Heydər Əliyev Sarayında “Min bir gecə” baleti nümayiş olunacaq

Azərbaycanda gələn ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib
Dünyanı heyrətə gətirən 10 səs – “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə mətbuata bəyanatda səsləndirdiyi fikirlər bu ölkənin mediasında geniş işıqlandırılıb

Aprelin 11-də və 12-də Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti nümayiş ediləcək.

Saraydan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin, Rusiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilati dəstəyi ilə səhnələşdirilən baletin musiqisi dahi bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirova, səhnə tərtibatı dünyaca məşhur görkəmli rəssam, SSRİ-nin Xalq rəssamı Tahir Salahova məxsusdur.

İki pərdəli baletdə “Kreml baleti” teatrının solistləri Əməkdar artistlər və bir çox beynəlxalq müsabiqələr laureatları iştirak edəcəklər. Uzun illərdir dünya teatrlarının səhnəsində böyük uğurla nümayiş etdirilən baletin xoreoqraf-quruluşçusu teatrın bədii rəhbəri Rusiyanın Xalq artisti Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır.

Qeyd edək ki, Andrey Petrovun 1990-cı ildə yaratdığı bu kollektivdə Rusiya baletinin bir çox istedadlı və tanınmış sənətçiləri, müxtəlif beynəlxalq müsabiqə və festivalların laureatları, balet ulduzları çalışırlar.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.