GÜRCÜSTANDA AZƏRBAYCAN DİLLİ MƏTBUAT ORQANLARININ NƏŞRİ TARİXİ- III Hissə

Milli Məclis “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini sonuncu oxunuşda qəbul edib
Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
Bakıda ilk Milli Turizm Sammiti keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən Borçalı söhbətləri layihəsində filologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun kafedra müdiri Razim Məmmədovla növbəti söhbət  “GÜRCÜSTANDA AZƏRBAYCAN DİLLİ MƏTBUAT ORQANLARININ NƏŞRİ TARİXİNƏ” həsr olunub.

Asif Hacılı. Sovet dövründən sonrakı mürəkkəb ictimai-siyasi mühitdə də bu qəzet öz yolunu davam edə bilmişdir. Bu isə olduqca vacib məsələ idi. Eloğlularımız ana dilində qəzetin nəşrini milli varlığımızın bir nişanəsi kimi qəbul etməkdə haqlı idilər. Təbii ki, keçən əsrin sonlarından bu qəzet yeni siyasi-ictimai konyunkturada fəaliyyətinə davam etməli idi və bunun da ilk əlaməti qəzetin adının müstəqil Gürcüstanın yeni, müstəqillik tarixinə başlamasına uyğun olması idi. Eyni zamanda bu qəzet müstəqillik dövründə Borçalı türk ədiblərinin də səmtləndikləri qütb ulduzu oldu. “Sovet Gürcüstanı”nın fəaliyyətinin xüsusi bir istiqaməti də milli ədəbiyyata qayğısı, ətrafında ədəbi dərnəklər yaratması olub. 1960-cı ildə “Sovet Gürcüstanı” qəzetinin yenidən fəaliyyətə başladığı vaxtdan redaksiyanın nəzdində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri Vəli Əliyevin rəhbərliyi ilə çalışmağa başlayan “Çeşmə” ədəbi dərnəyinin xidmətini də xüsusilə qeyd etmək lazımdır. Az müddət ərzində “Çeşmə” ədəbi birliyi ətrafında onlarla gənc şair, nasir, tənqidçi, alim və müxtəlif sahələrdə fəaliyyət göstərən ziyalılar birləşdi. Həmin dərnək sonralar Əzim İsmayıllının rəhbərliyi ilə Gürcüstanda yaşayıb-yaradan qələm sahiblərinin püxtələşdiyi məkan kimi yadda qalmışdır. Bunları sadalamaqda məqsədimiz xalqımıza, millətimizə xidmət etmiş vətənpərvərlərin xatırlanması, unudulmamağıdır. Ümumən, Gürcüstanda yerli Azərbaycanlıların ədəbi qüvvələrinin əsas ünsiyyət, yaradıcılıq məkanı və forması ədəbi dərnəklərdən ibarət olmuşdur. Bir vaxtlar Gürcüstan Yazıçılar İttifaqının nəzdində “Dan ulduzu” ədəbi birliyi, bölgələrdə ədəbi dərnəklər yaradılmış, A.S.Puşkin (indi S.S.Orbeliani) adına Tbilisi dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsində “Qaynaq”, Qarayazı (Qardabani) rayonunun “Samqori” qəzetinin nəzdində “Müjdə”, Marneuli rayonunun “Yeni Marneuli” (“Axali Marneuli”) qəzetinin nəzdində “Dan ulduzu”, Gorarxında “Şəbnəm”, Bolnisi rayonunun “Qələbə bayrağı” qəzetinin nəzdində “Yurd yeri” və s. dərnəklər fəaliyyət göstərmiş, ədəbiyyatımızın Borçalı qolunun yaranmasında, inkişafında, təbliğində, bir çox yazıçı və şairlərin inkişafında mühüm rol oynamışlar.

