Himnimizin yaradıcısı – İllərdir yaddaşlarda yaşayan musiqi

“Prezident İlham Əliyevin dönməz iradəsi 28 illik ŞUŞA yaramızı sağaltdı” – Elxan Süleymanov
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Ağdam şəhərindəki Dəmir yolu və avtovağzal kompleksinin tikintisi bu il başa çatacaq 

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa! – Əhməd Cavad

Üzeyir Hacıbəyli təkcə Azərbaycan musiqi mədəniyyətinin banisi deyil, həm də milli dövlətçiliyin musiqi simvollarının yaradıcısı kimi tarixə düşüb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından dərhal sonra milli dövlət atributlarının – o cümlədən Dövlət Himninin yaradılması məsələsi gündəmə gəlib. Bu vəzifə xalqın milli ruhunu, azadlıq ideyasını və dövlətçilik şüurunu musiqi vasitəsilə ifadə edə biləcək bir sənətkarın üzərinə düşürdü. Bu baxımdan, himnin bəstələnməsi Üzeyir Hacıbəyliyə həvalə edilib. 1918-ci ildə bəstəkar Azərbaycan Xalq Cümhuriyyətinin himnini yazaraq, onu xalq musiqisinin melodik intonasiyalarına və Avropa himn janrının struktur prinsiplərinə əsaslandırıb. Əsərin musiqi dili parlaq, melodik cəhətdən yaddaqalan, ritmik baxımdan enerjili və bayram xarakterli idi. Bu himn milli azadlıq və müstəqillik ideyasının musiqidə ilk rəsmi təcəssümü idi və sonralar Azərbaycan musiqi tarixində vətənpərvərlik janrının başlanğıcı kimi dəyərləndirildi.

Bunu AZƏRTAC-a açıqlamasında musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva deyib.

O bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkə SSRİ-nin tərkibinə daxil edilib və milli himnin ifası qadağan olunub. Lakin Üzeyir Hacıbəyli musiqi yaradıcılığını yeni siyasi şəraitdə də davam etdirərək, 1930-cu ildə Azərbaycan SSR-in 10 illik yubileyi münasibətilə yeni himn üçün musiqi və mətn yazıb. Bu əsər ilk dəfə 1930-cu il aprelin 28-də bəstəkarın rəhbərliyi altında səsləndirilib.

1930-cu il himni janr etibarilə kantata xarakterinə malik idi: monumental quruluş, çoxsəsli xor fakturası, orkestr müşayiəti və vokal-orkestr dramatizmi onun musiqi məzmununu müəyyənləşdirirdi. Bu səbəbdən bəzi tədqiqatçılar həmin himni “Azərbaycan kantatası” adlandırırlar. Əsərdə Üzeyir bəy sovet ideoloji motivlərini ifadə etsə də, musiqi dilində milli intonasiya və melodik sabitliyi qorumuş, xalq musiqisinin səslənmə enerjisini simvolik şəkildə yaşadıb”, – deyə Aytən Baxşiyeva deyib.

“1944-cü ildə o, SSRİ-nin bütün İttifaq respublikalarında yeni himnlərin hazırlanması təşəbbüsü çərçivəsində Azərbaycan SSR-in yeni dövlət himnini tərtib edib. Bu himn Azərbaycan SSR-in dövlət simvolu kimi 1991-ci ilə qədər səsləndirilib. Əsər musiqi cəhətdən daha sabit, melodik baxımdan aydın və monumental xarakter daşıyırdı. Ü.Hacıbəyli burada müasir çoxsəslilik və milli melodizm arasında tarazlıq yaradıb, himni həm ideoloji, həm də estetik baxımdan yüksək səviyyəyə qaldırılıb.1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra, 1918-ci ildə bəstələnmiş ilk himn yenidən dövlət statusu alıb. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Üzeyir Hacıbəylinin milli irsinin bərpası və aktuallaşdırılması kimi qəbul edilib. Beləliklə, Hacıbəylinin himn yaradıcılığı Azərbaycan xalqının milli musiqi kimliyinin, dövlətçilik ruhunun və tarixi yaddaşının bədii ifadəsinə çevrilib”, – deyə o diqqətə çatdırıb.

Aytən Baxşiyevanın sözlərinə görə, Üzeyir Hacıbəylinin himn yaradıcılığı Azərbaycan musiqi tarixində milli-siyasi musiqi janrının formalaşmasının başlanğıcını qoyub. O, musiqi vasitəsilə xalqın azadlıq ideyasını və milli qürur hissini simvolik səviyyəyə yüksəldib. Hacıbəylinin hər üç himni – 1918-ci il Cümhuriyyət himni, 1930-cu il “Azərbaycan SSR-in 10 illiyi” kantatası və 1944-cü il Azərbaycan SSR himni – təkcə tarixi dövrlərin musiqi sənədi deyil, həm də Azərbaycan musiqi kimliyinin dövlət səviyyəsində təcəssüm formaları kimi dəyərləndirilir.

Üzeyir bəy Hacıbəylinin qələmə aldığı Azərbaycan Respublikasının Dövlət Himni müasir dövrdə də milli şüurun və vətənpərvərlik duyğularının təşəkkülündə mühüm rol oynayaraq ictimai qürur mənbəyi kimi səslənməkdədir. Onun sədası hər səsləndikdə milləti ayağa qalxmağa sövq edir.

AZƏRTAC