradan Kartli eristavları Saurmaqa qarşı çıxır, lakin Saurmaq aznaurların, ovsların, durdzukuların köməyilə kartlilərə qalib gəlir. Mroveli «xəzər əsirliyi dövründə ölkənin möhkəmliyi sayəsində hamının sülh içində olduğunu, durdzukların çoxaldığını» yazır. Salnaməçi xristianlığın Gürcüstanda təzə yayıldığı dövrdə İberiya və ermənilər arasında müharibəni təsvir edərkən Kartli çarları Azork və Armazelin ovs və lekləri köməyə çağırdığını, ovs çarları iki qardaş Bazuk və Anbazukun ovs ordusu ilə birlikdə paçanik və cikləri, leklərin isə durdzuk və didoları gətirdiyini bildirir, bu qüvvələrin ermənilərlə döyüşdüyünü, Samshi və Klarcet əhalisinin ermənilərə qarşı mübarizəsini, xəzərlərlə münasi­bət­lə­rini təsvir edir (Leonti Mroveli, s.29-39). İskəndərlə bağlı mövzumuz baxımından daha bir fakt da diqqətəlayiqdir. Makedoniyalı İskəndərin Qafqaza gəldiyi zaman buntürklərlə qarşılaşdığı da mənbələrdə qeyd olunur (M.Brosset. Histoire de la Georgie. Petersbourg, 1849, s.33). Akademik Marr buntürklərin avtoxton türklər olduğunu təsdiqləyir (N.Marr et Vriere, M. La Langue Georgienne. Paris, 1931, s.615). Cənubi Azərbaycan alimi M.T.Zehtabi «bun» sözünün kuman, qırğız, tatar, qara qırğız dillərində soy/nəsil demək olduğunu, buntürklərin «türk soyu» anlamını verdiyini bildirir (M.T. (Kirişçi) Zehtabi. İran türklərinin əski tarixi. Təbriz, 1999, s.719). Bu əlaqələrin çox qədimdən başladığını tarixi faktlar göstərir. Axısqa türkləri haqqında dəyərli tədqiqlər müəllifi Yunus Zeyrek qə­dim mənbələri nəzərdə tutaraq yazır: «bu qaynaqlarda keçən Qıpçaq və Bun-türklər Ahıska Türklərinin atalarıdır» (Y.Zeyrek, s.11).

Nəriman Əbdürrəhmanlı. Aparılmış çoxsaylı araşdırmalardan belə nəticəyə gəlmək olar ki, Oğuz-Qıpçaq türkləri bu bölgədə qədimlərdən yaşayırlar. “Qaraçöp” toponiminin qıpçaq türk tayfalarından birinin adı ilə bağlılığı barədə qənaət var. Tarixi qaynaqlarda həmin tayfanın adına gəlmək mümkündür, üstəlik, Türkmənistanda, Əfqanıstanla sərhəddə Quşqu (keçmiş Kuşka, indiki Sərhədabad) şəhəri yaxınlığında Qaraçöp adlı yer, Qırğızıstanın Oş vilayətinin Çon-Alay rayonunda da eyniadlı yaşayış məntəqəsi və fermer təsərrüfatı mövcuddur. Orta əsrlərdə indiki Qaraçöp ərazisində türkman obalarının olduğu məlumdur. Obaların sakinlərindən ibarət süvari dəstələri gürcü çarının qoşununda yadellilərə qarşı mərdliklə vuruşurmuş. Səfəvi və Əfşar imperiyaları dövründə, xüsusilə, I Şah Abbas, Şah İsmayıl və Nadir Şahın bu yerlərə yürüşü zamanı yerli əhalinin digər türk tayfalarıyla qaynayıb-qarışması və güneyə köçü istisna deyil. 70-ci illərdə Qazlar ərazisində və Əyrəmin bir kilometrliyindəki Yumru təpədə aparılan qazıntılar da, hər halda, burda türkdilli tayfaların yaşadığını təsdiqlədi. İndi yaşı yüzü haqlamış ağsaqqalların, ağbirçəklərin söyləmələrində XVII-XVIII əsrin ab-havası, olayları açıqca duyulur. Ondan bu tərəfə nə var ki, yazı-pozuda da qalıb, yaddaşlarda da… Nadir şah Əfşarın 1747-ci ildə qətlə yеtirilməsindən sonra Azərbaycan bir çox xanlıq və sultanlıqlara parçalandı, Borçalı sultanlığı еlan еdildi, 1880-ci iləcən sultan tərəfindən idarə olundu. Bu 133 illik Sultanlığın ərazisi Sınıq Körpüdən başlayıb Şərqi Anadoluda qurtarb. Borçalı sultanlığına Qarayazı, Qaraçöp, Sarvan, Ağbulaq, Boluslu və Başkеçid bölgələri və indiki Еrmənistanın tərkibinə qatılan Allahvеrdi, Cəlaloğlu, Hamamlı, Barana və Voronsovka bölgələri daxil olub. Borçalı sultanlığı da 1880-ci ildə çar tərəfindən ləğv еdilərək Borçalı qəzasına çеvrilib və Tiflis qubеrniyasının tərkibinə qatılıb, eyni zamanda da Qarayazı və Qaraçöp bölgələri Borçalı qəzasından ayrılıb və Tiflis qubеrniyasının tərkibinə verilib.

