İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər

Türkiyə mətbuatı: Azərbaycan bir daha qardaşlığını nümayiş etdirdi
Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib
“Rossiya-24” telekanalı “Bakutel-2017” sərgisindən reportaj yayımlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər.

Şəhərin Mənzərəli terrasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” studiyası müxtəlif tamaşalar nümayiş etdirib. Burada, eyni zamanda, xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub, şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq və digər sənət növlərinin də daxil olduğu incəsənət sərgisi və “Laçın mənzərələri” adlı rəsm sərgisi açılıb. Laçının mənzərəli məkanlarından birində qurulmuş “I love Lachın” bölməsində isə qonaqlar şəhərin füsunkar təbiətini seyr edə, bu gözəlliyi öz telefonlarının və fotoaparatlarının yaddaşına köçürə biləcəklər. İncəsənət düşərgəsində isə rəsm əsərlərinin çəkilməsi və ceyran maketlərinin boyanmasını izləmək mümkün olacaq.

Bayraq Meydanının qarşısında isə gün ərzində “Sarı Aşıq və Yaxşı” dastan-tamaşası nümayiş olunub, Laçın çay ənənələrinin təqdimatı məqsədilə “Çay dəstgahı”, müxtəlif sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik, keramika və sair məmulatların satışı üçün “Laçın bazarı” qurulub, milli geyimdə olan aktyorların ifasında immersiv oyunlar, milli personajlardan hazırlanan maskotların gəzintisi təşkil edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində təşkil olunan sərgilərlə tanış olub, sənətkarlıq nümunələrinə baxıb, tamaşalar izləyib, tədbir iştirakçıları ilə söhbət ediblər.

President.az