Razim Məmmədov. Bəli, haqlısınız,mətbuat orqanları həm də ədəbiyyatımızın təşəkkül tapdığı, müzakirələrin aparıldığı bir məkan olmuşdur.“Sovet Gürcüstanı” bu baxımdan xüsusi yer tutmuşdur. 1989-cu ildə qəzetin adı dəyişdirilərək, “Gürcüstan” adı ilə nəşr olunmağa başlamışdır. Qəzet bu gün də kiçik formatda öz fəaliyyətini davam etdirir. Onu da xatırladaq ki, 22 aprel 1992-ci il tarixində qəzetin 10000-ci sayı işıq üzü görmüşdür.  1939-cü ildən “Sovet Gürcüstanı” adı ilə işıq üzü görən qəzetə müxtəlif vaxtlarda İbrahim Tağıyev, Teymur Hüseynov, Məcid Seyidov, Murtuz Muradov, Qulu Quliyev, Süleyman Süleymanov, Teymuraz Cəfərli, İslam Əliyev redaktorluq etmişlər. Keçən əsrin 20-ci illərdə Gürcüstanda Azərbaycan dilində nəşrə başlayan və böyük şöhrət qazanan mətbuat orqanlarından biri də “Dan ulduzu” jurnalı olmuşdur. Bu məcmuə Gürcüstan və Ermənistan SSR Yeni Türk Əlifbası Komitəsinin orqanı kimi latın əlifbası ilə nəşr olunmuşdur. Xatırlatmaq istəyirəm ki, “Dan ulduzu” jurnalı Tiflis Türk Əlifbası Komitəsinin ilk mətbuat orqanı deyildir. Bu komitə hələ 1924-cü ildə yeni əlifba ilə Tiflisdə Azərbaycan dilində “İşıq yol” adlı qəzet nəşr etdirmişdir.

Asif Hacılı. Ermənistan SSR-in burada adının çəkilməsi, yəqin həmin qondarma dövlətdə türk əhalisinin varlığının təsbiti kimi qavranılmalıdır. “İşıq yol” qəzeti isə, bildiyim qədər, elə də uzun ömürlü olmadı, ancaq türk varlığını, eləcə də kirillisanın alternativi olan latın əlifbasının vacibliyini tarixi ərazilərimizdə səsləndirən və təsdiqləyən vasitə kimi yadda qaldı.

Razim Məmmədov. Bəli, “Yeni fikir” qəzetinin bir səhifəsini təşkil edən “İşıq yol”un ilk nömrəsi 9 mart 1924-cü ildə çap olunmuşdur. Qəzetin birinci nömrəsində hər iki əlifba ilə (ərəb və latın – R.M.) 10 material dərc edilmişdir. Həftədə bir dəfə nəşr edilən “İşıq yol” qəzeti martın 18-də çıxmış 2-ci nömrəsindən başlayaraq ayrıca vərəqə şəklində “Yeni türk əlifbası Tiflis komitəsinin nəşr əfkarı olan hələlik həftəlik vərəqə” adı ilə iki səhifədən ibarət çap edilməyə başlayır. 1924-cü il martın 18-dən, yəni 9-cu nömrədən başlayaraq qəzet bütün materialları latın əlifbası ilə çap etmiş, 15-ci nömrədən etibarən isə qəzet dörd səhifə həcmində çıxmış və bütün Cənubi Qafqaza yayılmışdır. Qəzetin 18-ci nömrəsində oxuyuruq: “Əlifba yolunda qeyrət göstərən yoldaşların səyi nəticəsində “İşıq yol” Zaqafqaziyanın lap naməşhur bucaqlarınadək yayıldı”. Yeni Türk Əlifbası Tiflis Komitəsinin üzvləri “İşıq yol” qəzeti bağlandıqdan sonra öz arzu və amallarını həyata keçirmək üçün daha iri həcmli mətbuat orqanı olan “Dan ulduzu” jurnalının nəşrinə müvəffəq olmuşlar. Məlum olduğu kimi “Dan ulduzu” jurnalının ilk nömrəsi 1926-cı ilin may ayında çıxmışdır. Lakin “Yeni fikir” qəzetində dərc olunmuş bir elanda “Dan ulduzu” jurnalının 1926-cı ilin yanvar ayında çap olunacağı barədə məlumat verilir: “1926-cı ilin yanvar ayından başlayaraq Yeni Türk Əlifbası Tiflis Komitəsi tərəfindən “Dan ulduzu” adlı ədəbi, elmi, siyasi, iqtisadi və rəsmli aylıq jurnal nəşr ediləcəkdir. “Dan ulduzu”nda bu şöbələr olacaqdır: 1) Ədəbiyyat; 2) Məqalələr; 3) Biblioqrafiya; 4) Bilik və sənət; 5) Məzhəkə və həcv”.

