Gürcüstan Prezidenti ilə müxalifətin danışıqları nəticəsiz qalacaq – ekspertlər

Azərbaycan enerji təhlükəsizliyi məsələsində daha əhəmiyyətli ölkə olacaq
Azərbaycanda 130 illik neft emalı tarixində ilk dəfə emal dərinliyi 80,4% səviyyəyə çatıb
Azərbaycan müxalifəti bundan sonra nə etməlidir? – SORĞU

Gürcüstan müxalifətinin Prezident Saakaşvili ilə danışıqlar zamanı çaşqınlığı hakimiyyətin rəqib qarşısında üstünlüyü ələ almasına imkan verdi. Bununla da bu görüş ölkədəki siyasi vəziyyətə bir o qədər təsir etməyəcək.

“Gürcüstandakı vəziyyətin real siyasi böhrana gətirəcəyinə şübhə edirəm. Müxalifətin qiyamı ilə bağlı kompleks tədbirlər çox qəribə görünür və Saakaşvili vəziyyəti öz xeyrinə dəyişir”, – Gürcüstan üzrə amerikalı ekspert Henri Heyl deyib. 

Pezident Saakaşvili ölkənin DİN binasında mayın 11-də müxalifətlə görüş keçirdi. Prezident parlament və qeyri-parlament müxalifəti ilə dialoqun baş tutduğundan məmnun olduğunu bildirdi.

“İstənilən halda bu, Gürcüstan demokratiyasının qələbə günü oldu. Çox sevindirici haldır ki, bir sıra ağır və kəskin fikirlərdən sonra müsbət istiqamətdə addım atmaq mümkün oldu. Mənim bir mövqeyim var – dialoq. Açıq, sivil dialoqa çağırıram”, – Saakaşvili deyib.

“Gürcüstan Prezidenti və radikal müxalifətin bir sıra məsələlərlə bağlı fikirləri üst-üstə düşmədiyindən bu gün razılıq əldə etmək olmadı”, – Prezidentlə görüşdən sonra müxalifət liderlərindən biri Levan Qaçieçiladze bildirib.

“O hesab edir ki, ölkədə hər şey qaydasındadır və biz hər şeyi normal dəyərləndirmirik”, – Qaçeçiladze görüşdə iştirak edən radikal müxalifətçilərin adından deyib.

“Gürcüstan Yolu” partiyasının lideri Salome Zurabaşvilinin sözlərinə əsasən, Prezidentlə görüş çaşqınlıq içində keçdiyindən ciddi bir şey ortaya qoyulmadı.

Zurabaşvili hesab edir ki, Saakaşvili öz virtual dünyasında yaşamaqda davam edir və onun görüşü DİN binasında təşkil etməsi buna sübutdur.

Müxalifət düz bir aydır ki, Prezident Saakaşvilinin istefasına nail olmaq üçün əlləşir. Müxalifətin ilk aksiyası mayın 9-da baş tutdu. Bir ay ərzində radikal müxalifət Tbilisi küçələrində mitinqlər təşkil edib və mayın 5-də Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt yaxınlığında yerləşən tank taborunun birində hərbi qiyam baş verdiyini bildirdi.

Ekspertlərin fikrincə, müxalifətçilərin Prezidentlə görüşü və hakimiyyətlə mümkün dialoq ölkənin böhran vəziyyətində dəyişikliyə səbəb olmayacaq. Buna səbəb isə Saakaşvilinin əhali arasında nüfuzunun çox olmasıdır.

“Müxalifət liderləri Prezidentin istefası tələbindən imtina etsələr, onlar mitinqdə iştirak edənlərin etimadını itirəcəklər. Digər tərəfdən isə bu tələb qüvvədə olduqca Prezidentlə danışıqlar nəticəsiz qalacaq”, – müstəqil Gürcüstan eksperti Ramaz Sakvarelidze Trend News-a bildirib.

Ekspert ilk görüşün nəticələrinin məhsuldar olacağına şübhə edir. Onun fikrincə, qarşıdurma aparan iki tərəfin arasında olan “buz”u bir görüş əridə bilməz.

“Müxalifət başlıca tələbindən geri çəkilməklə ictimaiyyətin etimadını itirmək istəmir. Prezidentin də istefaya gedəcəyinə inanmıram”, – Sakvarelidze qeyd edib.

Digər gürcü ekspert Qiya Xuxaşvili hesab edir ki, ölkə rəhbərliyi üçün yalnız hakimiyyətin itirilməsi böhran sayılır.

Onun fikrincə, müxalifəti Gürcüstanda mövcud olan dövlət böhranı narahat etdiyi halda hökumət hakimiyyəti necə əldən verməmək haqqında düşünür.

“Prezidentlə müxalifət liderlərinin görüşündən konkret heç nə gözlənilmirdi”, – Xuxaşvili Trend News-a deyib.

Amerikalı ekspertin fikrincə, ölkənin siyasi kursunda dəyişikliyə nail olmaqdan ötrü müxalifətin çoxlu problemləri var.

“Qeyri-parlament müxalifətinin başlıca problemi Saakaşvilinin əhali arasında nüfuzlu olmasıdır, əsasən də Tbilisidən kənarda. Bu səbəbdən də müxalifətin aksiyaları kütləvi xarakter ala bilmədi”, – Heyl qeyd edib.

“Mövcud vəziyyətdə Saakaşvili istefa vermək üçün səbəb görmür və Gürcüstan elitası da ondan üz çevirmək fikrində deyil”, – Corc Vaşinqton Universitetinin professoru Heyl Trend News-a bildirib.

Beləliklə, ekspertin fikrincə, Saakaşvili hələ uzun müddət hakimiyyətdə qalacaq. Müxalifət öz zəifliyini gizlətmək məqsədi ilə “qurtarıcı variantlar” axtaracaq ki, nümayişlərə son qoysun.
Müşahidəçilərin rəyinə əsasən, nəticə etibarı ilə yeni bir şey verməyən iqtidar-müxalifət dialoqu davam etdirilməlidir.
“Saakaşvili müxalifətin zəifliyinin nümayiş olunmasında maraqlı olsa da, küçələrin nümayişçilərdən təmizlənməsini də istəyir”, – Heyl qeyd edib.
Sakvarelidze hesab edir ki, müxalifətlə Prezident arasında aparılan dialoqun davam etdirilməsi ən rasional çıxış yoludur.
Onun sözlərinə əsasən, birinci görüş “tanışlıq görüşü” olub və növbəti raund vacibdir.
“Baxmayaraq ki, görüşdən sonra Prezident mövqeyini dəyişməyib, dialoqun davam etdirilməsi ən rasional yoldur və ardınca konkret nəticələr də əldə etmək olar. Bir yaxşı cəhət də odur ki, Prezident görüşə qabaqcadan yazılmış versiya ilə gəlməyib”, – Sakvarelidze vurğulayıb.
Müstəqil gürcü politoloq Soso Sinsadze müxalifət liderləri ilə Prezident arasında baş tutan görüşü müsbət dəyərləndirir. Onun fikrincə, bu danışıqların birinci raundu idi və müəyyən fasilədən sonra mütləq davam etdiriləcək.
“Buna qədər isə gələn görüşə yaxşı hazırlaşmaqdan ötrü məxfi əlaqələr olacaq”, – Trend News-a Sinsiladze deyib. /Trend/