İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib

Naxçıvanda keçirilən “Milli geyimlər festivalı” böyük marağa səbəb olub
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
Ali Baş Komandan İlham Əliyev: Biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor çıxış edərək dedi:

– Zati-aliləri, Prezident Əliyev.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün Bakı Enerji Həftəsinin təşkilat komitəsinin nümayəndəsi kimi çıxış etmək mənim üçün şərəfdir. Xüsusilə də ona görə ki, ötən iki il ərzində koronavirus epidemiyası səbəbindən bu tədbiri keçirə bilməmişik. Bu tədbir bizə qeyri-rəsmi mühitdə təkbətək görüşlərin, beynəlxalq və regional sənaye liderləri ilə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsini göstərir. Azərbaycan koronavirusa qarşı mübarizədə çox ayıq-sayıq olmuşdur və nəticə etibarilə hazırda əhalinin peyvəndlənməsi baxımından aparıcı ölkələrdən biri kimi çıxış edir və məhz buna görə biz bu gün bu tədbiri keçirə bilirik.

Enerji sənayesində cari meyilləri nəzərə alaraq, Bakı Enerji Həftəsi tədbiri özündə üç ayrı layihəni ehtiva edir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əlbəttə ki, sabah keçiriləcək əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu. Təbii ki, ənənələrə uyğun olaraq bütün bu tədbirlər davam edəcək.

Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir. Bakı təkcə regionda ən böyük olan bu sənaye tədbirinə ev sahibliyi etmir. Eyni zamanda, gələn həftə baş tutacaq Formula 1 kimi beynəlxalq yarışın keçirildiyi məkandır.

Bu gün biz sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkəti salamlamaqdan məmnunluq hissi keçiririk. Əlbəttə ki, bu tədbirə sadiq olaraq davamlı dəstək göstərdiyi üçün təşkilat komitəsinin adından Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə dərin təşəkkürümü bildirmək istəyirəm.

Zati-aliləri, Bakıda keçirdiyimiz sərgilərə davamlı olaraq dəstək verdiyiniz və bu mühüm sənaye tədbirinin açılışında ənənəvi olaraq iştirak etdiyiniz üçün mən, həmçinin Sizə öz dərin minnətdarlığımızı ifadə etmək istəyirəm. Bu hər kəsə həm bu sənaye sahəsinin region üçün əhəmiyyətini və eyni zamanda, həmin sənaye sahəsinin daxilində bu tədbirin əhəmiyyətini göstərir.

İndi isə auditoriya qarşısında çıxış etmək üçün Zati-alilərini dəvət etmək istəyirəm. Təşəkkür edirəm.

x x x

Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli xanımlar və cənablar.

Əvvəlcə mən pandemiya səbəbindən ikiillik fasilədən sonra Xəzər Neft və Qaz Sərgisinin yenidən başlanmasına görə təşkilatçılara təşəkkürümü bildirmək istərdim. Şadam ki, bu gün bütün dünyadan gəlmiş qonaqlarımız buraya toplaşıblar. Ümid edirəm ki, Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələr enerji təhlükəsizliyi və enerji ehtiyatların şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcək.

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.

Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir.

Lakin, söylədiyim kimi, həmin vaxt enerji təhlükəsizliyi tam təmin edilməmişdir. Elektrik enerjinin və qazın təchizatında fasilələr yaranırdı. Enerjinin verilməsi dayanırdı. Biz ürəkdən çalışmağa başladıq ki, öz enerji təhlükəsizliyimizi təmin edək. Bu iş icra olundu. Eyni zamanda, paralel olaraq, biz neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə beynəlxalq sərmayədarlarla, dünyanın aparıcı enerji şirkətləri ilə fəal işləyirdik.

Ötən əsrin sonunda, fikrimcə, mühüm hadisə baş verdi. Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində biz ixraca başlaya bildik və bir çox ölkələrin tələbatlarını təmin etdik. Eyni zamanda, biz tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladıq. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Bir il əvvəl – 2006-cı ildə isə biz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinə müvəffəq olduq. Həmin vaxt və indi də, fikrimcə, o, əlamətdar hadisə idi. Bu, neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə ki, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında bacarığımızın təzahürüdür. Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühitdə həyata keçirilmişdir.