Asif Hacılı. Ümumən 1920-ci illərdə milli mətbuatda müəyyən təbəddülat olmuşdur. Bununla belə, bu dövrdə Gürcüstanda, o cümlədən Azərbaycanda Azərbaycan mətbuatının, publisitikasının, ədəbiyyatının inkişafında kommunist ideologiyasına xas amillərin rolunu nəzərə alınmalıdır. 1920-40-cı illərdə Gürcüstanda və digər sovet respublikalarında mədəniyyət, mətbuat kommunist beynəlmiləlçiliyinə əsaslansa da, türk, müsəlman xalqlarına münasibət daha kəskin idi. Buna görə də mətbuat xadimləri siyasi-ideoloji konyunkturanı nəzərə almaq məcburiyyətində idilər. Azərbaycan dilində dərc olunan “Kommunist” (1921), “Yeni fikir” (1922-1927), “Yeni kənd” (1927-1938), “İşıq yol” (1924), “Şərq kolxozçusu” (1931), “Qızıl şəfəq” (1926-1930), “Yeni qüvvə” (1930-1939), “Dan ulduzu” (1926-1931) kimi mətbuat orqanları Azərbaycan yazıçılarının və şairlərinin, tənqidçilərinin tribunasına çevrilmişdi. Lakin senzura məhdudiyyəti başqa xalqlara nisbətən daha kəsərli idi. Buna baxmayaraq, ədiblərimizin bir çox şeir, hekayə, povest, pyes, poemaları dərc edilmişdi. Ədəbi orqan olan “Dan ulduzu” jurnalı Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynamış, 55 sayı dərc olunan bu jurnalda Azərbaycan ədiblərinin onlarla poeması, şeiri, hekayəsi, ədəbi-tənqidi məqaləsi dərc olunmuşdur.  “Dan ulduzu” jurnalının artan nüfuzu sayəsində onun səhifələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin də əsərləri çap olunmuşdur.

Razim Məmmədov. Dövrün qabaqcıl mətbuat orqanlarından biri kimi “Dan ulduzu” jurnalı ədəbiyyatda baş verən dəyişiklikləri izləyərək ona öz münasibətini bildirmişdi. Məcmuə nəşr olunduğu müddətdə Zaqafqaziyada yaşayan istedadlı ədəbi qüvvələri ətrafına toplamağa müvəffəq olmuşdur. Onun səhifələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri M.S.Ordubadi, S.Vurğun, Ə.Nəzmi, R.Rza, N.Rəfibəyli, M.Dilbazi və başqaları ilə yanaşı, yerli şairlərdən M.Mübariz, M.Cəlil, Z.Quliyev, Z.Borçalı, H.Hacızadə, Q.Qənizadə, Ə.Cədid (Sultanov), H.Sultanlı və başqa kimi istedadlı qələm sahiblərinin şeirləri də geniş əksini tapmışdır. Azərbaycan mətbuatı tarixində şərəfli yerlərdən birini tutan “Dan ulduzu” jurnalının son 54-55-ci birləşdirilmiş nömrəsi 1931-ci ilin avqust ayında buraxılmışdır. Jurnalın müxtəlif vaxtlarda redaktorları Ələkbər Qərib, Saleh Zəki, Əlisəttar İbrahimov kimi istedadlı mühərrirlər olmuşlar. “Dan ulduzu” jurnalı bağlandıqdan sonra Gürcüstan Yeni Türk Əlifbası Komitəsi onun əvəzinə “Şərq kolxozçusu” adı ilə yeni bir məcmüə buraxmışdır. Ayda iki dəfə çıxması nəzərdə tutulan bu jurnalda əsasən kənd təsərrüfatının müxtəlif sahələrindən bəhs edən materialların çapı planlaşdırılmışdı. “Şərq kolxozçusu” jurnalının cəmi altı nömrəsi çıxmışdır. Onun 1-2-ci birləşdirilmiş nömrəsini redaktor əvəzi kimi Əsgər Məmmədəlizadə imzalamış, 3-4cü və 5-6-cı birləşdirilmiş nömrələrinin isə redaktoru Əlisəttar İbrahimov olmuşdur.