Asif Hacılı. Beləliklə də türk tarixində yeni, əzablı, sürgün, repressiya, deportasiyalarla dolu mərhələ başlayır. Qafqazın müsəlman toplumu, o cümlədən soydaşlarımız çarizmin mənəvi, hərbi, siyasi basqılarına məruz qalırlar. Bir çox ərazilərimiz əldən çıxır. Türklərin bu bəlalardan xilas olmaq üçün Osmanlı və İrana köçü başlayır.

Nəriman Əbdürrəhmanlı. 1828-ci ildə Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra Arazın quzeyində qalan ərazilərdən iki istiqamətdə köç olub. Bir qol Marağanın Sulduz nahiyəsinə, digər qol da Ərdahan, Kağızman, Qars, Çıldır, Sarıqamış, Arpaçay, İğdır, Çaldıran, Sökməmova, Qarakösə və Taşlıçay ətrafına üz tutub. Həmin köçdə Qaraçöpdən nəsillər, ailələr də olub. 1878-ci ildə Qars vilayəti çar Rusiyası tərəfindən ilhaq olunandan sonra üç il ərzində bu vilayətdən quzeyə 82.000 nəfər türkəsilli insan köçüb ki, onların da bir hissəsi təbii olaraq, Qaraçöpə üz tutub.

Asif Hacılı. Lakin bütün bu dövrlərdə türklərlə gürcülərin tarixi dostluğu sınaqlardan çıxıb. Xudu bəy kimi bir çox qəhrəmanlar vəfa borcuna, dostluğa sadiq qalıblar və ayaqları Qafqaza yeni açılmış erməni terroruna qarşı birgə mübarizə etmişlər. 

Nəriman Əbdürrəhmanlı. Bəli, bu tarixin real faktlarıdır və bir çox gürcü ziyalısı da bu haqda həqiqəti yazıb, türklərin hətta dindaşları olan İran şahlarına qarşı gürcü dostları ilə birlikdə mübarizə apardıqlarını qeyd ediblər.

Asif Hacılı. Gürcü knyazları daxili və xarici məsələlərini həll etmək üçün qıpçaqlarla, oğuzlarla, yəni ilk növbədə Azərbaycan türkləri ilə ənənəvi dostluq münasibətlərindən istifadə etməyə, yeni türk toplumları ilə əlaqələr qurmağa, oğuz-qıpçaq ziddiyyətlərindən yararlan­mağa çalışdılar. 1118-ci ildə nəinki «şəhər və qalaları qorumaq, hətta öz drujinası» üçün də qoşunu olmayan çar Qurucu David hakimiyyətini möhkəmlətmək üçün qıpçaqları köməyə çağırdı. Yeni gəlmiş «açıq bənizli, sarı saçlı, mavi gözlü» qıpçaqların (rus mən­bə­lə­rində «polovs­lar», kumanlar) Qafqazdakı hökmdarı Atrık xan (Atrak xan) Qurucu Davidin qaynatası idi və onun dəvətini qəbul edib 50 minlik ordu, ümumilikdə 300 minə qədər adamla gələrək Gürcüstanın cənubunda, o cüm­lədən Axısqa-Axılkələkdə, Borçalı ətrafında yerləşdi.