Bu, regional enerji təhlükəsizliyi məsələlərinə aid olan mühüm tarixi hadisə idi. Əlbəttə ki, o, Azərbaycan ilə onun qonşuları – Türkiyə və Gürcüstan arasında regional əməkdaşlığı gücləndirdi. Bununla belə, planlarımız bundan da böyük idi. Təbii ki, biz Azərbaycanın nəhəng qaz ehtiyatlarını istifadə etmək istəyirdik və əlbəttə, bu məqsədlə bizə yeni boru kəməri lazım idi. Mən deyərdim, XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinə ehtiyac duyulurdu. Cənub Qaz Dəhlizin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür. Buna görə, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib.

Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır.

Cənub Qaz Dəhlizinin icrası ilə məşğul olduğumuz zaman biz boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurmuşuq. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman biz anladıq ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. İndi isə, bizə sadəcə işləmək, yeni körpüləri salmaq, yeni əlaqələri qurmaq, interkonnektorları yaratmaq və Avropanın qaz bazarında fəaliyyətimizi genişləndirmək qalır.

Əlbəttə ki, hazırda – iyunun 1-də söhbət apardığımız zaman vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. Onun sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var. Əlbəttə, bu, vaxt və çoxlu maliyyə vəsaitlərini, o cümlədən sıx əlaqələndirməni, əməkdaşlığı və bütün iştirakçı ölkələrlə fəal dialoqu tələb edəcək. Biz buna hazırıq. Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti artıq bütün təlimatlarımı alıblar və onlar fəal danışıqlar aparırlar.

Yeri gəlmişkən, Bakı Enerji Həftəsi gözəl fürsət olacaq, çünki həmin mühüm məsələlərin müzakirəsi üçün qonaqlarımız arasında bir çox ölkələrdən yüksək səviyyəli rəsmilər var. Eyni zamanda, əlbəttə, biz Cənub Qaz Dəhlizinin komanda üzvləri, o cümlədən hökumətləri ilə fəal dialoqu davam etdirməliyik. Mən Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin – Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın hökumətlərinə fəal əməkdaşlıq etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq, əlbəttə, biz artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik. Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir. Çünki hamımız bilirik ki, qaz biznesində siz birincisi qazı satırsınız, müqaviləni imzalayırsınız, sonra isə, sərmayə yatıraraq hasilata başlayırsınız.

Lakin, bütün söylədiklərimin məqsədi ümumi vəziyyəti öz nöqteyi-nəzərimizdən təqdim etməkdən ibarət idi. Bununla belə, eyni zamanda, biz prosesin sürətləndirilməsi üçün əlimizdən gələni edəcəyik və bu, artıq başlayıb.

Mən, həmçinin Birləşmiş Ştatların və Birləşmiş Krallığın hökumətlərinə təşəkkürümü bildirmək istərdim. Onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər. Biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik. Mən, həmçinin beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına, Asiyanın İnfrastruktur və İnvestisiya Bankına, yəni Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün banklara təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, onlar, həmçinin bizim yeni planlarımızın həyata keçirilməsinə, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də maliyyə dəstəyi verəcəklər. Həmçinin biz TANAP-ın genişləndirilməsi haqqında da düşünə bilərik. Çünki mən artıq dediyim kimi, Azərbaycan qazına tələbat artır, bunun uçun potensial var, siyasi iradə var. Beləliklə, biz təbii qazın nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbatın səviyyəsinə gətirilməsi üçün vaxt itirməməliyik. Burada yalnız TAP deyil, həm də Cənubi Qafqaz boru kəməri və TANAP sürətli qaydada genişləndirilməlidir və biz bunun üzərində çalışırıq.

