İntiqam Babayev: Gənclərimiz Qarabağın dirçəldilməsi prosesində iştirak etmək arzusundadırlar

14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır
İlham Əliyevlə Ərdoğan parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər
Anar Kərimov: “Ermənistan işğal etdiyi ərazilərdə etnik təmizləmə aparıb”

İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda gənclərin ilk forumu keçirilib. Həmin forumda Ulu Öndər gənclər siyasətinin əsas istiqamətlərini və hədəflərini müəyyənləşdirdi. Ötən müddətdə Ümummilli Liderin gənclərin inkişafı ilə bağlı ideya və arzularının gerçəkləşməsi istiqamətində minlərlə maraqlı layihə və tədbir keçirilib. Gənclərin inkişafı və onlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev gənclərin vətənpərvər, bilikli olmalarını, milli-mənəvi dəyərlərə sahib çıxmalarını ən mühüm vəzifə kimi müəyyənləşdirib.

Bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev fevralın 2-də jurnalistlərə müsahibəsində deyib.

Koronavirus pandemiyasına baxmayaraq, gənclərin yüksək fəallıqları ilə seçildiyini diqqətə çatdıran nazir müavini vurğulayıb: “Ötən il pandemiya ilə əlaqədar gənclər sahəsində tədbirlər onlayn formatda keçirildi. Çalışdıq ki, həyata keçirilən layihələrimiz Azərbaycan gənclərinin maraq dairələrini əhatə etsin. Gənclər və İdman Nazirliyi tərəfindən ötən il 115 tədbir və layihə icra edilib. Gənclərimiz çox yaradıcı və təşəbbüskardır. Onların ideya və təşəbbüslərini daim dəstəkləməyə çalışırıq. 2020-ci il bütün dünya üçün COVID-19 bəlası ilə yadda qaldığı halda, Azərbaycan xalqının tarixinə Böyük Qələbə kimi həkk olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz əsl tarix yazdılar, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu missiyada da əsas yük dövlətimizin başçısının dediyi kimi, gənc nəslin üzərinə düşdü. Müharibədə qəhrəman Azərbaycan gəncləri ön cəbhədə mətanətlə döyüşdülər. Arxa cəbhədə olan gənclərimiz isə sosial şəbəkələrdə və digər sahələrdə informasiya müharibəsində fəal iştirak edərək Böyük Qələbəyə öz töhfələrini verdilər”.

Qarabağın quruculuq işlərinə gənclərin cəlb edilməsi məsələsinə toxunan İ.Babayev deyib: “Dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq, geniş miqyaslı tədbirlər planı hazırlanır. Aidiyyəti üzrə müvafiq dövlət qurumlarının qarşısına vəzifələr qoyulub. Gənclər və İdman Nazirliyinin də üzərinə düşən vəzifələr var. Qarabağın dirçəldilməsi istiqamətində gənclərimiz Prezidentin çağırışlarına hazırdırlar və quruculuq prosesində iştirak etmək arzusundadırlar. Qarabağda gənclərlə bağlı müxtəlif layihələrin, o cümlədən festivalların, düşərgələrin və digər beynəlxalq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Digər istiqamət isə Vətən müharibəsində iştirak etmiş gənclər, qazilər və şəhid ailələrinin üzvləri ilə bağlı görüləcək işlərdir. Bu sahədə də Gənclər və İdman Nazirliyi üzərinə düşən missiyanı məsuliyyətlə yerinə yetirəcək. Şəhid ailələrinin övladları üçün Qarabağda yay düşərgəsinin təşkili planlaşdırılır”.

AZƏRTAC