Asif Hacılı. Kadrların, müstəqil ədiblərin, şair və yazıçıların sayı artdıqca, jurnalların da ömrü daha sürəkli olmuş, bu isə publisistika ənənəsinin, jurmalist məktəblərinin formalaşmasına təkan vermişdir.

 Razim Məmmədov. Gürcüstanda Azərbaycan dilində nəşr edilən ən uzun ömürlü mətbuat orqanlarından biri də “Qızıl şəfəq” jurnalıdır. Bu jurnalın ilk nömrəsi 1926-cı ilin sentyabrında çıxmışdır. Uşaq jurnalı kimi nəşrə başlayan “Qızıl şəfəq” məcmuəsinin əsas məqsədi gənc oxucuların təlim-tərbiyəsini yüksəltmək, onları Vətənə layiq övladlar kimi yetişdirməkdən, məktəblərdə, eləcə də digər mədəniyyət müəssisələrində maarif və təhsilin səviyyəsini yüksəltməkdən ibarət idi. Bu məqsədlə onun səhifələrində təlim-tərbiyə məsələlərindən bəhs edən çoxlu şeir, hekayə, povest, kiçik həcmli pyeslər çap edilmişdir. Jurnalın səhifələrində çoxlu folklor nümunələrinə: tapmacalara, atalar sözünə, lətifələrə, nağıllara da təsadüf olunur. Onu da xatırlatmaq lazımdır ki, “Qızıl şəfəq” jurnalı fəaliyyət göstərdiyi müddətdə yarıərəb, yarılatın əlifbası ilə nəşr olunmuşdur.

Asif Hacılı. Yəqin ki, oxucuların səviyyəsini, əlifbaya yiyələnmə dərəcəsini nəzərə almaq məqsədilə. Belə sanballı mətbuat orqanlarının nəşri özlüyündə ənənə yaradırdı.

Razim Məmmədov. “Qızıl şəfəq” jurnalı 1930-cu ilin yanvar ayından başlayaraq “Yeni qüvvə” adı ilə buraxılmışdı. “Yeni qüvvə” jurnalının da uşaq ədəbiyyatının təbliğində, gənc nəslin sağlam ruhda böyüməsi sahəsində əvəzsiz xidmətləri olmuşdur. Bu jurnalın səhifələrində dərc olunmuş bədii cəhətdən yüksək səviyyəli şeir, hekayə, povest və pyeslə yanaşı, həm də müasir dövrün tələblərinə cavab verməyən, zəif, sönük əsərlər də çap edilmişdir. Ona görə də jurnal o vaxtlar buraxılan bir sıra nüfuzlu mətbuat orqanları tərəfindən dəfələrlə kəskin tənqid olunmuşdur (Bax: “Yeni kənd” qəzeti, 8 mart 1937-ci il). “Yeni qüvvə” jurnalının adı isə 1939-cu ilin noyabr ayında dəyişdirilərək “Gənc nəsil” qoyulmuşdur. Lakin “Gənc nəsl”in fəaliyyəti uzun sürməmiş, Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar jurnal fəaliyyətini dayandırmışdır. Onun son nömrəsi 1941-ci ilin iyun ayında çıxmışdır. Müxtəlif dövrlərdə bu jurnalların məsul redaktorları Sirac Məmmədov, Əbil Əhmədov, Mirzə Mirzəyev, Qulam Məmmədov, Əbil Ucarlı, Cəfər Mürşüdlü, Abidə Nəsibli, Məmməd İsgəndərli, İbrahim Babayev kimi istedadlı mühərrirlər olmuşlar.

