Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
XİN: “Azərbaycan hökuməti məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Dekabrın 28-də Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il keçirilən bayram şənliyində uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, eləcə də şəhid ailələrindən olan uşaqlar iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak etdilər.

Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gəldilər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkan uşaqları sevindirmək üçün bayram əhval-ruhiyyəsində, nağıllar aləmini xatırladan dizaynla tərtib olunub.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.

Artıq ənənəvi xarakter alan şənlikdə hər il olduğu kimi, bu il də uşaqlara səhnələşdirilmiş nağıl və musiqili-əyləncəli proqram təqdim edildi.

Bu proqram əsasında “Buta” sarayında balacalar üçün qurulan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da artırdı. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların sevinci, üzlərindəki təbəssüm bu xoş əhval-ruhiyyəni onlara yaşadan Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Hər il olduğu kimi bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

Nağıl və musiqili-əyləncəli proqrama uşaq evlərinin sakinləri, yaradıcı uşaqlar və yeniyetmələr – ümumilikdə 500-dək heyət, o cümlədən Azərbaycanın tanınmış estrada ulduzları cəlb olunmuşdu. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.

Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan bu günün fidan balalarının əlində olacaq. Ölkəmizdə uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, onlara xüsusi məhəbbət, diqqət və qayğı var. Uşaqların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaradıb.

Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övladlarının taleyində əhəmiyyətli rol oynayır. Son illər ərzində sürətli iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanda yeni tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər də ölkəmizdə bu istiqamətlərdə formalaşan ənənələrin hələ uzun illər yaşayacağına zəmanət verir. Azərbaycanda uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda uşaqlarla bağlı mühüm layihələr reallaşdırılır. Fondun fəaliyyəti Azərbaycanın gələcəyi hesab edilən uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının səfərbər edilməsinə yönəlib. Bütün bunlar uşaqlarımızın hərtərəfli inkişafı, müasir beynəlxalq standartların tələblərinə cavab verən təhsil, səhiyyə xidmətləri ilə təmin olunması üçün edilir. Fond tərəfindən bu istiqamətdə həyata keçirilən müxtəlif layihələr Azərbaycanın ən qiymətli milli sərvəti olan uşaqların – genofondumuzun qorunub saxlanmasına və daha da inkişafı işinə xidmət edir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 14 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bayram şənliyində çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı

-Əziz uşaqlar, hörmətli müəllimlər, hörmətli valideynlər.

Artıq 15 ilə yaxındır ki, biz birlikdə ötən ili yola salırıq, keçmiş illə vidalaşırıq və yeni ili qarşılayırıq.

2018-ci il ölkəmiz üçün çox əlamətdar il idi. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Bu il – 2018-ci ildə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini həm ölkəmizdə, həm bir sıra xarici dövlətlərdə ən yüksək səviyyədə qeyd etmişik.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu. Lakin bu qısa zamanda ölkəmiz, xalqımız üçün çox vacib olan addımlar atıldı, qərarlar qəbul edildi. İlk çoxpartiyalı parlament fəaliyyətə başladı, ölkəmizin bayrağı təsis edildi, qızlar üçün ilk dünyəvi məktəb fəaliyyətə başladı, Azərbaycan Ordusu yaradıldı. Biz bu il, həmçinin Azərbaycan Ordusunun 100 illiyini qeyd etdik. Bu münasibətlə ölkəmizin baş meydanında keçirilən möhtəşəm parad bir daha göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır, istənilən vəzifəni icra etməyə qadirdir və hazırdır. Biz bu il, həmçinin Bakının azad olunmasının 100 illiyini birlikdə qeyd etdik.

Ölkəmizin tarixində şərəfli yer tutan bütün bu hadisələrin yüksək səviyyədə keçirilməsi onu göstərir ki, müstəqil Azərbaycan bu gün böyük uğurla inkişaf edir. Azərbaycan bu gün güclü, qüdrətli ölkədir. Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Azərbaycan öz sözünü söyləyən, öz maraqlarını qoruyan dövlətdir. Biz inanırıq ki, siz – bu günün uşaqları, bu günün gəncləri gələcəkdə Azərbaycanın inkişafına, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə öz töhfənizi verəcəksiniz.

Yola saldığımız 2018-ci ilə nəzər salsaq görərik ki, ölkəmizin inkişafı yüksək sürətlə davam edir. Bu il bir sıra çox vacib layihələr həyata keçirilib, yeni islahatlara start verilib. Dünya Bankının hesabatında Azərbaycan 10 islahatçı dövlət sırasına daxil edilib. Bu il biz həm ölkəmizin, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsini qeyd etdik. Bu il, həmçinin növbəti telekommunikasiya peyki “Azerspace-2” orbitə buraxıldı.

Sosial sahəyə gəldikdə deməliyəm ki, Azərbaycan dövləti sosialyönümlü siyasət aparır. Sosial sahədə olan problemlərin həlli daim Azərbaycan dövlətinin və Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Son iki il ərzində 5000-dən çox məcburi köçkün və qaçqın ailəsi müvəqqəti olaraq yeni evlərlə, yeni mənzillərlə təmin edildi. Məktəblərin, bağçaların tikilməsi, təmiri və ya yenidən qurulması, yeni Olimpiya İdman komplekslərinin inşası davam edir. Bütün bu uğurları, görülən işləri, əldə etdiyimiz nailiyyətləri görərək biz daha da səmərəli işləməyə ruhlanırıq, xalqımıza daha da səmərəli xidmət etməyə hazırıq.

Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir və biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Bizim əsas amalımız gələcəkdə sizi mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir.

Əziz uşaqlar, əziz valideynlər, əziz dostlar. Mən ümidvaram ki, 2018-ci il sizin üçün uğurlu oldu və sizin xatirənizdə xoş anlarla yaşayacaq. Mən ölkəmizin hər bir uşağına, hər bir balacasına öz hədsiz məhəbbətimi çatdırıram. Əziz müəllimlər, sizin hər birinizə öz dərin minnətdarlığımı çatdırıram. Hər il Heydər Əliyev Fonduna dəstək göstərən və “Buta Palace”da bu şənlikdə iştirak edən və bu bayram ab-havasını yaradan bizim istedadlı sənət adamlarına öz dərin minnətdarlığımı bildirirəm.

Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Qoy, Azərbaycanın səması daim açıq, dinc və aydın olsun! Sizi təbrik edirəm. Çox sağ olun.

X X X

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi. Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri, o cümlədən Bakı Kitab Mərkəzinin Yeni il ərəfəsində uşaqlar üçün nəşr etdiyi kitablar verildi.

Heydər Əliyev Fondunun balacalara töhfəsi olan bu bayram şənliyi uşaqların yaddaşında silinməz iz qoydu.