Bundan əlavə, mən Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlığı qeyd etmək istəyirəm. Bu da, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Biz bununla bağlı Avropa Komissiyası ilə daimi təmasdayıq və cari ilin fevral ayının əvvəlində Bakıda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı və bizim energetika naziri arasında aparılmış müzakirələr nəticəsində Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqunu yaratdıq. Gündəlik olduqca genişdir, buraya neft və qaz kimi ənənəvi sahələr daxildir. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də gündəmdədir. Hesab edirəm, geniş spektrli mövzular və bu məsələlərdə fəal əməkdaşlıq bizə imkan verəcək ki, ixrac üçün daha çox qaz həcmlərimiz olsun.

Çünki bizim gündəlikdə duran növbəti planımız yenilənən enerjidir və artıq bu sahədə işlər görülür. Bu sahədə Azərbaycan çox gözəl nəticələr nümayiş etdirir. Çünki biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik.

Beləliklə, etibarlılıq vacib amil idi. İkincisi məsələ isə əlbəttə ki, Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir. Yeri gəlmişkən, Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə – bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib.

Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik.

Xəzər dənizinin nəhəng potensialı var və artıq bu hesablama aparılıb. Mənə verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir, yəni, bu, nəhəng həcmdir.

Eyni zamanda, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edirik. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, – hansı ki, onun da böyük potensialı var, – buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar.

Bütün bunlar bizim hökumətimiz tərəfindən ciddi şəkildə nəzərdən keçirilir və bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyulacaq, bir o qədər qaza qənaət ediləcək və ixrac olunacaq, bu, təbiidir.

Beləliklə, bütün bu amillərin vəhdəti, o cümlədən enerjinin səmərəliliyi və bizim şəbəkəmizdə itkilərin aradan qaldırılması Azərbaycandan qaz ixracının artırılması ilə nəticələnəcək. Bu, bizim hədəfimizdir və əminəm ki, biz buna nail olacağıq. Çünki bu günədək planlaşdırdıqlarımızın hamısı reallaşıb. Yalnız neft və qaz sahəsində yox, hökumətimiz bütün planlarına nail olub. Biz bütün bunlara maksimal dərəcədə səmərəliliklə nail olmuşuq.

Ənənəvi Xəzər Neft-Qaz Sərgisi və Konfransı, həmçinin Bakı Enerji Həftəsi çərçivəsində bütün bu vacib məsələlər müzakirə ediləcəkdir. Neft təchizatı həcminin artırılması müzakirə olunacaq. Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Təəssüf ki, Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.

Hesab edirəm ki, bu gün artıq onlar fikirlərini dəyişiblər. Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq.

Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir.

Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub.

Bundan əlavə, biz zəruri infrastruktura malikik. Yeni dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları. Azad olunmuş ərazilərdə üç yeni hava limanımız olacaq. Onlardan biri artıq istifadə verilib. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Nəhayət, ölkəmizin coğrafi yerləşməsi, yəni, neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı nəzərə alınmalıdır.

Burada söylədiklərim beynəlxalq tərəfdaşlarımız üçün də önəmlidir. Burada SOCAR və BP arasında strateji tərəfdaşlığı xüsusi vurğulamaq istərdim. Bizim üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Mən çox məmnunam ki, BP bərpaolunan enerji sahəsinə maraq göstərir. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir və ümidvaram ki, tezliklə yaxşı nəticələr olacaq.

Perspektiv planlarımıza gəldikdə, onların reallaşdırılması ənənəvi enerji tərəfdaşlarımızın iştirakı olmadan mümkün olmazdı. Biz bu mühüm dövrdə, dünyada geosiyasi vəziyyətin bir neçə ay bundan öncə ilə müqayisədə kəskin şəkildə fərqli olduğu bir vaxtda istənilən ölkədən olan hər bir şirkətlə əməkdaşlıq etməyə hazırıq.

Burada qeyd etdiklərimin hamısı daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Biz bunun nəticəsini görürük və diqqətinizə cari ilin bəzi göstəricilərini təqdim etmək istəyirəm. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar islahatların və topladığımız gəlirlərin yönləndirilməsinin təzahürüdür.

