HÜSEYNOV Tofiq Mirsiyab oğlu

MƏMMƏDOV Aytəkin İsrayıl oğlu
MUSAYEV Fəxrəddin Musa oğlu
ƏLİYEV Yusif Əliyusif oğlu

(19.4.1954, Xocalı ş. – 26.2.1992, Xocalı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (7.7.1992, ölümündən sonra).

Ağdam Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirib. Qazaxıstanda hərbi xidmətdə olub (1974-1976). Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi çalışıb, kapitan rütbəsinə yüksəlib. 1991 ildə yaradılan Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri və komandiri olub. Meşəli uğrunda gedən döyüşlərdə onun batalyonu onlarla erməni yaraqlısını məhv edib. Ermənilərin Xocalını top atəşinə tutduqları Naraguğ kəndindəki top-batareya nöqtəsini susdurub, Mehdikənddəki erməni artilleriyasını və “Alazan” qurğusunu sıradan çıxarıb, on erməni yaraqlısını əsir götürüb. Bu əməliyyata görə T.Hüseynova mayor rütbəsi verilib. Ermənilərin və 366-cı alayın Xocalıya kütləvi hücumu zamanı batalyon əhalinin təhlükəsiz yerə köçürülməsinə çalışıb, düşmənlə qeyri-bərabər döyüşdə rəşadətlə vuruşub. T.Hüseynov son gülləsinə kimi döyüşdükdən sonra, qumbaranı sinəsinə sıxıb, həlak olsa da ona yaxın ermənini də məhv edib. Ailəli idi. Üç övladı var. Bakı ş-də Şəhidlər Xiyabanında dəfn edilib.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları”, Bakı, Respublika Xatirə Kitabı Redaksiyası, 2005. s. 67

Qardaşı qızı Samirə Hüseynovanın dediklərindən:
“O zamanlar uşaq idim, amma Xoclı bu gün də xəyalımda canlanır. Xocalıda böyüməsəm də, sanki uzun illər orada yaşamışam. Əmim Tofiq Hüseynov haqqında danışmaq mənim üçün həm çətin, həm də şərəflidir. Təəssüf edirəm ki, onu sağlığında tanımamışam. Mənim atam da Xocalının müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Böyüyəndən sonra bunları yavaş-yavaş anladım və dərk etdim ki, Xocalı faciəsi bizim tariximizə qara bir gün kimi yazılıb.  Hələ orta məktəbdə oxuyanda məktəbin dəhlizində Milli Qəhrəmanların fotoşəkilləri vurulmuşdu. Həmişə gəlib əmimin şəklinin önündə dayanıb fəxrlə sinif yoldaşlarıma deyirdim, bu gördüyünüz qəhrəman mənim əmimdir. Bu nə qədər qürurverici olsa da, itirdiklərimiz qəlbimizi yandırıb-yaxır. Bu ağır faciənin üzərindən 25 il keçir. Xalqımız özünün dəyanəti, dözümü hesabına sınmadı, əyilmədi. Qəhrəman Azərbaycan əsgərinin ruhu ölməzdir. Onlara əbədi eşq olsun!”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 124