Nəriman Əbdürrəhmanlı. Bu tarixi dostluq həyat tərzinə, mədəniyyətə dərindən təsir etdi.

Asif Hacılı. Qeyd edək ki, Başkeçid, Bolnis, Qaraçöp, Qarayazıda indiyədək qıpçaq etnik komponenti aydın hiss olun­maq­dadır. Ölkənin qorunmasını öz üzərinə götürən qıpçaqlar Atrak Saruxanın başçılığıyla səlcuq-oğuzları məğlub edərək 1121-ci ildə Tiflisi alıb, Gürcüstanın paytaxtına, xristian mərkəzlərindən birinə çevirdilər və kökü qıpçaq sülaləsindən gələn Baqratlılara, Qurucu Davidə bağışladılar. Qıpçaqlar nəinki gürcü dövlətini qoruyub saxladılar, hətta Qurucu Davidin fəal xarici ekspansiyalarının da təminatçısı oldular. XII əsr gürcü mənbəsi qıpçaqları xilaskar kimi göstərir və Davidin «onların əli ilə İranın bütün qüvvələrini məhv etdiyini, bütün çarları vahiməyə saldığını və onların köməyi ilə ağlasığmaz işlər gördüyünü» göstərir (Жизнеописание царя царей Давида. Сведения об Азербайджане и тюрках-сельджуках. Средневековый Восток: история и культура. Б., 1990, с. 134-135; Картлис Цховреба (История Грузии). Тбилиси, 1955, т.1, с. 211-212, 336).

Nəriman Əbdürrəhmanlı. Ümumən gürcü çarları ilə yerli türklərin əsilzadələrinin, sadə insanların münasibəti müsbət olub və türk-müsəlmanlar bir sıra imtiyazlara malik olublar.

Asif Hacılı. Bəli, çox vacib məsələyə toxundunuz. Qurucu David dövründə türklərin, müsəlmanların nüfuzu, dövlətdə hakim mövqeyi elə güclənir ki, onlar xüsusi imtiyaz sahibi olurlar: «Gürcüstan dövlətində müsəlmanlara bir çox böyük imtiyazlar verilmişdi. Bu, özünü bəzi məsələlərdə xüsusilə qabarıq göstərirdi; müsəlmanlar yaşayan məhəllələrdə donuz kəsilməsi qadağan edilmişdi. Müsəlmanlara tam dini azadlıq verilmişdi, şəhərin hamamlarından biri onlar üçün ayrılmışdı və özgə dinlilərin oraya daxil olması qadağan edilmişdi» (М.Лордкипанидзе. История Грузии. XI – начало  XIII в. Тбилиси, 1974, с. 115). Bu imtiyazlar vergilərə də aid idi: gürcülər adambaşına 5 dinar, ermənilər 4 dinar, müsəlmanlar 2 dinar ödəyirdi.