Yəni, şaxələndirmə yalnız enerji təchizatına aid deyil. Bu, bizim iqtisadiyyatımızın şaxələndirilməsidir və biz buna nail oluruq. Hesab edirəm ki, bu gün Azərbaycanda biznes mühiti tamamilə lazımi səviyyədir və Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Dediyim kimi, birincisi, bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər veririk. Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır.

Xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait yaradır. Biz əlavə kreditlər götürə bilərik, sadəcə, bunu etmirik, çünki buna ehtiyac yoxdur. Biz xarici borcumuzu ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq istəyirik və bununla bağlı hökumətə göstəriş vermişəm.

Bununla yanaşı, görsək ki, Azərbaycan üçün vacib olan qlobal əhəmiyyətli layihələr var, əlbəttə, biz ənənəvi tərəfdaşlarımıza, aparıcı maliyyə institutlarına müraciət edəcəyik ki, bizə dəstək olsunlar. Bizim bununla bağlı Cənub Qaz Dəhlizi və digər layihələrdə təcrübəmiz var.

Biz bu gözəl tədbir üçün darıxmışdıq və artıq dediyim kimi, bu, regionun aparıcı beynəlxalq enerji tədbiridir. Mən bir daha qonaqlarımıza bizimlə olduqlarına görə təşəkkür edirəm və Bakı Enerji Həftəsinin işinə uğurlar diləyirəm. Sağ olun.

x x x

Moderator: Təşəkkür edirəm, Zati-aliləri. İndi isə auditoriya qarşısında çıxış etmək üçün ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı dəvət edirəm.

Xanım Laura Loxman çıxış edərək dedi:

– Çox sağ olun, sabahınız xeyir Prezident Əliyev, nazirlər və qonaqlar.

Bu gün burada olmaq mənim üçün şərəfdir və Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci illik sərgi çərçivəsində sizə qoşulmaqdan məmnunluq hissi keçirirəm. Bu yaxınlarda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illik ildönümünü qeyd etdik. Ölkələrimiz uzun müddətdir ki, yaxın tərəfdaşdırlar və Cənubi Qafqazda müstəqillik və demokratiyanı Amerika Birləşmiş Ştatlarından çox heç kim dəstəkləmir. Azərbaycan regionda enerji təhlükəsizliyinin irəliləməsində güclü tərəfdaş olmuşdur. Amerika Birləşmiş Ştatları həm də bizim mühüm iqlim məqsədlərinə dəstək olan etibarlı enerji mənbələrinin yaradılması strategiyaları üzərində Azərbaycanla işləməyə davam etmək əzmindədir. İndi isə ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə məktubunu sizin diqqətinizə çatdırmaq istəyirəm.

Xanım Laura Loxman ABŞ Prezidentinin Azərbaycan Prezidentinə məktubunu oxudu. 

x x x

Moderator: Təşəkkür edirəm. İndi isə mən Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borreronu təqdim etmək istərdim.

Xanım Kristina Lobillo Borrero dedi:

-Sabahınız xeyir, Zati-aliləri Prezident Əliyev.

Hörmətli nazirlər və qonaqlar.

Mən çıxışıma öz adımdan, həm də enerji məsələləri üzrə komissar Kadri Simsonun adından bizi Bakı Forumunda iştirak etmək üçün dəvət etdiyinizə görə sizə dərin minnətdarlığımı ifadə etməklə başlamaq istəyirəm.

Bakı Enerji Həftəsi qlobal enerji rəqabəti, eləcə də, bizim ikitərəfli enerji əlaqələrimiz üçün aktual bir vaxtda keçirilir. Bunun üçün bundan daha yaxşı vaxt ola bilməzdi. Bizim enerji bazarımız bir sıra çağırışlarla üzləşib, COVID pandemiyası, eləcə də, enerji qiymətlərinin kəskin şəkildə artması, geosiyasi gərginliklər, iqtisadiyyatlarımızın karbonsuzlaşdırılması və böhranın mümkün qədər tez bir zamanda imkanlara çevrilməsinin zərurəti.

Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol bizim Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır. Bu, enerji qiymətlərinin sabitliyi, həmçinin təchizat təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir və biz bunu yüksək qiymətləndiririk. Bizim Azərbaycanla enerji sahəsində münasibətlərimiz uzunmüddətli müsbət enerji dialoqu üzərində qurulub ki, bunun da tarixi Zati-aliləri, Prezident Əliyev və ovaxtkı Prezident Barrozu tərəfindən 2006-cı ildə enerji sahəsində strateji tərəfdaşlıq təklif edən Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış ikitərəfli anlaşma memorandumuna təsadüf edir.

Bizim siyasi, idarəçilik və texniki səviyyələrdə siyasət üzrə dialoqumuz enerji siyasətindəki fəaliyyətimizin sübutudur. Komissar Kadri Simson bu ilin fevralında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak edib və biz qaz, eləcə də, bərpaolunan enerji, elektrik enerjisi, enerji səmərəliliyi və hidrogenlə bağlı yüksək səviyyədə dialoq kontekstində müzakirələri davam etdirmişik. Hazırda hər iki tərəf ümumi enerji keçidi və iqlim çağırışları ilə üzləşməklə yanaşı, eyni zamanda, bu prosesdə enerji üzrə bəzi ikitərəfli qarşılıqlı səylər və bir-birini tamamlayan addımlar da atır. Bu mühüm dönüş nöqtəsində geosiyasi səviyyədə gərginlik və enerjinin səbəb olduğu gərginliklər kontekstində biz Avropa İttifaqının şaxələndirmə və təchizatın təhlükəsizliyinə töhfənin davam etdirilməsində, xüsusilə bizim “repowereu” prioritetləri ilə üst-üstə düşən enerji mənbələrində çox maraqlı olduğunu vurğulamaq istərdik. Burada biz 3 müxtəlif sahədə işləməyi planlaşdırırıq. Birincisi, yerli bərpaolunan enerji istehsalının daha da inkişaf etdirilməsi və enerjiyə qənaətin artırılması üçün Avropa İttifaqında qaz təchizatını şaxələndirməkdir. Avropa İttifaqı tərəfindən biz şaxələndirməni gücləndirməklə Avropanın qaza olan ehtiyacını qarşılamaq üçün adekvat qaz təchizatı təmin etməkdə çox maraqlıyıq. Biz, həmçinin uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığı üçün təməl yaradırıq. Avropa İttifaqı qarşılıqlı mənfəət, o cümlədən bərpaolunan enerji mənbələrinin inkişafı və daxili inkişaf üçün hidrogen istehsalı, beynəlxalq ticarət baxımından öz enerji tərəfdaşlarını uzunmüddətli güclü əlaqələrlə təmin etmək əzmindədir.

Biz Azərbaycanla enerji sahəsində uzunmüddətli tərəfdaşlığımızı həm strateji enerji davamlılığı, həm də yaşıl enerji ambisiyalarımıza mühüm töhfə kimi görürük. Biz enerji sistemlərimizin struktur transformasiyasının sürətləndirilməsi, enerji səmərəliliyi istiqamətində səylərimizin, məhsuldarlığımızın, iqtisadi artımın və sənaye bazamızın gücləndirilməsi, həmçinin 2050-ci ilə qədər ölkələrimizin iqlim neytrallığı yoluna qədəm qoyması baxımından Azərbaycan və beynəlxalq tərəfdaşlarla işləməyi səbirsizliklə gözləyirik.

Təşəkkür edirəm, Zati-aliləri. Enerji forumda iştirakı səbirsizliklə gözləyirəm. Təşəkkür edirəm.

x x x

Moderator: Təşəkkür edirəm. İndi isə Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreqori Uilyam Hendsin videomüraciətini təqdim edirik.