Asif Hacılı. Ramiz müəllim, bildiyimiz kimi, Gürcüstan azərbaycanlıları dedikdə, ilk növbədə Borçalı yada düşür, bu ölkədə əhalimizin əsas hissəsi Borçalıda və qismən Qaraçöpdədir. Bəs burada mətbuatın vəziyyəti barədə nə deyərdiniz?

Razim Məmmədov. Keçən əsrin 30-cu illərdən başlayaraq Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Borçalı mahalında və Ahısqa bölgəsində azərbaycandilli mətbuat orqanlarının sayı xeyli artmışdı. Belə ki, Tiflisdə nəşr olunan mərkəzi qəzet və jurnallarla yanaşı, azərbaycanlılar yaşayan rayonlarda da bir sıra qəzetlərin nəşrinə icazə verilmişdi. Bu illərdə Sarvanda (indiki Marneuli) “Pambıqçı” (1931), sonra “Stalin yolu”, Lüksemburqda (indiki Bolnisi) “Al bayraq” (1938), Başkeçiddə (İndiki Qardabani) “Stalinçi” (1931), Adıgündə “Qızıl rəncbər” (1933), sonra isə “Adıgün kolxozçusu” (1936), Axalsixdə “Kommunist” (1930), sonra isə “Qızıl bayraq” (1938), Aspininzadə “Bağban” (1933), sonra isə “Sosializm kəndi” (1940) kimi qəzetlər Azərbaycan dilində çap olunmağa başladı.

Asif Hacılı. Adıgündə, Axısqada, Aspindzada çıxan qəzetlər də türk dilində və əsasən türklərin, Axısqa türklərinin məskənlərində dərc olunurdu. Lakin bu qəzetlərin də nəşrinə Azərbaycandan gəlmiş ədiblərin böyük köməyi olub.

Razim Məmmədov. Bəli, Asif müəllim. Haqqında söhbət açdığımız rayon qəzetlərindən üçü – “Adıgün kolxozçusu” (Adıgün rayonu), “Qızıl bayraq” (Axalsixi rayonu), “Sosializm kəndi” (Aspinza rayonu) qəzetlərinin nəşri məlum səbəblərə – Ahısqa türklərinin elliklə bu yerlərdən qanunsuz və əsassız olaraq sürgün edilməsindən sonra 1944-cü ilin axırlarında dayandırılmışdır. Sarvanda (Marnueli) çıxan “Stalin yolu” qəzeti “Yeni Marnueli”, Lüksemburqda (Bolnisi) çıxan “Al bayraq” qəzeti “Qələbə bayrağı”, Başkeçiddə (Dmanisi) buraxılan “Sosializm maldarlığı” qəzeti “Trialeti”, Qarayazıda (Qardabani) nəşr edilən “Stalinçi” qəzeti “Samqori” adları ilə son vaxtlara qədər yarı azərbaycanca, yarı gürcü dilində nəşr olunurdu.

Asif Hacılı. Ancaq SSRİ-nin dağılmağa başladığı keçən əsrin qızğın 90-cı illərində ilk növbədə siyasi amillərin, kənardan püskürülən millətçiliyin və eyni zamanda ictimai vəziyyətin təsiri ilə bu qəzetlərin də əksəriyyətini taleyi qısa oldu.

