“İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı 4 dildə işıq üzü görüb

Prezident İlham Əliyev 8 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Prezidentin köməkçisi: “Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var”
Bakıda “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında veloyürüş keçirilib

 Bu günlərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) xalqımızın tarixində, mədəni irsinin qorunmasında və ictimai-siyasi həyatında fövqəl əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş vacib layihəyə imza atıb – Azərbaycan, türk, ingilis və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb.

Kitabın əvvəlində xalqımız üçün mühüm əhəmiyyət kəsb edən 2 tarixi sənəd öz əksini tapıb. Bu sənədlərdən birincisi “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Sərəncamıdır. Digər sənəd isə 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”dir. Kitabın Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyətə malik bu sənədlərlə başlaması rəmzi məna kəsb edir. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev imzaladığı Sərəncam ilə “Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə” Azərbaycanın mədəniyyət paytaxtı elan etmişdir.  İkinci sənəd qismində Şuşa Bəyannaməsinin əks etdirilməsi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlərin ən ali əməkdaşlıq səviyyəsinə – müttəfiqlik səviyyəsinə yüksəlməsinin və bununla da Cənubi Qafqaz regionunda yeni qüvvələr balansının mövcudluğunun rəsmi şəkildə təsdiqlənməsini əks etdirir. Belə ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin  əhəmiyyətini ehtiva edərək, “müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir”.

AVCİYA tərəfindən nəfis tərtib edilərək böyük oxucu auditoriyasına təqdim edilmiş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı “Rəsmi xronika” və “Şuşa (müxtəsər tarix)”  bölmələrindən ibarətdir.

Kitabın “Rəsmi xronika” bölümündə Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına sevinc dolu müraciətləri və təbrikləri, Şuşaya səfərləri zamanı açıqlamaları və dünya ictimaiyyətinə mesajları, Şuşanın bərpası və tarixi görünüşünün qaytarılması istiqamətində görüləcək işlər barədə çoxsaylı məlumatlar öz əksini tapıb. Kitabın bu bölümündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada möhtəşəm “Xarı bülbül” musiqi festivalının keçirilməsinə dair rəsmi sənədlərin əksini tapması xüsusi önəm kəsb edir. Kitabda Şuşa Bəyannaməsi imzalandığı 15 iyun tarixində Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təqdim olunmuş “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası haqqında məlumatlar, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 iyunda Milli Məclisdə çıxışı  və digər rəsmi sənədlər təqdim edilib.

  Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, kitabda “Rəsmi xronika” bölməsindən əvvəl Şuşa ilə bağlı reallaşdırılmış bütün hadisələrə dair foto albom təqdim edilib.

Kitabın “Şuşa (müxtəsər tarix)” bölümündə Şuşanın tarixi müxtəlif dövrlərə bölünərək təhlil edilir, Qarabağ xanlığının Çar Rusiyasına birləşməsini rəsmiləşdirmiş Kürəkçay müqaviləsinin mətni təqdim edilir və bu müqavilədən sonrakı Şuşa haqqında məlumatlar verilir. Kitabın bu bölümündə həmçinin Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı (1988-1993) və İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi haqqında qısa məlumatlar yer alır.    

Nəhayət, bir daha qeyd edilməlidir ki, “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı AVCİYA-nın “1905.az KİTABI” seriyasından növbəti nəşrdir. Bu seriyanın ideya müəllifi və naşiri Assosiasiyanın prezidenti Elxan Süleymanovdur.

Məlumdur ki, AVCİYA fəaliyyəti dövründə Qarabağ problemi ilə bağlı çoxsaylı layihələr həyata keçirib. Bu layihələr sırasında “Xocalı soyqırımı: milyon imza, bir tələb” adlı aksiyanı, 2012-2016-cı illərdə İtaliya, Belçika, Andorra, İspaniya, Finlandiya, Sloveniya və Polşa parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən konfrans və dinləmələrin keçirilməsini, beynəlxalq səviyyədə həyata keçirilmiş “Sərsəng harayı” layihəsini, 2016-cı ildə Ağ Evin “Biz Xalqıq” platformasına ünvanlanmış, AŞPA-da layihə müəllifi olduğum 2085 saylı Qətnaməsini dəstəkləyən və Barak Obama tərəfindən yaradılmış bu müraciət platforması tarixində ikinci ən məşhur petisiya olmuş “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı müraciətini və başqa layihələri qeyd etmək olar.

Əminik ki, Qarabağın incisi, vətənimizin mədəniyyət paytaxtı qədim Şuşa, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən işğaldan azad edilmiş tarixi yurd yerimiz haqqında Prezidentimizin dərin məzmunlu çıxışlarını, rəsmi sənədləri, tarixi məlumat və foto materialları əks etdirən   “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” nəşri təkcə şuşalıların deyil, dünya azərbaycanlılarının, türk qardaşlarımızın, tədqiqatçıların, bütün vətənsevərlərin və Azərbaycanın dostlarının masaüstü kitabı olacaqdır.

Elxan Süleymanov

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına

Yardım Assosiasiyasının Prezidenti