III Georginin (1156-1184), qıpçaq kökləri olan Tamarın (1184-1213) hakimiyyəti dövründə də on minlərlə «yeni qıpçaq» Gürcüstana dəvət olunmuş, istədikləri yerlərdə yerləşdirilmiş, hərbi, siyasi, maliyyə işlərinin rəhbəri olaraq ölkəni idarə etmişlər. Və əslində XII əsr gürcü intibahının təminatçısı məhz qıpçaq türkləridir. Gürcüstanın ən parlaq çağlarının böyük baş komandanları Kubasar, bir qədər sonra Qutluq Arslan, Tamarın dövründə Sevinc Savalt qıpçaq olmuşlar. Sevinc Savaltın başçılığıyla «köhnə və yeni» qıpçaqlardan ibarət dəstə Tamarın qvardiyasını təşkil etmişdir (Картлис Цховреба, т.1, с.275). Bu dövrdə Gürcüstanda türk-qıpçaq dili geniş istifadə olunmuş, gürcülərin dövlətçilik, hərb terminləri əsasən qıpçaq sözlərindən yaranmışdır. Xristian qıpçaqlar Gürcüstanda öz dini ibadətgahlarını, o cümlədən məşhur qıpçaq monastırı «Qıfçax-avank» (А.Е. Крымский. Низами и его современники. Б., 1981, с.173) monastırını qurmuşlar. Axısqa-Axılkələkdə indiyədək qalan Safara, Vardzia, Zarzma monastırları da əsasən xristian qıpçaqların məskunlaşdığı yerlərdədir. Qeyd edək ki, Avropada kumanlar deyilən qıpçaqlar Gürcüstandan başqa Rusiya, Bolqarıstan, Rumıniya, Macarıstanda da dövlətçiliyin yaranmasında həlledici rol oynamışlar.

Nəriman Əbdürrəhmanlı. Türklərin Avrasiyada bir çox xalqlara dövlət yaratması, idarəçiliyə köməyi təsdiq olunmuş faktdır və Gürcüstan ərazisində də bu proses geniş vüsət almışdır. Qıpçaq, oğuz axınları bu baxımdan böyük rol oynamışdır.

Asif Hacılı. Təbii ki, XI-XII əsrlərdə qıpçaqların Gürcüstana belə həvəslə dəvət olunması təsadüfi deyildi və qədim əlaqələr, eləcə də qohumluq bağlılığı, xüsusən hakim sülalələrin və əsilzadələrin damarlarında axan qıpçaq qanı, tarixi müttəfiqlik münasibətləri və ən əsası – türklərin bu torpaqlarda ən qədim çağlardan yerli xalq kimi yaşaması ilə izah olunurdu. Görkəmli alim A.Krımskinin yazdığı kimi, «XII əsrdə bu qıpçaqsevərlik gürcü çarlığının irsi ənənəsi olmuşdur» (А.Е.Крымский, с.173). Həmin dövrdə gürcülərin dəvəti ilə şimaldan gəlmiş «yeni» qıpçaqların və cənubdan köç etmiş «yeni» oğuzların yerləşdiyi torpaqlar – Axısqa, Axılkələk, Borçalı, Qaraçöp əraziləri bu yeni axından çox əvvəllər artıq yerli türklərin yerləşdiyi türk yurdları idi.

Türklərin cənubi-qərbi Qafqazda hegemonluğunu belə bir maraqlı fakt da təsdiq edir: həmin dövrlərə aid tarixi gürcü mənbələrində indiki Gürcüstan ərazisi «Kartveloba (Gürcüstan») və «Didi Turkoba» («Böyük Türküstan») adlı iki hissəyə bölünür! (Bax: Картлис Цховреба (История Грузии).Тбилиси, 1955, T.1, с. 320; Ш.А. Месхиа. Дигорская битва. Тбилиси, 1974, с.25; Н.Н.Шенгелия. Сельджуки и Грузия в XI веке. Тбилиси, 1968, с. 301).