Razim Məmmədov. Təəssüflə qeyd olunmalıdır ki, 1990-cı ilin əvvəllərində bu qəzetlərin Azərbaycan bölmələri bir sıra ciddi təzyiqlərə məruz qalmış, onların potensial imkanları xeyli məhdudlaşdırılmışdır. Sarvanda (Marneuli) çıxan “Stalin yolu” qəzeti “Yeni Marneuli”, Lüksemburqda (Bolnisi) çıxan “Al bayraq” qəzeti “Qələbə bayrağı” qəzeti “Trialeti”, Qarayazıda (Qardabani) nəşr edilən “Stalinçi” qəzeti “Samqori” adları ilə bir müddət yarıazərbaycan, yarıgürcü dilində nəşr olunurdu. Təəssüflə qeyd olunmalıdır ki, 1990-cı ilin əvvəllərində bu qəzetlərin Azərbaycan bölmələri bir sıra ciddi təzyiqlərə məruz qalmış, onların potensial imkanları xeyli məhdudlaşdırılmışdır. 1990-cı ilin ortalarında “Yeni Marneuli” qəzeti “Kveto Kartli” (“Aşağı Kartli”), “Qələbə bayrağı” qəzeti isə “Bolnisi” adlandırılmışdır. Bundan az sonra isə əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil etməsinə baxmayaraq, Bolnisi rayonunda nəşr olunan “Bolnisi”, Dmanisi rayonunda çıxan “Trialeti” qəzetlərinin Azərbaycan bölmələri heç bir səbəb olmadan bağlanmışdır.

Asif Hacılı. Lakin Gürcüstanın müstəqilliyi dövründə də çətinliklər oldu, bunların bəziləri siyasi, bəziləri isə biganəlik, etinasızlıq kimi subyektiv səbəblərlə izah oluna bilər.

Razim Məmmədli. Gürcüstan müstəqillik əldə etdikdən sonra, xüsusilə də 2000-ci illərin əvvəllərindən başlayaraq ölkədə Azərbaycan dilində rəsmi qəzeti kimi “Gürcüstan”, Marneulidə (Sarvan) fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin orqanı kimi “Region press”, Tiflisdəki azərbaycanlıların “Varlıq” Mədəniyyət Mərkəzinin orqanı kimi “Varlıq” adlı ictimai-siyasi qəzet, eləcə də müstəqil ictimai-siyasi, ədəbi-mədəni “Qeyrət”, “Ozan”, “Sözün işığı”, “Ziya”, “Cənlibel” kimi qəzetlər, “Meydan”, “Əhli-beyt”, “Qarapapaqlar” kimi jurnallar nəşr olunmuşdur. Bu mətbuat orqanları Gürcüstanda yaşayan soydaşlarımızın yeni informasiyaya olan ehtiyaclarını layiqincə ödəmişlər.

Asif Hacılı. Razim müəllim, etiraz etməsəniz “Qarapapaqlar” elmi-ədəbi jurnalı haqqında bir qədər ətraflı danışaq.

Razim Məmmədov. Bəli, haqlısınız. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin orqanı kimi 2007-ci ildə başlayaraq ayda bir dəfə nəşr olunan “Qarapapaqlar” elmi-ədəbi jurnalının fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Jurnalın nəşri bir müddət dayansa da, 2010-cu ildə istedadlı jurnalist və vətənpərvər ziyalı Akif Xansultanlı baş redaktor kimi ona yeni nəfəs vermiş, jurnal tərtibatından tutmuş onun səhifələrində çap olunan aktual materiallarla ilk baxışdan oxucuların qəlbinə yol tapmışdır. Jurnal qısa müddət ərzində yalnız Gürcüstanda deyil, Azərbaycanda, Türkiyədə, eləcə də başqa türk dilli ölkələrin ziyalılarının rəğbətini qazanmışdır. Bu dərgi Tiflisdə, eləcə də Gürcüstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların mədəni həyatında mühüm rol oynamaqla yanaşı, həm də Azərbaycan-Gürcüstan elmi-mədəni əlaqələrinin təbliğində və inkişafında böyük işlər görmüşdür.