Nazir Qreqori Uilyam Hends videomüraciətində dedi:

-Cənab Prezident, Zati-aliləri, Bakı Enerji Həftəsinə müraciət etmək imkanı yaratdığınıza görə təşəkkür edirəm. Mən, həmçinin Birləşmiş Krallıqla Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə hər iki ölkəni təbrik etmək istəyirəm. Bu tədbir Avropanın enerji təhlükəsizliyi və iqlimimiz üçün mühüm vaxta təsadüf edir. Biz Ukraynanın Rusiya tərəfindən işğalı səbəbindən qarşılaşdığımız qeyri-adi vəziyyəti dərk edirik. Bu yeni reallıq bizim enerji sahəsində qarşılaşdığımız mühüm seçimlərə diqqət çəkir. Biz təmiz enerji istehsalı və sıfır karbon tullantıları olan iqtisadiyyata keçidi sürətləndirmək üçün indi hər zaman olduğundan daha çox birlikdə çalışmalıyıq. Bu gün Azərbaycan Gürcüstan, Türkiyə və Avropadakı tərəfdaşları üçün etibarlı və sabit təbii qaz təchizatçısıdır. Azərbaycandan başlayan Cənub Qaz Dəhlizi mühüm nailiyyəti əks etdirir. Cənub Qaz Dəhlizinin genişlənməsi Avropaya qaz təchizatının şaxələndirilməsini dəstəkləyəcək. Biz kömürdən imtina edərək təmiz enerjiyə keçərkən təbii qaz həlledici rol oynamaqda davam edəcək. Ötən il Birləşmiş Krallığın sədrliyi ilə keçirilən COP26 İqlim Dəyişikliyi Konfransında biz ciddi öhdəliklərin şahidi olduq. Biz Azərbaycan hökuməti də daxil olmaqla, tərəfdaşlarımızın COP26-da üzərlərinə götürdükləri öhdəlikləri alqışlayırıq və iqlim dəyişikliyi ilə mübarizədə daha çox səylərin göstərilməsini səbirsizliklə gözləyirik.

Birləşmiş Krallıq, həmçinin təmiz enerjiyə keçidlə bağlı Azərbaycanın öhdəliyini alqışlayır. Sıfır karbon kursunun üstünlüklərindən biri onun enerji təhlükəsizliyi ilə uyğunluğudur. Sıfır karbon, həmçinin çiçəklənmə deməkdir. Neft və qazın qiymətlərinin qalxması təmiz enerjiyə investisiya yatırılmasını daha da əsaslandırır. Son 30 ildə Azərbaycanın yaxın tərəfdaşı olmuş Birləşmiş Krallığın BP kimi şirkətləri 2050-ci ilədək sıfır karbon tullantılarına nail olmaq üçün iddialı planlar qəbul edib. Azərbaycan kimi ölkələrin sıfır karbon tullantılarını təşviq edən ölkə olmaq üçün yüksək potensialı var. Qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün bizim əlimizdə olan vaxt pəncərəsi sürətlə daralır. Ötən il imzalanmış Qlazqo İqlim Paktını reallaşdırmaq üçün bizim hərəkətə keçməyimiz vacibdir. Hər bir ölkə emissiyanın azaldılması üzrə öz hədəflərini yenidən nəzərdən keçirmək və gücləndirmək üçün çağırışa cavab verməlidir. Biz vədlərimizi yerinə yetirmək və öhdəliklərimizin reallığa çevrilməsini təmin etmək üçün öhdəliklərimizin necə həyata keçirilməsi yolları üzərində birlikdə işləməyə davam etməliyik.

Zati-aliləri cənab Prezident, Birləşmiş Krallıq enerji təhlükəsizliyini təmin edəcək və iqlim dəyişikliyi probleminin həllinə kömək göstərəcək qlobal miqyasda təmiz enerjiyə keçidi sürətləndirmək üçün bütün tərəfdaşlarla işləməyə hazırdır. Təşəkkür edirəm.

x x x

Moderator: Cənab Prezident, xanımlar və cənablar, bununla tədbirin rəsmi hissəsi sona çatır.

Bakı Enerji Həftəsi çərçivəsində sizə uğurlar arzulayıram. Ümid edirəm ki, sizin bir çoxunuzu sabah açılacaq Bakı Enerji Forumunda görəcəyik. İştirakınız və diqqətiniz üçün təşəkkür edirəm.

x x x

Sonda dövlətimizin başçısı Sərginin xatirə kitabını imzaladı.

President.az