Əsas mərkəzi Axısqa-Axılkələk və Borçalı olan «Didi Turkoba»nın hərbi-siyasi qüdrəti XIII əsrdə elə güclənir ki, İlxanlılar dövründə, 1267-ci ildə, İlxan xaqanı Abaka xanın (1265-1282) dəstəyi ilə türklər Axısqada, paytaxtı Posxov yaxınlığında Caksu qəsəbəsi olan Samshi qıpçaq bəyliklərini elan edirlər. Hülakilər dönəmində Axısqanın qıpçaq bəyləri, xüsusən Sərkis Caklı və 1285-ci ildə onun ölümündən sonra oğlu Beka öz bəyliklərinin müstəqilliyini gücləndirir. Beka dövründə Samshi bəyliyinə Trapezundun şərqindən başlayaraq Çanet, Klarcet, Taşiskardan yuxarıdakı torpaqlar daxil edilir. Caklı sülasəsinin davamçıları, xüsusən Ağbuğa bəyin hakimiyyəti (1444-1451) dövründə atabəylik möhkəmlənir (bax: Вахушти Багратиони. История Царства Грузинского. Пер. Н.Т.Накашидзе. Тбилиси, 1976, с.190-191). Caklılar (Altunqala bəyləri) sülaləsi Axısqada, ümumən Cənubi Gürcüstanda həmişə böyük nüfuz sahibi olur, bu sülalənin nümayəndəsi Osman Sərvər Atabəy XX əsrin əvvələrində milli qurtuluş savaşına öndərlik edir. Bu dövrlərdə qıpçaqların xristian qismi də islamı qəbul edir və bəzi tarixçilərin yazdığının əksinə olaraq qeyd etməliyik ki, bu zamanlar və sonralar türklər heç bir gürcüyə zorla islamı qəbul etdirmirlər, xristianlıqdan islama keçənlər məhz şimaldan gəlmiş qıpçaqlar olur.

Nəriman Əbdürrəhnanlı. Bu proseslər xalqların səmimi dostluğu, qarşılıqlı anlaşma və etimad şəraitində ola bilərdi. Gürcü hökmdarları türklərin sadiqliyini görərək onları ölkələrinə dəvət edir və şərait yaradırdılar. Gürcüstan türkləri bu keyfiyyətləri qədimdə də, müasir dövrdə də dəfələrlə nümayiş etdiriblər.

Asif Hacılı. Təbii ki, XI-XII əsrlərdə qıpçaqların Gürcüstana belə həvəslə dəvət olunması təsadüfi deyildi və qədim əlaqələr, eləcə də qohumluq bağlılığı, xüsusən hakim sülalələrin və əsilzadələrin damarlarında axan qıpçaq qanı, tarixi müttəfiqlik münasibətləri və ən əsası – türklərin bu torpaqlarda ən qədim çağlardan yerli xalq kimi yaşaması ilə izah olunurdu. A.Krımskinin yazdığı kimi, «XII əsrdə bu qıpçaqsevərlik gürcü çarlığının irsi ənənəsi olmuşdur» (А.Е.Крымский, с.173). Həmin dövrdə gürcülərin dəvəti ilə şimaldan gəlmiş «yeni» qıpçaqların və cənubdan köç etmiş «yeni» oğuzların yerləşdiyi torpaqlar – Axısqa, Axılkələk, Borçalı, Qaraçöp əraziləri bu yeni axından çox əvvəllər artıq yerli türklərin hakim olduğu əzəli türk yurdu idi.

Nəriman Əbdürrəhmanlı. Həmin dövrdə dövlətçilikdə də türklər əhəmiyyətli yer tutur, idarəçilikdə fəal iştirak edirdilər.