Asif Hacılı. Razim müəllim, vacib və simptomatik bir məsələyə toxundunuz. “Qarapapaqlar” jurnalı nəinki, Borçalı, Tiflis azərbaycanlıları baxımından, mən deyərdim ki, Azərbaycan və ümumən türk dünyası baxımından olduqca əhəmiyyətli və dəyərli etnik mədəniyyət hadisəsi idi. Bu jurnal öz dəyərinə görə o vaxtın Ali Attestasiya komissiyasının da siyahısına daxil edilmişdi və bu baxımdan Borçalıdakı gənc alimlərimizin dissertasiya müdafiəsində də müsbət rol oynaya bilərdi. Bu baxımdan Akif Xansultanlının zəhmətinə böyük dəyər verməliyik. Lakin milli dəyərə malik bu jurnalın yaşaması üçün, hesab edirəm ki, mən özüm də daxil biz eloğlular, lazım olan, əlimizdən gələn, imkanımız çatan mənəvi, maddi  yardımı göstərə bilmədik və ya göstərmədik Açığı, Akif Xansultanlı, yəqin ki, müəyyən dostları, qardaşları çıxmaq şərti ilə, meydanda tək qaldı və jurnal bağlandı. Yekun olaraq nə deyərdiniz.

Razim Məmmədov. Çox təəssüf, bu jurnalı qoruya bilmədik, ancaq mən söhbətimizi bədbin sonluqla bitirmək istəməzdim. Gürcüstanda Azərbaycan dilində çap olunan mətbuat orqanları tarixi və şərəfli iz qoymuş, xalqımızın ədəbi-mədəni həyatının yüksəlməsində əvəzsiz xidmətləri ilə seçilmişlər. Cəsarətlə söyləmək olar ki, bu ənənə indi də davam etdirilir. Onların da böyük uğur qazanacağına şübhə etmirik.

Asif Hacılı. Buna qətiyyən şübhə etmirəm, bu gün yeni informasiya dövrünü yaşayırıq. Hazırda qlobal internet şəbəkəsi sərhəd tanımır. Borçalıda da bir çox internet səhifələri, elektron TV və qəzetlər, radio kanalları, blogerlər və sairə və ilaxır fəaliyyət göstərir. Bunların bir çoxu ikidillidir. Eləcə də klassik qəzet və jurnalların davamı olan toplular dərc olunur. Bu mətbu orqanlar gündəlik məlumat yayır, mədəniyyətimizi tanıdır, birbaşa ünsiyyət yaradır. Çox istedadlı, bir çox dilləri bilən, milli ruhlu gənclərimiz yetişib və onların Borçalının əzəli etnik-mədəni mühitini, Azərbaycan-gürcü dostluğunu, iki xalqın təmasından doğan mədəniyyət özəlliklərini mətbuat, qlobal şəbəkə vasitəsi ilə daha da inkişaf etdirəcəyinə, dünya səviyyəsinə çıxardacağına şübhə etmirəm. Bu yolda onlarla həmfikir və yol yoldaşı olduğumu bildirirəm. Mətbuat tariximizin dəyərli bilicisi olan Sizə, hörmətli Razim müəllim, bu maraqlı, zəngin məzmunlu söhbət üçün dərin təşəkkürümü bildirirəm. 

Razim Məmmədov. Asif müəllim, mən də Sizə və vitse-prezidenti olduğunuz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının bütün əməkdaşlarına başda görkəmli ictimai-siyasi xadim, vətənpərvər ziyalı, keçmiş Millət vəkili Elan Süleymanov olmaqla bu Borçalı ilə bağlı vacib mövzuları gündəmə gətirdiyinizə və dəvətə görə bir daha təşəkkür edirəm.