Asif Hacılı. Bəli, maliyyə, hərb kimi sahələri məhz türklər idarə edirdi. Ümumən ölkənin müəyyən hissəsində türklər sayca da üstünlük təşkil edirdilər. Türklərin cənubi-qərbi Qafqazda hegemonluğunu belə bir maraqlı fakt da təsdiq edir: həmin dövrlərə aid tarixi gürcü mənbələrində indiki Gürcüstan ərazisi «Kartveloba (Gürcüstan») və «Didi Turkoba» («Böyük Türküstan») adlı iki hissəyə bölünür! (Bax: Картлис Цховреба (История Грузии).Тбилиси, 1955, T.1, с. 320; Ш.А. Месхиа. Дигорская битва. Тбилиси, 1974, c.25; Н.Н.Шенгелия. Сельджуки и Грузия в XI веке. Тбилиси, 196, с. 301; А.Юнусов. Месхетинские турки: дважды депортированный народ. Б., 2000, с. 34). Yuxarıda qeyd etdiyimiz kimi, əsas mərkəzləri Axısqa-Axılkələk və Borçalı-Qaraçöp olan «Didi Turkoba»nın hərbi-siyasi qüdrəti XIII əsrdə elə güclənir ki, İlxanlılar dövründə, 1267-ci ildə, İlxan xaqanı Abaka xanın (1265-1282) dəstəyi ilə türklər Axısqanın Gürcüstandan asılılığına son qoyur və paytaxtı Posxov yaxınlığında Caksu qəsəbəsi olan Samshi qıpçaq bəyliklərini elan edirlər. Hülakilər dönəmində Axısqanın qıpçaq bəyləri, xüsusən Sərkis Caklı və 1285-ci ildə onun ölümündən sonra oğlu Beka öz bəyliklərinin müstəqilliyini gücləndirir. Beka dövründə Samshi bəyliyinə Trapezundun şərqindən başlayaraq Çanet, Klarcet, Taşiskardan yuxarıdakı torpaqlar daxil edilir. Caklı sülasəsinin davamçıları, xüsusən Ağbuğa bəyin hakimiyyəti (1444-1451) dövründə atabəylik möhkəmlənir (Bax: Вахушти Багратиони. История Царства Грузинского. Пер. Н.Т.Накашидзе. Тбилиси, 1976, с. 190-191). Caklılar (Altunqala bəyləri) sülaləsi Axısqada həmişə böyük nüfuz sahibi olur, bu sülalənin nümayəndəsi Osman Sərvər Atabəy XX əsrin əvvələrində milli qurtuluş savaşına öndərlik edir. Bu dövrlərdə qıpçaqların xristian qismi də islamı qəbul edir və bəzi tarixçilərin yazdığının əksinə olaraq qeyd etməliyik ki, bu zamanlar və sonralar türklər heç bir gürcüyə zorla islamı qəbul etdirmirlər, xristianlıqdan islama keçənlər məhz şimaldan gəlmiş qıpçaqlar olur. Bütün bu faktlarla yanaşı, çarizmin, erməni siyasətbazlarının təxribatı türk və gürcü xalqlarının tarixi münasibətlərinə müəyyən zərbələr vurub. Çarizm və sovet rejimi daim xalqları parçalmağa, təfriqə salmağa çalışıb və bu məqsədlə dönük ermənilərdən istifadə edib. Lakin ermənilərdən fərqli olaraq, türklər və gürcülər əzəli dostluğu qoruyub saxlamışlar.

Nəriman Əbdürrəhmanlı. Bəli, çarizm və bolşevik idarəçiliyi milli konfliktləri cücərtməyə daim cəhd edib. Tarixin təkərinin zorla döndərildiyi bir vaxtda, ötən əsrin ikincionilliyinin sonlarında üzdəniraq dostlarının xatası Qaraçöpə də çox dəyib. Hardan gəlməsi bəlli olmayan quldur dəstələrinin basqınından qorunmaq üçün oğullar qonşu gürcü obalarının igidlərilə birgə at belinə qalxıb, gecələr əldə tüfəng həndəvərin keşiyində durublar. 1918-ci ilin mayında Gürcüstanda milli hökumət qurulanda camaat böyük şadyanalıq keçirib, Tiflisə adam göndəriblər ki, yeni quruluşu müdafiə elədiklərini hökumətə çatdırsın.

…90-cı illərin əvvəllərində Azərbaycan Dövlət Arxivində işləyəndə əlimə çox maraqlı bir sənəd keçdi. 1918-ci il iyul ayının 10-da Qaraçöpün ümumi yığıncağında Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması alqışlanır. Milli Şuraya və onun rəhbəri Məmməd Əmin Rəsulzadəyə müraciətdə qaraçöplülərin yeni hakimiyyəti müdafiə etdikləri, hər cür köməyə  hazır olduqları bildirilir.

Bu da tarixin bir səhifəsidi…

…1919-cu ilin martında Gürcüstan parlamentinə seçkilər zamanı qaraçöplü Söyün (Hüseynqulu) Məmmədov deputat seçilən yeganə müsəlman kimi, xalqın müdafiəsinə qalxıb. Bu dövrdə erməni fitnələri xüsusilə şaxələnib.

ARDI VAR